Məhkəmə qərarları › İş №2-1(106)-860/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-860/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-860/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(120)-499/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv olunması və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən elektron altisemdə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 29 avqust 2025-ci il tarixli, 2- 1(120)-499/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması öz təsdiqini tapmır. Bunun əksi olaraq iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 405 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Odlu silahla dəlib keçən güllə yaralanması nəticəsində hər iki baldırın və hər iki qamış sinirlərinin zədələnməsi, sol qamış sümüyünün və sağ incik sümüklərinin sınıqları ilə (xx.xx.1994) və hər iki pəncə funksiyasının mülayim dərəcədə pozulması ilə. Qeyri-düzgün bitişmiş sol qamış sümüyü, aşağı ətraf funksiyasının mülayim dərəcə pozulması ilə. Düzgün bitişmiş sağ incik sümüyü. Sağ incik sümüyünün sümük toxumalarında yad cisim (metal qəlpə) 0,5x0,5 sm" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. Odur ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Birinci Qarabağ müharubəsinin iştirakçısıdır. Müharibə zamanı minanın partlaması nəticəsində hər iki ayağından sınıq xəsarəti, damarların zədələnməsi xəsarəti almışdır. Hal-hazırda bir ayağında qəlpə vardır. Uzun müüddət bu xəsarətlərə görə ikinci dərəcəli əlilliyə görə pensiya almışdır. Sonuncu müayinənin nəticəsinə görə isə ona ömürlük ikinci dərəcəli əlillik təyin edilmişdir. 01 yanvar 2023-cü ildən ona təyin edilmiş əlillik ləğv edilmişdir. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicə olduğuna baxmayaraq sağlamlıq durumunda yaxşılaşmalar müşahidə olunmur. Bir neçə dəfə əlillik dərəcəsi təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də hər dəfə müxtəlif bəhanələrlə ona müvafiq əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu dəfə də cavabdeh təşkilat ona ünvanladığı məktubda qeyd etmişdir: “Diaqnoz əlillik əlaməti təyin etmir”. Bununla da ona müvafiq əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cu il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni. Sağ baldırın yuxarı 1/3-nin odlu silah qəlpə yarası, sol qamış sümüyü orta 1/3-nin və sağ incik sümüyü qəlpəli sınığından sonrakı vəziyyət Dərinin hipertrofik dəyişiklikləri, Sol baldırın orta 1/3 tiş ve ic, sol aşıqbaldır oynağı ətrafın aşağı 1/3-in arxa və dabanın arxa səthlərinin kobud çapıq toxumaları. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Varikoz xəstəlik. Hər iki aşağı ətrafda BDV və KDVtalda UDV va KDV-birincili varikozu.” Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Saatlı rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. (ESDAS **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, R. Kərimova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 405 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Odlu silahla dəlib keçən yaralanması nəticəsində hər iki baldırın və hər iki qamış sinirlərinin zədələnməsi, sol qamış sünüyünün və sağ incik sümüklərinin sınıqları ile (xx.xx.1994) və hər iki pəncə funksiyasının mülayim dərəcədə pozulması ilə. Qeyri-düzgün bitişmiş sol qamış sümüyü, aşağı ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə. Düzgün bitişmiş sağ incik sümüyü. Sağ incik sümüyünün toxumalarında yad cism (metal qəlpə) 0.5x0.5sm” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci tarixində DTSERA müayinədə olmuş. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki baldır yuxarı 1/3-da çapıq izlənilmiş, hər iki ayaqarxasında pulsasiya izlənilmiş, Diz və Axil refleksi normal, əzələ tonusu və gücü normal, ətraflarda iflic, parez aşkar edilməmişdir. AR ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə aşağı ətraf arteriyalarının dopplerografiya muayinəsi aparılmış, nəticə "Sağ anterior və postenor tibial arteriyalarda mənfəzi daraldan 70-75%-ə qədər damarlar izlənilir. (ateroskleroza bağlı grade 2 angiopatiya)" kimi müəyyən edilmişdir" kimi qeyd olunmuş. Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinın müayinəsi zamanı aşağı ətraflarda ağrı, keyimə hissi, qaşınmalardan şikayətlənmişdir. Müayinə zamanı hər iki baldırın iç səthinin yuxarı 1/3 hissəsində çapıq toxuma izlənmiş, topuq nahiyələrində zəif hiperpiqmentasiya müşahidə edilmiş, hər iki topuq və sol ayaqarxası nahiyələrdə nəbz dolğun qeydə alınmış, nisbi qısalıq aşkarlanmamışdır, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus dəyişiksiz diz refleksi abs, axił refleksi zəif alınmış, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, aşağı ətraflarda yalnız kapilyar genişlənmələr və yüngül ödəm aşkarlanmışdır. Akademik M.A.Topçubaşov adına X3 xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz "Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda BDV VDV-in 1-li varikozu Aşağı ətrafların İİİ dərəcə xronik venoz çatışmazlığı (V-Vİ sinif XVX CEAP). Ödəmli indurativ hipermentasiya tez-tez təkrarlanan trofik xora. Har iki aşağı ətrafda odlu silah yaralanmasından sonrakı vəziyyət" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra sol baldırın orta 1/3-nin tış ve iç, sol açıq baldır oynağı ətrafı, sağ baldırın yuxarı tiş ve iç səthlərində, aşağı 1/3-nin arxa va dabanın arxa səthlərinin kobud dartıcı çapıq toxumaları, sol qamış sümüyünün orta 1/3-nin bitişmiş sınığı, osteofitləri və yumşaq toxmalarda metal qəlpələri, sağ incik sümüyünün yuxarı 1/3-nin bitişmiş sınığı, hər iki aşıg-baldır oynağının artrozu, açıcı kontrakturası (solda bükmə 100, sağda 105 bükmə) daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması" kim qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixi 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyi əldə etmədən yekun qərar qəbul etmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər Məhkəmə iclasında cavabdehin nümayəndəsi şikayəti müdafiə etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlillik altsistemindən çıxarışlardan və digər sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2006-cı ildə xüsusi səbəbdən İİ dərəcə müddətsiz əlillik təyin edilmiş, xx.xx.2022-ci ildə risk qrupunda olması əsası ilə yenidən müayin edilmiş və həmin tarixdə “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan şikayət verməmiş və yenidən tibbi göndəriş əsasında müayinə edilərək, əlillik təyinatından xx.xx.2023-cü il tarixli qərarla imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, icraat dövründə bir neçə dəfə iddianı dəqiqləşdirmiş və nəhayət hər iki qərarın (xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli) ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmal”nın: 48-ci bəndəində göstərilir ki, məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. -53. Nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 3 ulduzla işarələnmiş 2-1(102)- 1043/2025 nömrəli qərarında sərgilənmiş mövqe ondan ibarətdir ki; -Müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsində diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. -Əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. -İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki mübahisə üzrə araşdırılmış sübutlardan görünür ki, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etmiş, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə iddiaçının orqanizmində olan patofunksional pozuntuların artıq əlillik təyinatına əsas verməməsi qənaətinə gəlmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan tövsiyyələrini nəzərə almamış, iddiaçının xx.xx.2022-ci il tarixli qərardan şikayət verməməsi və yeni tibbi göndəriş verilməsinə nail olması baxımından həmin qərarın deyil, məhz sonuncu qərarın (xx.xx.2023-cü il) mübahisə predmeti olması məsələsinə düzgün hüquqi qiymət verməmiş, həmçinin inzibati orqan tərəfindən müəyyən edilmiş yeni hüquqi və ya faktiki halların həqiqətən mövcud olub-olmaması vəziyyətini müvafiq ekspertiza keçirmək yolu ilə araşdırmamış, yalnız ilkin tibbi müayinə sənədlərinə istinad etməklə iddiaçının əlillik vəziyyətində olması qənaətinə gəlmişdir. Həmçinin işə baxılarkən iddiaçının hüquqi marağını təmin edəcək prosessual hərəkətlərin aparılması istiqamətində iddiaçıya düzgün hüquqi yardım edilməmiş, iddia bir neçə dəfə dəqiqləşdirilsə də, məhkəmə iddiaçı üçün daha əlverişli tələbin formalaşdırılmasına səy göstərilməmiş, bütün hallarda dəqiqləşdirilmiş iddialar icraata qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi mübahisənin mahiyyəti üzrə düzgün həlli istiqamətində zəruri hüquqi dəyərləndirmə aparmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(120)-499/2025 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar