Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-823/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-1(120)-882/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 15 avqust 2025-ci il tarixli, 2- 1(120)-882/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlillik vəziyyətində olmuşdur. Cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2007-ci il tarixdən hazırki vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsə də bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 06 nömrəli tibbi şəhadətləndirmə barədə Arayışı qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar müəyyən edilməsi hazırda da ona təyin edilən əlilliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar hesab edilməlidir. İddiaçının əvvələr 10 (on) ildən artıq müddətə əlliliyinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətsiz əlillik təyin edilməsinə əsasdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, tibb xidməti polkovnik-leytenantı kimi uzun sürən xəsəliklər nəticəsində səhhətində olan problemlərlə əlaqədar 2006-cı ilin noyabr ayında Müdafiə Nazirliyinin Hərbi Klinik Hospitalının terapiya profilli hərbi-həkim komissiyası tərəfindən "Xora xəstəliyi tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması"; "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" mütəxəssis diaqnozu ilə şəhadətləndirilmiş və hərbi xidmətə yararlılıq kateqoriyası "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" kimi təyin edilmişdir. Həmin qərara əsasən Müdafiə Nazirinin müvafiq əmri ilə Ordu sıralarından 2007-ci ildə xəstəliyə görə təxris olunmuşdur. 2007-ci ildən 2-ci dərəcə əlildir və hər dəfə əlilliyi ilə bağlı Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və hər dəfə əlilliyi təsdiq edilərək "Hərbi xidmət dövrü ilə əlaqədar" 2 dərəcə əlilliyə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və fasiləsiz olaraq 14 (on dörd) il pensiya ödənişlərini almışdır. 2021-ci ilin noyabr ayının 16dan naməlum səbəbdən əlilliyi ləğv edilərək təqaüdü dayandırılmışdır. Bundan sonra tərəfindən dəfələrlə müvafiq inzibati quruma çoxsaylı ərizə və şikayətlərlə müraciətlər etsə də, hazırki inzibati mübahisə üzrə cavabdeh qurumun məqsədli və qanunsuz hərəkətləri üzündən hüquqları pozulmuşdur. 2022-ci ilin aprel ayında o, Lənkəran Rayon Mərkəzi X4 Komisiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş Tibbi-Sosial ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq TSEK-dən hər hansı cavabın verilməməsi səbəbindən iddiaçı çoxsaylı təkrar müraciət və şikayətləri əsasında xx.xx.2022-ci il tarixdə əyani müayinəyə çağırılmışdır. Əyani müayinəyə getdikdə (çoxsaylı şikayət və müraciətləri əsasında və öz təşəbbüsü ilə) TSEK-in ştatlı sədri iştirak etmədən, özbaşına özünü komissiya sədri kimi təqdim edən cavan bir oğlan və iki nəfərdən ibarət olan "komissiyanın" həkim mütəxəsisləri onu hər hansı bir müayinəyə cəlb etmədən, hər hansı bir sənədi araşdırmadan, cəmi 2-3 dəqiqə vaxt sərf etməklə, eyni zamanda ona qarşı kobud ifadələr işlətməklə "yola salmışlar". Sonradan isə iddiaçıya imtina qərarı verilmişdir. Bu Qanuna zidd hərəkətlərlə müraciət etdiyi şikayətə (142 "Çağrı Mərkəzi kargüzarlıq nömrəsi 3-17/1-0-853/2023) bu günə kimi cavab verilməyib. Komissiya kobud qanun pozuntuları ilə kecirildiyi üçün onun çıxardığı nəticələr əsaslı sayıla bilməz və ləğv edilməlidir. İmtina Qərarı verildikdə, hökmən imtina səbəbləri yazılı şəkildə obyektivləşdirilməli, əsaslandırılmalı və TSEK-ə göndəriş verən tibb müəsisəsi ilə bərabər şəhadətləndirilən şəxsə də məlumat verilməlidir. 2016-cı ildə xəstəliyi Azərbaycan Respublikası NK xx.xx.2015-ci il tarixli 413 saylı Qərarının 225 bəndində göstərilmiş meyarlara tam uyğun olduğu ücün ona həmin qərarın 6.1 bəndi şamil olunub və bunun nəticəsində 2-ci dərəcə fasiləsiz əlillik növbəti 2017-ci ildə 10 (on) il tamam oldugu ücün həmin vaxtan ona müddətsiz olaraq 2-ci dərəcə əlillik müəyyən edilməli idi. Yuxarıda göstərilənlərin araşdırılması, məsələyə aydınlıq gətirilməsi, ziddiyyətin aradan qaldırılması, verilən imtinanın səbəblərini ona əsaslandırıb, çatdırılması məqsədi ilə 2023-cü il ərzində dəfələrlə 142 "Çağrı Mərkəzi" və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 və Reabilitasiya Agentliyinin rəisinə müraciət etmişir. Lakin bu günədək anlaşılan cavab verilməmişdir. İdarə heyətinin sədr müavini Ramin Rzayev tərəfindən imzalanış xx.xx.2023-cü il tarixli, 3-17-2-M-22358/2023 saylı qeyri-peşəkar cavab məktubunda da onu qane etməyən cavab verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, 3-17-4/2-2-30366/2023 nömrəli cavab məktubu digər idarə heyətinin sədr müavini Rəşad Məhərrəmov tərəfindən imzalanmış cavab da onu qane etməmiş, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İnibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21,24,28,45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər və ya ümumiyyətlə əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin iddiaçının şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Stenozlarla fəsadlaşan. Boy-165sm, çəki- 72kq. Meyar: İmtina edilir. Diaqnoz əlillik əlaməti təyin etməməsi -Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli 0284003AAQS5 nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3- 17-4/3-1-736/0/2023). Vətəndaş tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən əyani müayinəyə dəvət edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 06 nömrəli xəstəlik haqqında şəhadətnamədə “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində. Xroniki haymorit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin əyani müayinəsi zamanı mədədə göynəmə, yanğı hissindən şikayət etmişdir. Müayinə zamanı boyu 165 sm, çəkisi 72 kq, BKİ 26.4 müəyyən edilmiş, dili nəm, ərpli izlənilmişdir. Medikamentoz preparatlardan "Platifilin", "Noşpa" qəbul etdiyini bildirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin əyani müayinəsi zamanı çəkisi 68 kq, boyu 165 sm olmuşdur. BÇİ 25, dili bozumtul ərpli, selikli qişaları çəhrayı olmuş, palpasiyada qarnı yumşaq olmuşdur. Baxış zamanı qarının ön divarında sağtərəfli çəp kəsiyin çapığı (appendektomiya) izlənmişdir. Azərbaycan Tibb Universitetinin X5 xx.xx.2023-cü il tarixli X1 müayinəsinin nəticəsi “Barret ezofagit 1-ci dərəcə. DQBDY (hiatal herni). Fundusda ~4.0 mm ölçülü submukozal törəmə (lipoma?). Korpusda xəfif hipertrofi görüntü fonunda hemorragiyalar. Antral eroziv qastrit. Mədə xoraları-antrumda 2 ədəd kiçik xora. Pilorodeformasiya (çapıq mənşəli). Duodenoqastral refyuks. 12 barmaq bağırsağın xora xəstəliyi- çoxsaylı səthi xoralar” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verə biləcək həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir, belə ki, BÇİ-25 müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi əlillik təyinatının aparılması barədə müvafiq qərarda qeyd edilmiş xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi əlillik təyinatının aparılması barədə yeni qərar qəbul edilməsidir. Qeyd edilən təyinat qərarı “İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1 -ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçı cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq, ekspertiza təyin etmədən, əsassız qərar qəbul etmişdir. Diaqnozun öz təsdiqini tapmaması Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin tibbi göndəriş əsasında verilmiş imtina qərarı xx.xx.2022-ci il tarixli olmasına baxmayaraq, məhkəmə iddianı dəqiqləşdirmiş və müayinə nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv etmiş, mübahisə predmeti olan qərara münasibət bildirməmişdir. Mübahisə predmeti olan qərar iddiaçıya xx.xx.2023-cü il tarixli bildirişlə elan olunduğu halda iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş müddəti 1 il 2 ay ötürmüşdür. Prosessual məsələlər Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən qərar tibbi göndəriş əsasında deyil, əlavə müayinənin əsasında qəbul edilmişdir, ona görə mübahisə predmeti ola bilməz. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, əlillik təyinatından imtina edilməsi barədə ona sms bildiriş gəlməmiş, həmçinin cavabdeh orqana çoxsaylı şikayətlərinə müxtəlif vaxtlarda qeyri-dəqiq və bəzən ümidverici cavab verilməklə təyinatın süni şəkildə uzadılmasına şərait yaradılmışdır. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il qərarının ləğv edilməsi və həmin tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmə kollegiyası tərəfindən icaata qəbul edilmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçıya tibbi göndəriş əsasında əlillik təyinatından sonuncu dəfə xx.xx.2022-ci il tarixli qərarla imtina edilmiş, bunun nəticəsi xx.xx.2023-cü il tarixdə sms bildiriş vasitəsilə iddiaçıya göndərilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında keçirilmiş əyani müayinə nəticəsində xx.xx.2022-ci il tarixli imtina qərarı qəbul edilmiş, bundan sonra iddiaçı əlilliyin bərpa edilməsi tələbi ilə dəfələrlə inzibati orqana şikayətlər ünvanlamış, şikayətlərə cavab olaraq cavabdeh orqanın xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli məktublarda (işin 60-68-ci səhifələri) bir halda əlillik təyinatından imtina edildiyi, digər halda Agentliyə dəvət olunacağı, başqa bir halda isə qiymətləndirmənin nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Qeyd olunan məktublarla iddiaçıya əksər hallarda ümidverici cavablar verilmiş, eyni zamanda məktubların heç birində təyinatdan imtina edilməsi ilə bağlı hüquqi müdafiə vasitələri izah edilməmiş, bununla da inzibati icraatın aparılmasına dair qanunla inzibati orqanların üzərinə qoyulmuş vəzifələr natamam icra edilmişdir. Kollegiya xüsusilə vurğulayır ki, cavabdeh orqan iddiaçıya əlillik təyinatından imtina edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə sms bildiriş (işin 140-cı səhifəsi) vasitəsilə məlumat verildiyini bildirsə də, özünün iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda onun müayinəyə dəvət ediləcəyini bildirmişdir. Bu məqamda yaranmış sual və ya ziddiyyət ondan ibarətdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçını müayinəyə dəvət edəcəyini bildirsə də, bu vədinə əməl etmədən xx.xx.2023-cü il tarixdə sms bildiriş vasitəsilə təyinatdan imtina edilməsi barədə məlumat vermişdir. Digər bir təzadlı hal ondan ibarətdir ki, əlillik altsisteminə xx.xx.2023-cü il tarixli məlumat (təyinatdan imtina edilməsi) yerləşdirilməsinə baxmayaraq, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixli qiymətləndirmənin nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Şərh olunan hallar onu deməyə əsas verir ki, cavabdeh orqan öz yanıldıcı davranışı ilə iddiaçının əlillik təyinatı məsələsini uzatmaqla, həm də ilkin əlillik təyinatından imtina barədə qərardan şikayət verilmə müddətinin ötürülməsinə zəmin yaratmışdır ki, bu hal iddiaçının hüquqi vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçıya əlillik təyinatından imtina edilməsinin nəticələri ilə bağlı hüquqi müdafiə vasitələri cavabdeh tərəfindən heç bir halda izah edilmədiyindən, həmçinin sonuncu müayinə nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan şikayət verilmə müddəti göstərilmədiyindən və iddiaçı tərəfindən nəhayət xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırıldığından xx.xx.2022-ci il qərardan şikayət verilməsi ilə bağlı müddət ötürülməmiş hesab edilməlidir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışlardan və iddiaçıya pensiya təyinatına dair sənədlər toplusundan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə İİ-ci dərəcə əlillik vəziyyətində olmuş, növbəti tibbi göndəriş əsasında qiymətləndirmə nəticəsində mübahisələndirilən qərarla əlillik təyinatından “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. -02 noyabr 2006-cı il tarixli, 06 nömrəli Xəstəlik haqqında Şəhadətnamə ilə müəyyən olunmuşdur ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1994-cü ildən Silahlı Qüvvələrdədir. Hərbi rütbəsi Tibb Xidməti polkovnik-leytenantı, hərbi uçot ixtisası Həkim, N nömrəli hərbi hissə, Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1994-cü il taridə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). Deməsinə görə özünü 2000-ci ildən xəstə hesab edir. Xəstəliyini qida rejiminin pozulması ilə əlaqələndirir. Xəstəlik epiqastral nahiyədə olan ağrı, qıcqırma, köp ilə başlamışdır. Xəstə dəfələrlə ambulator olaraq müalicə olunmuş və nisbi yaxşılaşma qeyd edilmişdir. 03/2004-cü illdə epiqastral nahiyədə güclü ağrı olduğu üçün FQDS müayinəsi aparılmış və 12-b.b bağırsağın soğanağında xora aşkar edilmişdir. İlk dəfə 15.03.04-05.04.04 tarixdə N saylı hərbi hissədə müalicə olunmuşdur. Sonrakı illərdə xəstə dəfələrlə N saylı hərbi hissədə və MHKH-da xora xəstəliyi, residiv gedişli, 12-b.b. bağırsağın soğanağının xorasının kəskinləşməsinə görə müalicə almışdır. 2005-ci ilin axırlarında xəstədə epiqastral nahiyədə güclü ağrılar, öyümə, qusma olduğu üçün MİKH-ya göndərilmişdir. MHKH-da müayinə zamanı 12-barmaq bağırsağında iki ədəd xora aşkar edilmiş və müvafiq müalicədən sonra HHK-na təqdim edilərək, «Xəstəliklər cədvəlinin» 57b maddəsinin İİİ qrafasına əsasən şəhadətləndirilmiş və «Sıradankənar hərbi xidmətə yararlıldır qərarı verilmişdir. Son zamanlar yenidən epiqastral nahiyədə ağrı, ürəkbulanma, qıcqırıma olduğu üçün N saylı hərbi hissədə müayinə olunmuş və sonrakı müayinə, müalicə və tibbi şəhadətləndirilmək üçün MHKH-a köçürülmüşdür. Aparılan müayinə zamanı 12-b.b. soğanağında xora aşkar edilmişdir. Aparılan kompleks müalicədən sonra xora çapıqlaşmışdır. Səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olunması məqsədəuyğun sayılaraq, hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün MHKН-а göndərilmişdir. Xəstə SQ-in baş terapevti tərəfindən müayinə olunmuş, ekspert diaqnoz, qərar razılaşdırılmış və HHKna təqdim olunması tövsiyə olunmuşdur. xx.xx.2004-xx.xx.2004; xx.xx.2005-xx.xx.2005; xx.xx.2006-xx.xx.2006 N saylı h/h-də; xx.xx.2005-xx.xx.2006-cı il tarixdə MN MHΚΗ-da; xx.xx.2006-cı il tarixdən hal-hazıradək MN MHKH-da müayinə və müalicədədir. Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində. Xroniki haymorit, remissiya mərhələsində. Xəstəlik Hərbi Xidmət Dövründə Alınmışdır. Dinc Dövrdə Hərbi Xidmətə Yararsız, Müharibə dövründə məhdud yaralıdır. -Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə təyin edilmiş ekspertizanın nəticələrinə dair Azərbaycan Tibb Universiteti X5 9 yanvar 2026-cı il tarixli, 3-28-20-2/2- 11/2026 nömrəli məktubu ilə təqdim edilmiş tibbi rəydə bildirilir ki, İddiaçı xx.xx.2026-cı il tarixində klinikaya dəvət edilərək, əyani müayinə edilməklə bərabər ÜST gastrointestinal videoendoskopiya və digər tibbi sənədləri araşdırılaraq: Mədə və 12 barmaq bağırsağın xroniki təkrarlanan xora xəstəliyi, ildə 2-3 dəfədən artıq kəskinləşmələrlə. Barret ezofagiti. DQBDY(hiatal herni). Fundusda ~4.0 mm ölçülü submukozal törəmə (lipoma ?). Mədə cismində xəfif hipertrofık görüntü fonunda hemmorragiyalar. Antral eroziv qastrit. Çapıq mənşəli pilorodeformasiya. Duodenoqastral reflyuks. Xroniki və ya dəqiqlədirilməmış qanaxma ilə xroniki xora xəstəliyi, yüngül dərəcəli anemiya diaqnozu qoyulmuşdur. Yuxarıda göstərilən xəstəliklər və onların törətdiyi fəsadlar daima pəhriz və müalicə tələb etdiyindən həyat fəaliyyətini müəyyən dərəcədə məhdudlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndində qeyd olunan “ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9)” diaqnozu ikinci dərəcə əlillik təyinatına əsas verir. İddiaçıya sonuncu əlillik təyinatı (xx.xx.2016-cı il) zamanı “Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri. Ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçıya əvvəllər əlillik təyinatına əsas vermiş patofunksional pozuntular hazırda da mövcuddur və ekspert rəyinə görə həmin xəstəliklər daima pəhriz və müalicə tələb etdiyindən həyat fəaliyyətini müəyyən dərəcədə məhdudlaşdırılmasına səbəb ola bilər. Həmçinin qeyd edilməlidir ki, yuxarıda qeyd edilən Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət aralığında davamlı və ardıcıl olaraq əlillik vəziyyətində olduğundan və növbəti tibbi göndəriş əsasında verilmiş xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edildiyi halda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələbinə əsasən onun əlilliyi müddətsiz müəyyən edilməlidir. Eyni zamanda onun orqanizmində olan patofunksional pozuntualın səbəbli əlaqəsi işin mübahisəsiz halı olduğundan təyinat xüsusi səbəblə (hərbi xidmət dövrü ilə əlaqədar) aparılmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın: 1.1-ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 1.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür: 1.2.1. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan şəxslər; 1.2.2. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan şəxslər; 1.2.3. həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və 42-ci maddələrində müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslər. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra–Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. “İnzibati icraat haqqında” Qanunun: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.
Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyin edilməsindən imtinasının hüquqi və faktiki əsaslarının müəyyən edilməməsi və imtinanın əsassız olması barədə düzgün nəticəyə gəlsə də, mübahisə predmeti olmayan qərarın qanuniliyi istiqamətində araşdırma aparmış, həmçinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan müvafiq meyarların tələblərinə uyğun qiymətləndirmə aparmamışdır. Odur ki, işə dəqiqləşdirilmiş iddia həcmində baxılmalı olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-1(120)-882/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il qərarı ləğv edilsin və həmin tarixdən İddiaçı müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.