Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-879/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1434/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi TibbiSosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx002 saylı qərarının ləğv edilməsi və xx.xx.1999-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə təyin olunmuş birinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 08 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1434/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən araşdırma üçün əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması olduğu bildirilsə də, qeyd edilən halın səbəblərini əsaslandıra bilməmişdir. Həmçinin iddiaçının əlillik vəziyyətində olması ilə bağlı inzibati icraat natamam aparılmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, anadan gəlmə sol ayağında xəstəlik olub və bu səbəbdən xx.xx.1999-cu il tarixindən ona İ dərəcə müddətsiz əlillik təyin edilmişdir. Uşaqlıqdan yataq xəstəsi olmuş və anası ona baxıb, indi də baxır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yaşadığı ünvana bildiriş göndərilmiş, həmin bildirişdə müayindən keçməyi tələb olunmuş əgər gəlmədiyi halda əlillik dərəcəsinin ləğv olunacağı qeyd olunmuşdur. Cavabdeh tərəfindən müayinə olunmuş, sonradan məlum olmuşdur ki, müddətsiz İ dərəcə əlilliyi dəyişdirilərək müddətsiz İİ dərəcə edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.1999-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində iddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M- 6599/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.8-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulmasına uyğun görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuşdur. Bu səbəbdən xx.xx.2024cü il tarixindən etibarən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilmiş, lakin vətəndaşın yeni qanunvericiliyə müvafiq göndəriş rəsmiləşdirmədiyi nəzərə alınaraq Tibbisosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2-ci bəndinə uyğunlaşdırılaraq xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının yenidən müayinəyə cəlb edilməsinin səbəbi onun barəsində əlillik altsistemində tibbi sənədlərin olmaması olmuşdur. İddiaçı şikayətin dəlillərini qəbul etməmiş və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, xəstəliyinin ağırlıq durumu ilkin təyinatdan sonra daha da pisləşmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.1999-cu il tarixdə müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmiş, sonradan risk qrupları üzrə araşdırılma adı altında müayinə edildikdən sonra mübahisələndirilən qərarla müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əliliyin dərəcəsindən narazıdır və ilkin əlillik dərəcəsinin bərpa edilməsini tələb edir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: -68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; -68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; -68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; -68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. -68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzla işarələnmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanuni əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, iddiaçının müayinəyə cəlb edilməsi əsası kimi onun barəsində əlillik altsistemində tibbi sənədlərin olmamasını göstərmişdir. Bu xüsusatla bağlı ayrıca qeyd edilməlidir ki, əlillik altsistemi 2020-ci ildən tətbiq edilməyə başlamış və iddiaçıya dair tibbi sənədlərin həmin sistemdə mövcud olmaması sistemin inteqrasiyası zamanı cavabdeh orqanın öz səhvi kimi qəbul edilməlidir. Eyni zamanda həmin sistemin tətbiqindən 4 il keçdikdən sonra sistemdə olan məlumatın natamam olması ilə bağlı inzibati icraatın başlanması "İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinin tələblərinə zidd olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, şəxsin əlillik təyinatına dair altsistemdə müvafiq sənədlərin olmaması əlillik təyinatının risk qrupuna aid edilməsinə əsas vermir və bu "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə ziddir. Sözügedən Qaydanın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qeyd edilir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, yenidən müayinə nəticəsində yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. İş materiallarından görünür ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular ilkin əlillik təyinatı zamanı mövcud olmuş pozuntularla eynidir və cavabdeh onun qismən reabiltasiya olunması qənaətinə gəlsə də, bunun hansı tibbi göstəricilərə əsasən müəyyən olunmasını əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh patofunksional pozuntunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.8-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulmasına uyğun olması və bunun da ikinci dərəcə əlilliyə ekvivalent olması qənaətinə gəlmiş, lakin qüvvədə olan meyarlara görə müvafiq göndəriş rəsmiləşdirmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2-ci bəndinə uyğunlaşdırmaqla, iddiaçıya İİ dərəcə əlillik təyin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2-ci bəndindən görünür ki, həmin bənddə iddiaçının orqanizmində olan patofunksional pozuntuya uyğun xəstəlik növü qeyd edilməmişdir. Lakin həmin Əsasnamənin 2.1.7-ci bəndində qeyd edilmiş tibbi göstəricilər (“Ətrafların hərəkət funksiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, paraparez”) 1-ci dərəcə əlillik təyinatına əsas verir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının orqanizmində olan patofunksional pozuntuların Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlar baxımından qiymətləndirilməsi və ağırlaşmaların həmin tələblərə uyğunlaşdırılması onun vəziyyətini ağırlaşdıran haldır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1434/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-879/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-879/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver