Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-843/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “koordinatların uyğunlaşdırılması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(120)-536/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, koordinatların uyğunlaşdırılmasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Lənkəran rayonu Separadi kəndində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvləri ilə onun mülkiyyətinə verilmişdir. Bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-0056 Kod 80220018 saylı Dövlət Aktı tərtib edilmişdir. Sonradan isə qeyd olunan torpağa dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onlara xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla plan və ölçü sənədi verilmişdir. Lakin sonradan qeyd olunan torpaq sahəsi ilə bağlı X11 uçot informasiya sistemində uyğunsuzluq olması müəyyən edildiyindən Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ-yə müraciət etməli olmuşlar. Lakin nəticəsi olmamış, cavabdeh müxtəlif vaxtlarda birbirindən fərqli olmaqla onlara aidiyyəti olmayan xüsusatlarla bağlı məktublar yazmaqla müraciətinin təminindən imtina edilmişdir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müəyyən tədbirlər görüləcəyi qeyd edilmişdisə, xx.xx.2023-cü il tarixi məktubunda payçıların ölçü işlərinə dair aktı imzalamaqdan imtina etməsi, torpaq sahəsi ilə bağlı mübahisəyə Şirvan Apellyasiya Məhkəməsində baxılması göstərilmişdir. Halbuki payçılar ailə üzvləri olmaqla torpaqla bağlı hansısa akt tərtib edilməmiş və onlar hansısa aktı imzalamaqdan imtina etməmişlər. Sözügedən pay torpağına dair Dövlət Aktı və ərazinin kompleks yerquruluşu xəritəsini onlar deyil, dövlətin adından çıxış edən müvafiq qrumu tərtib etmişdir. 1998-ci ildən ötən ilədək həmin torpaq sahəsi istifadələrində olmuş və kimsə onlara qarşı pretenziya irəli sürməmişdir. Bütün bunlardan sonra necə ola bilər ki, pay torpağının koordinatları istifadə etdikləri, Dövlət Aktına, torpaq islahatının kompleks yerqruluşu xəritəsinə uyğun yerə deyil, tamamilə başqa yerə düşsün. Bunun bir cavabı var. X11 uçot informasyia sistemi hazırlanarkən payıbəlli torpaq sahələri ilə bağlı koordinatlar düzgün işlənməmişdir. Bu isə həm hazırkı vəziyyətin Dövlət Aktına, həm islahatın kompleks yerqruluşu xəritəsinə uyğun olmamasını, həm də isalahat zamanı ailə üzvləri ilə birlikdə ona verilməklə uzun illərdir istifadəsində olan topağa mülkiyyət hüququnun pozulmasını göstərir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) 19 sentyabr 2025-ci il tarixli, 2-1(120)-536/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarına osasən iddia tələbim mülkiyyətimdə olan 0,63 ha torpaq sahəsinin sənədləri üzrə “X11 X19”ndə düzəliş edilərək, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********96 reyestr nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-0056 kod 80220018 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılınası öhdəliyini Azərbaycan Respublikası İqtisadiyyat nazrliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinin üzərinə qoyulmsı olmuşdur. Məhkəmə iddiamın mümkünsüz olmaması qənaətinə gələrkən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart 818 nömrəli fərmanına əsaslanmışdır. Məhkəmənin mümkünsüzlük barədə qəbul etdiyi qərardad əsassızdır və heç bir qanunvericiliyin tələbinə uyğun gəlmir. İstər ekspert rəyləri istərsə də, qanunvericiliyin tələbləri baxımından iddia mümkün iddiadır. Lakin məhkəmə 2 ildən çox icraatında olan işi mümkünsüz hesab etməklə qərəzli mövqedə dayanmışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, Lənkəran rayonunun Separadi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində mülkiyyətimdə olan 0,6253 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən edilmişdir. Tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahəsinin iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən yerdən kənarda, kəndin digər yerində və göstərilən ölçüdən az, yəni 0,404 ha ölçüdə öz əksini tapması müəyyən olunur ki, bu da iddiaçının hüquqi marağının təmin edilməsinə xidmət etməyəcəkdir. Bununla bağlı bildirirəm ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.Qanuna əsasən 16 may 1998-ci il tarixli 09 nömrəli qərar mənə aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.Belə ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN-0056, KOD 80220018 nömrəli Dövlət Aktına əsasən mənim istifadəmdədir, lakin faktiki istifadə vəziyyətlərinin döngə nöqtələri yalnış qeyd edilmişvə uyğunsuzluqlar yaranmışdır. Hüquqmüəyyənedici sənədlərə əsasən koordinatların uyğunlaşdırılınası zərurəti yaranmışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mübahisəli payıbəlli torpaq sahəsinin koordinatlarının nə qədər ki, həmin torpaq sahəsinin müəyyən hissəsi 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahələri kimi təsvir edilib, faktiki vəziyyətə uyğunlaşdırılaraq tərtib edilməsi mümkün olmayacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahəsini əsas götürərkən, mənim mülkiyyətimdə olan torpaq sahəsini ilk əvvəl nəzərə almalı idi. Çünki, 3-cü şəxslərin mülkiyyətinə sonradan qurama üsullarla verilmiş bu çıxarışın və digər sənədlərin hüquqi qüvvəsi ola bilməz və mənim mülkiyyətimdə olan torpaq sahəsi ilə mübahisələndirilə bilməz. 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərini məhkəmə araşdırsaydı, təkcə sənəd üzərində qonşularının kim olduğuna baxılsaydı, hər bir məqam məlum olacaqdı. Əslində məhkəmə 3-cü şəxslər barədə xüsusi qərardad qəbul etməli idi. Burada ilkin sənədlərlə faktiki istifadə arasında böyük uyğunsuzluq mövcuddur. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən Şirvan İnzibati Məhkəməsinə geri göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(120)-536/2025 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxs Ceyhun Cəfərov apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(120)-536/2025 saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq cavabdehin nümayənəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasında X11 X19nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə X11 X19nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. X11 X19nin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: ......3.1.29. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr X19ndən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “mülkiyyətində olan 0.63 ha torpaq sahəsinin sənədləri üzrə “X11 X19”ndə düzəliş edilərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-0056 kod 80220018 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiyası məhkəməsi iddianı qeyri mümkün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mübahisəli payıbəlli torpaq sahəsinin koordinatlarının nə qədər ki, həmin torpaq sahəsinin müəyyən hissəsi 3cü şəxslərin mülkiyyətində olan torpaq sahələri kimi təsvir edilib, faktiki vəziyyətə uyğunlaşdırılaraq tərtib edilməsi mümkün olmayacaqdır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, iş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, plan-ölçü sənədi üzrə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə X11ı uçotu məlumat bazasında digər şəxslərin faktiki istifadələrində olan torpaq sahələri kimi işlənilmiş, təsvir edilmiş və mülkiyyətçilərə çıxarışlar verilmişdir. Belə olan halda İddiaçı və digər mülkiyyətçilər birgə 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin plan-ölçü sənədlərini mülkiyyətlərində olan torpaq sahəsi üzrə üst-üstə düşən hissədə mübahisələndirmək hüquqları mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan JN: 0056, KOD 80220018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.63 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma-Bölgü müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.555629 ha olan torpaq sahəsinin tərəflər arasında bölünmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.0926 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.0926 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsi X2. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.42 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 15 aprel 2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 vərəsəsi X5 rayonu, Separadi kəndi ərazisində 0.10 ha torpaq sahəsindən miras əmlak kimi irs almışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.10 ha torpaq sahəsi X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6253 ha torpaq sahəsinin 1/6 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. A№ 421046 nömrəli, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6253 ha torpaq sahəsinə dair İddiaçı adına Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.6253 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alanın” mülkiyyətinə verirlər. Hədiyyə verənlər X22 və X17 0.6253 ha sahəsinin onlara məxsus olan hissəsini - bacısı olan hədiyyə alan X14 hədiyyə etmişlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6253 ha torpaq sahəsinin 3/6 hissəsi X10 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1i ərazisindən sizə və ailə üzvlərinizə ayrılmış 0,63 ha pay torpaq sahəsinin sənədləri ilə faktiki istifadə vəziyyəti arasında yaranmış uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız xx.xx.2023-cü il tarixli elektron müraciətə (daxilolma qeydiyyatı: 3-21/1-H-4xx-xx/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, ünvan 1i ərazisindən sizə və ailə üzvlərinizə JN- C056 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, ayrılmış 0,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, A№-421046 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, “Azərbaycan Respublikasında torpaq, münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X11 X19nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli, 250S nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X11 X19nin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq, mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Məlumat üçün bildiririk ki, aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra müraciətlərə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1i ərazisində yerləşən, sizə məxsus pay torpaq sahəsinin faktiki vəziyyətində yaranmış uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, ünvan 1i ərazisindən sizə və ailə üzvlərinizə ayrılmış 0,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, A№-421046 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Lakin X11 uçotu işləri aparılan zaman sözügedən torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq qeydə alınarkən digər mülkiyyətçinin faktiki istifadəsində, mülkiyyətinizdə olan torpaq sahəsi isə faktiki istifadənizdə olmayan digər yerdə göstərilmişdir. Mövcud vəziyyət və müraciətləriniz nəzərə alınaraq, mütəxəssislər tərəfindən qeyd edilən uyğunsuzluğun araşdırılması məqsədilə mülkiyyətinizə verilmiş torpaq sahəsi faktiki vəziyyətə uyğun ölçülmüş və müvafiq akt tərtib olunmuşdur. Digər torpaq mülkiyyətçiləri əraziyə dəvət olunsa da, onlar ölçmə işlərində iştirak etməkdən və ölçmə işlərinin nəticələrinə dair tərtib olunmuş akta imza etməkdən imtina etmişlər. Bildiririk ki, sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun hazırlanmış elektron məlumatları tərəfimizdən X11 X19ndə düzəliş edilməsi məqsədilə aidiyyəti üzrə təqdim olunmuşdur. Lakin sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı elektron kadastr baza məlumatlarında düzəlişin edilməsi digər mülkiyyətçilərin mənafeyinə toxunduğundan və tərtib olunmuş aktda həmin mülkiyyətçilərin və Lənkəran rayonu Separadi bələdiyyəsinin nümayəndəsinin iştirakının olmaması səbəbindən işin icrası mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, sözügedən torpaq sahəsi ilə bağlı mübahisəyə hal-hazırda Şirvan Apellyasiya Məhkəməsində baxılır. Qeyd olunan məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı daxil olacağı təqdirdə məsələyə qanunamüvafiq qaydada baxıla bilər. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/9480 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 3005/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazidə yerləşməsi, lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək ölçüsünün 0,60 ha olması məlum olmuşdur. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və iddiaçının faktiki istifadəsində olan 0,60 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı çoxillik əkmə torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0,60 ha hissəsinin iddiaçının faktiki istifadəsində olması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onların faktiki istifadəsində olan torpaq sahəsinin eyni ərazi olması, lakin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uygunsuzluğun (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 1inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən 0,6253 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahəsinin iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən yerdən kənarda, kəndin digər yerində 0,404 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 1inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. X11ı uçotu məlumat bazasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə düzgün olmayaraq digər şəxslərin faktiki istifadələrində olan torpaq sahəsi qeydə alınmışdır. Belə ki, X11ı uçotu məlumat bazasında iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən 0,60 ha torpaq sahəsinin 0,10 ha hissəsi **********71 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN- 0050 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X13, 0,42 ha hissəsi **********74 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0017 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X8, 0,079 ha hissəsi **********64 reyestr nömrəli X3 və 0,0020 ha hissəsi isə **********62 reyestr nömrəli X1 faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia və istifadə edilən torpaq sahəsi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 1inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində üst-üstə düşən hissələrin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. İşin hallarından görünür ki, İddiaçı və ailəsinə Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.63 ha torpaq ayrılmış, həmin qərar əsasında adına “Torpağa mülkiyyət hüququna dair” JN-0056 nömrəli Dövlət Aktı tərtib edilmiş və həmin dövlət aktı əsasında xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarış və xx.xx.2019-cu il tarixli, A№-421046 saylı plan-ölçü sənədi tərtib edilmişdir. Sözügedən 0,6253 ha torpaq sahəsinin kordinatları sonradan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq ünvan 1inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahəsinin iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən yerdən kənarda, kəndin digər yerində 0,404 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin eyni ərazidir. Başqa sözlə, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədlərinə uyğundur. Həmçinin, mütəxəssis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, X11ı uçotu məlumat bazasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə düzgün olmayaraq digər şəxslərin faktiki istifadələrində olan torpaq sahəsi qeydə alınmışdır. Başqa sözlə, müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərinə digər şəxslərin hüquqlarını qeydə alınması düzgün olmamışdır. İddiaçı qeyd edilən məsələlərlə yəni, X11 uçot informasiya sistemində yaradılmış uyğunsuzluğun ardan qaldırlması ilə bağlı cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh inzibati orqan onun ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı mülkiyyətində olan 0.63 ha torpaq sahəsinin sənədləri üzrə “X11 X19”ndə düzəliş edilərək JN-0056 kod 80220018 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi qərara alınmışdır: ... 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; ... 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; ... 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X11 X19nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. İş materiallarında olan ekspert rəyində 0,6253 torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0,60 ha hissəsinin iddiaçının faktiki istifadəsində olması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onların faktiki istifadəsində olan torpaq sahəsinin eyni ərazi olması müəyyən olunmuşdur. Həmçinin həmin rəyə əsasən X11ı uçotu məlumat bazasında iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən 0,60 ha torpaq sahəsinin 0,10 ha hissəsinin X13, 0,42 ha hissəsinin X8, 0,079 ha hissəsinin X8 və 0,0020 ha hissəsinin isə X7 faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uygunsuzluq mövcud olduğu aşkar edilmişdir. Eyni zamanda müəyyən edilmişdir, iddiaçı torpaq sahəsinin sərhədlərinin, yerinin, ölçüsünün dəyişdirlməsi ilə bağlı razılığı olmamış, bu barədə razılıq ərizəsi verməmişdir. Əksinə buna etiraz edir. Halbuki, yuxarıda qeyd edilən hüquq normaları tələb edir ki, torpaq sahəsinin ölçülərinin, sərhədinin dəyişdirilməsi yalnız mülkiyyətçinin razılığı əsasında həyata keçirilməlidir. Həmçinin, mütəxəssis və ekspert rəyinə əsasən nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadə etdiyi ərazi (torpaq sahəsi) qanuni əsasla yəni Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) onun mülkiyyətinə verilmiş ərazidir, hazırda da faktiki olaraq həmin ərazidən istifadə edir. Sadəcə olaraq X11ı uçotu məlumat bazasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə düzgün olmayaraq digər şəxslərin faktiki istifadələrində olan torpaq sahəsi qeydə alınmışdır. Başqa sözlə, müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərinə digər şəxslərin hüquqlarını qeydə alınması düzgün olmamışdır. Yuxarıda göstərilən normaları, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilən tələbləri hazırkı işin hallarına tətbiq etdikdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qeyrimümkün hesab etməkdə haqlı olmamışdır. Belə ki birinci instansiya məhkəməsinin “rəqəmsal kadastr xəritəsində torpaq sahəsinin faktiki istifadə yerindən kənarda və daha az ölçüdə əks olunması iddiaçının hüquqi marağının təmin edilməsinə xidmət etmir” qənaəti həm faktiki, həm də hüquqi baxımdan əsassızdır və işin mahiyyəti ilə ziddiyyət təşkil edir. Başqa ifadə ilə desək, məhkəmə iddiaçının hüquqi marağını düzgün qiymətləndirməmişdir. Belə ki, kadastr xəritəsində torpaq tam yanlış yerdə (kəndin başqa hissəsində) və sənəddəki ölçüdən az (0,404 ha) göstərilməsi və bu uyğunsuzluğun aradan qaldırılmaması iddiaçının hüquqi marağını tamamilə nəticəsiz buraxaraq texniki səhvin hüquqi nəticələr yaratmasına yol açır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, iddiaçının mülkiyyətində olan 0.63 ha torpaq sahəsinin sənədləri üzrə “X11 X19”ndə düzəliş edilməsini cavabdehin üzərinə qoyulmasını tələb etməkdə subyektiv hüququ vardır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığına düzgün qiymət vermədən iddianı qeyri mümkün hesab etmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, subyektiv hüququn olmaması əsası ilə iddianın qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız hesab edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(120)-536/2025 saylı qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-843/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-843/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver