Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-84/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-228/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 10 mart 2022-ci il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona 10 mart 2022-ci il tarixdən İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 19 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-228/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyi ilə bağlı ona xx.xx.2009-cu ildən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 12 il ərzində “Sağ saidin yuxarı 1/3-nin odlu silahla yaralanmasından sonrakı vəziyyət, yerişin çətinləşməsi. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” diaqnozu ilə xx.xx.2009-cu ildən xx.xx.2013-cü il tarixədək 4 il üçüncü dərəcə əlillik verilmiş, bu müddət ərzində xəstəliyinin ağırlaşması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 8 ildən artıq müddətdə ona ikinci dərəcə əlillik təyin olunmuş, heç bir müsbət dəyişiklik olmadan məzmunca həmin diaqnoz üzrə xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından imtina əsaslandırılmamış, formal olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Halbuki, onun xəstəliyi ilə bağlı 12 il müddətində təyin olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinə tam uyğunluğu təsdiq olunur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, döyüş zonasında hərbi xidmət keçərkən aldığı xəsarətdən Azərbaycan Respublikası MN Mərkəzi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli, 301 saylı qərarı ilə onun 2-ci dərəcəli əlil olması müəyyən edilmişdir. Ona DSMF tərəfindən xx.xx.2021-ci il tarixədək pensiya verilmiş, lakin xx.xx.2021-ci tarixdən ona əlillik dərəcəsi verilməkdən imtina edilmişdir. Həmin vaxtdan onun pensiyası dayandırılmışdır. Ona verilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinın Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 0262003AAPOJ forma 88 nömrəsi ilə ona əlillik dərəcəsi verilməkdən imtina edilmişdir. Həmin imtina əsassızdır. Belə ki, ona əlillik dərəcəsı qanuni verilmişdir və halhazırda da müalicələr alır, imtinaya heç bir qanuni əsas olmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50- S59 - Dirsək və saidin travmaları => S50 - Saidin səthi travması => S00.7 - Saidin çoxsaylı səthi tra... Diaqnozun mətni: Sağ saidin yuxarı 1/3-nin odlu silahla yaralanmasından sonraki vəziyyət. yerişin çətinləşməsi. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ saidin yuxarı 1/3-nin odlu silahla yaralanmasından sonraki vəziyyət. yerişin çətinləşməsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. X7 Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S59 - Saidin digər və dəqiqləşdirilməmiş travmaları => S59.9 - S...; Diaqnozun mətni: Sağ saidin yuxarı 1/3-nin odlu silahla yaralanmasından sonraki vəziyyət, yerişin çətinləşməsi. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silah yaralanmasından sonra sağ dirsək oynağın lateral səthinin dartıcı kobud çapıqları, dirsək oynağın valqus deformasiyası, sağ əlin İİİ barmağının bükücü konturakturası (=150°) Travmadan sonra sağ baldır sümükülərinin aşağı 1/3-nin sinoztozu, sindesmozun tamlığının pozulması, aşıq-baldır oynağının konturakturası (90°) artrozu, ağrı sindromu. Sağ aşağı ətrafın funksiyasının pozulması Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması Partlayış travması.Sağ dirsək oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ mil sümüyünün yuxarı 1/3-nin q-düzgün bitişmiş sınığı dirsək oynağının deformasiyası, rotasion konturaktruası, dirsək sinirinin neyropatiyası. Sağ əlin barmaqlarının bükücü konturakturası dirsək oynağı nahiyyəsinin bərkimiş dartıcı, ağrılı, kolloid çapıqları. Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina edilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki halına düzgün hüquqi qiymət verməmiş, həmçinin xüsusi bilik tələb edən sahə ilə bağlı qərar qəbul edərək, inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 10 mart 2022-ci il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona 10 mart 2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı hazırda 10 mart 2022-ci il tarixli qərarı mübahisələndirir ki, həmin qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərarlardan şikayət verilməsi ilə bağlı müddət ötürülməmiş hesab edilməlidir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən və digər sübutlardan görünür ki, iddiaçı 2009-cu ildən 2022-ci ilin iyul ayınadək əlillik vəziyyətində olmuş, növbəti müayinə zamanı 10 mart 2022-ci il tarixdə “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş: -Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 05 yanvar 2023-cü il tarixli, T44/2023 saylı rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar şəxsin TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. İddiaçı zərurət yarandığı təqdirdə müəyyən edilən diaqnozla əlaqədar əlavə bərpa müalicəsinə cəlb edilə bilər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 02 oktyabr 2023-cü il tarixli, T700/2023 saylı rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilmiş “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, partlayış travması, sağ dirsək oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ mil sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, dirsək oynağınm deformasiyası, rotasion kontrakturası, dirsək sinirinin neyropatiyası, sağ əlin barmaqlarının bükücü kontrakturası, dirsək oynağı nahiyəsinin bərkimiş dartıcı, ağrılı, kolloid çapıqları” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəliyin müalicəsi dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, lakin ehtiyac yarandığı halda müalicəyə cəlb oluna bilər. -Məhkəmə kollegiyasının təyin etdiyi ekspertizanın nəticəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2025-ci il tarixli, T05/2025 saylı rəyində göstərilmişdir ki, İddiaçı tibb müəsissələrində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki eyni ixtisas üzrə mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Belə ki, onun adına “İmişli rayon mərkəzi xəstəxanası’nda tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0262003AATW1 göndərişdə qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, partlayış travması, sağ dirsək oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ mil sümüyünün yuxarı Vs-nin qeyri düzgün bitişmiş sınığı dirsək oynağının deformasiyası, rotasion kontrakturası, dirsək sinirinin neyropatiyası, sağ əlin barmaqlarının bükücü kontrakturası, dirsək oynağı nahiyəsinin bərkimiş dartıcı, ağrılı, kolloid çapıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, vətəndaşın xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı sağ topuqda və digər nahiyələrdə hərəkətlər sərbəst olmuş, yalnız supinasiya hərəkətində bir qədər məhdudiyyət müşahidə edilmiş, hipotrofıya, atrofıya, parez, iflic aşkarlanmamışdır. -Bütün bunlara baxmayaraq, İddiaçı xx.xx.2024-cü il tarixdə “Respublika Neyrocərrahiyyə xəstəxanası” phş-nə müraciət edərkən ona “G56.3, G57.3, G83.2-sağ dirsək oynağı nahiyəsində odlu silah yaralanması, sağ baldır sümüklərinin qapalı travmasından sonrakı vəziyyət, sağ mil və sağ peroneal sinirlərin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın süst monoparezi”, xx.xx.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-nə müracəti zamanı isə “Y36.4, M84.0, M24.5, L91.0, M19, Z73.6, R26.8, M21-Odlu silah yaralanmasından (qəlpə) sonrakı vəziyyət, sağ mil sümüyünün yuxarı lA-nin qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, sağ dirsək oynağı nahiyəsinin çapıq toxuması, sağ baldır sümüklərinin sinostozu, sağ aşıq-baldır oynağının artrozu, sağ aşıq-baldır oynağının kontrakturası, sağ yuxarı ətrafın funksiya pozğunluğu, axsama (yerişin pozulması), ağrı sindromu ilə, sağ dirsək oynağının valqus deformasiyasiyası diaqnozları qoyulmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş 05 yanvar 2023-cü il tarixli, T44/2023 nömrəli və 02 oktyabr 2023-cü il tarixli, T700/2023 nömrəli rəylər üzrə müayinələr cavabdeh qurumun nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası həmin rəylər üzrə gəlinmiş nəticədə cavabdeh qurumun nümayəndələrinin maraqlı olması ehtimalını nəzərə alınaraq xx.xx.2025-ci il tarixli, T05/2025 nömrəli rəyi daha mötəbər hesab edir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının onun xəstəliyi ilə bağlı 12 il müddətində təyin olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinə tam uyğunluğunun təsdiq olunmasına əsaslanmış, lakin iddiaçıya əlillik təyinatından imtina edildiyi tarixdə həmin meyarların təsdiq edilməməsini, yəni həmin dövrdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin qüvvədə olmasını nəzərə almamışdır. Bundan başqa, iddiaçının orqanizmində olan patofunksional pozuntuların əlillik təyini üçün əsas verən qüvvədə olan meyarların təsiri altına düşübdüşməməsinə, müsbət halda xəstəliklərin ağırlıq dərəcəsinə görə əlilliyin hansı dərəcə ilə təyin edilməli olmasına düzgün qiymət verməmişdir. Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.3.3-cü bəndinə əsasən əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2);” üçüncü dərəcə əlillik təyinatına əsas verir. -4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçının orqanizmində olan patofunksional pozuntuların ağırlıq dərəcəsi müvafiq əsasnamədə qeyd edilmiş göstəricilərlə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin xəstəliklər üçüncü dərəcə əlilliyin təyini üçün əsas verir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-228/2024 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 10 mart 2022-ci il tarixli, xxxxxxx0007 nömrəli qərarı ləğv edilsin, İddiaçı 10 mart 2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-84/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-84/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver