Məhkəmə qərarları › İş №2-1(106)-85/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-85/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-85/2025 14.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, iddiaçı X9, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3, üçüncü şəxs X28 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə. Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərar verdi. İ. İşin halları: İddiaçı X22 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə dair X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın və reyestr qeydinin ləğv edilməsi və mübahisəli torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə mülkiyyət hüququ əsasında mərhum atası X5 mülkiyyət hüququnun bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə dair X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın və reyestr qeydinin etibarsız hesab edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə X28, X19, X29, X30 və X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə dair X15, X8, X16, X10 və X11 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 (iddiaçı X22 və üçüncü şəxs X15 atası) 14 iyun 1972-ci ildə fərdi yaşayış evi tikmək üçün ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində 7 nəfər ailə üzvlərinə torpaq sahəsi ayrılmışdır. Həmin vaxt 7 nəfərdən ibarət ailə üzvləri olmuşdur: ata- X12, xx.xx.2009-cu ildə vəfat etmişdir; ana Əhmədova (Nağıyeva) Dilbər Bağır qızı, xx.xx.2019-cu ildə vəfat etmişdir; İddiaçı - xx.xx.1961-ci il təvəllüdlü; qardaş - X33 - 1968- ci il təvəllüdlü; qardaş - X28 - 1967-ci il təvəllüdlü; bacı - X20 - xx.xx.1960-cı il təvəllüdlü; bacı - X24 - 1964-cü il təvəllüdlü. X25 ayrılmış torpaq sahəsində ailələri üçün zirzəmisi olan bir mərtəbəli 3 otaqlı, mətbəx və uzun aynəbəndi olan fərdi yaşayış ev tikmiş və ailələri ilə birlikdə həmin evə köçüb yaşamışlar. Torpaq sahəsi və onun üzərində tikilmiş ev 1977-ci ilin dekabr ayında Mərkəzi İnventerlaşdırma Bürosu tərəfındən atası Əhmədov Abbasın adına rəsmiləşdirilmişdir. Atası xx.xx.2009-cu ildə vəfat etmişdir və o zaman qardaşı X28 atasına məxsus daşınmaz əmlakları (torpaq və ev) öz adına keçirmək istəmişdir. 2013-cü ildə o, atasından qalmış miras əmlakla bağlı notariat kontoruna müraciət etmiş, notariat kontoru vərəsəlik üçün müəyyən edilmiş müddətin buraxıldığını bəhanə edərək vərəsəlik şəhadətnaməsini verilməsindən imtina etmişdir. Ona görə məhkəməyə müraciət edərək, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddətin bərpa etdirilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(020)-765/2013 saylı qətnaməsi ilə X6 məxsus mirasın İddiaçı tərəfındən qəbul edilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməklə müddət uzadılmış hesab edilmişdir. Ona görə də o, həmin qətnaməni Beyləqan şəhərində yerləşən Notariat Kontoruna təqdim etmiş və ona Vərəsəlik Şəhdətnaməsinin verilməsini xahiş etmişdir. Sonradan ailə vəziyyəti ilə əlaqədar bir müddət Beyləqan şəhərinə gəlib getsə də Notariat Kontorundan Vərəsəlik şəhadətnaməsini götürməmişdir. 19 sentyabr 2019-cu il tarixdə anası Əhmədova (Nağıyeva) Dilbər Bağır qızı vəfat etmiş və dəfındən sonra o, qardaşı Musa ilə danışaraq valideyinlərindən qalmış miras əmlakın ailə üzvləri arasında paylara uyğun bölüşdürülməsini bildirdikdə, Əhmədov Musa bildirmişdir ki, artıq 2017-ci ildə atadan qalmış torpaq sahəsi və onu üzərində inşa edilmiş ev onun xususi mülkiyyətidir və o, nə torpaq sahəsini, nə də ev sahəsini heç kimlə bölüşdürmək istəmir. O zaman ondan bunu necə etdiyi soruşduqda, o bildirmişdir ki, torpaq sahəsi və ev bilavasitə ona məxsusdur. Həmin ev və torpaq sahəsi Reyestr Xidmətində onun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Yaşadıqları ev və torpaq sahəsi heç vaxt ataları X6 məxsus olmamışdır. Ona görə o, iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabeh X15 adına verilmiş Çıxarışın ləğv edilməsini, miras əmlakdan ona düşən payın müəyyən edilməsini xahiş etmişdir. Lakin Beyləqan Rayon Məhkəməsinin 2(020)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin işdən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(106)- 3062/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Beyləqan Rayon Məhkəməsinin 2(020)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, “AR ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfındən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın (1-ci instansiya məhkəməsinin qətnaməsində AR ƏMDK vanında DƏDRX-də reyestr ******* saylı, reyestr nömrəsi **********89 olan ev və torpaq sahəsi X45 oglunun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan kecməsi göstərilir) qanunsuz olaraq X15 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə etibarsız hesab edilməsi üzrə yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir”. Hazırkı iddia tələbi inzibati orqan tərəfındən çıxarışın verilməsi zamanı inzibati orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilərək, çıxarışın etibarsız hesab edilməsindən ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi zamanı prosessual hüquq normalarınm tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarınm tələbləri pozulmuşdur”. Eyni zaman da məhkəmə araşdırmasında müəyyən olunmuşdur ki, qardaşı X28 öz ailəsinə torpaq sahəsi almaq üçün müraciət etmiş və ona atasına ayrılmıs torpaq sahəsinin yanında (həmin ərazidə) 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsində cavabdeh qardaşı Əhmədov Musa heç bir ev tikməmiş və uzun müddət hasarlayaraq saxlamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 1972-ci ildə X6 0.06 ha torpaq sahəsi ayrılmışdır. Lakin sonradan Reyestr Xidmətini verdiyi arayışdan görünür ki, X5 adına 1977-ci ildə daşınmaz əmlak - zirzəmisi olan bir mərtəbəli ev qeydiyyatdan keçmişdir. Həmin ərazidə, yalnız Əhmədov Abbasın adına olan ev, sonradan həmin evin X15 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilməsi üçün hansı əsaslar olması müəyyən edilməmişdir. Belə olan halda Reyestr Xidməti tərəfındən qanunun tələbləri pozulmaqla qanunsuz qeydiyyat aparmışdır. Belə ki, 2017-ci ildə X28 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək mərhum atası X4 adına olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş evi özününkü kimi təqdim etmiş və X21 ayrımış torpaq sahəsini isə X5 adına olan torpaq sahəsi kimi göstərmişdir. O zaman Reyestr Xidməti “dırnaq arası” güya heç bir araşdırma aparmadan Əhmədov Musa ilə əlaqəyə girmiş və atasına məxsus miras əmlak X15 adına daşınmaz əmlak kimi reyestr qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi üzərində 1976-cı ildə inşa edilmiş ev də X15 adına qeydiyyatdan keçirilmişdir. X44 məxsus ev 1976-cı ildə inşa ediləndə cavabdeh Əhmədov Musanın 9 yaşı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfındən bilə-bilə qanunsuzluğa yol verilmiş və torpaq sahələrinin və evin yerləşdiyi sahənin sürüşdürülməklə ilkin sənədləşdirmədə qanunsuzluq edilmişdir. Halbuki, Reyestr Xidməti reyestr qeydinə təqdim edilmiş daşınmaz əmlakın sənədləşdirilməsi üçün ilkin sənədləri araşdırmalı idi. Lakin nədənsə Reyestr Xidməti atasına məxsus daşınmaz əmlakların reyestr qeydiyyatını apararkan ilkin sənədlərin kimin adına olmasını fərqinə varmamışdır. Belə ki, 1972-ci ildə ayrılmış torpaq sahəsini və onun üzərində 1976-cı ildə tikilmiş evin 1967-ci ildə (9 yaşında) anadan olmuş X15 adına qeydiyyatdan keçirilməklə vərəsələrin miras əmlaka olan hüquqları kobud pozulmuşdur. Bununla əlaqədar o, vəkil sorğusu ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, mübahisəli əmlaka dair reyestr qeydində düzəliş edilməsini, həmçinin aşağıdakı sənədlərin təqdim edilməsini xahş etmişdir. 1). Beyləqan şəhəri, M.Ə.Rəsulzadə (X49) küçəsi, ev 4 (2) ünvanında Jdanov (indiki Beyləqan şəhəri) XDS-nin xx.xx.1972-ci il tarixli, 9 saylı iclas protokolu ilə X6 599.11 kv.metr torpaq sahəsinin ayrılması barədə plan ölçüsünü, evin və evin yerləşdiyi torpaq sahəsinin texniki pasportunu; 2) ünvan 6 ünvanında X21 X5 torpaq sahəsinə bitişik sahədə ayrılmış torpaq sahəsinin plan ölçüsünü, torpaq sahəsinin ayrılması barədə sərəncamın (qərarın) surətinin təqdim edilməsi, lakin Reyestr Xidməti **********88 saylı, xx.xx.2021-ci il tarixli cavabında “dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarını əsaslandırılmış yazılı sorğular əsasında verilir” cavabını vermişdir. Ona görə o, ərizə ilə Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, atasına məxsus torpaq sahəsi və onun üzərində tikilmiş evin əsassız olaraq qeydə alınmasının ləğv edilməsi və daşınmaz əmlaklar üzərində atasının mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. Lakin Reyestr Xidməti bu dəfə də sorğuda qeyd olunan hallara cavab verməmişdir. Daha sonra onun ərizə ilə müraciətinə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********54 nömrəli, xx.xx.2021-ci il tarixli cavabında əsassız mülahizələr əsasında imtina etmiş və onun hüquq və azadlığının və eləcədə maraqlarının müdafıəsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Qeyd edir ki, Reyestr Xidməti əgər həqiqətən X21 torpaq sahəsi ayrılmışdırsa, o zaman həmin torpaq sahəsi nə vaxtı və hansı hüquqmüəyyənedici sənədlə olması aydınlaşdırılmalı idi. Lakin, Reyestr Xidməti X28 tərəfindən hansı vaxtda mübahisəli torpaq sahəsində ev tikilməsini aydınlaşdırmamış və qanunun tələblərini pozaraq əsassız qeydiyyat aparmaqla mübahisəli ev və torpaq sahəsinə onun və digər şəxslərin vərəsəlik hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etirazda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən inzibati orqanın qəbul etdiyi inizbati qərarlardan narazı qalan şəxs həmin qərarı mübahisələndirərkən inzibati məhkəmələrə müraciət edə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən dövlət reyestrindən verilmiş çıxarış hüquqi akt olduğundan həmin işə inizbati məhkəmədə baxilması qanunvericiliyin tələblərinə zidd olduğu üçün İddiaçı əmlak üzərində hüquqların qeydiyyatını təsdiq edən dövlət reyestrindən verilmiş çıxarısın ləğv edilməsi barədə iddialarının 6 saylı Beyləqan Ərazi İdarəsinə aid hissəsinə etiraz edirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, X15, X8, X16, X10 və X11 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İİ. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, X15, X8, X16, X10 və X11 adına verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli Dövlət reyestrindən çıxarış qanunvericiliyin tələblərinə əsasən verilmişdir. Belə ki, sözügedən çıxarış Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə ayrılmış, X32 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A N 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən na əsasən X21 və onun ailə üzvlərinə verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Üçüncü şəxs X28 apellyasiya şikayətində qeyd etmişdir ki, Şirvan İnzibati məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, iş N-2-1(120)-120/2024 saylı qərarını ləğv edilməlidir. Şirvan İnzibati məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, iş N-2-1(120)-120/2024 saylı qərarının qəbul edildiyi zamanı üçüncü şəxs kimi iştirakı təmin olunmamış, mülkiyyət sahibləri olan X19, X29, X30 və X23 məhkəmə prosesinə cəlb olunmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beyləqan rayon 1 saylı Notariat kontorunun Notariusu Ş.M.Hüseynovanm iddiaçı X9 ünvanına göndərilmiş 10 oktyabr 2014-cti il tarixli 561 saylı məktubu nəzərə alınmamışdır. Həmin məktubda X1 əmlakı mövcud olmadığı üçün iddiaçı X17 qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Beyləqan rayon K.Marks küçəsində yerləşən 4 nömrəli xüsusi evin X12 tərəfindən bütünlüklə X21 vəsiyyət edilməsinə dair 26 mart 2001-ci il tarixli vəsiyyətnamənin olmasına heç bir əhəmiyyət verilməmişdir. Həmin vəsiyyətnamə hal-hazırda da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində saxlanılır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı X22, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıblar, şikayətlərin təmin olunmamasını, qərarın qüvvəsində saxlanılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Üçüncü şəxs X28, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdirlər. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Qeyd edilən Qərarın 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. İstinad olunmuş normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Həmin Qərarın 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Qərarın 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;https://e-qanun.az/framework/46944 -139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; -139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.7-ci maddəsinin tələbinə görə ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci madəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Mülki Məcəllənin 1157-ci maddəsinə görə, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Qeyd olunan Məcəllənin 1157-1.1.-1157-1.3-cü maddələrində qeyd olunmuşdur ki, miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. “Torpaq islahatı haqqında” Qanun Maddə 9.Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Aqrar islahatın əsasları haqqında” Qanun Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -xx.xx.1972-ci il tarixli qərardan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsinin 30 oktyabr 2014-cü il tarixli, **********0 nömrəli məktubundan müəyyən olunur ki, Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən iddiaçının atası mərhum X6 fərdi yaşayış evinin tikintisi üçün şəhərin o zaman K.Marks (indiki M.Ə.Rəsulzadə) küçəsindən 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, X12 tərəfindən 1976-cı ildə həmin torpaq sahəsində mişar daşından inşa edilmiş yarım zirzəmisi olan, bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi Mərkəzi İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci ilin dekabr ayında onun adına rəsmiləşdirilmişdir. -Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər ərazi nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 2326 nömrəli arayışından müəyyən olunur ki, AZ-İİ 113861 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2009-cu il tarixdə vəfat etmiş və vəfat etdiyi günə qədər Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yaşamışdır. -Notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X1 övladları X33, X20 və X24 atalarından miras qalmış əmlaklarla bağlı pay hüquqlarından imtina etmişlər. -X32 kitabında xx.xx.2010-cu il tarixdə, 238 nömrə ilə uçota alınmış A 293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və reyestr nömrəsi **********89-10301, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışa əsasən, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2010-cu il tarixli, 28 nömrəli sərəncamına əsasən 614,49 kv.m torpaq sahəsi ilə bağlı X15 adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən həmin 614,49 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X15 adına çıxarışla rasmiləşdirilmişdir. -X32 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A 293829 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və reyestr nömrəsi **********29, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışa əsasən, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2010-cu il tarixli, 28 nömrəli sərəncamına əsasən 599,11 kv.m torpaq sahəsi ilə bağlı X5 adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, ünvan 7 ünvanında yerləşən həmin 599,11 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X5 adına çıxarışla rəsmiləşdirilmişdir. -Beyləqan Rayon Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli, 2(020)-765/2013 nömrəli qətnəməsinin surətindən görünür ki, X6 məxsus mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməklə uzadılmışdır. -17 avqust 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 Oqtay Abbas oğlunun xx.xx.2009-cu il tarixdə vəfat etmiş atası X1 vərəsəsi olduğunu və onun miras əmlakı olan torpaq sahəsinin ½ hissəsini almalı olduğunu təsdiq etmişdir. -17 avqust 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 Oqtay Abbas oğlunun mərhumə X7 vərəsəsi olduğunu və miras əmlakdan 1/8 hissədə pay almalı olduğunu təsdiq etmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, X26 ayrılmış 0,06 ha torpaq sahəsinin qeydiyyat nömrəsi 237, mərhum X12 ilə mərhumə X7 birgə mülkiyyətinə ayrılmış 0,06 ha torpaq sahəsinin qeydiyyat nömrəsi 238, X28 və 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə ayrılmış 0,06 ha torpaq sahəsinin qeydiyyat nömrəsi 239-dur. Lakin X1 və X15 adlarına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, mərhum X6 ayrılmış, qeydiyyat nömrəsi 238 olan torpaq sahəsi həmin nömrə ilə X15 adına uçota alınmışdır. -Məhkəmə tikinti-texniki ekspertizanın xx.xx.2023-cü il tarixli, 10/3222 nömrəli rəyinə əsasən: -0.06 ha torpaq sahəsinin ərazisi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, X15 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdə yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, qonşuluqda İddiaçı mərhum atası X5 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsi mövcuddur. Ona görə də X1 yuxarıda qeyd olunan sənəd üzrə sərhəddi müəyyən edilmişdir. -Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, X15 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsinin sənəd üzrə sərhəddi müəyyən edilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən, X15 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 170.97 kv.m fərdi yaşayış evinin 157.43 kv.m hissəsi Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0.06 ha torpaq sahəsi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, X15 xüsusi mülkiyyətində olan 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdir) üzərində və 13.54 kv.m hissəsi isə X1 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsinin ərazisində inşa edilmişdir. -Beyləqan (o zaman Jdanov) şəhər ZDS İ-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, X21 ayrılmış 614,49 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür Qeyd: X1 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə uçota alınmış A № ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsinin 94.65 kv.m hissəsi X28 tərəfindən istifadə olunur. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən, X15 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 1977-1977-ci illərdə və yaxud 2010-2013-cü illərdə inşa edilməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2044 nömrəli ekspert rəyinə əsasən: - 0.06 ha torpaq sahəsinin ərazisi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, X15 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdə yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, qonşuluqda İddiaçı mərhum atası X5 ləğv edilmiş Dövlət Torpaq və X3 rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № 239829 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsi mövcuddur. Ona görə də X1 yuxarıda qeyd olunan sənəd üzrə sərhəddi müəyyən edilmişdir. -Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X15 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsinin sənəd üzrə sərhəddi müəyyən edilmişdir. -Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən X15 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 170.97 kv.m fərdi yaşayış evinin 157.43 kv.m hissəsi (Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli 09 saylı iclas protokol qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4 (o zaman Jdanov şəhəri, K.Marks küçəsi, ev 2 ünvanında ayrılmış 0.06 ha torpaq sahəsi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X15 xüsusi mülkiyyətində olan 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdir) üzərində və 13.54 kv.m hissəsi isə X1 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X32 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A Ne 293829 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsinin ərazisində inşa edilmişdir. -Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ünvan 12 ünvanında ayrılmış 0,06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X21 ayrılmış 614,49 kv.m torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür. Göründüyü kimi, Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ilə cavabdeh inzibati orqan tərəfindən Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2010-cu il tarixli, 28 nömrəli sərəncamına əsasən X15 adına xx.xx.2010-cu il tarixli, A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş 614,49 kv.m torpaq sahəsi 13,54 kv.m istisna olmaqla eyni ərazilərdir. X15 adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli, A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi məhz Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə tərtib edilmişdir. Bundan başqa cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 30 oktyabr 2014-cü il tarixli, **********0 nömrəli məktubu ilə təsdiq edir ki, mərhum X6 məxsus yaşayış evinin onun adına X32 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № 239829 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsində deyil. Yəni, X32 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi X1 adına tərtib edilməli olduğu halda, X15 adına tərtib edilmişdir. İşin hallarında aşkar görünür ki, iddiaçı qanun üzrə vərəsə kimi atasından qalmış mülkiyyətə miras payı ilə əlaqədar iddialıdır. İsnad olunmuş sənədlərə əsasən həqiqətən X39dan miras qalmış fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Lakin iş üzrə cavabdeh üçüncü şəxs Musa Əhmədovun qanunsuz müraciətdindən imtina etməli olduğu halda, miras əmlak üzərində əsl mülkiyyətçinin deyil, üçüncü şəxsin mülükiyyət hüququnu qeydə almışdır. Belə ki, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin əmlak mirasın bölüşdürülməsinə qədər vərəsələr tərfindən birgə idarə olunur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətlərin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara verdi: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-120/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar