Məhkəmə qərarları › İş №2-1(106)-893/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-893/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-893/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1140/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hərbi qulluqçu olduğu zaman istirahət hüququ pozulmaqla xidmət vaxtından sonra işlədiyi müddətlərə və pozulmuş istirahət müddətləri sonradan əvəzlənmədiyinə görə müvafiq vergi və sosial ödənişlər nəzərə alınmaqla, 113043 (bir yüz on üç min qırx üç) manat 47 qəpik kompensasiyanın verilməsi, DSMF-də iddiaçının hesabına 24869 (iyirmi dörd min səkkiz yüz altımız doqquz) manat 56 qəpik məbləğində işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 05 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-1140/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xidmət etdiyi yerlər üzrə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti 24 saatlıq iş rejimi olaraq müəyyən edilmişdir. Qeyd olunan əmr hazırda qüvvədədir və əmrə hər hansı dəyişiklik edilməmişdir. İddiaçı hərbi qulluqçu olaraq müvafiq əmrdən irəli gələn hərbi xidmət vəzifələrini verinə yetirmiş hesab olduğundan, habelə “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də və 13 nömrəli əmrdə xidmət vaxtından artıq isə görə əlavə haqq ödənilməsi nəzərdə tutulmadığından iddiaçının xidmət vaxtından sonra işlədiyi müddətlərə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. İddiaçı tələbin hüquqi əsasını, yəni, bu tələbinin hansı qanun qüvvəli hüquqi aktdan irəli pəlməsini əsaslandıra bilməmişdir. Hərbi qulluqçuların istirahət müddətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada məhdudlaşdırılması (xidmət vaxtının artırılması) zamanı hərbi qulluqçuya əlavə haqq ödənilməsi və ya ödənilməsi qaydasını tənzimləyən qanunvericilik norması yoxdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli Qərarı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərini müəyyən edir və həmin qərarda da xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Bu hal yəni, iş vaxtından artıq vaxt ərzində görülən işə görə əlavə haqq ödənilməsi sadəcə əmək qanunvericiliyində öz əksini tapmaqla əmək hüququ münasibətlərini yəni ki, əmək müqaviləsi əsasında yaranmış işçi və işəgötürən arasındakı əmək münasibətlərini tənzimləyən norma ilə müəyyən edilir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmətə başlamış, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər Şıxlı Sərhəd nəzarət şöbəsində nəzarətçi, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər Yalama Sərhəd nəzarət şöbəsində Mühafizə bölməsinin zabiti, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər olan müddətdə X2 X5 nəzarəti şöbəsində zabit-nəzarətçi kimi hərbi xidmət apardığı zaman hərbi qulluqçu kimi hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” 1991-ci il 25 dekabr tarixli, 36 nömrəli Qanunun 9-cu maddəsinin 1-ci hissəsində vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edildiyi bildirilir. 10-cu maddənin 1-ci hissəsində Azərbaycan Respublikasının hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaratdığı qeyd olunur. 11-ci maddəsinin 1-ci hissəsində hərbi qulluqçuların həftədə 41 saatdan çox olmayan xidmət vaxtı müəyyən edilir, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin verilməsi yolu ilə təmin edilir, o cümlədən zabitlər, gizirlər və miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün iki istirahət günü ilə beşgünlük xidmət həftəsi müəyyən edilir. İşi növbəli xidmətdən ibarət olduğundan, bu növbələrin təşkil edilməsi zamanı Qanunun xidmət vaxtı üzrə tələbi həftəlik tələb nəzərə alınmaqla aylıq nəzərdə tutulan maksimum xidmət vaxtından artıq ola bilməzdi. Buna baxmayaraq, barəsində təşkil olunmuş iş rejimi ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan tələbləri kobud surətdə pozulmuş, həddindən artıq gərgin işləməsinə, faktiki istirahətdən məhrum olmasına gətirib çıxarmış, nəticədə səhhətində ciddi problemlərlə üzləşmişdir. Belə ki, həftə ərzində 41 saat və ya ay ərzində 180 saatdan çox olmayaraq xidmət aparmalı olduğu halda, 2019-cu ilin aprel ayından 2020-ci ilin sentyabr ayına qədər 12/12 rejimində (12 saat iş, 12 saat istirahət ardıcıllığı ilə) 18 ay, 24/24 rejimində (24 saat iş, 24 saat istirahət ardıcıllığı ilə) 2021-ci ilin mart ayından həmin ilin avqust ayına qədər 6 ay və 2023-cü ilin fevral ayından həmin ilin noyabr ayına 10 ay, 24/48 rejimində (24 saat iş, 48 saat istirahət ardıcıllığı ilə) 2021-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayına qədər 17 ay, yəni hər ay 240-360 saat və ya qanunla müəyyən edildiyindən 60-180 saat artıq xidmət aparmışdır. Göstərilən dövrlərdə xidmətdə olması, əldə edilmiş təsdiqedici materiallarla yanaşı, həmçinin onun şəxsi parolu və barmaq izi ilə qeyd olunan vaxtlarda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil olması və sistemdə yüzlərlə şəxsin sərhəd keçməsini yoxlaması ilə sübut olunur. Belə qeydiyyatlar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə uyğun aparılır, texniki cəhətdən mühafizəlidir, yoxlanılır, silinmir, redaktə olunmur, məhkəmə və hüquq-mühafizə orqanlarında mötəbər sübut kimi qəbul olunur və on illərlə sistemdə saxlanılır. Bunu həmçinin növbə zamanı aparılan qeydiyyat kitablarındakı gündəlik qeydiyyatlar da sübut edir. Onun məsuliyyətli sahədə (sərhəd nəzarəti postlarında, o cümlədən X2 Hava Limanında şəxslərin sərhədkeçməsinin sənədli və vizual yoxlanılması) heç bir əmək və xidmət normalarına sığmayan gərgin iş rejimində, bütün fəaliyyəti boyu normal istirahət etmədən xidmət aparması, 2-ci Qarabağ müharibəsində iştirakı zamanı aldığı xəsarət və sarsıntılar, xidmətə qayıtdıqdan sonra qanunsuz olaraq təkrarən gərgin iş qrafikində işləməsi onun sağlamlığında ciddi fəsadlar törətmiş, nəticədə xx.xx.2023-cü il tarixdə səhhəti ilə əlaqədar hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxılmışdır. Aparılan mühasibat hesablamaları ilə müəyyən olunur ki, onun artıq xidmət aparılma vaxtına görə həmin aylar üzrə aldığı əmək haqqı və artıq işlənilən saatlara görə ödəmə əmsalı nəzərə alınaraq ona 2019-2020-ci illər üzrə 12/12 rejimində əlavə işləməyə görə 24427,72 manat, 2021-2023-cü illər üzrə 24/24 rejimində əlavə işləməyə görə 30233,52 manat, 2021-2022-ci illər üzrə 24/48 rejimində əlavə işləməyə görə 20382,23 manat, müvafiq vergi və sosial sığorta ödəmələri nəzərə alınmaqla cəmi 75043(yetmiş beş min qırx üç) manat 47 qəpik, həmçinin verilməmiş əlavə istirahət vaxtlarına görə 38000 (otuz səkkiz min) manat, ümumilikdə 113043 (yüz on üç min qırx üç) manat 47 qəpik ödənilməli, bundan əlavə DSMF-də onun hesabına 24869 (iyirmi dörd min səkkiz yüz altmış doqquz) manat 56 qəpik məbləğində işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişi aparılmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, sabiq hərbi qulluqçu Abaslı X3 Sərhəd Xidməti rəisinin xx.xx.2019-cü il tarixli 359 ş/h nömrəli əmri ilə DSX Sərhəd Nəzarəti “Şıxlı” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 0325 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə müvafiq olaraq, ehtiyata buraxılmışdır. Xxidmət vaxtından artıq xidmətə görə ödənişlərin edilməsi tələbinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə DSX-nin hərbi qulluqçularının pul təminatı: - 1.hərbi rütbə və vəzifə maaşlarından: 2.pul təminatının əlavə növlərindən və yol təminatından ibarətdir. 1.6-cı bəndinə əsasən isə hərbi qulluqçulara istirahət səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə və müəyyən olunmuş xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilmir. Göründüyü kimi, tələbin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Həmin Qanunun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu qeyd olunmuşdur. Həmin Qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; Pul təminatının əlavə növlərindən və yol təminatından. 1.6. Hərbi qulluqçulara istirahət, səsvermə, is günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə və müəyyən olunmuş xidmət vaxtından artıq isə görə əlavə haqq ödənilmir. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərini müəyyən edir və həmin qərarda xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. “Yalama” sərhəd nəzarəti şöbəsinin şəxsi heyəti sutkalıq xidmətə cəlb olunduğu üçün sabiq hərbi qulluqçu İddiaçı da sutkalıq xidmətlərə təyin edilmişdir. Habelə həmin əmrə əsasən İddiaçı Qırmızı Körpü (Şıxlı) dövlət sərhədindən buraxılış məntəqəsində 12 saatlıq iş rejimində xidmətə və X2 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçularının xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla) olduğu üçün sutkalıq xidmətə təyin edilmişdir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 13.2 və 13.3-cü maddələrinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin (rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkil edilməsi haqqında” əmri ilə Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti Dəniz limanlarında sərhəd nəzarəti şöbəsi, “Biləsuvar”, “Yalama”, “Xanoba”, “Mazımqara” - 24 saatlıq iş rejimində, “Astara”, “Samur”, “Şirvanlı”, “Muğanlı”, “Qırmızı Körpü”, “Böyük- kəsik”, “Sadıxlı”, “Gəncə”, “Lənkəran” və “Qəbələ” dövlət sərhədindən buraxılış məntəqələrində - 12 saatlıq iş rejimində təşkil edilməsini X2 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçuların xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla), qadın hərbi qulluqçularına 12 saatlıq iş rejimi müəyyən edilməsi əmr edilmişdir. Adıçəkilən əmrin tələbindən də görünür ki, iddiaçının xidmət etdiyi yerlər üzrə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti 24 saatlıq iş rejimi olaraq müəyyən edilmişdir. Qeyd olunan əmr hazırda qüvvədədir və əmrə hər hansı dəyişiklik edilməmişdir. Beləliklə, İddiaçı hərbi qulluqçu olaraq həmin əmrdən irəli gələn hərbi xidmət vəzifələrini yerinə yetirmiş hesab olunduğundan, habelə “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də və 13 №-li əmrdə xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilməsi nəzərdə tutulmadığından iddiaçının xidmət vaxtından sonra işlədiyi müddətlərə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli Qərarı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərini müəyyən edir və həmin qərarda da xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Bu hal yəni, iş vaxtından artıq vaxt ərzində görülən işə görə əlavə haqq ödənilməsi sadəcə əmək qanunvericiliyində öz əksini tapmaqla əmək hüququ münasibətlərini yəni ki, əmək müqaviləsi əsasında yaranmış işçi və işəgötürən arasındakı əmək münasibətlərini tənzimləyən norma ilə müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam və hərtərəfli araşdırılmamış, hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verilmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş və təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2019-cü il tarixli əmrlə DSX Sərhəd Nəzarəti “Şıxlı” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmiş, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 0325 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə müvafiq olaraq, ehtiyata buraxılmışdır. Hazırki mübahisə iddiaçının müəyyən dövrlərdə 12 saatlıq və 24 saatlıq növbələrlə xidmət etməsi və bununla da qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq xidmət saatlarına görə əlavə ödənişin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli “Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkil edilməsi haqqında” əmrində qeyd edilmişdir ki, Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti Dəniz limanlarında sərhəd nəzarəti şöbəsi, “Biləsuvar”, “Yalama”, “Xanoba”, “Mazımqara” - 24 saatlıq iş rejimində, “Astara”, “Samur”, “Şirvanlı”, "Muğanlı”. “Qırmızı Körpü”. “Böyük-kəsik”, “Sadıxlı”, “Gəncə”, “Lənkəran” və “Qəbələ” dövlət sərhədindən buraxılış məntəqələrində - 12 saatlıq iş rejimində təşkil edilməsini X2 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçuların xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla), qadın hərbi qulluqçularına 12 saatlıq is rejimi müəyyən edilməsinə əmr edilmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq ediməli olan normaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hüquqi və faktiki hallarına düzgün qiymət verilmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Belə ki, təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının 12 saatlıq və 24 saatlıq növbəli xidməti xidmət etdiyi qurumun müvafiq əmri ilə təsdiq edilmiş, həmin xidmət rejimi iddiaçı, o cümlədən digər qulluqçulara da şamil edilmiş, eyni zamanda iddiaçı tərəfindən qeyd olunan rejimin müəyyən edilməsi ilə bağlı normativ sənədlər xidmət müddəti ərzində mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: -11-ci maddəsinin 1-ci bəndinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək tələblərinə uyğun olaraq qoşun hissəsinin gün rejimi və zabitlərin, gizirlər və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət vaxtı reqlamenti ilə müəyyən edilir. -23-cü maddəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları bir sıra hallarda məhdudlaşdırılır, o cümlədən: a) hərbi qulluqçuların tətil hüququ yoxdur; b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər; v) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır; q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin -221-ci bəndinə əsasən bölmələr növbəyə, bir qayda olaraq, öz komandirləri ilə təyin olunurlar. Gizirlərin, zabitlərin və alay (briqada) bölmələrinin növbəsini alayın (briqadanın) qərargah rəisi müəyyənləşdirir. Bölükdə taqımların növbəsini bölük başçavuşu, taqımda isə taqım komandiri müavini müəyyən edir. Əsgərlər (matroslar), kursantlar, çavuşlar, gizirlər və zabitlər arasında növbəti naryadların sayı mümkün qədər bərabər bölüşdürülməlidir. -222. Sutkalıq naryada təyin olunanlar naryada təyin olunduqları gündən qabaqkı gecə bütün məşğələlərdən və işlərdən azad edilməlidirlər. Naryada başlamazdan qabaq şəxsi heyətə onun xidmət aparmağa hazırlaşması, öz vəzifə borcunu bilməsinin yoxlanması və istirahət edə (yata) bilməsi üçün üç saatdan az olmayaraq vaxt verilməlidir. Sutkalıq naryaddan çıxanlar həmən gün işdən və məşğələlərdən azad edilirlər. -223. Naryadlar vərəqəsi (7 saylı əlavə): əsgərlər üçün — taqım komandirləri müavinləri, çavuşlar üçün — bölük başçavuşu, gizirlər və zabitlər üçün — alay (briqada) qərargahı rəisi tərəfindən hər ay üçün ayrıca doldurulur. Naryadlar vərəqələri bir il saxlanılır, sonra isə məhv edilir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli Q25İ nömrəli - əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: -1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; Pul təminatının əlavə növlərindən və yol təminatından. -1.6-cı bəndinə əsasən hərbi qulluqçulara istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə və müəyyən olunmuş xidmət vaxtından artıq isə görə əlavə haqq ödənilmir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin (rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli Qərarında pul təminatı növləri müəyyən edilmiş və həmin qərarda da xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1140/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar