Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-839/2025 20.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2- 1(120)-2197/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Seriya AO ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li Hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li Hərbi hissənin tərkibində işğaldan azad olunmuş ərazilərin müdafiəsi və mühafizəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 №-li Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. N nömrəli Hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2020-ci il tarixli 323 nömrəli əmrində qeyd edilmişdir ki, “...Səfərbərlik zamanı ehtiyyatdan çağırılan aşağıda adları çəkilən hərbi vəzifəlilər, Ağcabədi rayonu, N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, 10 noyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınsınlar, bütün növ təminatlara daxil edilsinlər və müvafiq vəzifələrə təyin olunsunlar.
33. Əsgər İddiaçı 5-ci taborun 14-cü bölüyünün 3-cü tağımının 1-ci manqasının heyət nəfəri-atıcısı, xx.xx.1988-ci il təvəllüdlü, azərbaycanlı, orta təhsilli. HUİ-050.” N nömrəli Hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2020-ci il tarixli 323 nömrəli əmrində qeyd edilmişdir ki, “...N nömrəli Hərbi hissə komandirinin 23 sentyabr 2020-ci il tarixli 011 nömrəli döyüş əmrinə əsasən N nömrəli hərbi hissənin hücum zolağında düşmən tərəfdən işğal olunmuş torpaqların azad olunması məqsədi ilə aşağıda adları göstərilən hərbi qulluqçular 10 noyabr 2020-ci il tarixdən döyüş tapşırığını yerinə yetirmək məqsədilə təyin olunmuş hücum istiqamətlərinə getmiş hesab olunsunlar:
33. Əsgər İddiaçı, 5-ci taborun 14-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının heyət nəfəri-atıcısı.” N nömrəli Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 370 nömrəli əmrində qeyd edilmişdir ki, “...Qismən səfərbərlik zamanı hərbi xidmətə çağırılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq göstərilən yaş həddində və daha yuxarı olanlar 26 dekabr 2020-ci il tarixdən səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılsınlar, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın qurumlarına göndərilsinlər.
48. Əsgər İddiaçı, “5-ci taborun 14-cü bölüyünün 3-cü və 1-ci manqasının heyət nəfəri-atıcısı- Masallı rayon şöbəsinə.” Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının iddiaçının xəsarətinin dərəcəsinə və səbəbinə dair xx.xx.2024-cü il tarixli 710 nömrəli arayışında qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2020-ci il tarixdə Daşaltı kəndində xidməti vəzifəsini yerinə yetirərkən partlayış nəticəsində “Partlayış travması, sol diz oynağı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə) funksiyanın pozulmaması ilə” səbəbdən yüngül dərəcədə (yüngül, az ağır, ağır) xəsarət almışdır.” Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli 3251 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçıda olan xəstəlik ilə bağlı partlayış travması (2020). Sol diz oynağı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə) funksiyasının pozulmaması daaqnoz qoyulmuş və xəstəlik “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. İ-6429 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cavabdeh mövqeyinə görə iddiaçı döyüş əməliyyatlarında iştirak etmədiyinə görə tələbinin təmin edilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li Hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li Hərbi hissədə xidmət keçmiş və hər iki hərbi hissənin tərkibində N günlük Vətən Müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Daşaltı kəndində döyüş vaxtı (Şuşa yaxınlığında) yaralanaraq travma almışdır. Aldığı travmanın səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Lakin ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız hesab edir.
Cavabdehin etirazları:
İddiaya dair etiraz daxil olmamışdır.
Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2197/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020ci il sentyabrın 27-dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi verilir: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək cavabdeh qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər - 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu səbəbdən döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq, həvəsləndirmə qaydasında “Qubadlının rayonun azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Apellyasiya şikayətinə dair etiraz:
Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlar iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusilə də Qubadlı rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li Hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li Hərbi hissənin tərkibində işğaldan azad olunmuş ərazilərin müdafiəsi və mühafizəsində iştirak etmiş, onun xidməti ilə bağlı müvafiq məlumatlar mövcuddur, ən əsası iddiaçının xidməti yüksək qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə həmin sənədlər Əsasnamədə şəxsin müharibə veteranı hesab edilməsi üçün tələb edilən sənədlərin siyahısında göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji mübahisə üzrə 2-1(102)-2564/2023 və 2-1(102)-2869/2023 nömrəli qərarlarında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş iddiaçılara münasibətdə kassasiya instansiya məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2197/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.