Məhkəmə qərarları › İş №2-1(106)-87/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-87/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-87/2024 12.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinəqarşı iddia ərizəsi ilə müraciət edərək, “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı iclas qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2-1(120)-2276/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşıCavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı iclas qərarının etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 may 2-1(120)-808/2023 nömrəli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Cavabdeh 16 fevral 2007-ci iltarixli 02 saylı qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi rayonu. Şənlik kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid 30,0 ha torpaq sahəsi Cavabdeh xx.xx.2002-ci il tarixli 32 saylı qərarı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Bu barədə İddiaçı torpaqdan müvəqqəti istifadəhüququna dair J№ 2645 KOD nömrəsi 60801004 olan şəhadətnamə verilmişdir. X3 heç bir əsas olmadan zorla İddiaçı qanuni istifadəsinə verilmiş torpaq sahəsini zəbt etməklə torpaq sahəsindən istifadəyə maneələr yaratmışdır. Bu səbəbdən də İddiaçı X7 qarşı iddia tələbi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət edərək torpaqdan müvəqqəti istifadə hüququna dair J№ 2645 KOD nömrəsi 60801004 olan şəhadətnamə əsasında istifadəsinə verilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid 30,0 ha torpaq sahəsindən cavabdeh X5 çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdeh X7 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə Cavabdeh İİİ şəxsi qismində işə cəlb edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 2(017)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X5 Ağcabədi rayonunun Şənlik bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ərazisindən «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN 2645 kod 60801004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı icarəsində olan 30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı icarəsində olan torpaq sahəsinə cavabdeh X10 tərəfindən istifadəyə edilən müdaxilələr qadağan edilməsi, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinəyaradılan bütün, maneələr aradan qaldırılması qət edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 2(017)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh məhkəməyə İddiaçı tərəfindən yazılmamış və imza edilməmiş, lakin hansısa formada notarial təsdiqlənmiş ərizəni rəhbər tutub 16 fevral 2007-ci il tarixdə iclas keçirərək İddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsinə dair X10 ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul etmişdir. Eyni zamanda müvafiq hərəkətlərin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 16 fevral 2007-ciil tarixli 02 saylı iclas qərarı əsassızdır və ləğv edilməlidir. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Ağcabədi rayonu, Şənlik kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid 30,0 ha torpaq sahəsi Cavabdeh xx.xx.2002-ci il tarixli, 32 saylı qərarı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə onun istifadəsinə verilmişdir. Bu barədə ona torpaqdan müvəqqəti istifadə hüququna dair J№ 2645 KOD nömrəsi 60801004 olan şəhadətnamə verilmişdir. X3 heç bir əsas olmadan zorla onun qanuni istifadəsinə verilmiş torpaq sahəsini zəbt etməklə torpaq sahəsindən istifadəyə maneələr yaratmışdır. Bu səbəbdən də o, X7 qarşı iddia tələbi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət edərək torpaqdan müvəqqəti istifadə hüququna dair J№ 2645 KOD nömrəsi 60801004 olan şəhadətnamə əsasında istifadəsinə verilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid 30,0 ha torpaq sahəsindən cavabdeh X5 çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdeh X7 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə Cavabdeh 3-cü şəxs qismində işə cəlb edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 2(017)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X5 Ağcabədi rayonunun Şənlik bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ərazisindən «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN 2645 kod 60801004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı icarəsində olan 30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı icarəsində olan torpaq sahəsinə cavabdeh X10 tərəfindən istifadəyə edilən müdaxilələr qadağan edilməsi, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün, maneələr aradan qaldırılması qət edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 2(017)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelleysiya instansiyasında icraat zamanı İddiaçı məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh məhkəməyə İddiaçı tərəfindən yazılmamış və imza edilməmiş, lakin hansısa formada notarial təsdiqlənmiş ərizəni rəhbər tutub 16 fevral 2007-ci il tarixdə iclas keçirərək İddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsinə dair X10 ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul etmişdir. Eyni zamanda müvafiq hərəkətlərin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı iclas qərarı əsassızdır və ləğv edilməlidir. İddiaçı Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-380/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin, iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan 21 oktyabr 2002-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, İddiaçı 30 ha torpaq sahəsi 50 (əlli) il müddətinə istifadə üçün icarəyə verilmişdir. İş materiallarında olan Ağcabədi rayon Şənlik Bələdiyyəsinin torpaq sahəsinin ayrılmasına dair 20 oktyabr 2002-ci il tarixli, 32 nömrəli sərəncamından görünür ki, Ağcabədi şəhər sakini İddiaçı torpaq sahəsi verilməsi barədə şəxsi ərizəsi nəzərə alınaraq Şənlik bələdiyyəsinin mülkiyyətində olan bələdiyyə torpaqlarından şəhər sakini İddiaçı ayrılmış 30 ha əkin sahəsi barədə rayon torpaq və xəritəçəkmə şöbəsi tərəfindən tərtib edilmiş müqavilə, torpaqayırma aktı və yerquruluşu planının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı (protokol) qərarından görünür ki, Ağcabədi rayonu, Üzeyir Hacıbəyov prospekti, 106, mənzil 18-də yaşayan İddiaçı ərizəsi nəzərə alınmış və xx.xx.2002-ci il tarixli, 32 saylı qərar əsasında onunla bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Şənlik kənd sakini X5 ərizəsi nəzərə alınmış, 30 hektar əkin sahəsi ona 50 il müddətinə hər bir hektarı 10 manatla icarə müqaviləsi bağlanıb ona verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Ağcabədi rayon Şənlik Bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli 02 nömrəli qərarı əsasında X7 30,0 ha torpaq sahəsi, o cümlədənsu ilə örtülmüş sahəni 50 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 07 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı vergi orqanlarında vergi qeydiyyatı və vergi orqanlarında onun tərəfindən hər-hansı bir icarəyə götürülmüş torpaq sahəsi barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)- 21/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı “torpaq sahəsindən çıxarılma, müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə X7 qarşı Ağcabədi rayon Məhkəməsində iddia qaldırmış və həmin iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, Ağcabədi rayon Şənlik Bələdiyyəsinin 20 oktyabr 2002-ci il tarixli, 32 nömrəli sərəncamı əsasında İddiaçı istifadəsinə ayrılmış 30 ha torpaq sahəsinin üçüncü şəxsə verilməsi ilə bağlı Ağcabədi rayon Şənlik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli icarə müqaviləsi və onun nəticələri barədə məlumatlar vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 izahatında bildirmişdir ki, atası İddiaçı xəstə olduğunu üçün özünə məxsus torpaq sahəsini müəyyən müddətə müvəqqəti istifadə üçün başqa şəxsə vermiş, yəni atası İddiaçı torpaq sahəsindən tamamilə imtina etmək istəməmişdir. Notariusda səhvən torpaq sahəsindən imtina ilə bağlı ərizə təsdiq edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, 2007-ci il tarixindən sözügedən torpaq sahəsindən istifadə etməmiş, başqa şəxslər tərəfindən istifadə edilmiş və bu dövrlər ərzində İddiaçı tərəfindən icarə haqları ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Ağcabədi rayon Şənlik Bələdiyyəsinin 20 oktyabr 2002-ci il tarixli, 32 nömrəli sərəncamı əsasında İddiaçı ilə bağlanmış icarə müqaviləsi onun notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı (protokol) qərarı ilə ləğv edilmiş və bələdiyyənin müraciəti əsasında İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli şəhadətnamə balansdan silinmişdir. Sözügedən torpaq sahəsi X5 ərizəsi nəzərə alınaraq, 50 il müddətinə onun icarəsinə verilmiş və bununla bağlı onunla icarə müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, İddiaçı 2007-ci il dən hazırki günə kimi bir gündə olsun həmin torpaq sahəsindən istifadə etməmiş, icarə haqlarını ödəməmiş, həmin dövrlər ərzində icarə haqlarını X10 ödəmiş və icarə hüquqlarına xitam verildiyi üçün ümumiyyətlə bələdiyyə tərəfindən iddiaçıdan icarə haqları tələb olunmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2007-ci il tarixdə əvvəlki İcra Hakimiyyəti başçısı ilə mübahisələri olduğu üçün özü ərizə yazmış və torpaq sahəsindən imtina etmiş, sonralar 2013-cü il tarixdə Bələdiyyəyə müraciət edərək, torpaq sahəsinin ona geri qaytarılmasını istəmiş, lakin İcra Başçısının torpaq sahəsinin ona qaytarılmasına imkan verməyəcəyini bildirmişlər və müraciət etməməsini məsləhət görmüşlər, 2016-2018-ci illərdə həbsdə olduğunu, icra başçısı dəyişdikdən sonra məhkəmədə iddia qaldıraraq torpaq sahəsini geri istəmişdir. Həmçinin bu vaxtlar ərzində həmin torpaq sahəsindən heç vaxt istifadə etmədiyini, torpağa görə icarə pulunu ödəmədiyini, həmin torpaq sahəsindən başqa şəxsin istifadə etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Ağcabədi rayon Şənlik Bələdiyyəsinin 20 oktyabr 2002-ci il tarixli, 32 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında İddiaçı istifadəsinə 30 ha torpaq sahəsi ayrılmış, sonradan yəni, Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı (protokol) qərarı ilə İddiaçı ərizəsi nəzərə alınaraq xx.xx.2002-ci il tarixli, 32 saylı qərarı əsasında onunla bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Həmin 30 hektar əkin torpaq sahəsi Şənlik kənd sakini X5 ərizəsi nəzərə alınaraq, 50 il müddətinə hər bir hektarı 10 manat qarşılığında icarə müqaviləsi əsasında ona verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı hazırki iş üzrə üçüncü şəxs X7 qarşı iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmiş, sözügedən torpaq sahəsindən onun çıxarılmasını, hər hansı müdaxilənin qadağan edilməsini və maneələrin aradan qaldırılmasını tələb etmişdir. Əhmədov X13 rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli baxış iclasında şəxsən iştirak etmiş və yekun məhkəmə aktı (qətnamə) məhkəmə iclas zalında ona elan edilmişdir. Həmin iş üzrə iddiaçı hazırda mübahisələndirilən Ağcabədi rayon Şənlik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı (protokol) qərarından və onun əsasında bağlanmış icarə müqaviləsindən məlumatlı olmuşdur Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan yəni, Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarından 2007-ci il tarixindən ən geci isə xx.xx.2022-ci il tarixdən (Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yekun məhkəmə aktı ilə) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2022-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə, İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarından və onun nəticələrindən məlumatlı olduğu vaxtdan 15 (on beş) ildən artıq, kağız daşıyıcıda (Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yekun məhkəmə aktı ilə) məlumatlı olduğu vaxtdan isə 5 (beş) aya yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Yəni, iddiaçının mübahisələndirilən sərəncamdan 2022-ci ilin mart ayından məlumatlı olduğunu, prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığını, həmin sərəncamın ləğvi ilə bağlı məhkəməyə isə 2022-cü ilin avqust ayında müraciət etdiyini nəzərə alsaq belə, iddiaçı yenə də məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti (iddia müddətini) ötürmüş olur. İddiaçının sərəncamdan məlumatlı olmasının digər sübutu onunla ifadə olunur ki, 2007-ci ildən hazırkı günə kimi iddiaçı sözügedən torpaq sahəsindən faktiki olaraq istifadə etməmiş və istifadə etmədiyinə görə qanunla nəzərdə tutulmuş icarə haqlarını ödəməmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavab olaraq ünvanladığı 07 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı vergi orqanlarında vergi qeydiyyatı və vergi orqanlarında onun tərəfindən hər-hansı bir icarəyə götürülmüş torpaq sahəsi barədə məlumat müəyyən edilməmişdir. İddiaçının torpaq sahəsindən istifadə etmədiyi və icarə haqlarının ödəmədiyi özünün və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatları ilə də təsdiq olunur. Həmçinin, işdə olan sənədlərdən görünür ki, torpaq sahəsinə görə icarə haqları X10 tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırda mübahisələndirilən qərarın mövcudluğundan xəbərsiz olması, torpaq sahəsi üzərində istifadə hüquqlarına xitam verilməsindən məlumatlı olmaması ilə bağlı dəlilləri ilə razılaşmır və iddiaçının bu dəlillərini qeyri-səmimi qəbul edir və əsaslı hesab etmir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində və nümayəndəsinin apellyasiya instansiya məhkəməsində verdiyi izahatında 2007-ci il tarixindən torpaq sahəsindən istifadə etmədiyini, icarə haqlarının ödəmədiyini və həmin torpaq sahəsinin başqa şəxsin faktiki istifadəsində olduğunu bildirir. Hətta, iddiaçının xx.xx.2023-cü il tarixli yazdığı ərizəsindən (bax iş vərəqi 187) görünür ki, torpaqdan imtina ilə bağlı 2007-ci ildə yazdığı ərizənin məzmunundan məlumatlı olmuş, bununla bağlı dəfələrlə bələdiyəyə müraciət etmiş, lakin nəticəsiz qalmışdır. Bu nöqteyi nəzərdən məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisələndirilən qərardan iddiaçı 2007-ci il tarixindən məlumatlı olmuş, lakin vaxtında məhkəmə qaydasında bunu mübahisələndirməmişdir Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən qərarın istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin qərarın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin qərarın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin qərardan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpağın faktiki olaraq iddiaçının istifadəsindən geri alınması, həmin torpaqdan başqa şəxslərin istifadə etməsi və bu dövrlər ərzində icarə haqlarının ödənilməməsi, iddiaçının istifadəsinə maneələrin yaranması, bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən sərəncamdan məlumatlı olduğu vaxtdan 15 (on beş) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilməmişdir. Müddətin bərpasına dair ərizə verilmədikdə isə məhkəmə tərəfindən ötürülmüş müddət bərpa edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar