Məhkəmə qərarları › İş №2-1(106)-82/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-82/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-82/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndələri Cavabdeh2 və X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-35/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı sosial sığorta və işsizlikdən sığorta üzrə əsassız hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hesablanmış 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası, ümumilikdə 1741.80 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 20.80 manat məcburi dövlət sosial sığorta haqqı, 0.56 manat maliyyə sanksiyası üzrə ümumilikdə 21.36 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 30 avqust 2024-cü il tarixli, 2- 1(120)-35/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, xx.xx.2022-ci il tarixli, 9/519 nömrəli rəy üzrə 150 (yüz əlli) manat, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7698/2023 nömrəli rəy üzrə 20 (iyirmi) manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növü üzrə 2641,68 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı və iddiaçı tərəfindən həmin illər ərzində 900 manat ödənişin edildiyi, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə isə 62,96 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı və iddiaçı tərəfindən həmin illər ərzində 41,60 manat ödənişin edildiyi müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzlərlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 128280/2024 nömrəli məktuba əlavə edilən sənədlər qarşılıqlı yoxlanılaraq ödənilən qəbzlərin hər birinin inzibati orqan tərəfindən qeydə alındığı müəyyən edilir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi kimi dövlət büdcəsinə ödənilməli olan vergiləri vaxtlı-vaxtında ödəmişdir, heç bir borcu yoxdur. Səhhəti ilə əlaqədar sahibkarlıq fəaliyyətini dayandırdığı üçün 2018-ci ilin sonlarında 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş və müraciəti əsasında vergi orqanı ilə bağlanmış “Vergi partnyorluğu” sazişi ləğv olunmuşdur. Sahibkarlıq fəaliyyətinin dayandırılması barədə DSMF-nin Şirvan şəhər şöbəsinə məlumat verdikdə onlar VÖEN-nin bağlanması ilə bağlı bütün məlumatları Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində göndərəcəklərini bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən ona Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin 393600 nömrəli 01,04.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bildirişdə 1743.07 manat vergi borcunun ondan alınaraq müvafiq dövlət təşkilatının hesabına ödənilməsi qeyd edilmişdir. Qeyd edilən bildiriş üzrə borcun hansı dövrdə, hansı səbəbdən yaranması qeyd edilməmiş, müvafiq dövlət təşkilatından borc olması barədə ona bildiriş, xəbərdarlıq, tələbnamə göndərilməmiş, ümumiyyətlə borc olması barədə nə rəsmi nə də ki, qeyri-rəsmi məlumat verilməmişdir. Dəfələrlə cavabdeh tərəf ilə borcun araşdırılması üçün görüşülmüş, iddia tələbi ilə əlaqədar Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-520/2021 saylı iş üzrə araşdırma aparılmışdır. Lakin məhkəmədən kənar razılığa gəlmək üçün iddia ərizəsi və əlavə edilmiş sənədləri geri götürmüşdür. Fəaliyyət dövrü, yəni, xx.xx.2013-cü ildən 2018-ci ilin sonlarınadək hər ay üzrə vergi orqanlarına və məcburi sosial-sığorta məbləğləri barədə müvafiq orqanlar tərəfindən verilmiş məlumat əsasında ödəniş məbləğlərini müvafiq hesablara ödəniş etmişdir. 5 saylı Ərazi Vergilər İdarəsi borcun yaranma səbəblərini araşdırmadan, 2018-ci ilin sonlarında VÖEN-nin bağladığını nəzərə almadan, 2018-ci ildən xx.xx.2020-ci il tarixədək ona heç bir yazılı və ya şifahi məlumat, bildiriş vermədən səlahiyyətlərindən istifadə edərək əsassız hesabladıqları borcları ondan almaq üçün icra vərəqəsi vermişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı 5 saylı Ərazi Vergilər idarəsinə yaranmış sosial sığorta və işsizlikdən sığorta haqları barədə borcun silinməsi ilə bağlı müraciət etmişdir. Yaranmış borc xx.xx.2019-cu ildən əvvələ aid olduğu üçün İdarə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Uçota Nəzarət və Sosial Sığorta şöbəsinə İddiaçı yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borcu ilə bağlı sorğu etmişdir. İdarəyə daxil olmuş cavab məktubunda bildirilmişdir ki, İddiaçı 2018-ci ilin 1 oktyabr tarixinə 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası və 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə isə 20,80 manat məcburi dövlət sosial sığorta haqqı, 0,56 manat maliyyə sanksiyası üzrə borcu yaranmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa müvafiq olaraq sığortaedənin 0702 fəaliyyət növünə görə 48,22 manat maliyyə sanksiyası üzrə borcu 2018-ci ilin 14 noyabr tarixində silinmişdir. Eyni zamanda, İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci il tarixə olan göstəricilərinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1756,30 manat (0702-ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyət növü üzrə 1631,06 manat, 0732-digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyət növü üzrə 125,24) borcu qalmışdır. Yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən İddiaçı son olaraq xx.xx.2020-ci il tarixdə **********158300 nömrəli bildiriş göndərilmiş və yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Üçüncü şəxsin iddia ilə bağlı mülahizəsi ondan ibarət olmuşdur ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 21 oktyabr 2005-ci il tarixli Qanunun 16-cı bəndinə əsasən 14-cü maddənin dördüncü, beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilmişdir. Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 70 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə 40 faizi məbləğinin: Bakı şəhərində 100 faizi, Sumqayıt ve Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər səhərlərdə və qəsəbələrdə 60 faizi kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli 3112 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat, “Minimum ayliq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 2608 nömrəli sərəncamına əsasən mininum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dan 116 manat, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli 3545 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 08 fevral 2019-cu il tarixli 937 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində iddiaçının xx.xx.2014-cü il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixidə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixda 17,00 manat, xx.xx.2015-ci il tarixdə 30,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17.00 manat, xx.xx.2016-cı il tarixdə 17,00 manat, xx.xx.2016-cı il tarixdə 17.00 manal, xx.xx.2016-cı il tarixdə 17.00 manat, xx.xx.2016-cı il tarixdə 17,00 manat, xx.xx.2017-ci il tarixdə 19,00 manat, xx.xx.2017-ci il tarixdə 19,00 manat, xx.xx.2017-ci il tarixda 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixde 18,00 manat xx.xx.2018-ci il tarixde 18,00 manat, xx.xx.2018-ci il tarixdə 18,00 manat, xx.xx.2018-ci il tarixdə 18,00 manat, xx.xx.2018-ci il tarixdə 18,00 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2018-ci il tarixde 20,80 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2019-cu il tarixdə 20,80 manat, xx.xx.2019-cu il tarixdə 20,80 manat, xx.xx.2019-cu il tarixdə 20,80 manat ödədiyi qeyd olunmuşdur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Hesabatın "ödənişlər" bölməsində 2014cü il üzrə 204,00 manat, 2015-ci il üzre 204,00 manat, 2016-cı il üzrə 170 manat, 2017-ci il üzrə 254.00 manat, 2018-ci il üzrə 104,00 manat olmaqla ümumilikdə 919,00 manat qeyd olunmuşdur. Yuxanda istinad olunan Qanunun müvafiq normasından məlum olur ki, həmin dövr üzrə ticarət sahəsində sahibkalıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 70 faizi məbləğinin respublika tabeli digər səhərlərdə 80 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan sexsler ise 40 faizi məbləğinin respublika tabeli digər şəhərlərdə 80 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qeyd edilən qanunvericilik normalarına və işin faktiki halları nəzərə almaqla iddia tələbi əsassız hesab edilir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, həmçinin sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndələri ayrı-ayrılıqda şikayətin dəlillərini qəbul etmədilər və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial sığorta haqqında” Qanunun: -11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. -18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. -21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 21 oktyabr 2005-ci il tarixli Qanunun 16-cı bəndinə əsasən 14-cü maddənin dördüncü, beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilmişdir: -Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 70 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə 40 faizi məbləğinin: Bakı şəhərində 100 faizi, Sumqayıt ve Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər səhərlərdə və qəsəbələrdə 60 faizi kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixdən məcburi sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İş materiallarında olan: - tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı tərəfindən 1743,07 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/9/7698 nömrəli ekspert rəyində bildirilirki, təqdim edilmiş iş materiallarında ekspert qarşısında qoyulmuş suallar üzrə hesablamanın aparılması üçün zəruri olan mühasibat sənədləri (əmək haqqı ödəmə cədvəlləri, əmək haqqı ştat cədvəlləri, B1 hesabatları və s.) öz əksini tapmadığından İddiaçı hesablanmış əlavə sosial sığorta haqlarının hansı məbləğdə olub-olmaması barədə hazırki tədqiqatla konkret nəticəyə gəlmək mümkün olmadı. Lakin, təqdim edilmiş iş materialların 73-cü səhifəsində öz əksini tapmış DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının möhürü ilə təsdiqlənmiş Sığortaolunanın hesabı məlumatlarında 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə cəmi gəlirinin 9282 manat, hesablanmış sığorta haqqının 2497,50 manat, ödənilmiş vəsaitin 2521,32 manat olduğu, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə isə cəmi gəlirinin 1220 manat, hesablanmış sığorta haqqının 195,20 manat, ödənilmiş vəsaitin 104,00 manat olduğu göstərilmişdir. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. Məhkəmə kollegiyasının müvafiq qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1136 nömrəli rəyində bildirilir ki, iş materialların 91-178-ci səhifələrində olan hesabatlar əsasında İddiaçı 2018-ci ilədək məcburi sosial sığorta haqqı və maliyyə sanksiyası üzrəborcu 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növü üzrə 1741,68 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növü üzrə isə 21,36 manat müəyyən edildi. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi hacmdə məcburi sosial sığorta haqqı üzrə borcunun mövcud olması iş üzrə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Beləliklə, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, işin apellyasiya baxışı zamanı yaranmış 150 manat məhkəmə xərci (ekspertiza) iddiaçıdan alınaraq, müvafiq hesaba köçürülməlidir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-35/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə 150 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar