Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-88/2023 14.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, iddiaçı Şıxaliyeva (Hüseynova) Rasimə Hüseynbala qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(120)-1225/2022 nömrəli qərarından üçüncü şəxs Şıxaliyeva Validə İsaxan qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Şıxaliyeva (Hüseynova) Rasimə Hüseynbala qızının Cavabdehnə qarşı Şirvan şəhəri, L-nt. İbrahimov küçəsi, ev 14, 25 nömrəli mənzilə pasport qeydiyyatına düşməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şıxaliyeva (Hüseynova) Rasimə Hüseynbala qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, İ-nt İbrahimov küçəsi, ev 14, 25 nömrəli mənzilə pasport qeydiyyatına düşməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 29 noyabr 2022-ci il tarixli, 2- 1(120)-1225/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Şıxaliyeva Rasimə Hüseynbala qızının Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 14, 25 nömrəli mənzilə pasport qeydiyyatına düşməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxs Şıxaliyeva Validə İsaxan qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Şıxaliyev Rafael Qəzənfər oğlu ilə xx.xx.2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçərək orada yaşamışdır. Qeyd edilən mənzil ilk əvvəl Şıxaliyev Qəzənfər Muxtar oğlunun, daha sonra həyat yoldaşı Şıxaliyev Rafael Qəzənfər oğlunun, hal-hazırda isə Şıxaliyeva Validə İsaxan qızının mülkiyyətindədir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-cı il tarixli qətnaməsi ilə Şıxaliyev Rafael Qəzənfər oğlu ilə aralarında bağlanmış nikah pozulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə Şixaliyeva Validə İsaxan qızının ona qarşı özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmağı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədə məhkəmə onun Şixaliyeva Validə İsaxan qızna məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olması qənaətinə gəlmişdir. O, 2004-cü ildən yaşadığı və məhkəmə qətnaməsi ilə istifadə hüququnun tanındığı mənzilə qeydiyyata düşməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Şıxaliyeva Validə İsaxan qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsi mübahisəni həll edərkən gəldiyi nəticə qanuni və əsaslı deyildir. Birinci instansiya məhəkməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozularaq düzgün təsvir edilməmiş, tətbiq olunmalı hüquq normaları tətbiq olunmamışdır. Şirvan Şəhər Məhkəməsində iddiaçının uşaqları Şıxaliyeva Türkan Rəfael qızı və Şıxaliyev Pünhan Rəfael oğlu ilə birlikdə 10000 manat məbləğində kompensasiya ödəmək şərti ilə xitam verilməsi tələbinə dair iddia qaldırmış və Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1592/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Buna baxmayaraq iddiaçının Şirvan İnzibati Məhkəmədə qaldırdığı iddia tələbi Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(120)-1225/2022 nömrəli qərarı ilə təmin edilmişdir. Prosessual məsələlər İddiaçı Şıxaliyeva (Hüseynova) Rasimə Hüseynbala qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, hazırda mübahisəli mənzildə yaşamır. O, Şirvan Apellyasiya Məhkəməsinin onun kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə qətnaməsindən kassasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs Şıxaliyeva Validə İsaxan qızı məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin və üçüncü şəxs Şıxaliyeva Validə İsaxan qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(120)-1225/2022 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan xx.xx.1974-cü il tarixli, 405 nömrəli orderdən görünür ki, Çörək Zavodunda fəhlə işləyən Şıxaliyev Qəzənfər Muxtar oğluna Əli-Bayramlı şəhərindən bina 50-dən, 25 nömrəli mənzil verilmişdir. İşdə olan xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Əli-Bayramlı şəhərində bina 50, mənzil 25 ünvanındakı 4 otaqlı, ümumi sahəsi 85,33 kv.m olan mənzil Şıxaliyev Qəzənfər Muxtar oğluna məxsusdur. İşdə olan 12 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, bina 14, mənzil 25, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,40 kv.m olan mənzil Şıxaliyev Qəzənfər Muxtar oğlu tərəfindən Şıxaliyev Rəfael Qəzənfər oğluna bağışlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********1 olan çıxarışdan görünür ki, Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, bina 14, mənzil 25, yeni qaydalarla: ünvan 2 ünvanında 88,40 kv.m olan daşınmaz əmlaka Şıxaliyev Rəfael Qəzənfər oğlunun mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan 01 mart 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, bina 14, mənzil 25, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,40 kv.m olan mənzil Şıxaliyev Rəfael Qəzənfər oğlu tərəfindən Şıxaliyeva Validə İsaxan qızına bağışlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, bina 14, mənzil 25, yeni qaydalarla: ünvan 2 ünvanında 88,40 kv.m olan daşınmaz əmlaka Şıxaliyeva Validə İsaxan qızının mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Əli Bayramlı şəhər nikah evi tərəfindən 25 sentyabr 2004-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 129225 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Şıxaliyev Rafael Qəzənfər oğlu ilə İddiaçı arasında 25 sentyabr 2004-cü il tarixdə 304 nömrə ilə nikah qeydə alınmışdır. İşdə olan Şirvan şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(032)-515/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şıxəliyev Rəfael Qəzənfər oğlunun cavabdeh Şıxaliyeva Rasimə Hüseynbala qızı ilə Əli Bayramlı şəhər nikah evində 25 sentyabr 2004cü ildə 304 nömrə ilə qeyd alınmış nikahlarının pozulması və birgə nikahdan xx.xx.2006-cı ildə doğulmuş Şıxaliyeva Türkan Rəfail qızının və xx.xx.2009-cu ildə doğulmuş Şıxaliyev Pünhan Rəfail oğlunun cavabdeh Şıxaliyeva Rasimə Hüseynbala qızının yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Şıxaliyev Rafael Qəzənfər oğlu ilə Şıxaliyeva Rasimə Hüseynbala qızı arasında olan nigaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 305-1144Ş-3222 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir. İşdə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1592/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şıxaliyeva Rasimə Hüseynbala qızına 10000 manat kompensasiya ödənilməklə uşaqları Şıxaliyeva Türkan Rəfail qızı və Şıxaliyev Pünhan Rəfail oğlu ilə birlikdə Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, bina 14, mənzil 25-də yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-364/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şıxaliyeva Rasimə Hüseynbala qızının apellyasiya şikayəti təmin edilməmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1592/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-364/2023 nömrəli məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-364/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti daxil olmadığından, mülki iş xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə qaytarılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı Şıxaliyeva Rasimə Hüseynbala qızı ünvan 1 ünvanında yaşadığından və onun həmin ünvandan çıxarılmasının təmin olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, iddiaçı yaşayış yeri kimi həmin mənzilə qeydiyyata alınmasını tələb etməkdə haqlıdır və cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmış qərar kimi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadə hüququ ilə bağlı mülki mübahisənin olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1592/2022 nömrəli qətnaməsi ilə iddiaçıya 10000 manat kompensasiya ödənilməklə uşaqları ilə birlikdə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi qərara alınmış və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmçinin iddiaçı hazırda mübahisəli mənzildə yaşamır. İddiaçının istifadə hüququna xitam verildiyindən və hazırda mübahisəli mənzildə yaşamadığından iddiaçının mübahisəli mənzilə pasport qeydiyyatına, yəni yaşayış yeri üzrə qeydiyyata alınmasına zərurət qalmır. Çünki qanunvericiliyə əsasən hər hansı bir şəxs yaşadığı yer üzrə qeydiyyata alına bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, üçüncü şəxs Şıxaliyeva Validə İsaxan qızının apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(120)-1225/2022 nömrəli qərarı ləğv edilməli, iddiaçı Şıxaliyeva Rasimə Hüseynbala qızının Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 14, 25 nömrəli mənzilə pasport qeydiyyatına düşməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Şıxaliyeva Validə İsaxan qızının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(120)-1225/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Şıxaliyeva Rasimə Hüseynbala qızının Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 14, 25 nömrəli mənzilə pasport qeydiyyatına düşməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-88/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-88/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver