Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-86/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-3872/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 30 avqust 2024-cü il tarixli, 2- 1(120)-3872/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən qərarla subyektiv hüquqlarının pozulduğunu əsaslandıran sübut təqdim etməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum əri X1 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və əri vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə ona verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı, 08 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsinin 25 ha "xxxx" MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə ona 2500 manat kompensasiya hesablanmış, lakin o hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. Həmin 25 ha torpaq sahəsi 2017-ci ildə "MAQRO” MMC- nin icarəsinə verilsə də həmin torpaqdan o, 2022-ci ilə qədər istifadə etmiş və icarə haqqları da ödəmişdir. İcarə müddəti bitdikdən sonra müqavilənin qüvvədən düşməsi, xitam edilməsi barədə müqavilə tərəfləri arasında danışıq aparılmayıbsa, qanunvericiliyə əsasən müqavilə müddəti əvvəlki müddət qədər yenidən qüvvəyə minir. Yəni 2019-cu il tarixdə hər hansı müqavilə ilə bağlı ona hər hansı pretenziya bildirilmədiyindən 15 illlik müqavilə yenidən yeni 15 illik müddət üçün bağlanmış sayılır. Deməli onunla imzalanan müqavilə 2034-cü ilə qədər qüvvədədir. Yuxarıda sadalanan hallardan məlum olur ki, əgər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilməsəydi, torpaq sahəsi onun icarəsindən geri alınmazdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı belə bir sərəncamının mövcud olması ilə bağlı məlumatı digər məhkəmə gedişində (onun Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı “Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamının ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə aparılan araşdırma zamanı) xəbər tutmuşdur. Bu səbəbdən hesab edir ki, iddia müddətinin buraxılması üzrlü hesab edilməlidir. Sərəncam qəbul edildiyi zaman torpaq mülkiyyətçiləri və icarədarları bu barədə məlumatlandırılmamışdılar. Şəxsən ondan xəbərsiz olaraq qəbul edilmiş sərəncam, ona aid hissədə ləğv edilməlidir. Həmçinin hesab edir ki, Nazirlər Kabinetinin belə bir sərəncam verilməsinə səlahiyyəti və qanunla hüququ yox idi. Belə ki, həmin torpaq sahəsi boş sahə olmamışdır. Torpaq sahəsindən istifadə edilirdi. Ən azından icarə müddətinin sonuna qədər onun torpaq sahəsi ilə bağlı hissədə Nazirlər Kabinetinin sərəncamı qüvvəyə minməməli idi. Cavabdehin qanunsuz hərəkəti nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan və müdafiə olunan icarə hüququ kobud şəkildə pozulmuş və faktiki olaraq sahəyə mövcud hüququndan məhrum olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında şikayəti müdafiə etmişlər. Həmçinin iddiaçı teleqram vasitəsilə müraciət edərək, hüzrü düşdüyünə görə hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəbdən gələ bilməməsini təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası bu halı iddiaçının icraatı yubatmaq niyyəti ilə əlaqələndirmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının qənaətinə görə mübahisələndirilən sərəncamla icarəsində olmuş torpaq sahəsinin təyinatı dəyişdirildiyinə görə sahə ilə bağlı onun icarə hüquqlarına xitam verilmiş və həmin sahə digər subyektin icarəsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən sərəncamı ilə iddiaçının icarəsində olmuş torpaq sahəsinin təyinatı dəyişdirilmiş olsa da belə, işdə olan digər məhkəmənin qərarının məzmundan məlum olur ki, həmin sahə icarə predmeti olaraq qalmış və digər şəxsin istifadəsinə verilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının icarə hüquqlarına sözügedən sərəncamla xitam verilməmiş və bunun üçün zəmin yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-3872/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-86/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-86/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver