Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-869/2025 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İsmayılov Yəhya Əlihüseyn oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İsmayılov Yəhya Əlihüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsmayılov Yəhya Əlihüseyn oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, ##.##.2022-ci il tarixdə 5 (beş) il müddətinə ümumi səbəbdən təyin edilmiş ikinci dərəcəli əlilliyin ##.##.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, 5 (beş) il müddətinə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə 5 il müddətinə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. İddiaçıya 5 il müddətinə əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən 5 ildən tez olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici 5 il əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının 5 il tez aparılmasını məqsədə müvafiq hesab etmir, buna görə də, onların təkrar müayinəyə 5 ildən tez cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, 5 il müddətə əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və hər il müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu 5 il yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin 5 il müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq 5 il mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin oktyabr tarixindən ona ümumi xəstəliklərdən əlillik dərəcəsi təyin olunmuş, səkkiz il ikinci dərəcəli əlilliklə əmək pensiyası almışdır. ##.##.2022-ci il tarixdə yenidən əyani yoxlanışdan keçərək, insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip ağır forma İnsulin tələbli. Əvvəllər keçirilən miokard infarktı. Keçirilmiş miokard infarktından sonrakı karioskleroz. Digər rublikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən perferik angiopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Stenokardiyanın digər formalı. ÜİX Gərginlik stenokardiyası III f/sinif diaqnozu ilə yenidən əlillik təyin olunmuşdur. Dəfələrlə müxtəlif tibb müəssiələrində müayinə və müalicə olunmağına baxmayaraq sağlamlıq durumunda yaxşılaşmalar müşahidə olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Saatlı rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında təkrar ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən "İnsulindən asılı şəkərli diabet. Çox saylı ağırlaşmalarla. Şəkərli diabet II tip ağır forma insulin tələbli. Əvvəllər keçirilən miokard infarktı. Keçirilmiş miokard infarktından sonrakı kardioskleroz. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Stenokardiyanın digər formaları. ÜIX. Gərginlik stenokardiyası III f/sinif." diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**- */*-*-****/**** nömrəli məktub əsasında ##.##.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilmiş Akad. C.Abdullayev adına ETKİ ##.##.2022-cı il tarixli Tibbi Rəydə diaqnoz "ÜİX. Gərginlik stenokardiyası II f/sinif. Stent angioplastikası əməliyyatından sonrakı vəziyyət. (2017) Arterial hipertrofiya II dərəcə. Şəkərli diabet, 2 tip" kimi, Akad. M.A.Topçubaşov adına ECM ##.##.2022-ci il tarixli rəydə diaqnoz "Ateroskleroz. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu III dərəcə. Diabetik angiopatiya. Şəkərli diabet II tip orta ağır forma "kimi qiymətləndirilmişdir. Obyektiv baxış zamanı xəstə 10 ildir ki şəkərli-diabet xəstəsi olduğunu ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatlardan Aktrapid qəbul etdiyini (gündə 2 dəfə) ifadə etmişdir. Əyani müayinə zamanı hər iki aşağı ətrafda periferik pulsasiya qeyd olunmuş, əlillik təyinatına əsas verən şəkərli diabetin ağırlaşmalarını təsdiq etmək üçün DTSERA-da EXO, Doppler müayinəsi aparılmışdır. ##.##.2024-cü il tarixdə ƏƏSMN tabeliyində DTSERA-da aparılmış Aşağı ətraf arterialarının doppleroqrafiyasının nəticəsi "xxxx" kimi, həmin müəssisədə eyni tarixdə aparılmış EXO müayinəsinin nəticəsi "Koronar angioplastikadan sonrakı vəziyyət (2017). Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aorta və Mitral qapaqlar cüzi fibrotikdir. Perkard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparılır" kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixdən etibarən "Tam reabilitasiya olunması" na dair qərar qəbul edilsin. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi yetərincə araşdırmadan qanunsuz, əsassız qərar qəbul etmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir: -Əlillik altsistemindən çıxarışdan və digər sənədlərdən görünür ki, iddiaçı 2015- 2021-ci illər aralığında ürək qan-damar sisteminin xəstəliyi ilə əlillik vəziyyətində olmuş, növbəti qiymətləndirmə zamanı ##.##.2022-ci il tarixli qərarla endokrin sisteminin xəstəlikləri, insulindən asılı şəkərli diabet və s. xəstəliyi əsasında 5 il müddətinə II dərəcə əlillik təyin edilmiş, buna baxmayaraq, təqribən 2 ildən sonra, ##.##.2024-cü il tarixdə Mehdizadə Yusif adlı şəxsin şikayəti əsasında risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinəyə cəlb edilmiş və həmin tarixli qərarla "Tam reabilitasiya olunması" nəticəsinə gəlinmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ## #### 2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli Qərarının məzmunundan görünür ki, risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti əsasında 31 nəfərinin əyani müayinəsini həyata keçirmiş, İsmayılov Yəhya Əlihüseyn oğlunun əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfdən təkrar ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və ##.##.2024-cü il tarixdən etibarən "Tam reabilitasiya olunması" na dair qərar qəbul edilmişdir. -Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş “Akademik C.M.Abdullayev adına X8” X1 ##.##.2025-ci il tarixli tibbi rəyin surətindən görünür ki, diaqnoz "ÜİX. Gərginlik stenokardiyası II f/sinif. Stent angioplastikası əməliyyatından sonrakı vəziyyət. (2017) Arterial hipertrofiya II dərəcə. Şəkərli diabet, 2 tip" kimi, TƏBİB Akad. M.A.Topçubaşov adına ECM ##.##.2022-ci il tarixli rəydə diaqnoz "Ateroskleroz. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu III dərəcə. Diabetik angiopatiya. Şəkərli diabet II tip orta ağır forma" kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə əldə edilmiş Səhiyyə Nazirliyi “Akademik M.A.Topşubaşov adına X2” X1in ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıya “Ateroskleroz”. Sol arxa tibial arteriyanın okkluziyası, hər iki ümumi yuxu arteriyasının minimal stenozu. Cüzi dərəcə qan dövranı pozğunluğu. Şəkərli diabet II dərəcə diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: -68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; -68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; -68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; -68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduz statusu verilmiş *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanuni əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin iddiaçının müayinəyə cəlb edilməsi əsaslarına dair hər-hansı əsaslı sübut və dəlil təqdim etməmiş, vətəndaş (Mehdizadə Yusif) müraciəti müraciəti əsasında onu müayinəyə cəlb etmiş və əlillik təyinatına əsas olmuş pozuntuların reabilitasiya olunması qənaətinə gəlmişdir. Şəxsin əlillik təyinatı üzrə yenidən müayinəsini şərtləndirən qanuni əsaslar olmadan onun müayinəyə cəlb edilməsi öz-özlüyündə qanunvericiliyin, o cümlədən "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə ziddir. Sözügedən Qaydanın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər təyin edilmiş əlilliyin yenidən araşdırılması imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, yenidən müayinə nəticəsində yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. Ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçı ##.##.2022-ci il tarixli qərarla əlillik təyinatı aparılan zaman mövcud olan xəstəlikdən həm XBT kodları, həm də xəstəliyin ağırlaşmaları baxımından hazırda da əziyyət çəkir və cavabdeh həmin xəsətliyin reabilitasiya olunması qənaətinə gəlsə də, bunun hansı tibbi göstəricilərə əsasən müəyyən olunmasını əsaslandırmamışdır. Qeyd edilməlidir ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular əlillik təyinatının aparıldığı zaman (##.##.2022) qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.7-ci bəndinə (endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15- E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32- E32.8, E34-E34.1, E34-E35.8)) əsasən əlillik təyinatına əsas verir. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən qərarla inzibati orqan tərəfindən 31 nəfərin əlillik vəziyyətinə qiymət verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qərarın bütövlükdə ləğv edilməsi nəticəsinə gəlmişdir. Odur ki, həmin qərar dəyişdirilməli, mübahisələndirilən qərar iddiaçıya aid hissədə ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı İsmayılov Yəhya Əlihüseyn oğluna aid hissədə ləğv edilsin. İsmayılov Yəhya Əlihüseyn oğluna ##.##.2022-ci il tarixdə 5 (beş) il müddətinə “ümumi xəstəlik səbəbi” ilə təyin edilmiş ikinci dərəcəli əlilliyin ##.##.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi öhdəliyi həmin qurumun üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-869/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-869/2025
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver