Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-830/2025 25.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1832/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “əmək kitabçasında qeyd edilən 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi illərin qanuni olması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh kimi qəbul edilməsini, iddia tələbinə isə “1993-2004-cü illərdə işlədiyi əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçının olduğu kimi saxlanılmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının cavabdeh siyahısından çıxarılmasını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh kimi qəbul edilməsini, iddia tələbinə isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1832/2025 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı il dekabr ayından əmək pensiyasındadır. Pensiya ona 32 il 9 ay 2 gün əmək kitabçasında olan iş stajına əsasən hesablanmışdır. 2016-cı ildən 2024-cü ilin yanvar ayına kimi yuxarıda qeyd etdiyi stajına əsasən əmək pensiyası almışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra cavabdeh) tərəfindən xx.xx.2024-cü il tarixindən pensiyasını azaltmışlar və bu ildə olan artımı ona verməmişlər. Cavabdeh bunu əsas göstərir ki, əmək kitabçasının 24-25-ci səhifəsində göstərilən 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsinin əmr yazılan qrafada pozuntu var. Ancaq həmin səhvənin tarix, il ay gün qrafasında işə girmə 1993-cü il, 12-ci ay, 07-si işdən çıxma 2004-cü il yanvar ayının 9-u tam aydın göstərilir və heç bir pozuntu yoxdur. Əmək kitabçasının il qrafasında qeyd olunmuş 2004-01-09 rəqəmləri, əmrin 2004-cü ildə verilməsi barədə rəqəmləri ilə üst-üstə düşür. Ona görə də əmək kitabçasında qeydlər nəyin əsasında yazılmışdır qrafasında pr №17k xx.xx.2004-cü il tarixdə verilməsinin düzgünlüyünü ondan əvvəlki qrafalar təsdiq edir. 1993-2004-cü ilə kimi işlədiyi əmək stajının qanuni olmasını təsdiq etdirmək üçün 8 saylı Baş İstehsalat Təmir Tikinti idarəsini aramış heç bir nəticə olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinə 4 saylı Bakı “Asan Xidmət” vasitəsi ilə müraciət etmiş və imtina cavabı almışdır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyəttində qalmışdır. Əmək kitabçasında qeyd edilən 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi illərin qanuni olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə yaşa görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinin araşdırılması zamanı onun xx.xx.2006-cı il tarixə kimi 22 il 08 ay sığorta stajı nəzərə alınmalı olduğu halda, 32 il 09 ay 02 gün nəzərə alınmamışdır. Bu səbəbdən xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasında artıqödəmə müəyyən olunmuşdur. Bu barədə Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3- 17-1/2-B-28793/2024 nömrəli məktubla, o cümlədən Fondun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-32494/2024 nömrəli əmək pensiyası üzrə yaranmış artıq ödəmənin bərpa olunması barədə məktubla İddiaçı məlumat verilmişdir. Bundan narazı qalan İddiaçı 1993-2004-cü illərdə işlədiyi əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmaı öhdəliyinin Fondun Sosial ödənişlərinin təyinatı üzrə mərkəzi filialına həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirlər və icraatda qəbul edib, hüquqi qiymət verilməsini xahiş etmişlər. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixə kimi 22 il 08 ay sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 32 il 09 ay 02 gün nəzərə alınaraq hesablanmışdır. Belə ki, əmək kitabçasındakı 26-cı qeyddə işdən çıxma əmrinin tarixində düzəliş olunmuşdur (xx.xx.2004). həmçinin müvafiq qeyd rus dilində yazılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. “Latın qrafilakı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin blankların dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Lakin xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrü təsdiq edən möhürdə rus dilindən istifadə olunmuşdur. Əlavə olaraq bildiririk ki, mübahisələndirilən müəssisənin (8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsi) sənədləri arxivə təhvil verməmişdir. Həmçinin həmin müəssisəsnin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Belə olan halda həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Nəticədə İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək 1158,44 manat məbləğində artıqödəmə müəyyən olunmuşdur. Fondun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-B-32494/2024 nömrəli əmək pensiyası üzrə yaranmış artıqödəmənin bərpa olunması barədə məktubla İddiaçı əmək pensiyasından tutulmalar aparılmamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-1(120)-1832/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixə kimi 22 il 08 ay sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 32 il 09 ay 02 gün nəzərə alınaraq hesablanmışdır. Belə ki əmək kitabçasındakı 26-cı qeyddə işdən çıxma əmrinin tarixində düzəliş olunmuşdur (xx.xx.2004). Həmçinin müvafiq qeyd rus dilində yazılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Lakin xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrü təsdiq edən möhürdə rus dilindən istifadə olunmuşdur. Əlavə olaraq bildiririk ki, mübahisələndirilən müəssisənin (8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsi) sənədləri arxivə təhvil verilməmişdir. Həmçinin həmin müəssisənin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Belə olan halda həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Əlavə olaraq bildiririk ki, Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.Nəticədə İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək 1158,44 manat məbləğində artıqödəmə müəyyən olunmuşdur. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-B-32494/2024 nömrəli əmək pensiyası üzrə yaranmış artıq ödəmənin bərpa olunması barədə məktubla İddiaçı məlumat verilmişdir. Bildirməyi zəruri hesab edirik ki, İddiaçı əmək pensiyasından tutulmalar aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və ona tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsində qanunsuz inzibati aktın ləğv olunması tənzimlənmişdir. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin məcəllənin 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunan müddəa inzibati aktın bütünlüklə ləğv edilməsini özündə ehtiva edir. Həmin maddədə inzibati aktın ləğv edilməsi dedikdə hüquqi müdafiə vasitələrindən istifadə edilmədən ləğv etmə başa düşülür. Maddi anlamda, bu, eyni iş barəsində yeni inzibati aktın qəbulu deməkdir. Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş qanunsuz inzibati akt dedikdə Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt başa düşülməlidir. İnzibati akt o halda qanunsuz hesab edilir ki, onun qəbul edilməsi zamanı hüquq normaları səhv tətbiq edilsin və ya qərarın qəbul edilməsi zamanı işin halları səhv müəyyən edilsin. Cavabdehə təyin edilmiş yaşa görə əmək pensiyasının Qanunsuz əlverişsiz və ya Qanunsuz əlverişli inzibati akt olubolmaması müəyyən edilməlidir. Hesab edirik ki, cavabdehə təyin edilmiş yaşa görə əmək pensiyası qanunsuz əlverişli inzibati aktdır. Belə ki, əlverişli inzibati akt “status quo” dan “status quo plusa”-a olan dəyişiklikdir. Yəni cavabdehin xeyrinə hüquq və imtiyaz müəyyən edilmişdir. Hər nə qədər Qanunun 67.5-ci maddəsində maraqlı şəxslərin əlverişli mövqeyinə olan maraqları qorunmalıdır qeyd olunsa da, bununla yanaşı etimad hüququna istinad edilə bilməyən halları da müəyyən edən şərtlər də nəzərdə tutulmuşdur. Bu hallar (başqa şəxslərin qanunla qorunan maraqlarına və hüquqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğu hallar) mövcud olduğu zaman maraqlı şəxs öz etimad hüququna istinad edə bilməz. Eyni zamanda qanunun 67.6.3-cü yarımbəndində qeyd olunur ki, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda da şəxs öz qorunan etimad hüququna malik ola bilməz. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin sosial təminat sisteminin əsas prinsiplərindən biri də ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib- ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşdırılmaqla qərar qəbul edilməlidir. Məhkəmə inzibati orqanın qeyd olunan qərarı qəbul etməkdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından haqlı olmadığı qənaətinə gəlmişdir. Bildiririk ki, inzibati orqana məlum olduğu andan etibarən pensiyanın yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Belə ki müvafiq araşdırma İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında başlanılmışdır. Belə ki aparılan araşdırma nəticəsində vaxtilə İddiaçı xx.xx.2006-cı il tarixə kimi 22 il 08 ay sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 32 il 09 ay 02 gün nəzərə alındığı aşkar olunmuş, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-B- 17550/2024 nömrəli qərarla İddiaçı əmək pensiyası azaldılaraq 346,56 manat məbləğində müəyyən olunmuşdur. Belə ki yuxarıda qeyd olunanlardan göründüyü kimi, o cümlədən Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Müvafiq iş üzrə yanlış hesablanma İddiaçı müraciəti əsasında müəyyən olunmuşdur (xx.xx.2024). İş materiallarından göründüyü kimi qanunla tələb olunan müddət ötməmişdir (qərarın tarixi xx.xx.2024). Göründüyü kimi, Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh Şirvan İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli 2-1(120)-1832/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(106)-830/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Firuzə Mikayılova apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2- 1(120)-1832/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-1(120)-1832/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.0. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.1. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixindən bərpa edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasının 1 (bir) il ərzində xidməti vəzifəsindən irəli gərələrkək yoxlamaq hüququ qanunvericiliklə müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan 2024-cü ilin yanvar ayında iddiaçının hüquqi marağının ziddinə uyğun olaraq 7 (yeddi) il əvvəl təyin edilmiş əmək pensiyasını aradıraraq onun maraqlarının ziddinə qərar qəbul etmişdir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunmuşdur. Belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2004cü il tarixədək 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi təsdiq olunur. Beləliklə iş materialları ilə iddiaçının təhsil dövrü daxil olmaqla sığorta stajı 32 il 09 ay 02 gün təşkil edir. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyyən olunur ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1970-ci il təvəllüdlü əmək kitabçasının surətindən görünür ki, iddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1970-ci ildə Emalatxanaya mexanik vəzifəsinə işə qəbul olunub. (Əmr №107k;xx.xx.1970) xx.xx.1971ci ildə öz xahişi ilə işdən azad olunub. (Əmr№73k;xx.xx.1971) xx.xx.1971-ci ildə zənginləşdirmə fabrikinə işə qəbul olunub. (Əmr №179k;xx.xx.1971) xx.xx.1972-ci ildə Ali məktəb pilləsində təhsil aldığı üçün işdən azad olunmuşdur. (Əmr№134k;xx.xx.1972) xx.xx.1976-cı ildə Astara sovxoz fəhlə kooperativinin xx.xx.1976-cı il, 509 nömrəli sərəncamına əsasən tədarük kontorunun 89 nömrəli əmrinə əsasən keyfiyyət üzrə əmtəəşünas vəzifəsinə işə qəbul edilmişdir. (Əmr №xx.xx.1976, №509) xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. (Əmr№117;xx.xx.1979) xx.xx.1980-cı ildə Tekstil fabrikinə 2-ci dərəcəli sex nəzarətçisi vəzifəsinə işə qəbul olunub. (Əmr№6/21;xx.xx.1980) xx.xx.1980-cı ildə usta vəzifəsinə keçirilib. (Əmr№35;xx.xx.1980) xx.xx.1980-ci ildə 2-ci dərəcəli rəis vəzifəsinə qəbul olunmuşdur. (Əmr№49;xx.xx.1980) xx.xx.1982-ci ildə 37-ci Azərbaycan SSR-i Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. (Əmr№9;xx.xx.1982) xx.xx.1982-ci ildə Sexə 2-ci dərəcəli qablaşdırıcı vəzifəsinə işə qəbul olunmuşdur. (Əmr№178/ok;xx.xx.1982) xx.xx.1983-cü ildə həmin sexdə 4-cü kateqoruya üzrə hazır məhsula nəzarətçi vəzifəsinə keçirilmişdir. (Əmr№162/ok;xx.xx.1983) xx.xx.1984-cü ildə həmin sexə usta vəzifəsinə keçirilmişdir. (Əmr№21/ok;xx.xx.1984) xx.xx.1984-ü ildə Azərbaycan SSR-i Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. (Əmr№117/ok;xx.xx.1984) xx.xx.1984-cü ildə müvəqqəti 2 aylıq müdətinə tacir vəifəsinə işə qəbul olunmuşdur. (Əmr№109;xx.xx.1984) xx.xx.1985-ci ildə işdə əldə edilən yüksək göstəricilərlə, ictimai kollektivdə fəal iştirakına görə təşəkkür edilmişdir. (Əmr №28;xx.xx.1985) xx.xx.1987-ci ildə Yeməkxanaya Aşbaz vəzifəsinə keçirilmişdir.(Əmr№ 13;xx.xx.1987) xx.xx.1989-cu ildə Azərbaycan SSR-i Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. (Əmr№274;xx.xx.1989) xx.xx.1989-cu ildə 2 nömrəli sahhəyə 3-cü dərəcəli usta köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. (Əmr№709;xx.xx.1989) xx.xx.1990-cı ildə öz xahişi ilə vəzifəsindən azad olmuşdur. (Əmr№624;xx.xx.1990) xx.xx.1990-cı ildə 28 nömrəli mağazaya 3-cü kateqoriyalı satıcı vəzifəsinə işə qəbul edilmişdir. (Əmr№167;xx.xx.1990) xx.xx.1991-ci ildə 1-ci kateqoriyalı satıcı vəzifəsi ilə təltif olmuşdur. (Əmr№301;xx.xx.1991) xx.xx.1993-cü ildə AR Əmək qanunvericiliyinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. (Əmr№428№xx.xx.1993) xx.xx.1993-cü ildə Baş Mühəndis vəzifəsinə keçirilmişdir. (Əmr№6;xx.xx.1993 xx.xx.1993-cü ildə müəssisənin ləğv olunması ilə əlaqədar olaraq, işdən azad edilmişdir. (Əmr№39-kxx.xx.1993) xx.xx.1993-cü ildə 8 nömrəli Baş İstehsalat Təmi Tikinti İdarəsində prorab vəzivəsinə təyin olunmuşdur. (Əmr№174k;xx.xx.1993) xx.xx.2004-cü ildə öz ərizəsi əsasında işdən azad olunmuşdur. (Əmr№17k;xx.xx.2024) xx.xx.2004-cü ldə X2 Aşbaz vəzifəsinə qəbul edilib. (Əmr№19;xx.xx.2004) xx.xx.2004-cü ildə üzürsüz səbəbdən işə çıxmadığına görə tutduğu vəzifədən azad edilmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən. (Əmr№139;xx.xx.2004) xx.xx.2012-ci ildə Səbail rayon MKTB-nin 4 saylı MKİS-də dam örtüyü üzrə fəhlə vəzifəsinə qəbul edilmişdir. (Əmr№32;xx.xx.2012) xx.xx.2013-cü ildə S/fəhlə vəzifəsinə keçirilmişdir. (Əmr№41/1;xx.xx.2013) xx.xx.2017-ci ildə Dam örtüyü üzrə fəhlə işinə keçirilmişdir. (Əmr№12;xx.xx.2017) xx.xx.2020-ci ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (Əmr№17/2;xx.xx.2020). İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 12 iyul 2024-cü il tarixli, 3-48- 2F/2-B-33xx-xx-3491/2024 nömrəli məktubunun surətindən görünür ki, 8 nömrəli Baş İstehsalat Təmi Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 27 mart 2024-cü il tarixli, 3-17-1/2-13-69209/2024 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2016-cı il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinizdə olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 22 il 8 ay sığorta stajınız və xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 1501,63 manat pensiya kapitalı, eyni zamanda xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 1552,66 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvələ) 276,10 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixində düzəliş olunub) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 285,49 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 302,15 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 346,56 manata, xx.xx.2024-cü il tarixindən 385,37 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinizin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixindən (xx.xx.2020-ci il tarixli müraciətinizdən 3 il əvvələ) yaşa görə əmək pensiyanız yenidən hesablanarkən pensiyanızın məbləği xx.xx.2006-cı il tarixinə kimi 22 il 8 ay sığorta stajınız nəzərə alınaraq hesablanmalı olduğu halda, 32 il 9 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanızın məbləğində xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci tarixli qərar əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt ona əmək pensiya təyin edilən zaman 32 il 09 ay 02 gün sığorta stajının olması qeyd edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiya təyin edildikdən sonra o, müxtəlif yerlərdə işləmişdir. 2024-cü il yanvar ayında cavabdeh inzibati orqana müraciət edərək xx.xx.2016-cı il tarixdən sonra işlədiyi illərin nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablanmasını inzibati orqandan xahiş etmişdir. Cavabdeh inzibati orqan 31 yanvar 2024-cü il tarixində onun müraciətində göstərilən hallardan kənara çıxaraq 7 il əvvəl qərar qəbul edilən zaman nəzərə aldığı iş stajına aid illəri yenidən araşdırmış və iddiaçının hüquqi marağının ziddinə qərar qəbul etmişdir. Qərarın əsası kimi İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir qeyd edilmişdir. Halbuki, cavabdeh inzibati orqan xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edən zaman həmin hallara qiymət vermiş, hazırki, mübahisəli illəri iddiaçının xeyrinə qiymətləndirmiş və sığorta stajı kimi nəzərə almışdır. Hazırda iddiaçı cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə razılaşmayaraq, onun ləğv edilməsini məhkəməsindən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilkin olaraq inzibati aktın qanunauyğunluğunun qiymətləndirilməsi zəruridir. Bu zaman iddiaçıya xx.xx.2016-cı ildən əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2017ci tarixli qərarın qanuni əlverişli inzibati akt, yoxsa qanunsuz əlverişli inzibati akt olması müəyyən edilməlidir. Yəni, bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallara bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan əmək pensiyasının təyinatı ilə bağlı özünün əvvəlki qərarın qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv edilmişdir. Çünki, xx.xx.2017-cı il tarixli qərar qanuni əlverişli inzibati akt olduğu halda onun ləğvi “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələblərinə uyğun, qanunsuz əlverişli inzibati akt olması halında isə həmin Qanunun 67-ci maddəsinin tələbi baxımından hüquqi qiymət verilməlidir. Başqa sözlə, əgər inzibati orqan əmək pensiyasının təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün əmək pensiyasının təyinatı ilə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli qərarının məzmunundan belə nəticəyə gəlmək olar ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2017-cı il tarixli qərar qanunsuz olmuşdur. Yəni, cavabdeh orqanın hazırda mübahisələndirilən qərarında göstərilmişdir ki, xx.xx.1993-xx.xx.2004-cü il əmək kitabçasının doldurulma qaydasının pozulması səbəbindən və işdən çıxma əmrində qaralamalar olduğundan həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Yəni, cavabdeh orqan hesab edir ki, əmək pensiyasının təyin edilməsinə əsas olan xx.xx.2017cı il tarixli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Başqa sözlə, cavabdeh orqan özünün qəbul etdiyi əvvəlki xx.xx.2017-cı il tarixli qərarını qanunsuz əlverişli inzibati akt hesab edir. Qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2017-cı il tarixli qərarının qanunsuz hesab edilməsi halında bu inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.12-ci maddəsinin tələbləri baxımdan 1 il ərzində mübahisələndirilə bilərdi. İş materiallarında olan **********7 nömrəli və 96 nömrəli qərarlardan görünür ki, iddiaçıya xx.xx.2017-cı il tarixli qərar ilə təyin edilmiş əmək pensiyası cavabdeh orqan tərəfindən 31 may 2020-ci il və 16 oktyabr 2020-ci il tarixlərində yenidən hesablanmışdır. Başqa sözlə, cavabdeh orqan hazırda qanunsuz əlverişli akt hesab etdiyi qərarından 2020-ci ildən məlumatlı olmuşdur. Belə olan halda, cavabdeh tərəfin 2017-cı il tarixli qərarın qanunsuz olduğunu əsas götürərək, yalnız 2024-cü ildə – yəni 1 ildən artıq müddət keçdikdən sonra həmin qərarın ləğv edilməsi (dəyişdirməsi) barədə yeni qərar qəbul etməklə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində tələbində göstərilən müddət tələblərini kobud şəkildə pozmuşdur. Hətta, şərti olaraq qəbul etsək ki, əmək pensiyasının təyinatı ilə bağlı cavabdehin xx.xx.2017-cı il tarixli qərarı qanuni əlverişli inzibati aktdır və pensiya təyinatı zamanı qanunvericilik tələblərinin pozulması həmin qərarın ləğv edilməsi üçün əsasdır, yenə də həmin qərar “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsində tələbində göstərilən müddət ərzində ləğv edilə bilərdi. Belə ki, həmin maddəyə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. İnzibati orqanlar öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh təyinatın yanlış olmasını nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş mülkiyyət hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, inzibati aktın qəbul edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və həmin inzibati aktın məzmunu həmin vaxt qərarı qəbul edən orqana (cavabdehə) məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı ləğv etməsi qanuni sayıla bilməz. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)- 1832/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-830/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-830/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver