Məhkəmə qərarları › İş №2-1(106)-832/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-832/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-832/2025 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2- 1(120)-568/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. НЗ-seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir (2 il, 14 gün). Seriya ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək İmişli rayon “Nizami” adına kolxozda kolxozçu (1 il, 5 ay), xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək İmişli rayon “Nizami” adına kolxozda kolxozçu ( 5 il, 1 ay, 1 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İmişli Pambıqtəmizləmə zavodunda işçi (5 ay, 20 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək İmişli rayon Aqrokimya Birliyində böyük mühasib (1 il, 6 ay, 14 gün; 10 gün yuxarıdakı günlər üzrə üst-üstə düşür, bu səbəbdən 10 gün müddət 1 dəfə nəzərə alınmışdır), xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək İmişli rayon “Nizami” adına kolxozda baş iqtisadçı (4 il, 11 ay), xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativdə baş mühasib ( 5 il, 9 ay, 1 gün), xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli Kommunal Müəsissələr Kombinatında mühasib köməkçisi (7 il, 10 ay, 26 gün) vəzifələrində işləmişdir. Cəmi 27 il 1 ay 02 gün. İmişli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli 36 nömrəli arayışında qeyd edilmişdir ki, “...İmişli rayonunda yerləşən “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə verilməmişdir. DSMF PHŞ Mil-Muğan regional filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktında qeyd edilmişdir ki, “...İmişli Rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki vətəndaş İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kooperativində işlədiyi dövr üzrə əmək stajını yerində qarşılıqlı yoxladıq. Müəyyən edildi ki, İmişli rayon “Bəcirəvan” Kooperativin 1990-1995-ci illəri əhatə edən arxiv səbəd materialları (əmr və əmək haqqı kitabları) İmişli Rayon Dövlət Arxivində saxlanılmır. Bu səbəbdən vətəndaş İddiaçı işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğunu yoxlamaq mümkün olmamışdır.” Cavabdehin 28 mart 2023-cü il tarixli 3-17-1/2-K-62665/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 13 il 5 ay 25 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilib, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan (xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək) sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1957-ci il təvəllüdlüdür. 25 ildən çox sığorta stajı var. Arxiv sənədlərinin saxlanılmaması onun təqsiri deyil. Qeyd edilən səbəbdən ona yaşa görə əmək pensiyası təyin edilməli və keçmiş dövr üçün ödənilməyən pensiya məbləği ödənilməlidir. Cavabdehin etirazları: İddiaya etirazda imtinaya uyğun bildirilmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla onun 13 il 5 ay 25 gün sığorta stajı var. Sonradan etiraza əlavə təqdim edilmiş və bu dəfə bildirilmişdir ki, iddiaçının 4 il 1 ay sığorta stajı var. Bu səbəbdən (25 ildən az olduğu üçün ) ona əmək pensiyası təyin edilə bilməz. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)-568/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun 1972-1974, 1978-1982 və 1986-1989-cu illərdə kolxozdakı əmək fəaliyyəti ilə bağlı 12 il; xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü; İmişli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 1983-1985-ci illər üzrə əmək haqqı aldığı 7 ay; "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək; Mil-Muğan regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan 3 ay (2023- 2024-cü illər üzrə) əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı ilədək 23 il 14 gün, xx.xx.2006-cı ildən sonra isə 3 ay sığorta stajı olmaqla ümumilikdə sığorta stajı 23 il 3 ay 14 gün müəyyən edilmişdir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. İddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativindəki əmək fəaliyyəti ilə əlaqədar müəssisənin arxiv sənədləri (əmr və əmək haqqı kitabları) Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajının yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən qeyd edilən dövrlər nəzərə alınmamışdır. Beləliklə, iddiaçının 25 il sığorta stajı olmadığından ona düzgün olmayaraq əmək pensiyası təyin edilmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)-568/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, əmək fəaliyyəti əmək kitabçasında tam şəkildə qeyd edilmişdir. Əmək haqqı sənədlərinin saxlanılmaması səbəbindən sosial təminat hüququ pozula bilməz. Sonda İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman əmək kitabçasındakı qeydləri mötəbər hesab edərək, iddiaçının 65 yaşının və azı 25 il sığorta stajının olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. İşin halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək İmişli rayon “Nizami” adına kolxozda kolxozçu (1 il, 5 ay), xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək İmişli rayon “Nizami” adına kolxozda kolxozçu ( 5 il, 1 ay, 1 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İmişli Pambıqtəmizləmə zavodunda işçi (5 ay, 20 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək İmişli rayon Aqrokimya Birliyində böyük mühasib (1 il, 6 ay, 14 gün; 10 gün yuxarıdakı günlər üzrə üst-üstə düşür, bu səbəbdən 10 gün müddət 1 dəfə nəzərə alınmışdır), xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək İmişli rayon “Nizami” adına kolxozda baş iqtisadçı (4 il, 11 ay), xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativdə baş mühasib ( 5 il, 9 ay, 1 gün), xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli Kommunal Müəsissələr Kombinatında mühasib köməkçisi (7 il, 10 ay, 26 gün) vəzifələrində işləmişdir. Cəmi 27 il 1 ay 02 gün. İmişli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli 36 nömrəli arayışında qeyd edilmişdir ki, “...İmişli rayonunda yerləşən “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə verilməmişdir. DSMF PHŞ Mil-Muğan regional filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktında qeyd edilmişdir ki, “...İmişli Rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki vətəndaş İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kooperativində işlədiyi dövr üzrə əmək stajını yerində qarşılıqlı yoxladıq. Müəyyən edildi ki, İmişli rayon “Bəcirəvan” Kooperativin 1990-1995-ci illəri əhatə edən arxiv səbəd materialları (əmr və əmək haqqı kitabları) İmişli Rayon Dövlət Arxivində saxlanılmır. Bu səbəbdən vətəndaş İddiaçı işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğunu yoxlamaq mümkün olmamışdır.” Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajı kimi 23 il 3 ay 14 gün olması qəbul edilir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “...İddiaçının xx.xx.2006-cı ilədək 23 il 14 gün, xx.xx.2006-cı ildən sonra isə 3 ay sığorta stajı olmaqla ümumilikdə sığorta stajı 23 il 3 ay 14 gün müəyyən edilmişdir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. Tərəflər arasında mübahisə doğuran məsələ iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativindəki əmək fəaliyyətinin cavabdeh tərəfindən nəzərə alınmaması və bunun nəticəsində 25 il sığorta stajının tamamlanmamasıdır. Cavabdeh buna səbəb kimi iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativindəki əmək fəaliyyəti ilə əlaqədar müəssisənin arxiv sənədlərinin (əmr və əmək haqqı kitabları) Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajının yoxlanılmasının mümkün olmamasını göstərir. Kollegiya apellyasiya şikayətinin dəlili olan - iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayon “Bəcirəvan” Kənd Təsərrüfatı və İstehsalı Kooperativindəki əmək fəaliyyəti ilə əlaqədar müəssisənin arxiv sənədlərinin (əmr və əmək haqqı kitabları) Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatlar əmək kitabçasında qeyd edilmiş, onların mötəbərliyini şübhə altına alan hər hansı bir hal müəyyən edilmir, qeyd edilən hal cavabdeh tərəfindən də sübuta yetirilməmiş, o cümlədən onun tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi səbəbdən qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz, o cümlədən sosial təminat hüququnun pozulmasının əsası ola bilməz. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Hazırki mübahisə üzrə əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsindən törəyən nəticə iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. İş üzrə əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan yaşa (65 yaşa) və tələb olunan azı 25 il sığorta stajına malik olmuşdur. Bu səbəbdən iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(120)-568/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar