Məhkəmə qərarları › İş №2-1(106)-88/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-88/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-88/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1448/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 02 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-1448/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla (160.4.Hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.), ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. Qeyd edilən normalardan da görünür ki, iddiaçının soya paxlasını əldə etdiyi "GRAİN AQRO” MMC həmin məhsulların idxalı zamanı ƏDV ödəsə də, həmin ödədiyi ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı öhdəliyi olmamışdır, çünki soya paxlası heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem olduğu üçün və qanunvericiliyin tələblərinə əsasən o, iddiaçıya ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim edilmişdir. Həmçinin Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Qanununun 1.51.12ci bəndinə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmışdır və “4” rəqəmi “7” rəqəm ilə əvəz edilmişdir. Həmin qanuna edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı və hüquqi məsuliyyətini yüngülləşdirdiyi üçün geriyə qüvvəsi şamil edilməlidir. Həmçinin Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, vergi ödəyicisinin malını təqdim etdiyi müəssisənin fəaliyyətini yoxlamaq və həmin mallardan hansı məqsədlərlə gələcəkdə istifadə edəcəyini araşdırmaq kimi bir vəzifəsi müəyyən ediməmişdir. Başqa sözlə, iddiaçının soya paxlasını təqdim etdiyi "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC tərəfindən həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsi olmamışdır. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2021-ci il dekabr ayı üzrə analoji qaydada kameral vergi yoxlaması keçirilmiş və 179.890,20 manat məbləğində ƏDV hesablanmışdır. Daha sonra, iddiaçı 2021-ci ilin dekabr ayı üzrə ƏDV üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş və cavabdeh vergi orqanı yenidən 24 oktyabr 2022-ci il tarixində qərar qəbul etməklə 179.890,20 manat əlavə hesablanmış ƏDV-ni bərpa etmişdir. Daha sonra, iddiaçı 7 fevral 2023-cü il tarixində 2021-ci ilin dekabr ayı üzrə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, sonuncu verilən bəyannamə üzrə ümumiyyətlə uyğunsuzluq məktubu təqdim edilməmiş və birbaşa kameral vergi yoxlamasının nəticəsi üzrə 17 fevral 2023-cü il tarixli qərarla əlavə ƏDV hesablanmışdır. Vergi orqanın 17 fevral 2023-cü il tarixli qərarı aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: Cavabdeh vergi orqanı tərəfindən bundan əvvəl təqdim edilmiş qərarda hesablamaya əsas kimi aşağıdakılar göstərilmişdir: “İddiaçı MMC tərəfindən 2021-ci il ərzində EQF əsasında 999.390.00 manat dəyərində soya paxlası "xxxx" MMC-yə təqdim edilmişdir. Həmin məhsullar İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən əldə edilmişdir. Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dan azad olan yem və yem əlavələrin siyahısı” təsdiq edilmişdir. Həmin siyahıda soyanın olduğu müəyyən edilmişdir. Lakin soyanın təqdim edildiyi "xxxx" MMC-nin faktiki olaraq hər hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi müəyyən edilmişdir. Qeyd edək ki, məhsullar idxal zamanı ƏDV-yə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC tərəfindən azaldılmış 179.890,20 manat (999 390,00 x 18%) ƏDV məbləğinin bərpa edilməsi nəzərdə tutulur.” Göründüyü kimi, cavabdeh vergi orqanı qərar qəbul edərkən belə qənaətə gəlmişdir ki, soya paxlası heyvandarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün həmin soyanın satışı ƏDV-yə cəlb edilməlidir. Vergi Məcəllənin 164.1.46-cı maddəsinə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin” Siyahısında soya da nəzərdə tutulmuşdur. İddiaçı soya paxlasını "GRAİN AQRO” MMCdən ƏDV-siz əldə etmiş, eyni zamanda "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC-yə ƏDVsiz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. Həmin soya paxlasının isə idxalı zamanı ƏDV-yə cəlb edilməsi ona görə olmuşdur ki, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin yalnız satışı ƏDV-dən azad edilmiş, idxalı isə azad edilməmişdir. Ümumiyyətlə həmin məhsulların idxalı zamanı ƏDV-yə cəlb edilməsi hazırki məsələyə heç bir aidiyyəti yoxdur. Diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175 -ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Həmin Məcəllənin 175.6-ci maddəsinə görə ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Qeyd edilən normalardan da görünür ki, iddiaçının soya paxlasını əldə etdiyi "GRAİN AQRO” MMC həmin məhsulların idxal zamanı ƏDV ödəsə də, həmin ödədiyi ƏDV-nin əvəzləşdirilməsinə hüququ olmamış ondan ötrü ki, soya paxlası heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem olduğu üçün onu iddiaçıya ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. İddiaçı isə həmin məhsulları ƏDV-siz əldə etdiyi təqdirdə, hansı qaydada ƏDV-yə cəlb edilən əməliyyat kimi təqdim edə bilərdi sualı maraq doğurur. Kameral vergi yoxlaması zamanı vergi orqanı cəmiyyətin soya paxlasını satdığı "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC-ni cəlb edərək həmin məhsulları hansı məqsədlər üçün istifadə edildiyini araşdırmamışdır. Halbuki, "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC vergi orqanına və DVX-yə müraciət edərək bildirmişdir ki, həmin soya paxlasını cəmiyyətdən əldə edərək onlardan heyvanların yemlərinə qatılması üçün yağ istehsal etmişdir ki, həmin yağ məhsulunu da heyvandarlıqla məşğul olan digər sahibkarlara satmışdır. Həmçinin iddiaçının bir vergi ödəyicisi kimi soya paxlasını təqdim etdiyi "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC-ni həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsi olmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 999 390,00 manat dəyərində soya paxlası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Həmin məhsullar İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir. Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dən azad olan yem və yem əlavələrinin siyahısı” təsdiq olunmuşdur. Həmin siyahıda “soya"nın da olduğu müəyyən edilmişdir. Lakin, soyanın təqdim olunduğu "xxxx" MMC-nin faktiki olaraq hər-hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi müəyyən olunmuşdur. Məhsullar idxal edilən zaman ƏDV-yə cəlb edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamə üzrə təqdim edilmiş soya məhsullarının ƏDV-yə cəlb edilməməsi və bəyannamənin göstəricisiz olaraq təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamənin təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********990900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 179 890,20 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********603500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmiş, daha sonra Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi bir daha göstəricisiz olaraq təqdim edilmiş və nəticədə sonuncu "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********724400 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli EBBB seriyalı 970726 nömrəli və 21 06.2021-ci il tarixli EBBD seriyalı 572910 nömrəli elektron qaimə-fakturalar əsasında dəyəri ümumilikdə 999 390,0 manat təşkil edən 701 ton soya paxlasını ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildiyi müəyyən edilmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən 2020-ci il yanvarın 1-dən 4 il müddətinə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmişdir. “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə təsdiq olunmuşdur. Həmin siyahıda “soya" məhsulu heyvandarlıq və quşçuluq təsərrüfatında istifadə edilən yemlərin siyahısında qeyd olunmuşdur. Göründüyü kimi, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində məhsulla yanaşı, həmin məhsulun hansı məqsədlər üçün istifadə edilməsi azadolmanın əsas şərti hesab edildiyindən alıcı vergi ödəyicisinə sözügedən azadolmanın tətbiq edilib-edilməməsi mülki münasibət çərçivəsində müəyyən edilməlidir. Həmçinin soya yem məqsədləri ilə yanaşı, texniki məqsədlər üçün (boyaq və sabun istehsalında və s.) istifadə edildiyindən həmin məhsulun təyinatı üzrə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilməsinin müəyyən olunması Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinin tətbiqi baxımından zəruridir. Eyni zamanda ƏDV malın (işin və xidmətin) dəyərinə əlavə edilən vergi növü olmaqla aparılan əməliyyatların vergiyə cəlb olunan, vergiyə cəlb olunmayan və ya vergidən azad olunan əməliyyat olması Vergi Məcəlləsi ilə şərtləndirildiyindən, malın (işin və xidmətin) təqdim edilməsinin hansı əməliyyatın təsir dairəsinə düşməsi hallarını müəyyən etmək və aydınlaşdırmaq malı (işi və xidməti) təqdim edən vergi ödəyicisinin öhdəliyidir. Bu baxımdan, məhsulun satışı satıcı üçün vergi öhdəliyi yaratdığından soya paxlasını təqdim edən vergi ödəyicisi təqdim etdiyi məhsulun ƏDV-yə cəlb edilən və ya ƏDV-dən azad olunan əməliyyat olmasını müəyyən etməlidir. Yem məhsullarının heyvandarlıq və quşçuluq təsərrüfatlarının fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və vergi öhdəliyinin düzgün müəyyən edilməsi üçün satıcı vergi ödəyicisi tərəfindən əməliyyatın aparılması zamanı alıcının fəaliyyəti, o cümlədən alınan məhsulun hansı məqsədlər üçün istifadə edilməsi əvvəlcədən müəyyən edilməlidir. Vergi ödəyiciləri arasında alqı-satqı müqaviləsi mülki münasibətlər çərçivəsində bağlanıldığından və bu müqavilələr üzrə vergi ödəyicilərinin üzərinə maliyyə öhdəlikləri qoyulduğundan, aparılan əməliyyatların vergiyə cəlb olunan və ya azad olunan əməliyyat olması müəyyən edilməklə müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Eyni zamanda “ABŞERON VAĞ EMALİ FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanına müraciət edərək, İddiaçındən əldə edilmiş soya paxlasından heyvan yemlərinə qatılması üçün yağ istehsal etdiyini bildirmişdir. Beləliklə, Vergi Məcəlləsinin 164.1 46-cı maddəsinə əsasən 2020-ci il yanvarın 1-dən 4 il müddətinə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edildiyini, lakin “ABŞERON YAĞ EMALİ FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əldə edilmiş soya paxlasının yağ istehsalında istifadə edildiyini, ƏDV malın (işin və xidmətin) dəyərinə əlavə edilən vergi növü olmaqla aparılan əməliyyatların vergiyə cəlb olunan, vergiyə cəlb olunmayan və ya vergidən azad olunan əməliyyat olması Vergi Məcəlləsi ilə şərtləndirildiyindən, malın (işin və xidmətin) təqdim edilməsinin hansı əməliyyatın təsir dairəsinə düşməsi hallarını müəyyən etmək və aydınlaşdırmaq malı (işi və xidməti) təqdim edən vergi ödəyicisinin öhdəliyi olduğunu nəzərə alaraq, mübahisələndirilən qərar tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin iddianın məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********724400 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi münasibətlərini tənzimləyən, eyni zamanda hazırki mübahisəyə tətbiq edilməli olan müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. -164.1.46-cı maddəsinə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Qanununun 1.51.12ci bəndinə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmış, “4” rəqəmi “7” rəqəm ilə əvəz edilmiş və həmin Qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin” Siyahısının 1.8-ci bəndində soya nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilməlidir ki, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinin yeganə əsası kimi mal satdığı "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC tərəfindən həmin soyadan hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsinin olması ilə bağlıdır ki, cavabdehin bu yanaşmasına birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh verilmiş və müvafiq normalar təhlil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddiaya qarşı etirazın dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1448/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar