Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-9/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı işi üzrə (Açar sözlər: universitetə bərpa) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “onun Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(120)-458/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 2007-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetin Moskva Filialının “Tərcüməçilik” ixtisasına daxili əmrlə qəbul edilmiş, 16 iyul 2008-ci il tarixli M/590-321 nömrəli əmrlə xarici təhsil müəssisəsindən tədris forması əyani olmaqla ödənişli əsaslarla Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” ixtisasına köçürülmüşdür. 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssisəsi fəaliyyətini dayandırdığına görə oradan Bakı Asiya Universitetinə köçürülmüş, həmin universitetdə təhsil aldğı müddətdə ailə qurduğuna görə imtahanların qalan hissəsini verə bilməmiş və təhsilini yarımçıq qoymuş, sonradan Bakı Asiya Universiteti fəaliyyətini dayandırmışdır. İddiaçı onun Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı bir universitetə bərpa olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən 22 sentyabr 2021-ci il tarixli, Q-8895/11-24 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3-cü bəndinə istinad edərək ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə bərpası, təhsil alma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı bir universitetə köçürülməsi və ya bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, 2008-ci il tarixdə Moskva Bevnəlxalq Universitetindən köçürülmə yolu ilə Azərbavcan Bevnəlxalq Universitetinə daxil olmuş va universitetin tarix-coğrafiya fakültəsində təhsil almışdır. Həmin universitetdə bir müddət oxuduqdan sonra Azərbaycan Bevnəlxalq Universiteti bağlandığına görə Bakı Asiya Universitetinə köçürülmüşdür. Orada təhsil alaraq imtahanları verməyə başlamışdır. Lakin ailə qurduğuna va hamilə olduğuna görə universitetə gedərək imtahanların qalan hissəsini verə bilməmiş va təhsilini yarımçıq qoymuşdur. Sonradan Bakı Asiya Universiteti da bağlanmışdır. Onun üç övladı anadan olmuş, onları böyütməklə məşğul olmuşdur. Hazırda ailə vəziyyəti normallaşdığı üçün Azərbaycanın istənilən universitetində təhsilini davam etdirmək istəyir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş və onu Bakı şəhərində yerləşən hər hansı bir universitetə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədlinin imzası ilə rəsmi imtina cavabı almışdır. Təhsil Nazirliyindən daxil olmuş cavab məktubunda (inzibati aktda) qeyd edilir ki, “Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasını dəyişməsi və tələbələr sırasına bərpa olunması Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibbi təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”la tənzimlənir. Həmin Qaydaların 2.5-ci bəndinə əssən ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə bərpası, təhsilalma forması və ya ixtisasının dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Qaydaların tələbləri ödənilmədiyinə görə müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli Təhsil Nazirliyinin imkanı xaricindədir. Qeyd edir ki, Təhsil Nazirliyinin cavab məktubundakı göstərilən dəlillər tamamilə əsassızdır. Belə ki, həmin Qaydalar xx.xx.2017-ci il tarixdən sonrakı dövrə aid edilməlidir. O, 2008-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetinə Moskva Bevnəlxalq Universitetindən köçürülmə yolu ilə daxil olmuş və universitetin tarix-coğrafiya fakültəsində təhsil almışdır. Azərbaycan Beynəlxalq Universiteti bağlandığına görə Bakı Asiya Universitetinə köçürülmüş və orada təhsilini davam etdirmişdir. Ailə vəziyyətinə görə təhsilini dayandırmışdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsilin bakalavriat və magistratura səviyyəsində, əsas (baza ali) tibbi təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir smestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Onun hazırda Azərbaycanın istənilən Universitetində təhsilini davam etdirmək hüququ var və Təhsil Nazirliyi buna şərait yaratmadığına görə bu hüquq məhkəmə yolu ilə bərpa edilməlidir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş, iddianın dəyişdirilərək “iddiaçının Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı “2008-ci ildə Moskva Beynəlxalq Universitetinin Filialından Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş və oradan da Bakı Asiya Universitetinə köçürülmüşdür. Həmin universitetdə imtahanlarda kəsiri olduğunu və ailə vəziyyəti ilə bağlı sonradan təhsilini davam etdirə bilmədiyini qeyd edir. Lakin həmin universitetin 2015-ci ildə fəaliyyəti dayandırıldırıldığından təhsilini başa vura bilməmişdir. İddiaçı Bakı Asiya Universitetində təhsil aldığını nəzərə alaraq, hazırda Bakı şəhərində və ya regionlarda yerləşən digər ATM-ə köçürülməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbinin dəlilləri əsassız və qanunsuz olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ATM-dən xaric edildikdən sonra, 2015ci ildə Bakı Asiya Universiteti fəaliyyətini dayandırmış və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Bakı Asiya Universitetinin tələbələri Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 941 saylı əmri ilə digər ali təhsil müəssisələrinə köçürülmüşdür. İddiaçının təhsil aldığı “Tarix-coğrafiya” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Universitetinə köçürülmüşdür. Lakin köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçı Bakı Asiya Universitetindən xaric edildiyindən onun adı köçürülən tələbələrin siyahısına əlavə edilməmişdir. Bildirirlər ki, Bakı Asiya Universiteti tərəfindən verilən siyahı üzrə təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Bakı Asıya Universitetində təhsil alan tələbələrin siyahısında iddiaçının adı qeyd edilmədiyindən onun köçürülməsi mümkün olmamışdır. Həmin dövrdə qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir smestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Bu Qaydaların 4.2-ci bəndinə görə, Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə rektorun əmri ilə həyata keçirilir. Hazırda qüvvədə olan Qaydaların 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, X2 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Eyni zamanda bildirmək istəyirlər ki, qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə qəbul olunan tələbələr universitetin rektorunun əmri ilə tələbələr sırasına daxil edildikdən sonra, həmin tələbənin adı “Tələbə-məzun” elektron məlumat sisteminə yerləşdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(120)-458/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin edilərək, İddiaçı Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda (Sumqayıt şəhəri istisna olmaqla) hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının təhsil aldığı “Tarix-coğrafiya” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Universtetinə köçürülmüşdür. Lakin köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçı Bakı Asiya Universitetindən xaric edildiyindən onun adı köçürülən tələbələrin siyahısına əlavə edilməmişdir. Bakı Asiya Universtetində təhsil alan tələbələrin siyahısında iddiaçının adı qeyd edilmədiyindən onun köçürülməsi mümkün olmamışdır. Həmin dövrdə qüvvədə olan “Ali təhsil müəssələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssəsinə bərpa olunmaq hüququna malikdir. Bu Qaydaların 4.2-ci bəndinə görə, Azərbaycan Respublikasının ali təhsil müəssəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə rektorun əmri ilə həyata keçirilir. Hazırda qüvvədə olan Qaydaların 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, X2 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istəyi ali təhsil müəssəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssəsinə qəbul olunan tələbələr universtetin rektorun əmri ilə tələbələr sırasına daxil edildiksən sonra, həmin tələbənin adı “Tələbə-məzun” elektron məlumat sisteminə yerləşdirilməlidir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 458/2022 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin rədd edilməsini və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-458/2022 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”:
2. Tələbələrin köçürülməsi 2.1.Tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X2 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
4. Tələbələr sırasına bərpa 4.1. Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. 4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. 4.3. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə bu Qaydaların 2.9.1-2.9.3-cü yarımbəndlərində göstərilən sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər. Bu qəbildən olan şəxslərin bərpası Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə 2.7-2.12-ci bəndlərinə də uyğun həyata keçirilir. 4.4. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu:
5.1.dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. 5.2.dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 32.1.təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq (akademik məzuniyyət götürmək); 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
İnzibati Prosessual Məcəllə:
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı 2007-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetin Moskva Filialınını “Xarici dil” ixtisasına əmrlə qəbul edilmiş (iş vərəqi 145), 16 iyul 2008-ci il tarixli, M/590-321 nömrəli əmrlə xarici təhsil müəssisəsindən Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” fakültəsinin əyani şöbəsi üzrə İİ kursuna köçürülmüşdür. 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssisəsi fəaliyyətini dayandırdığına görə oradan Bakı Asiya Universitetinə köçürülmüş, həmin universitetdə təhsil aldığı müddətdə ailə qurduğuna görə universitetdə imtahanlarda iştirak edə bilməmiş və Bakı Asiya Universitetinin 02.07. 2012-ci il tarixli, 121 nömrəli əmri ilə akademik borcu olduğuna görə ali təhsil müəssisəsindən xaric olunmuşdur. Sonradan Bakı Asiya Universiteti fəaliyyətini dayandırmışdır. Hazırda iddiaçının hüquqi marağı Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə, eyni tipli təhsil müəssisəsinə bərpa olunmasına yönəlmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, təhsil hüququ konstitusion səviyyədə təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “iddiaçının təhsil aldığı “Tarixcoğrafiya” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Universtetinə köçürülmüşdür. Lakin köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçı Bakı Asiya Universitetindən xaric edildiyindən onun adı köçürülən tələbələrin siyahısına əlavə edilməmişdir. Bakı Asiya Universtetində təhsil alan tələbələrin siyahısında iddiaçının adı qeyd edilmədiyindən onun köçürülməsi mümkün olmamışdır”. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, iddiaçı universitetə köçürülməsini deyil, bərpa olunmasını xahiş edir. Belə ki, iş materiallarında olan sübutlardan (iş vərəqi 64, 193), eləcə də işin hallarından müəyyən olunur ki, onun hüquqi marağı universitetə bərpa olunmağa yönəlmişdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iddiaçı hazırda tələbə olmadığından praktiki baxımdan onun köçürülməsi də mümkün deyildir. Çünki “köçürülmə” sözünün leksik mənası “bir yerdən başqa yerə gətirilmək, yerinin dəyişdirilməsi”ni ifadə etdiyi halda, “bərpa” sözünün leksik mənası isə “əvvəlki vəziyyətinə (statusuna, vəzifəsinə və s.) qaytarılma”nı ifadə edir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “hazırda qüvvədə olan Qaydaların 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, X2 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın”. Bununla bağlı məhkəmə tərkibi bir daha qeyd edir ki, iddiaçı universitetə bərpa olunmasını xahiş etdiyi halda, cavabdehin israrla Qaydaların “köçürülmə”yə dair bəndlərinə istinad etməsi anlaşılan deyildir. Ümumiyyətlə, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərkən Qaydaların 2.3-cü bəndinə istinad etsə belə, ancaq həmin normanı da təhrif etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, Q-8895/11-21 saylı məktubunda (iş vərəqi 8) qeyd olunmuşdur ki, “Qaydaların 2.3 bəndinə əsasən ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssəsindən digərinə bərpası, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o, şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Qaydaların tələbləri ödənilmədiyinə görə müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli Təhsil Nazirliyinin imkanı xaricindədir”. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndində qeyd olunmuşdur ki, ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Nəzərə almaq lazımdır ki, Qaydaların 4.1-ci bəndinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Qaydaların 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Hazırkı halda səlahiyyətli inzibati orqan kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tanınmışdır. Belə ki, iddiaçının təhsil aldığı Bakı Asiya Universitetinin fəaliyyətini dayandırması səbəbindən onun universitetə bərpa edilməsi ilə bağlı kompleks tədbirləri məhz hazırkı cavabdeh həyata keçirməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçı ilə eyni universitetdə təhsil almış və başqa təhsil müəssisələrinə köçürülmüş, nəticədə diplomla təmin edilmiş şəxslər vardır. İddiaçının həmin şəxslərdən fərqli olaraq akademik borca görə universitetdən xaric olunması onun yenidən təhsil hüququnun realizə edilməsinə mane olmamalıdır. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərlə uzlaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının inzibati orqan tərəfindən müraciətinin təmin edilməsini istisna edən hallar yoxdur. Başqa sözlə, cavabdehin imtinası qanunaziddir və bu, iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(120)-458/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.