Məhkəmə qərarları › İş №2-1(106)-883/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-883/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-883/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2559/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi TibbiSosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6398/2024 saylı qərarının ona münasibətdə ləğv olunması və həmin tarixdən ona təyin olunmuş əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 23 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-2559/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6398/2024 saylı qərarının İddiaçı aid hissədə ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən İddiaçı təyin olunmuş ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan iddiaçıya ünvanladığı bildirişində müvafiq Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Cavabdehin istinad etdiyi sübut kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu göstərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “bir sıra vətəndaşların Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciətləri barədə məlumatlar mövcud deyildir.” Lakin həmin məktubda qeyd edilən hallar cavabdeh tərəfindən araşdırılmamış və həmin siyahıda iddiaçının adının olub-olmadığını müəyyən etmədən natamam inzibati icraat əsasında əsasında qüvvədə olan əlillik təyinatının ləğvi barədə qərar qəbul edilmiş və həmin əsaslar üzrə aparılmış inzibati icraat materialları nə iddiaçıya, nə də ki, məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, şəxsi əyani müayinəyə cəlb etdikdən sonra qərar qəbul etməyə və icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, itabiznİ̇İ“ icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 2019-cu ildən xx.xx.2024-cü il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz Filialının ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, barəsində araşdırılma aparılmış və vaxtilə ona təyin edilmiş əlilliyin təyin edilməsinə əsas olmuş sənədlər yenidən nəzərdən keçirilərək, barəsində qüvvədə olan 2 dərəcə əlillik təyinatının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilməklə əlilliyi dayandırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, X2 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən 24 (iyirmi dörd) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 6 (altı) nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, 18 (on səkkiz) nəfər vətəndaş müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, 5 (beş) nəfər isə digər tarixlərə dəvət olunsa da xx.xx.2024-cü il tarixində komissiyada iştirak etmiş, əyani müayinələri həyata keçirilmişdir. Ümumilikdə 29 (iyirmi doqquz) nəfər barəsində qərar verilmiş və aşağıdakılar müəyyən edilmişdir. Masallı rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı dair Masallı Rayon Mərkəzi Poliklinikasının 0286003AASSD nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Xroniki limfoleykoz, İİİ mərhələdə,4 kurs pKDM, hər iki k/altı və üstü limfa vəzilərin zədələnməsi. Splenomeqaliya. Ürək çatmamazlığı. Xroniki QDÇ-İİ dərəcə.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H-18517/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Buna baxmayaraq vətəndaş əyani müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1492 nəfər barəsində Səhiyyə Nazirliyinə verilmiş sorğu nəticəsində 747 nəfərin Milli Hematologiya Transfuziologiya Mərkəzində qeydiyyatda olmadığı məlum olmuşdur. Bununla bağlı həmin şəxslərin əlillik vəziyyətinə yenidən baxmaq zərurəti yaranmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmiş, mübahisələndirilən qərarla həmin qərarın ləğv edilməsi və “Diaqnozun təsdiqini tapmaması” nəticəsinə gəlinmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişi ilə iddiaçı TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan halların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Masallı rayon Mərkəzi Xəstəxanasının 0286003AASSD nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ümumi xəstəliklə əlaqədar olaraq 5 il müddətinə ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu əsasında 2017-2022-ci illərdə rəsmiləşdirilmiş göndərişlər əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatların təhlili zamanı qan xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının əsaslılığının araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində xx.xx.2024-cü il tarixli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuş, lakin iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlillik təyinatı barədə qüvvədə olan qərar xx.xx.2024-cü il tarixdə ləğv edilərək, diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2017-2022-ci illərdə rəsmiləşdirilmiş göndərişlər əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatların təhlili zamanı qan xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı bildirilir ki, təqdim olunmuş siyahı üzrə bir sıra vətəndaşların Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciətləri barədə məlumatlar mövcud deyildir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzla işarələnmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı dəlillər təqdim etməmiş, eyni zamanda yuxarıda qeyd olunan Qaydanın 3.7-ci bəndinin tələblərinə riayət etməmişdir. Belə ki, iddiaçının Milli Hematologiya və Transfuziologiya Mərkəzində qeydiyyatda olmaması və yaxud adının müvafiq siyahıda olmaması hələ onun müəyyən xəstəlikdən əziyyət çəkməməsini güman etmək üçün kifayət etmir. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, iddiaçı əyani şəkildə müayinə olunduğu və əvvəlki qərarın qanunsuz olmasını əsaslandıran yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçını əyani şəkildə müayinə etmədən və onun orqanizmində patofunksional pozuntunun mövcud olub-olmamasını müəyyən etmədən əvvəlki qərarının qanunsuz olması qənaətinə gəlmişdir ki, bu hal yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə və inzibati icraatın prinsiplərinə ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2559/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar