Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-89/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X9 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)- 1058/2023 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1058/2023 nömrəli qərardadı ilə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılmaqla, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1058/2023 nömrəli qərardadı ilə iddia tələbinə “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuşam. Əmək fəaliyyətinə 06 dekabr 1973-cü il tarixdən başlamışam. Belə ki, yaşadığım kəndin ərazindən yerləşən “Komunist” sovxozunda 06 dekabr 1973-cü il tarixli 790 nömrəli əmrlə fəhləliyə qəbul edilmişəm. Həqiqi hərbi xidmətə çağırıldığıma görə xx.xx.1975-ci il tarixli 362 nömrəli əmrlə işdən azad olunmuşam. 04 iyun 1975-ci il tarixdən 24 iyun 1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşam. SSRİ Müdafiə Nazirinin xx.xx.1977-ci il tarixli 112 nömrəli əmrinə əsasən xx.xx.1977-ci il tarixdən ordudan tərxis olub ehtiyyata buraxılmışdır. xx.xx.1978-ci il tarixli 149 saylı əmrlə ərizəsinə əsasən fəhlə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixli 52 saylı əmrlə ərizəmə əsasən işdən azad olunmuşdur. 31 yanvar 1989-cü il tarixli 14 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elmi-bərpa Respublika İstehsalat İdarəsinin Lənkəran sahəsinə 3-cü dərəcəli dülgər işinə qəbul edilmişəm. xx.xx.1997-ci il tarixli 03k nömrəli əmrlə ərizəmə əsasən işdən azad edilmişdir. "xxxx" kiçik müəssisəsinə xx.xx.1997-ci il tarixli 05 nömrəli ərminə əsasən fəhlə qəbul edilmişəm və ərizəmə əsasən xx.xx.2006-c il tarixli 03 nömrəli əmrlə işdən azad olunmuşam. Ərizəmə əsasən xx.xx.1997-ci il tarixli 05 nömrəli əmrlə "xxxx" ticarət istehsalat kiçik müəssisəinə (sonradan təşkilatın hüquqi forması dəyişmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmış fəhlə qəbul edilmişəm. Ərizəmə əsasən 01 dekabr 2006-ci il tarixli 03 nömrəli əmrlə işdən azad edilmişəm. Beləliklə “Komunst” sovxozunda (xx.xx.1973-xx.xx.1975 və xx.xx.1978-xx.xx.1989) 12 il 4 ay 19 gün; həqiqi hərbi xidmətdə (xx.xx.1975-xx.xx.1978) 2 il 20 gün; Lənkəran EBİl-də (xx.xx.1989-xx.xx.1997) 7 il 3 ay 10 gün; "xxxx" ticarət ticarət istehsalı kiçik müəssisəsi adlanandan sonra dəyişdirilib "xxxx" Məhdud Məsuliyyətli adlanan təşkilata xx.xx.1997-ci ildən xx.xx.2006-ci il tarixə kimi olan müddətdə cəmi təşkilatda 10 il işləmişəm. Bundan başqa peşə məktəbində (xx.xx.1972-xx.xx.1973) 10 ay 15 gün oxumuşam. Ümumiyyətlə sosial sığorta stajım 32 il 7 ay 4 gündür. Hazırda 65 yaşım var. Odur ki, yaşa görə pensiya təyin edilməsindən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 müraciət etmişdim. Əmək pensiyası təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli 19X82S70014 nömrəli qərarı ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Qeyd etdiklərimə əsasən inzibati orqanın qəbul etdiyi qərarı əsassız sayıram. Belə ki, mənəm kifayət qədər iş stajım vardır və mənə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2-1(120)- 2721/2022 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Məhkəmənin nəzərinə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildiririk ki, iddiaçı İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 20 gün hərbi xidmət dövrü, təhsil haqqında sənədin (attestat) surətinə əsasən 01,09.1972-ci il tarixdən 01,07.1973-cü il tarixədək 10 ay təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, 01,02.1989-cu il tarixdən 10.01,1997- ci il tarixədək 20 il 4 ay 21 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 3 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı əmr qeydində qaralama olduğundan) riayət olunmamışdır. Bu səbəbdən həmin dövrləri əhatə edən 6 il 2 ay 9 gün mübahisələndirilən əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1058/2023 saylı qərarı (hakim Ş.Musayev) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 20 gün hərbi xidmət dövrü, təhsil haqqında sənədin (attestat) surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək 10 ay təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən 24.01,1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək 20 il 4 ay 21 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 6 3 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı əmr qeydində qaralama olduğundan) riayət olunmamışdır. Bu səbəbdən həmin dövrləri əhatə edən (xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) 6 il 2 ay 9 gün mübahisələndirilən əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. Cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı əmr qeydində qaralama olduğundan) əməl edilməmiş və bu səbəbdən xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan görünür ki, cavabdeh tərəfindən hazırda mübahisələndirilməyən iş stajı 23 il 03 ay 11 gün (xx.xx.1972-ci il tarixdən xx.xx.1997-ci il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü və əmək fəaliyəti dövrü) mübahisəsiz sığorta stajı kimi nəzərə alınmışdır. Buna görə də məhkəmə kollegiyası həmin dövrlərlə bağlı deyil, birinci instansiya məhkəməsi tərəfindən təmin edilən və cavabdeh tərəfindən qəbul edilməyən (mübahisələndirilən) digər dövrlərlə (xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) bağlı dəlillərə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən digər dövrləri (xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.2006-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozunun əmr kitablarına əsasən 1973-cü ilin dekabr ayının 01-də 790 saylı əmrlə verdiyi ərizəsinə əsasən sovxoza fəhlə qəbul edilmiş, 1975-ci ilin may ayının 31-də 362 saylı əmr ilə ordu sıralarına çağırıldığı üçün işdən azad edilmiş, yenidən 1978-ci ilin fevral ayının 09-da 149 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1989-cu ilin yanvar ayının 24-də 52 saylı əmrlə başqa yerə getdiyi üçün işdən azad edilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 144/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1983-1989-cu illərdə Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozunda işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan xx.xx.1973-cü il tarixli, 44 nömrəli atestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1973-cü illərdə 63 nömrəli Texniki Peşə Məktəbində təhsil almışdır. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 02 nömrəli əmək haqqı arayışından görünür ki, İddiaçı 1977-2006-cı illərdə "xxxx" MMC-də işləmiş və aylar üzrə müvafiq əmək haqqı almışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilən Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 126 nömrəli məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozunun əmr kitablarına əsasən 1973-cü ilin dekabr ayının 01-də 790 saylı əmrlə verdiyi ərizəsinə əsasən sovxoza fəhlə qəbul edilmiş, 1975-ci ilin may ayının 31-də 362 saylı əmr ilə ordu sıralarına çağırıldığı üçün işdən azad edilmiş, yenidən 1978- ci ilin fevral ayının 09-da 149 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1989-cu ilin yanvar ayının 24-də 52 saylı əmrlə başqa yerə getdiyi üçün işdən azad edilmişdir, həmçinin 1978-1989-cu illərdə əmək haqqı almışdır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 130 nömrəli məktubundan görünür ki, Astara rayon Dövlət Arxivində "xxxx" kiçik müəssisəsinin sənədləri saxlanılmır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 38 nömrəli sərəncamından görünür ki, "xxxx" kiçik müəssisəsinin nizamnaməsi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli qərardan görünür ki, "xxxx" ticarət istehsalat kiçik müəssisəsinin adı və təşkilati hüquqi forması dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx.xx.2004-cüi il tarixli nizamnamədən görünür ki, Şindan” ticarət istehsalat kiçik müəssisəsi yenidən təşkil olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cevrilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi yeni redaksiyada təsdiq edilmişdir. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 1 nömrəli əmrindən görünür ki, X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışında qeyd edilmişdir ki: 08 dekabr 2022-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, X3 1997-2006cı illərdə "xxxx" Kiçik Müəssisəsində (sonralar adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır) əmək fəaliyyəti barədə məlumatın və sənədlərin (işə daxil olma və işdən çixma ilə bağlı əmrlər, əmək haqqı, əmrlər kitabından çıxarışlar, əgər yoxdursa səbəbləri barədə məlumatın) təsdiq olunmuş surətini Şirvan İnzibati Məhkəməsinə göndərməyimizi xahiş etmisiniz. Bildiririk ki, fəaliyyət göstərmiş "xxxx" Kiçik Müəssisəsi və hal- hazırda fəaliyyət göstərən "xxxx" MMC "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Hər iki müəssisə dövlət müəssisəsi olmadığından dövlət arxivi qeyri dövlət müəssisəsinin sənədlərini saxlamaqdan ötəri qəbul etmir- imtina edir. Hazırda müəssisəyə aid sənədləri (uzun müddət saxlamağa imkanımız olmadığından) 10 ildən artıq saxlanılmır. 01 yanvar 2007-ci il tarixədək müəssisədə işləyən işçilərin sığorta məbləği ümumi olaraq köçürülürdü. 01 yanvar 2007-ci il tarixdən müssisədə işləyən hər bir işçinin adına sığorta kartı verilir ki, bu da işçiyə sığortaya köçürtdüyü məbləğə görə əmək pensiyası hesablansın. Birinci instansiya məhkəməsində həm də Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində İddiaçı tanıdığını, iddiaçının onun rəhbəri olduğu müəssisədə işlədiyini, onun rəhbəri olduğu müəssisənin dövlət müəssisəsi olmadığından sənədlərinin arxiv tərəfindən götürülmədiyini, həmin sənədlərin 10 il saxlanıldıqdan sonra məhv edildiyini, həmçinin hər ay əmək haqqı aldığını, işçilərin adından məcburi sosial sığorta haqlarının hər ay müəssisə tərəfindən vaxtlı vaxtında ödədiyini, əmək kitabçasındakı qeydləri əmr kitabına baxıb yazdığını, 2014-2015-ci illərə kimi olan əmrlər kitabını saxladığını, işçilərinin sezonluq deyil, daimi olaraq çalışdığını, işçilərə minimum əmək haqqı verdiyini, DSMF-yə 2006-cı ilin dekabr ayına kimi ödənilən ümumi ödənişlərin qəbzlərinin onda olduğunu bildirmişdir. İş materillarında olan DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının pensiya təminatı şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı xx.xx.1997-xx.xx.2006-cı illərin iş stajının və əmək haqlarının yoxlanılmasına dair tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2006cı il tarixədək "xxxx" kiçik müəssisəsinin əmrlər və əmək haqqı kitabları saxlanılmadığından yoxlama aparmaq mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin təsisçisi və direktoru X5 məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktubdan görünür ki, "xxxx" MMC 07 Aprel 1992ci il tarixində Astara rayon İcra Hakimiyyətinin 38 nömrəli sərəncamı ilə qeydə alınmış və hal hazıra kimi fəaliyət göstərir. Müəssisənin 05 nömrəli əmrinə əsasən İddiaçı xx/xx/1997-ci il tarixində "xxxx" MMC də fəaliyyətə başlamış (fəhlə kimi işə qəbul edilmiş ), 01 dekabr 2006 ci il tarixində yazdığı ərizəsinə əsasən müəssisənin 03 nömrəli əmri ilə işdən azad edilmişdir. ( Bu haqda əmək kitabçasında qeyd edilmişdir.). Qeyd etmək istəyirəm ki, müəsissə o, zamanlar müəssisədə işləyən bütün əmkdaşlarına minimum əmək haqqı hesablayıb ödəyir və minimum əmək haqqından da sosial ayırmalar ayrılıb sosial müdafiə fonduna köçürülürdü. Müəsissə həmin ayırmaları vaxt vaxtında sosial müdafiə fonduna köçürmüşdür. Sosial müdafiə fondu müəssisənin direktorunun sorğusuna əsasən bu haqda müəssisəyə 1997/2007 ci illər ərzində (ayrı-ayrı illərdə) müəssisənin sosial müdafiə fonduna köçürülürdü. Məbləğlər (pul vasitləri) haqqında yazılı cavab verilmişdir. İş materiallarında olan DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının “ödənilmiş məcburi dövlət sosial sığorta haqları” barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-126408/2024 nömrəli məlumat məktubundan aydın olur ki, "xxxx" MMC (əvvəlki adı "xxxx" kiçik müəssisəsi) tərəfindən 1996-2006-ci illər üçün məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında Şindan ticarət istehsalat kiçik müəssisəsində işlədiyini, həmin müəssisədə çörək bişirən işlədiyini və əmək haqqı aldığını, həmin müəssisədə 2006-cı ilin dekabr ayına kimi işlədiyini və həmin dövrdə onunla birgə X5 işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində mübahisələndirilən dövr kimi iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrü ilə bağlı qeyd edir ki, əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı əmr qeydində qaralama olduğundan) əməl edilmədiyinə görə sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bildirdiyi hal iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal olmadığı üçün onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Araşdırma ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, iş materiallarına əlavə edilmiş sənədlərlə bu hal təsdiq olunur. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X10 (müəssisənin rəhbəri) izahatında İddiaçı tanıdığını, iddiaçının onun rəhbəri olduğu müəssisədə işlədiyini, onun rəhbəri olduğu müəssisənin dövlət müəssisəsi olmadığından sənədlərinin arxiv tərəfindən götürülmədiyini, həmin sənədlərin 10 il saxlanıldıqdan sonra məhv edildiyini, həmçinin hər ay əmək haqqı aldığını, işçilərin adından məcburi sosial sığorta haqlarının hər ay müəssisə tərəfindən vaxtlı vaxtında ödədiyini bildirmişdir. İş materiallarında olan DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının “ödənilmiş məcburi dövlət sosial sığorta haqları” barədə xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-C-126408/2024 nömrəli məlumat məktubundan aydın olur ki, həqiqətən də "xxxx" MMC (əvvəlki adı "xxxx" kiçik müəssisəsi) tərəfindən 1996-2006-ci illər üçün məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Qanunun tələbinə və formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçşasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi sığorta stajını nəzərə almaq mümkün idi. Çünki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı ilin 1 yanvar tarixindən etibarən başlanılmışdır. Həmin dövrdə qüvvədə olan Qanuna əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Bu baxımdan xx.xx.2006-cı tarixindən sonra pensiya kapitalının qeydə alınmaması, xx.xx.2006-cı il tarixədək olan dövrlərinin sosial sığorta stajı kimi nəzərə alınmasında maneə kimi qəbul edilə bilməz. Lakin, birinci instansiya məhkəməsi yalnız cavabdehin iddiaya qarşı verdiyi etirazda olan mübahisəli (xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) dövrlərə qiymət vermiş və həmin dövrləri sığorta stajı kimi nəzərə almış və iddiaçı məhkəmənin əsaslandırması ilə razılaşmış, nəzərə alınmayan digər dövrləri ilə bağlı apellyasiya şikayəti verməmişdir. İddiaçının hazırki tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan və birinci instnsiya məhkəməsi tərəfindən nəzərə alınan sığorta stajı ona pensiya təyin edilməsinə kifayət etdiyindən və iddiaçının tələbi təmin olunduğundan və hazırki inzibati işə cavabdehin apellyasiya şikayəti üzrə baxıldığından məhkəmə kollegiyası nəzərə alınmayan dövrlərin nəzərə alınmasını düzgün hesab etmir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməklə haqlı mövqe sərgiləmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1058/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-89/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-89/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver