Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-861/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2-1(120)-439/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş müddətsiz əlilliyin bərpa olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsin müvafiq qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsində araşdırma zamanı iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirmiş, nəhayət sonuncu tələbi Tibbi-Sosial Ekspert Komissiyasının 01 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2018-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması ilə bağlı olmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 05 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-439/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, idddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qərardan çıxarışın surətindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə müddətsiz ümumi xəstəlik səbəbindən elektron qaydada ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bu qərarların mötəbərliyini məkəmə qiymətləndirərkən belə hesab edir ki, iddiaçı tərəfindən qətdim edilmiş çıxarışda çap tarixi xx.xx.2018-ci il qeyd edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın çap tarixi isə xx.xx.2023-cü il qeyd edilmişdir. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 2018-ci il tarixli qərarda orqanizmin funksiyalarının pozulması faizi qeyd edilmişdir. Bu hal la bağlı xüsusilə vurğulanmalıdır ki, 2018 ci il tarixdə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman həmin vaxt orqanizmin funksiyalarının pozulması faiz dərəcəsi ilə müəyyən edilməsi qanunvericilikdə nəzərədə tutulmamışdır. Həmin vaxt sağlamlıq imkanları İ, İİ, İİİ dərəcə ilə müəyyən edilirdi. Faiz dərəcəsi ilə müəyyən edilmə xx.xx.2022-ci il tarixdən sonra həyata keçirilməyə başlamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdən sonra iddiaçının şikayətləri və ondan əllillik dərəcəsinin qüvvədən düşməsini tələb etdiyi üçün, xx.xx.2025-ci il çap tarixli sənədi iddiaçıya və məhkəməyə təqdim etmişdir. Bundan başqa, müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2018 tarixindən müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuşdur. 2023-cü ilin aprel ayında heç bir xəbərdarlıq edilmədən və heç bir səbəb olmadan təqaüdü dayandırılmışdır. Aidiyyatı qurumların bəziləri təqaüdünün dayandırılmasını Nazirlər Kabinetinin müvafiq qərarının dəyişdirilməsi ilə əlaqədər olduğunu və bəziləri isə onun təqaüd vaxtının xx.xx.2023-cü ilə kimi müəyyən edildiyini bildirmişlər. Təqaüdünün əsassız dayandırılması ilə əlaqədar aidiyyatı qurumlara müraciət etmişdir. Həmin müraciətində ona xx.xx.2018-ci il tarixdə müddətsiz əlillik təyin edildiyi ilə bağlı çap tarixi xx.xx.2018-ci ildə olmuş müvafiq qurumun ona təyin etdiyi rəsmi məlumat vərəqəsini aidiyyatı quruma göndərməklə təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunmasını tələb etmişdir. Müraciət etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023 tarixli cavab məktubunda müddətsiz əlilliyinin bərpa olunması barədə ərizəsinə müsbət cavab verməmiş və qanunsuz olaraq onu əlilliyinin qiymətləndirilməsi üçün yenidən Tibbi-Sosial ekspert komissiyalarına müraciət etməyini tövsiyyə etmişdir. Həmin məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair Əsasnamə"yə uyğun olaraq ona xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəliklər səbəbindən 5 (beş) il müddətinə 2-ci dərəcəli əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir." Lakin, aidiyyatı qurum tərəfindən ona xx.xx.2018-ci il tarixində təyin edilən müddətsiz 2-ci dərəcəli əlilliyin hansı səbəbdən dəyişdirilməsi ilə bağlı ərizəsində qeyd etdiyi məsələyə toxunmamışdır. Əldə etdiyi məlumatlara görə, ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin dəyişdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarı qüvvədən düşməsi ilə əlaqədar olmuş və onun təqaüdünü əsassız dayandırmışlar. Normativ hüquqi aktların geriyə qüvvəsi olmadığı üçün müddətsiz əlilliyini təsdiq edən sənədin dəyişdirilməsini qanunsuz və əsassız hesab edir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz J47 Bronxoektaziya xəstəliyi, Proqressiv inkişaf edən orta ağır formalı bronxoektaziya xəstəliyi, iki tərəfli bronxoektazlarla kəskinləşmə mərhələsində. Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri => Təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı; İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı Yekun əlillik 65% səbəbi: xəstəlik OFP müddəti 2 il. İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0286003AAN19 nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə "ilkin" əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli L00102640QİN nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, ixtisaslaşmış tibb müəssisəsində müayinə müalicə müddəti yetərli olmadığından "Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş yenidən məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-da aparılmış spirometriya müayinəsinin nəticəsi "Restriksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd edilmiş, sağ aşağı pay üzərində kəskin zəifləmiş tənəffüs izlənilmiş (keçirilmiş cərrahi əməliyyata əsasən), patoloji xırıltılar eşidilməmiş, hal hazırda xroniki tənəffüs çatışmazlığı qeyd edilməmişdir" kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri, xəstəliyin tez-tez kəskinləşməsi və aparılmış cərrahi əməliyyat nəzərə alınaraq, vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş 1.1.1.2 bəndinə müvafiq olaraq "Əlilliyin müəyyən olunması meyarları"nın Ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65% (altmış beş faiz) pozulması barədə qərar qəbul edilmiş, əmək zəmanəti "Allergenlərlə kontakt olmayan şəraitdə işləyə bilər" şəklində göstərilsin. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlillik altsistemində iddiaçıya müddətsiz əlillik təyinatı ilə bağlı məlumat olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi əlilliyin bərpa edilməsi məsələsinə baxmışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini müdafiə etmiş və bildirmişdir ki, iddiaçının əlillik təyinatı müddətli olmuş, növbəti qiymətləndirmə zamanı təyinatdan imtina edildiyinə və yeni tibbi göndəriş verildiyinə görə əlilliyin bərpası məsələsinə baxıla bilməz, həmçinin mövcud məhkəmə təcrübəsinə əsasən sonuncu tibbi göndəriş əsasında qiymətləndirmə qərarı mübahisə predmeti ola bilər. İddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir: -iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-C-13182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunun məzmununda qeyd edilmişdir ki, əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları"na dair Əsasnamə"yə uyğun olaraq, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəliklər səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə yeni göndəriş daxil olmamışdır. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 11 yanvar 2024-cü il tarixli Qərarının məzmunda qeyd edilmişdir ki, Komissiya xx.xx.2024-cü il tarixdə aşağıda adlar göstərilən 3 nəfər vətəndaşın məhkəmə qərarlarına müvafiq olaraq tibbi-sosial ekspertizanın. keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Masallı rayon sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0286003AAN19 nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə "ilkin" əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli L00102640QİN nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Komissiya tərəfindən qiymətləndirilərək, ixtisaslaşmış tibb müəssisəsində müayinə müalicə müddəti yetərli olmadığından "Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş yenidən məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERAda aparılmış spirometriya müayinəsinin nəticəsi "Restriksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd edilmiş, sağ aşağı pay üzərində kəskin zəifləmiş tənəffüs izlənilmiş (keçirilmiş cərrahi əməliyyata əsasən), patoloji xırıltılar eşidilməmiş, hal hazırda xroniki tənəffüs çatışmazlığı qeyd edilməmişdir" kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və intrumental muayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri, xəstəliyin tez-tez kəskinləşməsi və aparılmış cərrahi əməliyyat nəzərə alınaraq, vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Komissiya tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 1.1.1.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65% (altmış beş faiz) pozulması barədə qərar qəbul edilsin, əmək zəmanəti "Allergenlərlə kontakt olmayan şəraitdə işləyə bilər" şəklində göstərilsin. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X7 09 dekabr 2024-cü il tarixli, 3-28-9/2-1158/2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı xx.xx.2017-ci il tarixində İnstitutun İ Pulmonologiya şöbəsinə “Bronxektaziya xəstəliyi. Ağır gedişli kəskinləşmə mərhələsi, qanhayxırma ilə fəsadlaşma” diaqqnozu ilə stasionar müalicəyə daxil olmuşdur. Aparılan konservativ müalicə effektsiz olduğundan ağciyər qanaxmasının intensivləşdiyinə görə xx.xx.2017-ci il tarixində Döş qəfəsi cərrahiyyəsi şöbəsinə köçürülmüşdür. Müvafiq əməliyyat önü hazırlıqdan sonra xx.xx.2017-ci il tarixində həyatı göstəriş üzrə cərrahi müüdaxiləyə götürülmüşdür. İntubasion narkoz altında “Sağ tərəfli torakotomoya, aşağı lobektomiya” cərrahi əməliyyatı aparılmışdır. Əməliyyatdan sonraki dövr fəsadsız keçmişdir. əməliyyatdan sonra xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində cərrahiyyə şöbəsində müalicəsi davam etdirilmiş və xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı yaşayış yeri üzrə poliklinikada pulmonoloqun nəzarəti məsləhət görülmüşdür. İddiaçı hazırki vəziyyətinin qiymətləndirrilməsi üçün mütəxəssis rəyi yalnız yeni müayinələrdən sonra verilə bilər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X7 25 iyul 2025-ci il tarixli, 3-28-9/2-684/2025-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı 2002-ci il tarixindən ETAXİ-də qeydiyyatdadır. Dəfələrlə stasionar və ambulator müalicələr almışdır. xx.xx.2025-ci il tariində xəstə Camalova X5 təkrar müayinnə edilmişdir. Aparılan müayinələrin nəticələrinə əsasən xəstədə: “Bronxoektaziya xəstəliyi, ağır gedişli, iki tərəfli bronxoektazlar. Qanhayxırma ilə fəsadlaşma. Sağ tərəfli bronxoektaziyaya görə aparılmış lobektomiya əməliyyatından sonrakı vəziyyət. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır gedişli ventilasiya pozğunluğu. Keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri. Pulmonar hipertenziya. Xroniki ağciyər-ürək çatmamazlığı diaqnozu qoyulmuş və ambulator kitabçadan çıxarış verilmişdir. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, iddiaçıya müavinət təyinatı üzrə sənədlər toplusunda olan DSMF Masallı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının məzmunundan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən “ömürlük” müavinət təyin edilmişdir. Əlillik altsistemindən çıxarışlardan və digər sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2018-ci ildə müddətsiz (cavabdeh tərəfindən təqdim edilmiş çıxarışda 5 il göstərilmişdir) İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2023-cü il tarixli yeni tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixli qərarla “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə təyinatdan imtina edilmiş, həmin tibbi göndəriş əsasında xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% pozulması əsası ilə 2 il müddətinə təyinat aparılmış, yeni tibbi göndəriş əsasında xx.xx.2025-ci il tarixli qərarla orqanizmin funksiyalarının 60% pozulması əsası ilə 1 il müddətinə təyinat aparılmışdır. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlara və işin faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalara riayət edilməklə, əsaslı qərar qəbul edilmişdir. Belə ki, işin araşdırılmış faktiki hallarından görünür ki, iddiaçı ona təyin edilmiş müavinətin dayandırılması əsaslarını araşdırarkən təyinatın müddətsiz deyil, 5 il müddətinə aparılması barədə məlumat almış və xx.xx.2023-cü il tarixdə əlliliyin bərpası barədə məhkəmədə iddia qaldırmışdır. Bununla yanaşı, əlillik təyinatı üçün xx.xx.2023-cü il tarixli tibbi göndəriş rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalı”nın 53cü bəndində qeyd edilmişdir ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qeyd olunan tövsiyə və göstərişinin tətbiqi məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təyin edilmiş əlilliyin müddətsiz olması qənaətindən çıxış edərək, hələ tibbi göndərişlər verilməzdən əvvəlki tarixdə əlilliyin bərpası istiqamətində hüquqlarının müdafiəsi ilə bağlı prosessual hərəkətlərə başlamış, bu barədə iddia qaldırmışdır. İddiaçının iddia qaldırıldıqdan sonrakı dönəmdə tibbi göndərişlərin verilməsi istiqamətində atdığı addımların isə onun maddi durumunun pisləşməsinin qarşısının alınması və müavinətin davamlı ödənilməsinə nail olması istəyindən yaranması istisna deyil. Bu əsnada həmçinin qeyd edilməlidir ki, işin məhkəmə müstəvisində araşdırıldığı dövrdə cavabdehin tibbi göndəriş əsasında əlillik təyinatı aparması halı da sonradan məhkəmə tərəfindən əlilliyin bərpası istiqamətində nəticəyə gəlməsinə əngəl törətmək üçün atılmış addım kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyasının bu qənaəti ondan qaynaqlanır ki, cavabdeh inzibati orqan əlillik təyinatı müddətsiz aparıldığı halda iddiaçıya yanlış istiqamət verməklə, onu yeni tibbi göndəriş verilməsinə təhrik etmiş, bununla yanaşı, heç bir hüquqi əsas olmadan əlillik altsistemində düzəliş edərək, bu sənədlərin müavinət təyin edən quruma inteqrasiyasına nail olmuşdur. Məhkəmə kollegiyası tərəfindən dəfələrlə sorğu verilməsinə baxmayaraq, müavinət təyin edən qurumdan müavinətin 2018-ci il tarixdə təyin edilməsinə əsas verən həmin dövrə xas olan VTEK və ya TSEK-in aktını əldə etmək mümkün olmamışdır. Bu əsnada da yaranmış sual əlillik altsisteminin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən həmin tarixdən sonra yaradıldığı halda 2018-ci ildə təyin edilmiş müavinətin 2023-cü il tarixli altsistemdən çıxarış əsasında təyin edilməsidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya müavinət 2018-ci ildə təyin edilməsinə və təyinat qərarında müavinətin ömürlük aparılması qeyd edilməsinə baxmayaraq, sonradan həmin təyinatla bağlı sənədlər toplusuna əlillik altsistemindən təyinatın müddətli aparılması barədə çıxarışlar əlavə edilmişdir. Bu qənaətin yaranmasına əsas kimi göstəmək olar ki, iddiaçı tərəfindən təqdim edilmiş əlillik təyinatına dair çıxarışın çap tarixi xx.xx.2018-ci il, cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın çap tarixi isə xx.xx.2023-cü il qeyd edilmişdir. Həmçinin 2018 ci il tarixdə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman həmin vaxt orqanizmin funksiyalarının pozulması faiz dərəcəsi ilə müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin vaxt sağlamlıq imkanları İ, İİ, İİİ dərəcə ilə müəyyən edilirdi. Faiz dərəcəsi ilə müəyyən edilmə xx.xx.2022-ci il tarixdən sonra yeni təsdiq edilmiş meyarlara uyğun həyata keçirilməyə başlamışdır. İşin məhkəmə müstəvisində araşdırılması zamanı cavabdeh inzibati orqan tərəfindən əlillik təyinatı aparılmasına və iddiaçının hazırda əlillik vəziyyətində olmasına baxmayaraq, iddiaçı ilkin əlillik təyinatının bərpa edilməsində israrlıdır. Təqdim edilmiş ixtisaslaşmış tibb müəssisəsinin rəyi ilə müəyyən edilir ki, iddiaçı ilkin əlillik təyinatı aparılan zaman mövcud olan xəstəlikdən hazırda da əziyyət çəkir və cavabdeh özü də məhz bu xəstəlik səbəbi ilə ona yenidən əlillik təyin etməklə, həmin pozuntunun mövcud olmasını dolayısı ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan və gəldiyi qənaətin hüquqi əsasını təşkil edən normaların şərh olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: -2.1-ci bəndindən görünür ki, “Əlillik” (TSERAS) altsistemi MEİS-in strukturuna daxil edilmişdir. 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi təmin edilir. -6.2. MEİS-in operatorunun vəzifələri aşağıdakılardır: 6.2.13. MEİS-dən istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək; 6.2.14. MEİS-in mühafizəsi ilə bağlı normativ hüquqi aktlarda müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək; -7.0. MEİS-in istifadəçilərinin aşağıdakı hüquqları vardır: 7.0.1. MEİS vasitəsilə müvafiq sahədə xidmətlərdən istifadə etmək; 7.0.2. müvafiq sahədə xidmətlər göstərilməsi üçün müraciət etmək və həmin xidmətlərdən “e-sosial” portalı vasitəsilə yararlanmaq; 7.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq; 7.0.4. MEİS-dən özü barədə məlumatlar əldə etmək; 7.0.5. MEİS-də özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək; "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2-1(120)-439/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-861/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-861/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver