Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-831/2025 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanuni və ya qanunsuz əlverişli inzibati aktların ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, onun vəkil və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)- 780/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Müayinə aktlarından çıxarışlardan görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) əlillik vəziyyəti ilkin olaraq xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ikinci dərəcəli əlillik təyin edilmiş, sonrakı illərdə də fasiləsiz olaraq əlillik müddəti artırılmış,xx.xx.2014-cü ildən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik alt sistemində olan məlumatdan görünür ki, iddiaçının əlillik vəziyyəti təkrar xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri = > G00- G09 - Mərkəzi sinir sisteminin iltihabı xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, diaqnozun mətni: bel-oma nahiyəsinin ostexondrozi daimi kökcük ağrıları ilə L4-L5 fəqərələr arası disk yırtığının çıxarıması, meyar: 2.2. ikinci dərəcə əlillik = > DİGƏR: bel-oma nahiyəsinin ostexondrozi daimi kökcük ağrıları ilə L4-L5 fəqərələr arası disk yırtığının çıxarıması ilə bağlı ümumi xəstəlik səbəbi ilə xx.xx.2014-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. ...Qeyd edilənləri nəzərə alaraq Siz xx.xx.2023-cü il tarixdə saat 11:00-da Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz.” Cavabdehin 06 may 2024-cü il tarixli 3-17-4/2-12722/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçının əlillik vəziyyəti təkrar xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli 3-17-4/2-8-26010/2023 nömrəli nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4163 nömrəli ambulator xəstənin tibbi vərəqindən görünür ki, iddiaçıya “L4 bel fəqərəsinin sağ köndələn çıxıntısının sınığından sonrakı vəziyyət. Daimi kökcük ağrıları və xroniki senso-motor polineyropatiya, aşağı ətrafların hərəki, trofiki, hissi pozulmaları” diaqnozu qoyulmuşdur. “Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli 18-1-5/2-147/2025 nömrəli mütəxəssis rəyindən qeyd edilmişdir ki, “...İddiaçı “Döş, bel-oma” MRT və “Döş, bel-oma” 3D MRT müayinələri təyin edilmiş İddiaçı xx.xx.2025-ci il tarixli “X7”də keçdiyi “Onurğa sütunu bel və oma disk aralığı (üç disk aralığı)” KT müayinə nəticələrinə əsasən: “Bel lordozu artıbdır. Fəqərə cisimlərinin hündürlükləri normaldır. Fəqərə cisimlərinin künclərində kiçik osteofit çıxıntılar qeyd olunur. Lumbar disklərdə yırtıq, ya da protruzya aşkar edilmədi. Müayinə sahəsində spial kanalın diametri norma daxilindədir. Bilateral fəqərəarası dəliklər normal genişlikdədir. Onurğa beyni Th12-L1 səviyyəsində conus medullaris şəklində sonlanır. Cauda equina kökləri sərbəstdir. Faset oynaqları təbiidir. Müayinə sahəsinə daxil olan sümüklərdə travmatik dəyişiklik izlənilmədi. Sağ qalça sümüyündə sakroiliak səthdə 6mm ölçülü kənarları sklerotik düyün diqqət çəkir. Paravertebral, paraspinal toxumalarda patoloji dəyişiklik nəzərə çarpmır. Nəticə: Bel lordozu artıbdır. Fəqərə cisimlərinin künclərində kiçik osteofit çıxıntıları. Sağ qalça sümüyündə sakroiliak səthdə 6mm ölçülü kənarları sklerotik düyün”, xx.xx.2025-ci il tarixli “Appro Hospital”da keçdiyi “Tam onurğa sütununun” MRT müayinəsi nəticəsinə əsasən: “Boyun nahiyəsi: Servikal lordoz dəyişməmişdir. Osteopeniya. C3-C7fəqərə cisimlərinin mərkəzi hissələrinin bir qədər çökməsi qeyd edilir (osteoporotik deformasiya kimi dəyərləndirilir, osteodensitometriya məsləhət görülür). C4, C5-fəqərə cisimlərində qarışıq tip degenerasiya (iltihabi prosess inkar edilmir). C2-C7 səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2 rejimində zəifləmişdir. C4-C5, C5-C6-fəqərəarası disklərin arxa median protruziyalar (2,5 mm), ön subaraxnoidal sahənin sıxılması diqqəti cəlb etmişdir. C4-C5-səviyyədə spinal kanalın mülayim sirkulyar daralması diqqəti cəlb etmişdir. Spinal kanalda patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi və intensivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Döş nahiyəsi: Döş kifozu artmışdır. Osteopeniya. Th1-Th12-fəqərə cisimlərinin mərkəzi hissələrinin bir qədər çökməsi qeyd edilir (osteoporotik deformasiya kimi dəyərləndirilir, osteodensitometriya məsləhət görülür). Th8, Th9-fəqərə cisimlərində İİ tip degenerasiya mövcuddur. Th1-Th12-səviyyəsində fəqərəarası disklərin şmorl düyünləri təyin edilmişdir. Th1-Th12 səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri rejimində zəifləmişdir. Spinal kanalda həcmli patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi və intensivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Bel nahiyəsi: Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yüksəklikləri normal dəyərləndirilmişdir. Fəqərə sütununda mülayim sağ tərəfli skolioz izlənilir. Osteopeniya. Bel fəqərə cisimlərinin mərkəzi hissələrinin bir qədər çökməsi qeyd edilir. (osteoporotik deformasiya kimi dəyərləndirilir, osteodensitometriya məsləhət görülür. L5, S1-fəqərə cisimlərində İİ tip degenerasiya mövcuddur. L1-S1-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2-ağırlıqlı sekanslarda zəifləmişdir. L1- L2-səviyyədə stabilliyin pozulması, L1-fəqərəsinin minimal retrolistezi, L3-L4-fəqərəarası diskin minimal arxa sol paramedian protruziyası, L5-S1 fəqərəarası diskin arxa median sağa meyilli protruziyası, L5-fəqərəsinin minimal retrolistezi, və hər iki tərəfdən kiçik Tarlov kistaları diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Onurğa beyni Th12-L1 səviyyəsində tamamlanır. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib” qeyd edilmişdir. Belə ki, təqdim olunan “Onurğa sütunu bel oma disk aralığı (üç disk aralığı)” KT və “Tam onurğa sütununun” MRT müayinə nəticələrinə əsasən (Diaqnoz: Yayılmış osteoxondroz. Boyun-döş-bel fəqərələrinin degenerative dəyişiklikləri. Osteopeniya. C3- L7, Th11-TH12 və bel fəqərələrinin çökməsi. C4-C5, C6-C7, L3-L4, L5-S1 fəqərəarası disklərin protruziyaları, L1-L2,L5-S1 səviyyədə stabilliyin pozulması və listezi, Tarlov kistaları, Sağ tərəfli skolioz. L4-L5 səviyyədə spinal kanalda daralması, yerişin pozulması ilə köçü ağrı sindromu). Həkim-neyrocərrah Nizami Məmmədov vətəndaş İddiaçı mütəmadi olaraq nevroloqun müalicəsini tövsiyə etmişdir.” Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, “...İddiaçı xx.xx.2014-cü il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X4 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2023-cü il tarixli 3-17-4/1-M-33604/2023 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2023-cü il tarixli 3-17-4/2-Ə-26010/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2023-cü il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 dekabr 2004-cü ildə “X3 “Bibiheybetneft” NQÇİ-də quyuların yeraltı təmiri üzrə operatoru vəzifəsində işlədiyi vaxt xəsarət almışdır. Bəbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ona “bel fəqərəsinin sağ köndələn sıxıntısının qapalı sınığı” diaqnozu qoyulmuşdur. Hadisə ilə əlaqədar 12 may 2005-ci il tarixdə İZ formalı akt tartib edilmişdir. xx.xx.2005-ci ildə 15 saylı zona TSEK tərəfindən ümumi xəstəlik əmək zədəsi səbəbindən ona ikinci dərəcəli əlillik təyin edilmiş, 80% əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdır. Sonralar mütəmadi olaraq təkrar müayinələr keçirilmişdir. xx.xx.2014cü il tarixdə keçirilən təkrar müayinədən sonra ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra uzun müddət ərzində əlilliyə görə pensiya almış, əlilliyi ilə bağlı cavabdeh tərəfindən ona hər hansı bir irad və nöqsan bildirilməmişdir. xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuşdur. Orada güya onu muayinə etmişlər. Bir nəfər qadın ona bir neçə sual vermiş və demişdir ki, gedə bilərsən. Sonradan məlum olmuşdur ki, əlilliyi ləğv edilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sınır sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri Diaqnozun mətni: bel oma nahiyəsinin ostexondrozi daimi kokcuk ağrılari ilə L4-L5 fəqərələr arasi disk yırtığının çıxanması Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb Tam reabilitasiya qərarı qəbul edilib...qərarı verilmişdir. Kürdəmir rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ona “Bel oma nahiyəsinin ostexondrozu daimi kökcük ağrıları ilə. L4- L5 fəqərələr arası disk yırtığının çıxanması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə-26010/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində ayaqlara irradiasiya edən ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Nevroloji statusda aşağı ətraflarda əzələ inkişafı simmetrik, əzələ gücü 5/5 bal, tonus norma daxilində olmuş, reflekslər canlı alınmış D=S, atrofiya, hipotrofiya, parez, iflic izlənilməmiş, yerişin ağrıya bağlı olaraq qoruyucu xarakterli olması müşahidə edilmişdir. Vətəndaş son illərə dair heç bir instrumental müayinə və müalicə sənədlərini ekspertizaya təqdim etməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə, təqdim edilmiş sənədlərə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması” na dair qərar qəbul edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)-780/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)-780/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)-780/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkil və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ... Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan Əsasnamənin 3.7-ci bəndinə əsasən əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim etməmiş, həmçinin inzibati orqan iddiaçıya münasibətdə qanuni inzibati aktı Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa 1 il müddətində ləğv edə bilərdi. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ikinci dərəcəli əlillik təyin edilmiş, sonrakı illərdə də fasiləsiz olaraq əlillik müddəti artırılmış,xx.xx.2014-cü ildən X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri = > G00-G09 - Mərkəzi sinir sisteminin iltihabı xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, diaqnozun mətni: bel-oma nahiyəsinin ostexondrozi daimi kökcük ağrıları ilə L4-L5 fəqərələr arası disk yırtığının çıxarıması, meyar: 2.2. ikinci dərəcə əlillik = > DİGƏR: bel-oma nahiyəsinin ostexondrozi daimi kökcük ağrıları ilə L4-L5 fəqərələr arası disk yırtığının çıxarıması diaqnozu ilə ümumi xəstəlik səbəbindən ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Digər bir vətəndaşın şikayəti əsasında iddiaçı 9 ildən sonra əyani müayinəyə cəlb edilmiş və barəsində xx.xx.2023-cü il tarixli “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4163 nömrəli ambulator xəstənin tibbi vərəqindən və Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli 18-1-5/2-147/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, müddətsiz əlillik təyin edilən zaman müəyyən edilmiş xəstəlik (diaqnoz) iddiaçıda hazırda da var. İnzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Bu halda, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir. Mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1043/2025 *** nömrəli qərarı). Mübahisə qiymət verilərkən oda nəzərə alınmalıdır ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4163 nömrəli ambulator xəstənin tibbi vərəqindən və Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli 18-1-5/2- 147/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, müddətsiz əlillik təyin edilən zaman müəyyən edilmiş xəstəlik (diaqnoz) iddiaçıda hazırda da var. Analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-2628/2025 nömrəli qərardadı ilə vahid məhkəmə təcrübəsinə görə cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)-780/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-831/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-831/2025
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver