Məhkəmə qərarları › İş №2-1(106)-836/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-836/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-836/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2957/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və 48041 manat borcun hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 12 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-2957/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsinin mübahisələndirilən **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçının xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat vərəqəsinə əsasən qeyd edilən xx.xx.2024-ci il tarixli, **********6124 nömrəli qərarın xx.xx.2024-cü il tarixdə elektron üsulla İddiaçı elektron qutusuna göndərildiyi və onun tərəfindən xx.xx.2024-cü il tarixdə oxunduğu müəyyən edilir. İddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən ona məxsus obyektdə qanunvericiliyin tələbləri pozulmaqla aparılmış operativ vergi yoxlaması nəticəsində əsassız və qanunsuz olaraq 48041 manat vergi borcu hesablanmışdır. Qeyd edilən qərar tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Tələbnamə ona xx.xx.2024-cü il tarixdə verilmiş və həmin tarixdə də onun məlumatı və iştirakı olmadan akt tərtib edilmişdir ki, guya ona götürülmüş sənədlərin surətlərinin təsdiq edilməsi təklif edilmiş və heç bir əsas göstərmədən bu təklifdən imtina etmişdir. Halbuki vergi nəzarəti tədbirində iştirakı təmin edilməmiş, onun bu aktın tərtibindən heç bir məlumatı olmamış, ona heç bir sənədin surətinin təsdiq edilməsi təklif edilməmiş, aktın hansı şəraitdə və kimlər tərəfindən tərtib edilməsi ona məlum deyildir. Həmçinin akt qanunvericiliyin tələbləri kobudcasına pozularaq tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Qeyd edilən aktda isə nə aktın tərtib edildiyi yer, nə də aktın tərtib edildiyi tarix göstərilməmişdir. Həmçinin aktda adları qeyd edilən “X4” və “X2” adlı şəxslər bildirir ki, onlar heç bir aktın tərtib edilməsində iştirak etməyiblər, heç vaxt belə bir sənəd imzalamayıblar, ümumiyyətlə, bütün bu proseslərdən məlumatsızdırlar. Həmin şəxslər bu faktı məhkəmədə şahid kimi təsdiq etməyə hazırdırlar. Buradan da görünür ki, adları qeyd edilən şəxslər özlərinin məlumatı və iştirakı olmadan müşahidəçi (hal şahidi) kimi yoxlamaya cəlb edilmişlər. Eyni zamanda 000523 saylı digər bir akt da qanun pozuntularına yol verilməklə tərtib edilmişdir. Belə ki, 000523 nömrə ilə fərqli tarixlərdə iki akt tərtib edilmişdir. Bir aktda tərtib edildiyi tarix olaraq xx.xx.2024-cü il göstərilsə də, digər 000523 nömrəli aktda isə aktın tərtib edildiyi tarix olaraq xx.xx.2024-cü il göstərilmişdir. Həmçinin akt cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. Bütün bu hallar bir daha onu təsdiq edir ki, hər iki akt naməlum şəraitdə və vaxtda cavabdeh təşkilatın əməkdaşları tərəfindən, aktda adları qeyd edilən şəxslərin iştirakı olmadan qanunvericiliyin tələbləri kobudcasına pozulmaqla tərtib edilmişdir. Halbuki hər hansı bir pozuntunun olması yalnız qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt sübut kimi qəbul oluna bilməz. Cavabdehin əməkdaşları tərəfindən zəruri sənədlərin təsdiq edilmiş surətləri götürülməmiş, bununla bağlı heç bir video çəlişdən istifadə edilməmiş, eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 47-ci maddəsinin tələbləri pozularaq müşahidəçilər dəvət edilməmişdir. Cavabdehin iddiaya qarşı mahiyyəti üzrə etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İdarənin xx.xx.2024-cü il tarixli, **********6529 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Neftçala şəhəri, Nizami küçəsində yerləşən **********-65002 kodlu "Lombard” adlı təsərrüfat obyektində "Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi” və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində aparılmış operativ vergi nəzarəti zamanı işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilməmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, DVX seriyalı 002552 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Daha sonra qeyd edilən obyektdə Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi üzrə vergi nəzarəti tədbiri zamanı "girov bileti” əsasında verilmiş kreditlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin tələbləri pozularaq nağd şəkildə verildiyi aşkar edilmişdir və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, DVX seriyalı 000523 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Belə ki, "Lombard”dan götürülmüş "girov bilet”lərinə əsasən vətəndaşlara 480410,0 (dörd yüz səksən min dörd yüz on) manat məbləğində kredit şəklində verilən vəsaitin nağdsız qaydada verilməli olduğu halda, nağd şəkildə verildiyi müəyyən edilmişdir. Nəticədə fərdi sahibkar İddiaçı xx.xx.2024-cü il tarixli **********6124 nömrəli qərarla 48041,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh həmçinin vəsatət təqdim edərək, qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********6124 nömrəli qərar "Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında bildiriş” məktubu ilə vergi ödəyicisinə elektron formada göndərilmişdir. Elektron formada xx.xx.2024-cü il saat 17:59:40-da göndərilmiş məktub vergi ödəyicisinin İnternet vergi idarəsində olan şəxsi kabinetində vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü ildə saat 12:02:41-də oxunmuşdur. Məhkəməyə iddia verilməsi üçün son tarix xx.xx.2025-ci il tarixdə bitir. Lakin məhkəməyə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi 1 ay 15 gün müddət ərzində iddia müddəti ötürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı mübahisələndirilən qərar qərar qəbul edilməzdən də əvvəlki tarixdə işin məhkəmə müstəvisində həlli məqsədilə Vəkil etibarnamə vermiş, vəkil müvafiq hərəkətlərin aparılacağını bildirmiş, vəkilin peşəkarlığına və işləri vaxtında görəcəyinə ümid etmişdir. Ona görə də hesab edir ki, qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı şikayətini müdafiə etmiş və şikayətin dəlillərinə oxşar izahat vermişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, mübahisələndirilən **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərar həmin tarixdə elektron üsulla iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2024-cü il tarixdə oxunmuşdur. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddətin ötürülmədiyini, daha doğrusu məhkəməyə iddia ərizəsinin gec verilməsinin özünün deyil, vəkilin səhvi ucbatından baş verməsini bildirsə də, məhkəmə kollegiyası bu halı müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas vermədiyi qənaətinə gəlir. Belə ki, məhkəmə kollegiyası iddiaçının vergi ödəyicisi kimi hüquq və vəzifələrini bilməli olması və vergi orqanının məsuliyyət qərarının nəticələrini dərk etməli olması kontekstindən çıxış edərək, hesab edir ki, iddiaçı vəkilə etibarnamə verməsi halında belə, həmin qərarın məhkəmədə mübahisələndirilməsi vəziyyətinə və zamanına nəzarət etmək imkanları olmuşdur və bunu təkzib edən hər-hansı sübut (ölkə hüdudlarından kənarda olması və s. hallar) təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən vəkilə etibarnamə xx.xx.2024-cü il tarixdə verilmiş, order isə xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Yəni etibarnamə operativ vergi yoxlaması zamanı verilsə də, order işin məhkəmə araşdırması zamanı verilmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun: -5-ci maddəsinin İİİ. Bəndinə əsasən Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. -İV. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. -15-1-ci maddənin İ.bəndinə əsasən Vəkil orderi vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən vəkilə verilən, özündə tapşırıq üzrə istintaq (təhqiqat), prokurorluq orqanında və ya bir məhkəmə instansiyasında (işin mahiyyəti ilə əlaqəli olmayan məhkəmə aktlarından apellyasiya və kassasiya instansiyasına verilən şikayətlər üzrə məhkəmə iclasları istisna olmaqla) təmsilçilik və hüquqi yardımın göstərilməsini, hüquqi şəxslərdə təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edir. Qanunun tələblərindən göründüyü kimi, vəkilin məhkəmələrdə hər-hansı şəxsi təmsil etmək üçün tələb olunan əsas sənəd Vəkil orderidir. Başqa sözlə, vəkilin müvafiq müqavilə olmadan və order verilmədən, yalnız etibarnamə əsasında şəxsi məhkəmədə təmsil etmək hüququ və imkanları yoxdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının iddianın qanunla müəyyən edilmiş müddətdə verilməməsini məhz vəkilin yardımına ümid etməsi ilə əlaqələndirməsi əsaslı sayıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2957/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar