Məhkəmə qərarları › İş №2-1(106)-871/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-871/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-871/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(120)-276/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 01 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-276/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının A00158085SVH saylı, xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 9-cu bəndinə əsasən müddətsiz 50% faiz xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması ilə (orqanizmin funksiyalarının 50 % itirilməsi-3-cü dərəcə əlillik) əlilliyin təyin edilməsi öhdəliyinin (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2010cu il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar (“9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri. Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları) bölməsi-9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz”) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il tarixdən 2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində “N” saylı hərbi hissədə hava hücumundan müdafiə dəstələrində baş leytenant rütbəsində qulluq etmişdir. O öz xəstəliyi ilə əlaqədar olaraq 2006-cı il tarixdən 2009-cu il tarixədək 7 dəfə Hərbi Hospitalda qulağından xroniki koxlear nevrit, yəni sinirin qopması ilə bağlı müalicə almışdır. Belə ki, 11 mart 2009-cu il tarixli, 677 nömrəli xəstəlik haqqında şəhadətnamədən də göründüyü kimi onun xəstəliyi 2001-ci ildəndir. Xəstəliyi hərbi hissədə məşq edən zaman turnikdən yıxılaraq başı üstə yerə dəyməyi zamanı yaranmışdır. 11 mart 2009-cu il tarixli, 677 nömrəli xəstəlik haqqında şəhadətnamə əsasında da ona xroniki koxlear nevrit nəticəsində soltərəfli davamlı karlıq, sağtərəfli neyrosensor davamlı ağıreşitmə, pıçıltı nitqini 3,0 metrə qədər məsafədən eşitməsi ilə, neyrosirkulyator asteniya, hipertenziv tip, cüzi dərəcədə ifadə olunmuş vegetativ damar pozulmaları ilə, hər iki gözün zəif dərəcəli hipermetropiyası, akkomodasiya spazmı, görmə itiliyi korreksiya ilə 0,8 olmaqla xəstəlik diaqnozu qoyulmuşdur. 2009-cu il tarixdə Ştatlı Hərbi Həkim Komissiyasının rəyinə əsasən hərbi xidmətdən tərxis olunmuşdur. Bundan sonra isə 2010-cu ilin aprel ayından etibarən xroniki koxlear nevrit xəstəliyi ilə ona İİİ qrup əlillik verilmişdir. Bu əlilliklə ona pensiya təyin edilmişdir. Bu isə 2012-ci il tarixədək davam etmişdir. Ondan irsən valideynlərindən ona də keçən ağır ürək xəstəliyi olmuşdur. Və hərbi xidmət dövründə yaranmış xəstəlik nəticəsində də onun ürək xəstəliyi daha da ağırlaşmışdır. Nəticədə ürək xəstəliyi daha ağır olduğu üçün o İİ qrup əlil hesab olunmuşdur və bu əlilliklə nəzərdə tutulan pensiya məbləğini alırmış. Bununla da xroniki koxlear nevrit xəstəliyi köməkçi xəstəlik oldu. Nəticədə o 2012-ci il tarixdən 2021-ci il 12 dekabr tarixədək İİ qrup əlil hesab olunmuş və bu pensiya məbləğini almışdır. 2021-ci il tarixdə ona verilən əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi üçün dayandırılmışdır. Bundan sonra dəfələrlə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yenidən İİ qrup əlilliyin təyin edilməsi üçün elektron qaydada müraciət etsə də, hər dəfə ona heç bir tutarlı əsas göstərilmədən imtina cavabı verilmişdir. Cavabdeh iddiaya qarşı ilkin etiraz dəlili ekspertizanın təyin edilməsindən ibarət olmuş, sonrakı mərhələdə hər-hansı mülahizə təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi xəstəliyin ağırlaşması olmadığı halda ekspert rəyi ilə kifayətlənərək nəticəyə gəlmişdir. Prosessual məsələlər İddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə şikayətin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçı xx.xx.2010-xx.xx.2021-ci il aralığında eşitmə və ürək qan damar sistemində olan xəstəliklərə görə əlillik vəziyyətində olmuş, növbəti müayinələr nəticəsində xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli qərarlarla əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Tibb Universitetinin X3 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-28-20-2/2-72/2025 saylı rəydə göstərilmişdir ki, İddiaçı xx.xx.2025 tarixində medikamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 90 dBnHL intensivlikdə V dalğa əldə edilmədi. Nəticə:Təkrar müayinə. Sol qulaqda 4-cü dərəcə, sağ qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Eşitmənin protezləşməsi tövsiyə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, T265/2025 saylı rəydə yuxarıda qeyd edilmiş diaqnoz təkrarlanmış, həmçinin göstərilmişdir ki, İddiaçı M.Topçubaşov adına X6 müayinələrdən keçmiş və ona “120.8- Ürəyin xroniki işemik xəstəliyi: Gərginlik stenokardiyası. İİİ FS, tez-tez ağrı tutmalari ilə. Ağırlaşma: 150.0- Qan dövranı çatmamazlığı İİ-İİİ dərəcə. İ27.0- Pulmonar hipertenziya İ dərəcə. İl 15- Hipertoniya xəstəliyi İİ mərhələ. İ05.1- Mitral qapaq çatmamazlığı İİ-İİİ dərəcə. İ07.1- Üçtaylı qapaq çatmamazlığı.” diaqnozu qoyulmuşdur. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma Sabirabad Rayon Nərkəzi Xəstəxanasında XBT 10 kodu üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Q00227981EZR saylı Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: İ25.8- Ürəyin xroniki işemik xəstəliyinin digər formaları. ÜİX - stabil gərginlik stenokardiyası. İİİ FS, tez-tez ağrı tutmalari ilə. Ağırlaşma: 150.0- Durğunluq ürək çatmamazlığı. 151.5-Miokardın degenerasiyası. Miokardiodistrofıya. İ44.4- Hiss dəstəsinin sol ayaqcığının ön şaxəsinin blokadası. Hissəvi sol hemiblok. Yanaşı xəstəliklər: İl 1.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi). Hipertoniya xəstəliyi İİ dərəcə tez-tez hipertonik krizlərlə. G90.8-Vegetativ sinir sisteminin digər pozğunluqları. NSF qarışıq tip, ağır gedişli vegetativ tutma krizlərlə. H93.3- Eşitmə sinirinin xəstəlikləri. Neyrosensor ağıreşitmə. Sol tərəfli davamlı karlıq. İkitərəfli xroniki koxlear nevrit. Sağ tərəfli neyrosensor davamlı karlıq. PD3U. İİ-İİİ dərəcəli. H52.1- Miopiya. OU- Zəif dərəcəli hipermetropiya. Akkomodiya spazm. VİSOU- 0,7” diaqnoz xəstəyə stasionarda müalicədə olarkən, klinik, anamnestik, funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından səmərəliliyi qənaətbəxş olmuşdur. Yuxarıda qeyd edilən diaqnoz ilə əlaqədar hazırda onun müalicəsinə zərurət yoxdur, xəstəlik kəskinləşdikdə müvafiq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.4-cü bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.4-cü bəndində “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 50% müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(120)-276/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar