Məhkəmə qərarları › İş №2-1(106)-826/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-826/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-826/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(120)-1650/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 26 avqust 2025-ci il tarixli, 2- 1(120)-1650/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Şuşa istiqamətində döyüşlərdə iştirak etmiş və xx.xx.2020-ci il tarixdə “sol budun pəncəsinin qəlpə yaralanması” və xx.xx.2020-ci il tarixdə isə “barotravma” xəsarəti almışdır. Belə ki, Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli Travma haqqında arayışında da qeyd edilmişdir ki, Qarabağ vətən müharibəsi zamanı “Barotravma (29.09.20), sol bud çanaq oynaq nahiyyəsində qəlpələr, sol pəncənin baş barmağın 3-cü daraq sınığı səviyyəsində qəlpə yarası xəsarətini almışdır. Daha sonra onun xəstəliyi qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli, 6450 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə iddiaçının diaqnozu orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələr və koqnitiv funksiyaların enməsi ilə Partlayış travması. Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya kimi müəyyən edilmiş və partlayış travması (xx.xx.2020). Sol budun yuxarı 1/3-nin və sol ayağın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr) diaqnozu ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 4852 nömrəli həkim Psixiatr Komissiyasının rəyində də İddiaçı barəsində diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə F 07.0 kimi müəyyən edilmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması və cavabdehin etirazının və imtinasının dəlillərinin araşdırılması məqsədi ilə təyin edilmiş ekspertiza üzrə Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 274 nömrəli ekspert rəyində iddiaçıda ÜZVİ (QAPALİ KƏLLƏ-BEYİN TRAVMASİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ (F07.0) aşkar olunduğu, ona qoyulmuş diaqnozlar düzgünlüyü, hazırkı müayinə zamanı öz təsdiqini tapdığı, X1 (XBT) üzrə diaqnozun kodu (F07.0) düzgün qoyulduğu və qeyd olunan tibbi sənədlərdə İddiaçı təyin edilmiş psixi pozuntunun və onun fəsadlarının hal-hazırda da davam etməsi müəyyən olunmuş və öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin iddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir, həmçinin qiymətləndirməsi isə 7.6.2.1-ci bəndi ilə uyğunluq təşkil edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdə “Sol budun sol ayaq pəncəsinin qəlpə yaralanması, xx.xx.2020-ci il tarixdə “Barotravma” xəsarətləri almışdır. Xəstəliyin müalicəsi üçün müxtəlif xəstəxanalarda müalicə olunsa da, xəstəliyi sağalmamışdır. “Şəxsiyyət pozuntusu, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi” diaqnozu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə dəvət edilmiş və xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinədən keçmiş, xx.xx.2024-cü il tarixində ona bildiriş göndərilərək “Diaqnoz əlillik əlamətləri təyin etmir” barədə qərar qəbul edildiyi bildirilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə. “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə şikayətin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarından görünür ki, diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. -Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli Travma haqqında arayışında qeyd edilmişdir ki, iddiaçı Qarabağ müharibəsi zamanı “Barotravma (29.09.20), sol bud çanaq oynaq nahiyyəsində qəlpələr, sol pəncənin baş barmağın 3-cü daraq sınığı səviyyəsində qəlpə yarası xəsarətini almışdır. -xx.xx.2023-cü il tarixli, 6450 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının diaqnozu orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələr və koqnitiv funksiyaların enməsi ilə Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya kimi müəyyən edilmiş və partlayış travması (xx.xx.2020). Sol budun yuxarı 1/3-nin və sol ayağın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr) diaqnozu ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. -Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli, 566 nömrəli həkim Psixiatr Komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Ələkbərov X3 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (barotravma) şəxsiyyət pozuntusu, özünü kəsmələr və koqnitiv funksiyaların enməsi ilə “F 07.0” müəyyən edilmişdir. -Həmin qurumun xx.xx.2024-cü il tarixli, 4276 nömrəli və xx.xx.2024-cü il tarixli, 4852 nömrəli həkim Psixiatr Komissiyasının rəylərində də qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotrayma nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə “F 07.0” müəyyən edilir. -Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 274 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı “Üzvi (Qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə (F07.0)” aşkar olunur. SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müayinədə olarkən, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında xx.xx.2023-cü il tarixdə müayinədə olarkən İddiaçı qoyulmuş diaqnozlar düzgündür və hazırkı müayinə zamanı öz təsdiqini tapır. Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə uyğundur və müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. X1 (XBT) üzrə diaqnozun kodu (F07.0) düzgün qoyulmuşdur. Qeyd olunan tibbi sənədlərdə İddiaçı təyin edilmiş psixi pozuntunun və onun fəsadlarının hal-hazırda da davam etməsi müəyyən edilir. İşdən də göründüyü kimi iddiaçı dəfələrlə analoji ixtisaslaşdırılmış tibb müəssisələrində müayinələrdə olmuş və ona “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(120)-1650/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar