Məhkəmə qərarları › İş №2-1(106)-835/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-835/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-835/2025 20.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X7rşı xx.xx.2023-cü il tarixli NA00013595 saylı qərarın ləğv edilməsi, “Sank-Peterburq Dövlət Mülki Aviasiya Universiteti” tərəfindən verilmiş 107819 ******* nömrəli bakalavr diplomuna əsasən “Hüquqşünaslıq” ixtisası üzrə akademik və peşə tanınması və peşə tanınması ilə əlaqədar X5 təşkil etdiyi imtahana cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(120)-2584/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Rusiya Federasiyası “Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti” tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 107819 0025371, 2/745 qeydiyyat nömrəli bakalavr diplomundan görünür ki, İddiaçı qiyabi təhsil almış, 40.03.01 “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə bakalavr dərəcəsi verilmişdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli NA00013595 nömrəli qərarda qeyd edilmişdir ki, “...Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-38-33/2-1296/25 nömrəli məktubunda qeyd edilmişdir ki, “...xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2013 Çıxış Rusiya xx.xx.2013 Giriş Rusiya xx.xx.2013 Çıxış İran xx.xx.2013 Giriş İran xx.xx.2014 Çıxış İran xx.xx.2014 Giriş İran xx.xx.2016 Çıxış Rusiya xx.xx.2016 Giriş Rusiya xx.xx.2016 Çıxış Rusiya xx.xx.2016 Giriş Rusiya Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli NA00013595 saylı qərarının ləğv edilməsi, “Sank-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin 107819 ******* nömrəli bakalavr diplomuna əsasən” “Hüquqşünaslıq” ixtisası üzrə akademik və peşə tanınması və peşə tanınması ilə əlaqədar X6 keçiriləcək imtahana cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalvr təhsili almış, təhsilini qiyabi formada distant texnologiyalarının tətbiqi əsasları ilə almış və Universiteti bitirdikdən sonra 23 dekabr 2016-cı il tarixdə 107***-******* nörməli diplom verilmişdir. 2023-cü ildə diplomunu tanıtmaq məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etsə də, Agentlik tərəfindən diplomunun tanınmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cu il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin alı təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.101-ci və 4.1.4-cü bəndlərinə əsasən diplomumun tanınmasından imtina etmişdir. Agentliyin qərarı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş qanunsuz bir qərardır. Buna görə də ləğv olunmalıdır. Cavabdehin qərarda istinad etdiyi Qaydaların 4.1.4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza alı) tibb təhsili, və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınma üzrə tələblərdən biridir. Təhsilin normativ müddətinin yarısı açıqlamasını müəyyən etmək üçün Agentlik qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci bəndinə istinad etmiş və göstərmişdir ki, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Cavabdeh nəzərə almamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 1.1-ci bəndində deyilir ki, dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Qüvvədə olma müddəti 6 ildir. 2012-2016-cı illərdə Rusiya Federasiyasında təhsil almışdır. Heç kəsə sirr deyil ki, xarici dövlətlərin universitetləri tədris proqramlarını təsdiq edərkən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunan dövlət standartlarına deyil, fəaliyyət göstərdikləri ölkənin təhsil qanunvericiliyinə əsaslanırlar. Eyni zamanda, cavabdehin özünün istinad etdiyi bu standart özü də əslində qüvvədən düşmüş sayıla bilər (standartın özündə onun qüvvədə olma müddətinin 6 il olması müəyyən edilib). Belə olan halda onun guya hər bir tədris ili ərzində müvafiq kvalifikasıya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olma tələbi əsassızdır və məlum olmayan meyarlara əsaslanır. Əvvəla təhsilin normativ müddəti hər bir dövlət və ali təhsil müəssisəsi tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir ki, bu da ölkədaxili meyarlara istinadı istisna edir. İkincisi isə təhsil aldığı dövrdə Elm və Təhsil Nazirliyinin mütləq oxuduğu ölkənin ərazisində qalmalı olduğu və dərslərin ancaq offlayna keçirilməsi barədə tələbi haqqında heç bir bəyanat olmamışdır. Distant texnologiyaların tətbiqini istisna etmək məqsədilə Agentlik qərarında yenə də eyni Qaydaların 4.1.5-ci bəndinə istinad edir və qeyd edir ki, xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Ənənəvi təlim metodlarına əsaslanan formal təhsil anlayışının nəyə əsasən müəyyən olunması və yaxud nəyə görə onun diplomum barədə imtina qərarında bu məsələnin qaldırılması aydın deyil. Belə ki, “Təhsil haqqında” Qanunun formal, qeyri-formal və informal təhsil formaları qeyd edilir. Hamıya aydındır ki, Universitetdə alınan təhsil formal təhsildir. “Təhsil haqqında” Qanunda əyani, qiyabi, distant və sərbəst təhsilalma formaları qeyd edilir. Deməli, Qanunda qiyabi və distant təhsilə yol verir. Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən ona təqdim olunan diplomda təhsil aldığı ölkənin təhsil standarlarına və qanunvericiliyinə əsasən 240 təhsil kreditinin toplanılması əksini tapmış, diplom və transkriptin həqiqiliyi qanunauyğun qaydada apostil möhürü ilə təsdiq edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının müraciəti üzrə inzibati icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında müvafiq dəyişikliklərdə xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aid edilmiş, buna müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” eyni redaksiyada yenidən təsdiq edilmişdir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və 4.1.5-ci yarımbəndə əsasən bütün tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddəti araşdırılmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İ il-4 gün, İİ il-getməyib, İİİ il-getməyib, İV il-5 gün, V il-28 gün. İddiaçının vəziyyətində isə tədris ilinin 4 ili üzrə bu tələb ümumiyyətlə ödənilməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: 1. Əyani; 2. Qiyabi; 3. Distant (məsafədən); 4. Sərbəst (eksternat). Sözügedən Qanundan məlum olur ki, təhsilalma formaları birbirilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Yəni, iddia ərizəsində qeyd olunan kimi ərizəçinin təhsil forması, həm qiyabi, həm də distant ola bilməzdi. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(120)-2584/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi V.A.Bağırlı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(120)- 2584/2025 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi S.A.Şəkəralıyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(120)- 2584/2025 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərərk şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. İddiaçının təhsil aldığı vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının müraciət etdiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir; 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. 2.7. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 2.10. Bir akademik saat 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. Tibb ixtisasının klinik fənlərində dərslər üçün ayrılan akademik saatlar ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərə görə iddiaçı təhsil aldığı müddət ərzində Rusiya Federasiyasının ərazisində İ il-4 gün, İV il-5 gün, V il-28 gün olmuş, İİ və İİİ il ümumiyyətlə olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçıya münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının vəziyyətində sözügedən tələbə riayət olunmamışdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyii “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişə (13 may 2003-cü il, 455-İİ saylı Qanunla təsdiq edilib) münasibətdə qeyd edir ki, Sazişin 11-ci maddəsinə əsasən bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Ayrı-ayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənədlər tələb edə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bağlanmış müqavilə ilə də təsbit edilmişdir ki, Azərbaycan Tərəfi Rusiya Federasiyasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tədris müddətləri və hazırlıq sahələri ilə üst-üstə düşsün. Sazişdə ayrı-ayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənədlərin tələb edə bilməsi nəzərdə tutulsada, tədris müddətləri ilə bağlı belə bir hal nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, iddia tələbinin ikinci hissəsi ilkin tələbdən asılı olduğu və ilkin tələb uğurlu olmadığı üçün prosessual qənaət prinsipinə əsasən həmin tələbə münasibətdə geniş əsaslandırılma aparılmasına zərurət yoxdur və həmin tələb də əsaslı deyil. Beləliklə, iddiaçının faktiki təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın yuxarıda tələbləri ilə uzlaşmadığından, bununla da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 4.1.5-ci bəndinin tələbləri təmin olunmadığından, cavabdehin həmin Qaydaların tələblərindən irəli gələn imtinası əsaslı olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(120)-2584/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X9rşı “xx.xx.2023-cü il tarixli NA00013595 saylı qərarın ləğv edilməsi, “Sank-Peterburq Dövlət Mülki Aviasiya Universiteti” tərəfindən verilmiş 107819 ******* nömrəli bakalavr diplomuna əsasən “Hüquqşünaslıq” ixtisası üzrə akademik və peşə tanınması və peşə tanınması ilə əlaqədar X5 təşkil etdiyi imtahana cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar