Məhkəmə qərarları › İş №2-1(106)-837/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-837/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-837/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər baş idarəsinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər baş idarəsinə qarşı “2000 manat məbləğində borcun olması barədə qeydin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2-1(120)-2319/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2903 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyisinə xx.xx.2022-ci il tarixdə OVN qərarı ilə 2000 manat maliyyə sanksiyasının tətbiq edildiyi, xx.xx.2022-ci il tarixdə həmin məbləğin ödənildiyi qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə düzəliş edilərək 2000 manat ödənilməli borc kimi bərpa edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “...Tərəfinizdən 29 avqust 2022-ci il tarixdə səhvən ödənilmiş 2000 manat sadələşdirilmiş verginin X1 (VÖEN: **********) şəxsi hesab vərəqəsinə işlənməsi haqqında xx.xx.2022-ci il tarixli məktubunuza (AVİS qeydiyyatı: 18 oktyabr 2022-ci il tarixli **********227500) 6 saylı Ərazi Vergilər baş idarəsində baxılmışdır. Bildirirəm ki, "xxxx"MMC-nin Lerik poçt filialının 17 oktyabr 2022-ci il tarixli LPF-93 saylı məktubuna əsasən səhvən ödənilmiş 2000 manat sadələşdirilmiş vergi şəxsi hesab vərəqənizdə azaldılmış və X1 (VÖEN: **********) şəxsi hesab vərəqəsinə işlənməsi təmin edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2000 manat məbləğində borcun olması barədə qeydin şəxsi hesab vərəqəsindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında fəaliyyət göstərdiyi obyektdə guya 1 nəfəf işçi ilə əmək müqaviləsi bağlamadan işlətdiyi üçün ona 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan məbləğdə maliyyə sanksiyası xx.xx.2022-ci il tarixdə tərəfindən ödənilmiş və bu fakt şəxsi hesab vərəqəsində təsdiqini tapmışdır. Belə ki, şəxsi hesab vərəqəsindən görünür ki, OVN qərarına əsasən (yazılma tarixi xx.xx.2022-ci il) 2000 manat məğləğində hesablama və xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində ödəniş edilməsi qeyd olunmuşdur. Ödədiyi 2000 manat məbləğində vəsait cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsindən silmişdir. Qeyd olunan ödənişin şəxsi vərəqədə bərpa edilməsi üçün Dövlət Vergi Xidmətinə etdiyi müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, DVX tərəfindən ərazi vergilər baş idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda xx.xx.2022-ci il tarixdə 2000 manat vəsaitin tərəfindən ödənilmədiyi, həmin məbləğin X4 (VÖEN **********) oğluna məxsus olduğu qeyd olunmuşdur. Ona məxsus VÖEN nömrəsinə əsasən ödənilmiş 2000 manat məbləğində pul vəsaitinin başqa vergi ödəyicisinə məxsus olması mümkün deyildir. Çünki, VÖEN nömrə ilə qeyd olunan şəxsin VÖEN nömrəsi arasında əhəmiyyətli dərəcədə rəqəm fərqləri mövcuddur. Cavabdeh vergi orqanı əməkdaşlarının qanunsuz əməli (və ya səhvi) nəticəsində xx.xx.2022-ci il tarixdə ödədiyi 2000 manat məbləğində ödəniş şəxsi vərəqəsindən silinimişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya münasibət bildirərək, qeyd etmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixdə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********227500 nömrəli) vergi orqanına müraciət edilərək, xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsinə işlənmiş 2.000,0 manat vəsaitin X2 (VÖEN: **********) məxsus olduğu qeyd edilmişdir. X4 (VÖEN: **********) oğlunun xx.xx.2023-cü il tarixli **********255200, xx.xx.2022-ci il tarixli **********926800 və "xxxx" MMC-nin Lerik poçt filialının xx.xx.2022-ci il tarixli **********339900 nömrəli müraciətləri nəzərə alınmış, zəruri düzəlişlərin aparılması təmin olunmuş və müraciət 6 saylı Ərazi Vergilər baş idarəsinin xx.xx.2022-ci il tarixli **********225100 nömrəli məktubu ilə cavablandırılmışdır. Mübahisələndirmə haqqında iddia 30 gün müddətində qaldırılmalıdır. İddiaçı isə buna əməl etməmişdir. Qeyd edilən səbəbdən iddia mümkün sayılmamlıdır. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2-1(120)-2319/2025 saylı qərardadı (hakim Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ədalətsiz olduğu üçün ləğv edilən 2000 manatlıq qəbzin təsdiqlənməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, maliyyə sanksiyası qismində tətbiq edilmiş 2000 manat məbləğində pulu xx.xx.2022-ci ildə ödəmişdir. Sonradan cavabdeh orqan səhvə yol verərək, ödədiyi pulu silmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 16 dekabr 2024-cü il tarixli 3- 21/3-1-F-157/2024 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnaməsi: ... 6.5.22. Operativ vergi nəzarəti tədbirləri ilə əlaqədar İdarənin iştirak etdiyi məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş qərarların, cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanların qanuni qüvvəyə minmiş qərarlarının, vergi ödəyiciləri barəsində inzibati icraat çərçivəsində qəbul edilmiş qərarların icrasını təmin etmək, o cümlədən həmin qərarların vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsini və müvafiq düzəlişlərin aparılmasını təmin etmək; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2-1(120)-2319/2025 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin hüquqi marağına uyğun mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlili üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaya birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmadığı, iddiaçı da qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini tələb etdiyi üçün apellyasiya şikayəti qismən təmin edilmişdir. İşin araşdırılması ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddiaya mübahisələndirmə haqqında iddia kimi baxmış və xüsusi mümkünlük şərtinə (müddətlə bağlı) görə iddianı mümkün saymamışdır. Halbuki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2903 nömrəli qərarı mübahisələndirmir. Həmin qərar üzrə ona tətbiq edilmiş 2000 manat məbləğində pul vəsaitini ödədiyini, bununla bağlı şəxsi hesab vərəqəsində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qeyd aparılmasını bildirir, xx.xx.2022-ci il tarixdə isə düzəliş edilərək 2000 manat məbləğində pulun ödənilməli borc kimi bərpa edilməsinin qanunsuz olduğunu iddia edir. Qeyd edilənlər onun deməyə əsas verir ki, iddia öhdəliyin icrası haqqında iddiadır və bu növ iddialar üçün müddət nəzərdə tutulmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2-1(120)-2319/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar