Məhkəmə qərarları › İş №2-1(106)-868/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-868/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-868/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və əliliyin bərpa olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 2- 1(120)-2729/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: xx.xx.2006-cı il tarixli xxxxxxx0001 nömrəli akt üzrə təkrar qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya səbəbi Hərbi xidmət dövrü ilə əlaqədar olmaqla, X1 XİV sinif-Sidik-cinsiyyət xəstəlikləri=>N10-N16-Böyrəyin tubulointerstisial xəstəlikləri =>N11- Xroniki tubulointerstisial nefrit =>N11.1 -Xroniki obstruktiv pielonefrit..Diaqnoz: Xr pielonefrit.Dizmetobolik forma. Meyar: 2.2. İkinci dərəcə əlillik=>Digər: Xr pelonefrit.Dizmetobolik forma.. müddətsiz təyinat aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-4/2-M- 28202/2024 saylı bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. ... Qeyd edilənləri nəzərə alaraq Siz xx.xx.2024-cü il tarixində saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. ... Nəzərinizə çatdırırıq ki, əyani müayinəyə gəlmədiyiniz halda iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir.” Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, göndərilmiş sənəd xx.xx.2024-cü il tarixdə şəxşən təqdim edilməmiş, xəbarnamənin “Digər qaydada” qrafasında “İmza, Səmədov R” qeydləri var. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli xxxxxxx0002 nömrəli qərar ilə “İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qərarda “əlilliyin qiymətləndirilməsi nəticəsi ləğv edilmişdir, ləğv edilmə səbəbi : müayinə tarixi səhv daxil edilib, ləğv edilmə tarixi 7/9/2025, sistemə daxil edilmə tarixi xx.xx.2024” qeyd edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərar ilə “İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq İddiaçı (FİN: xxxxxxx) münasibətdə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olmasını təsdiqləyən məlumatın və həmin məlumatları özündə əks etdirən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübut təqdim edilməmiş, yalnız xx.xx.2023-cü il tarixli xxxxxxx0002 və xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərarlar və iş materiallarında olan digər sənədlər təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli xxxxxxx0002 nömrəli qərarın ləğv olunması və müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 1996-cı il tarixdə ilk dəfə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyi 2006-cı il tarixədək hər il 1 il müddətinə uzadılmış, 2006-cı ildə isə müddətsiz olaraq təyin edilmişdir. Əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2024-cü ilin dekabr ayında əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, əlilliyi inzibati araşdırılma aparılmadan, onu inzibati araşdırmaya cəlb etmədən cavabdeh tərəfindən qanunsuz olaraq ləğv edilmişdir. Bundan sonra ona xx.xx.2024-cü il tarixli məktub göndərilərək əyani müayinəyə gəlmədiyi əsas gətirilərək müddətsiz ikinci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, Lerik rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2006-cı il tarixində Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirilmiş və “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə təyinatı barədə qərar verilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan haqqında müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli olan məlumatlar üzrə araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılan diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Bundan başqa, iddiaçı mübahisələndirilən qərar üzrə iddia müddətini ötürmüşdür. Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 2-1(120)-2729/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etirazının dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2025-ci il tarixli 2- 1(106)-868/2025-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərarın ləğv edilməsi və hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı əyani müayinə olunmamışdır. xx.xx.2023-cü il tarixli xxxxxxx0002 nömrəli qərar inzibati orqan tərəfindən ləğv edilmişdir. Qüvvədə olan qərar xx.xx.2023-cü il tarixli xxxxxxx0003 nömrəli qərardır. Mübahisə üzrə mövcud olan bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Sonda K.H.Abdulrəhimov apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, əyani müayinəyə dəvət olunması barədə ona məlumat verilməmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imza ona məxsus deyil. Xəbərnamədə qeyd edilmiş “Səmədov R” adlı şəxsi tanımır. Əyani müayinə olunmadan müddətsiz əlilliyi ləğv edilmişdir. Bundan başqa, müddətsiz əlilliyi olduğu halda yenidən hansı səbəblə əyani müayinəyə dəvət olunması ilə bağlı inzibati orqan əsaslı sübut təqdim etməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən etimad hüququ pozulmuşdur. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: ... Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 2-1(120)- 2729/2025 saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan Əsasnamənin 3.7-ci bəndinə əsasən əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim etməmiş, iddiaçının inzibati icraatda iştirakını təmin etmədən, onu əyani müayinəyə cəlb etmədən müddətsiz əlillik təyinatı barədə qərarı ləğv etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2006-cı il tarixdə xxxxxxx0001 nömrəli akt üzrə təkrar qiymətləndirmə nəticəsində iddiaçıya səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsaslanaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi qərarına gəlmiş, bununla bağlı ona xx.xx.2024-cü il tarixli 3-17-4/2-M- 28202/2024 saylı bildiriş göndəriş, lakin həmin bildiriş iddiaçıya təqdim edilməmişdir. Belə ki, poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, göndərilmiş bildiriş xx.xx.2024-cü il tarixdə şəxşən təqdim edilməmiş, xəbarnamənin “Digər qaydada” qrafasında “İmza, Səmədov R” qeydləri var. İddiaçı isə həmin şəxsi tanımadığını bildirir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli xxxxxxx0002 nömrəli qərar ilə “İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin qərar sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Qeyd edilən qərar inzibati orqan tərəfindən 7/9/2025-ci il tarixdə ləğv edilmişdir. Sonradan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərar ilə “İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin qərar isə sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. Məhkəmə tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq İddiaçı (FİN: xxxxxxx) münasibətdə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olmasını təsdiqləyən məlumatın və həmin məlumatları özündə əks etdirən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübut təqdim edilməmiş, yalnız xx.xx.2023-cü il tarixli xxxxxxx0002 və xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərarlar və iş materiallarında olan digər sənədlər təkrar təqdim edilmişdir. Kollegiya ilk növbədə iddianın xüsusi mümkünlük (müddət ilə bağlı) şərti ilə bağlı bildirir ki, ilkin inzibati akt (xx.xx.2023-cü il tarixli xxxxxxx0002) sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. İddia ərizəsi məhkəməyə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etdiyini hesab etmişdir. Cavabdeh apellyasiya şikayətində iddianın xüsusi mümkünlük (müddət ilə bağlı) şərtindən şikayət verməmişdir. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. xx.xx.2023-cü il tarixli xxxxxxx0002 nömrəli qərar inzibati orqan tərəfindən 7/9/2025-ci il tarixdə ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərar isə sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. Qeyd edilən səbəblərdən kollegiya hesab edir ki, iddia mümkündür. Kollegiya qeyd edir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz inzibati akt kimi ləğv etmişdir. Bunu inzibati orqana aid sənədlərdən açıq-aşkar görmək olur. Belə ki, inzibati orqan bütün sənədlərdə “əvvəlki qərarın düzgünlüyünün şübhəli olmasını” göstərmiş, inzibati icraata məhz həmin qərarın düzgün olmamasını zənn edərək başlamışdır. Yekunda xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərar ilə “İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.” barədə qərar qəbul etmişdir. Bu səbəbdən mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nəzərə almaq lazımdır ki, inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktı ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İşin hallarından müəyyən olunur ki, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etmədən, yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya qoymadan, iddiaçını əyani müayinəyə cəlb etmədən (əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olmasını təsdiq edən sübutların təqdim edilməsi üçün məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli sorğu göndərilsədə, cavabdeh tərəfindən qeyd edilən məsələ ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə mübahisə üzrə mövcud olan bütün sənədlərin məhkəməyə təqdim edildiyini bildirmişdir.) iddiaçıya münasibətdə hər hansı bir icraat aparmadan, onun məlumatlandırılmasını (iddiaçının əyani müayinəyə çağrılması barədə göndərişin alınmasını təsdiq edəcək sübut (poçt sənədi) təqdim edilməmişdir.) və dinlənilməsini təmin etmədən mübahisələndirilən qərarı qəbul etmişdir. Cavabdehin iddiaçıya əyani müayinəyə cəlb edilməsi ilə bağlı göndərdiyi xx.xx.2024cü il tarixli 3-17-4/2-M-28202/2024 saylı bildiriş ona təqdim edilməmişdir. Belə ki, poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, göndərilmiş bildiriş xx.xx.2024cü il tarixdə şəxşən təqdim edilməmiş, xəbarnamənin “Digər qaydada” qrafasında “İmza, Səmədov R” qeydləri var. İddiaçı isə həmin şəxsi tanımadığını bildirir. Halbuki, İPM-in 24cü maddəsinin tələbi baxımından inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Kollegiya qeyd edir ki, inzibati orqan iddiaçının inzibati icraatda iştirakını təmin etmək üçün bütün mümükün vasitələrdən istifadə etməli idi. Məsələ, inzibati orqan diqqət yetirməli idia ki, poçt göndərişinin verilməsi haqqında xəbərnamə iddiaçıya şəxsən təqdim edilmədiyi halda, xəbarnamənin “Digər qaydada” qrafasında “İmza, Səmədov R” qeydləri kimə məxsisdur, şəxs başlanmış icraat barəsində məlumatlıdır, ya yox. Bununla bağlı telefon vasitəsi ilə də əlaqə saxlanıla bilərdi. Necə ki, məhkəmə təcrübəsi göstərir ki, inzibati orqan qəbul etdiyi qərarı şəxsə aid telefon nömrəsinə göndərir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli xxxxxxx0002 nömrəli qərarı ləğv etmiş, lakin həmin qərar inzibati orqan tərəfindən 7/9/2025-ci il tarixdə ləğv edilmişdir. Qüvvədə olan qərar xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərardır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2025-ci il tarixli 2-1(106)- 868/2025-ci il tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2729/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin olunmuş hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar