Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-850/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs X7, üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1459/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “Ləman” X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsinin koordinatlarına düzəliş edilməsi və mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Ləman” X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Ləman” KFT-nin mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsi ilə Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 200 S sərəncamı ilə X9 ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə koordinatlarda dəyişiklik edərək 60 ha torpaq sahəsinə “Ləman” X5 mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X14, Şirvan Şəhər İcra Hakimiyyəti, Salyan Rayon İcra Hakimiyəti, Salyan rayon Qaraçala bələdiyyəsi üçüncü şəxs qismində mənhəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 09 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-1459/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair” Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsinin ona məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Əli Bayramlı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən iddiaçıya 60 ha torpaq sahəsi ayrılsa da, qeyd edilən torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilə bilməmişdir. İddia edilən torpaq sahəsinin isə Şirvan şəhərində deyil, Salyan rayon ərazi dairəsində yerləşdiyi və bu günə kimi Salyan Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilir. X13 Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1 (120)-35/2023 saylı qərardadı ilə iddiaçının Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 200-s saylı sərəncamının ləğv edilməsinə dair iddiası mümkün sayılmamış, həmin qərardad qanuni qüvvəyə minmişdir. Digər bir hal isə torpaq sahəsinin 2014-cü ildən əvvəlki dövrdə, yəni X9 ayrılmamışdan əvvəl Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli və xx.xx.2004-cü il tarixli sərəncamları ilə digər şəxs X8 icarəyə verilməsi halıdır ki, bununla da qeyd edilən torpaq sahəsinin əvvəlki dövrlərdə də “Ləman” X5 istifadəsində olmadığı müəyyən edilir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əlibayramlı (indiki Şirvan) Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 08 saylı sərəncamı ilə “Ləman” kəndli-fermer təsərrüfatının xüsusi mülkiyyətinə 60,0 ha torpaq sahəsi ayrılmış və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A№ 001432 saylı Dövlət aktı təqdim edilmişdir. Əraziyə su kanalı çəkilmiş, kənd təsərrüfatı məhsulları istehsal edilmiş, yeraltı su qurğusu çəkilmişdir. Lakin 2012-ci ildə Şirvan Şəhər İcra Hakimiyyətindən ona işlərin dayandırılması, qurğuların sökülməsi şifahi olaraq deyilmiş, səbəb olaraq ərazinin Hacıqabul rayonunun olduğunu və onu məlumatlandıracaqları bildirilmişdir. Lakin rəsmi olaraq heç bir məlumat ilə bildiriş almamış, bir çox rəsmi orqanlara müraciət etmiş, nəhayət 2021-ci ilin axırında qeyd edilən ərazinin Salyan rayonuna ayrıldığını öyrənmişdir. Ərazi bölgüsündə dəyişiklik edilirsə ərazidəki mülkiyyət sahibləri, içraçılar və s. hər iki tərəfdəki orqanları onları məlumatlandırılmalıdır. Ayrılmış torpaqdan istifadə edilməməsinin səbəbi Şirvan Şəhər İH-nin göstərişi olmadan iş görməyinə icazə verilməməsidir. Cavabdehin imtina aktının dəlilləri ondan ibarətdir ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı üzrə torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi olmadığından yerini müəyyən etmək mümkün olmamış, həmçinin torpaq sahəsi üzərində mübahisə vardır. Üçüncü şəxs X7 iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, eyni mübahisə üzrə Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1 (120)-35/2023 saylı qərardadı ilə iddiaçının Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 200-s saylı sərəncamının ləğ v edilməsinə dair iddiası mümkün sayılmamışdır. Səbəb kimi iddiaçının həmin inzibati aktdan uzun illər əvvəl, yəni 2014-cü ildən məlumatlı olması, lakin hüquqi müdafiə vasitələrindən istifadə etməməsi göstərilmişdir. İş üzrə iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmüş, həmçinin onun subyektiv hüquqa malik olmaması iş materiallarında olan sübutlarla təsdiq edilir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmənin onun hazırki tələblə bağlı subyektiv hüququnun olmaması barədə gəldiyi qənaət əsassızdır, iş natamam araşdırılmışdır. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Üçüncü şəxs və digər üçüncü şəxsin nümayəndəsi ayrı-ayrılıqda şikayətin dəlillərini qəbul etməmişlər və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasının xahiş etmişlər. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı hər iki məhkəmə iclasına gəlməmiş, səhhətində problemlər olduğunu bildirməklə prosesin təxirə salınmasını xahiş etmiş, lakin səhhəti ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -R №001432 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktının surəti ilə müəyyən olunur ki, Əli Bayramlı Şəhər İcra hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 8 saylı sərəncamına əsasən X4 (“Ləman” X5 rəhbəri) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 60,0 ha torpaq sahəsi verilmişdir. -Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli 200-s saylı sərəncamının surəti ilə müəyyən olunur ki, Şirvan şəhər sakini X9 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha torpaq sahəsi icarəyə verilmişdir. -“Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 200 saylı sərəncamı ilə X9 verilmiş 1150 ha torpaq sahəsinin texniki göstəriciləri sonuncunun adına işlənmişdir. -Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-71/2-870/2023 nömrəli məktubunda bildirilir ki, RİHB-nın 200-S saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə X9 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha sahəsi icarəyə ayrılmışdır. Qeyd edilən torpaq sahəsi X9 icarəyə ayrılmasından əvvəl Salyan RİHB-nın xx.xx.2004-cü il tarixli sərəncamı ilə 400 hektar, xx.xx.2004-cü il tarixli sərəncamı ilə 450 hektar Quba rayon Vladimirovka kənd sakini X8 icarəyə verilmişdir. Salyan rayon ərazisinə daxil olan həmin torpaq sahəsinin qalan 450 hektarı qış otlaq fondu olaraq Qusar rayonuna təhkim olunduğu üçün Qusar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il il tarixli sərəncamı ilə 450 hektar Quba rayon Vladimirovka kənd sakini X8 icarəyə verilmişdir. “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” Azərbaycan Respublıkasi Nazirlər Kabinetinin 02 mart 2006-cı il qərarına əsasən 2006-cı ildə həmin ərazi də Salyan Rayon İcra Hakimiyyətinin səlahiyyətinə verilmişdir. X1 Rayon İcra Hakimiyyətinə xx.xx.2014-cü ildə notarial qaydada müraciət edərək səhhəti ilə əlaqədar torpaqdan istifadə etmədiyinə görə torpaqların Dövlət Fonduna geri qaytarılmasını xahiş etmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının 11 09.2014-cü il tarixli, 195-s, 196-s və 197-s saylı sərəncamları ilə 1300 hektar torpaq sahəsi Dövlət Fonduna geri qaytarılmışdır. Hazırda mübahisələndirilən torpaq sahəsi Salyan rayon inzibati xəritəsinə əsasən Salyan rayon ərazisinə aiddir. -Şirvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-8/2-1602/2023 nömrəli məktubunda bildirilir ki, iş üzrə mübahisələndirilən torpaq sahəsi “Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı Sərəncamına əsasən hazırda Salyan rayonunun inzibati ərazisində yerləşir. Belə ki, Şirvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 02/36 nömrəli məktubuna əsasən “Ləman” X5 təsisçisi X6 tərəfindən Şirvan Bələdiyyəsinə və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinə müraciət edilmişdir. Şirvan şəhər şöbəsinin mütəxəssisləri tərəfindən “Ləman” X10na ayrılmış 60 ha torpaq sahəsinin hazırda Salyan rayonunun inzibati ərazisində yerləşdiyi müəyyən edilmişdir. -Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(120)-35/2023 saylı qərardadının məzmunundan görünür ki, X3 (Ləman” KFT-nın mənafeyi üzrə) Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 200-s saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamış, qərardad qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2902 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: -Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 8 saylı sərəncamına əsasən tərtib olunmuş R№ 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktında göstərilən 60 ha torpaq sahəsinin koordinatları və ya yerləşmə mövqeyi olmadığı üçün naturada yerin müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı X3 R№ 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsinin GPS aləti vastəsilə naturada yeri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. -Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli 200-s saylı sərəncamına əsasən X9 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin yeri eİektron kadastr baza məlumatları əsasında dəqiqləşdirildi. -İddiaçının R № 001432 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair” Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsi Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən X9 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və iddia olunan hissədə üst-üstə düşür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçının subyektiv hüququnun pozulması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə koordinatlar (sərhədləri) iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üzərinə işlənmiş olsun. Yuxarıda qeyd edilən ekspert rəyindən də görünür ki, iddiaçının ona verilməsini iddia etdiyi torpaq sahəsinin koordinatlarını müəyyən edən sənəd (ilkin torpaqayırma sənədi, cizgi-plan) mövcud olmadığından üçüncü şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1459/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-850/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-850/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver