Məhkəmə qərarları › İş №2-1(106)-866/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-866/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-866/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3263/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi, əlilliyə görə müavinətin xx.xx.2021-ci il tarixdən hesablanması və ödənilməmiş məbləğlərin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ötən dövr üzrə ödənilməli olan sosial müavinətin və təqaüd məbləğlərinin tam şəkildə ödənilməsi və ötən dövr üzrə sosial müavinətin də xx.xx.2021-ci ildən etibarən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 05 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-3263/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/1-A1415/2025 saylı “Sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında” qərarının ləğv edilməsi və İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz 1-ci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyinat aparıldığı nəzərə alınaraq əlilliyə görə müavinətin xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2021ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlilliyin altsistemə daxil edildiyi müəyyən edilir. Cavabdeh inzibati orqan imtina üçün əsası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunması olmuşdur. Lakin inzibati orqan araşdırma apardığı zaman həmin Qanunun 10.3-1-ci maddəsini nəzərə almamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 10.3-1-ci maddəsinə əsasən müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. İnzibati orqan tərəfindən inzibati icraat aparılan zaman iddiaçının bərabərlik və etimad hüquqlarının pozulmayaraq qərar qəbul edilməsinə nail olunmalıdır. Lakin inzibati orqanın xx.xx.2025-ci il tarixli 3-17-1/1-A- 1415/2025 saylı “Sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında” qərarı tərəfin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, şəxsin əlillik dərəcəsinin ağırlığı həmin şəxsin inzibati orqana ərizə ilə müraciət edə bilməməsi ilə nəticələnəcəyi təqdirdə qeyd edilən sosial müavinətin alınmamasına gətirib çıxara bilər. Halbuki inzibati orqan qeyd edilən məlumatları X1 Sistemi vasitəsilə əldə edə bilər. Tərəfin özünün və ya nümayəndəsinin gec müraciət etməsi yuxarıda qeyd edilən hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmçinin ödənilməmiş məbləğlərin tam şəkildə birdəfəlik ödənilməsi hissəsində iddiaçı haqlı olmamışdır və iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, psixi pozğunluqlar və davranış pozğunluqları, simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar, baş-beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası, mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi diaqnozlarından uzun illərdir əziyyət çəkir. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-483/2023 nömrəli qərarı ilə iddia təmin edilməmiş 2-ci dərəcə əlillik 1-ci dərəcə əlilliyə dəyişdirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı 29 dekabr 2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsi dəyişdirilərək, müddətsiz birinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2025-ci il tarixli, 05-17-1/2-A13457/2025 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək sosial müavinət üzrə fərq məbləği və xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək təqaüd üzrə ödənilməli olan məbləğ İddiaçı ödəniləcəkdir. Bu mövqe ilə razılaşmayaraq sosial müavinət üzrə fərq məbləğinin hesablanma tarixi təqaüdün hesablanma tarixi, yəni xx.xx.2021-ci il tarixi ilə eyniləşdirilərək hər iki eyni tarixdən etibarən ödənilməlidir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı daha əvvəl ötən dövr üzrə ödənilməmiş sosial müavinətin ödənilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2025-ci il tarixli 3-17-1/2-A-13457/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixindən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına) əlilliyə görə müavinət təyin edilmiş, ödənişi xx.xx.2024-cü il tarixinədək davam etdirilmiş, xx.xx.2021-ci il tarixindən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi müəyyən olunduğu üçün ona xx.xx.2021-ci il tarixindən (Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli ərizəsindən 3 il əvvələ) xx.xx.2021-ci il tarixinədək 180 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdən 220 manat, xx.xx.2023-cü il tarixdən 270 manat məbləğində dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyə görə müavinət və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 130 manat, xx.xx.2023-cü il tarixdən 200 manat məbləğində Prezident təqaüdü təyin edilmiş və Qanunun 10.3-cü maddəsinə əsasən İddiaçı ərizəsində qeyd etdiyi dövr üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı 01 dekabr 2021-ci il tarixdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına) əlilliyə görə müavinət təyin edilmiş, həmin müavinətin ödənişi 06 dekabr 2024-cü il tarixədək davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanına əsasən 1 aprel 2014-cü il tarixindən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və 01 yanvar 2023-cü il tarixindən məbləği 200 manat müəyyən edilmişdir. “Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı 11 noyabr 2021-ci il tarixdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi müəyyən olunduğu üçün ona 16 dekabr 2021-ci il tarixdən (Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli ərizəsindən 3 il əvvələ) 31 dekabr 2021-ci il tarixədək 180 manat, 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixdən 220 manat, 01 yanvar 2023-cü il tarixdən 270 manat məbləğində dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyə görə müavinət və 11 noyabr 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixinədək 130 manat, 01 yanvar 2023-cü il tarixdən 200 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən İddiaçı iddia ərizəsində qeyd etdiyi dövr üzrə (11 noyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək) sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardandan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə üçüncü dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə “ümumi xəstəlik” səbəbi ilə üçüncü dərəcəli əlillik, xx.xx.2021-ci il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/1-A1415/2025 saylı “Sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında” qərarının məzmunundan görünür ki, xx.xx.2021ci il və xx.xx.2021-ci il aralığında olan dövr üzrə müavinətin ödənilməsindən imtina edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: -1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -2.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci maddəsinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü maddəsinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci maddəsinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu maddəsinə əsasən bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “Sosial müavinət haqqında” Azərbaycan Respublikasının Qanununun: -9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: -9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət-əlillik müddətinə; -10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. -10.3-1-ci maddəsinə əsasən müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh apellyasiya şikayətində iddiaçının 16 dekabr 2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyini əsas gətirərək, iddiaçıya həmin tarixdən 3 il əvvələ əlilliyə görə müavinət təyin edildiyini qeyd etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana 16 dekabr 2021-ci il tarixdə müraciət etsə də, iddiaçıya sonuncu dəfə 11 noyabr 2021-ci il tarixdə müddətsiz əlillik təyin edilmişdir (daha əvvəl xx.xx.2016-cı il və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin edilmişdir). Başqa sözlə, iddiaçıya ilkin əlillik təyinatı 16 dekabr 2021-ci il tarixli müraciəti əsasında aparılmamış, o, inzibati orqana müraciət edən zaman əlillik vəziyyətində olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya əlillik təyinatının 11 noyabr 2021-ci il tarixdən aparılmasını nəzərə alaraq ona əlilliyə görə müavinətin 11 noyabr 2021-ci il tarixdən ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana hansı tarixdə müraciət etməsindən asılı olmayaraq, onun əlillik vəziyyətində olduğu vaxtdan müvafiq ödənişlərin verilməsi həmin orqanın qanundan irəli gələn vəzifəsidir. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3263/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar