Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-9/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Əbulfət oğlunun cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2- 1(120)-2398/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Əbulfət oğlu cavabdeh Cəbrayıl rayon qeydiyyatşöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında “Emin” adında düzəliş edərək, adında “Elmar” qeydiyyatı aparılması və təkrarən yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Cəbrayıl rayonu BBAQ şöbəsi tərəfındən verilmiş XİX-ЖГ № 470849 saylı, 10 iyul 1996-cı il tarixli doğum haqqında şəhadətnamədən də təsdiq edilir ki, o, xx.xx.1996-cı il tarixdə anadan olmuş və şəhadətnamədə adı, soyadı və ata adı İddiaçı kimi qeyd edilmişdir. O, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Moskva vilayəti VVAQ idarəsinin Qaqarin VVAQ şöbəsini İ-МЮ № 661383 saylı, xx.xx.2017-ci il tarixli adın dəyişdirilməsi haqqında şəhadətnamədən də görünür ki, adı, soyadı və ata adı dəyişdirilərək “İddiaçı Əbulfət oğlu” kimi qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “şəxsin Azərbaycan Respublikasınm vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, * * * * * * * saylı Qərarı ilə xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasınınvətəndaşlığına mənsubiyyətini tanınması qərara alınmışdır. Daha sonra bir faktı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi idarəsində qeydiyyata alınmış və eləcədə İQ № 451938 saylı, xx.xx.2022-ci il tarixli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə də soyadı, adı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Bundan əlavə AzərbaycanRespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən adına verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarışda” da adı “Elmar” kimi qeyd edilmişdir. Bütün bu sadaladığı dəlillərdən göründüyü kimi bütün sənədlərdə soyadı, adı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnamənin təkrar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon qeydiyyat şöbəsınm 85 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, doğum akt qeydində adı “Elmar” kimi yox, məhz “Emin” kimi qeyd edilmişdir. Bu səbəbdən də adında düzəlişin qeyri mümkün olduğunu nəzərə alaraq, təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də adında düzəlişlərin edilməsi səbəbi ilə və təkrar doğum haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxsin üzərinə vəzifə kimi qoyulmasından ötrü məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(120)-2398/2022 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(120)-2398/2022 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən aşağıdakı faktlar və işin həqiqi halları qərar qəbul edilərkən nəzərə alınmamışdır. Cəbrayıl Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 1996-cı il tarixdə iddiaçının adına tərtib olunmuş “Doğum haqqında şəhadətnamə”də iddiaçının adı “Elmar” kimi qeyd olunduğu, lakin arxiv sənədlərdə isə “Emin” kimi qeyd olunduğu müəyyən olunmuşdur. Eyni zamanda işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı dörd yaşında olarkən onun valideynləri Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışlar. Rusiya Federasiyasında iddiaçı azyaşlı olaraq 2000-ci ildən sonra yaşamağa başladıqdan sonra həmin xarici ölkənin dövlət orqanları vətəndaşa İddiaçı adı ilə şəxsiyyətini müəyyənləşdirən sənədlər vermişlər. Məhkəmə nəzərə almalıdır ki, iddiaçıya Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən 1996-cı ildə verilmiş “Doğum haqqında şəhadətnamədə” iddiaçının adı, ata adı və soyadı İddiaçı kimi qeyd olunması nəzərə alınmaqla, vətəndaşın Rusiyada yaşadığı 2000-2017-ci illər dövründə rəsmi adı və soyadı “İddiaçı” kimi qeyd olunmuşdur. Belə olan halda Məhkəmə həm də nəzərə almalıdır ki, vətəndaş xarici ölkədə yaşadığı dövrdə Azərbaycan qeydiyyat orqanının ona verdiyi “Doğum haqqında şəhadətnamə”də göstərilən ada uyğun fəaliyyət göstərmişdir. İddiaçı 2000-ci ildə azyaşlı olduğundan ona təqdim olunmuş xx.xx.1996-cı il tarixli “Doğum haqqında şəhadətnamədə” aparılmış qeydiyyatın (düzəlişin) hansı səbəbdən baş verdiyini bilmir. Məlum olan odur ki, iddiaçı “Elmar” adı ilə xarici ölkədə də fəaliyyət göstərib, bu ad ilə ona rəsmi sənədlər təqdim olunub. Qeyd olunanlardan əlavə 15 aprel 1996-cı ildə Azərbaycanda anadan olmuş İddiaçı müraciəti əsasında xx.xx.2017-ci ildə soyadını dəyişdirməyə dair Rusiya Federasiyasında şəhadətnamə almışdır. Həmin şəhadətnamədə və Rusiya Federasiyasında iddiaçının şəxsiyyətini təsdiq edən rəsmi sənədlərdə soyadı, adı və ata adı “X6” kimi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş bütün sənədlərdən məlum olur ki, sonrakı bütün sənədləşmələr xx.xx.1996-cı il tarixli “Doğum haqqında şəhadətnamə” əsasında rəsmiləşdirilməklə, sonrakı dövrlərdə “Elmar” adı dəyişilməz olaraq saxlanılmışdır. İddiaçının adına 1996-cı ildə verilmiş və valideynlərin həmin vaxt aldığı şəhadətnamədə iddiaçının adı “Elmar” kimi qeyd olunur. Eyni zamanda iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş çıxarış əsasında əldə etdiyi əmlaka dair hüququ rəsmiləşdirilərkən - adı “Elmar” kimi çıxarışda qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2022-ci il tarixli ******* saylı qərarında iddiaçının İddiaçı olması qeyd olunur. Digər bir rəsmi sənəd isə xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində hərbi mükəlləfiyyətli şəxs kimi “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə” iddiaçının adı və soyadı İddiaçı göstərilir. İddiaçı Əbulfət oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(120)-2398/2022 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə prosesinin iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Maddə 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Maddə 26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir” Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunu: Maddə: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərəbaxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı Əbulfət oğlu vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında “Emin” adında düzəliş edərək, adında “Elmar” qeydiyyatı aparılması və təkrarən yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı doğum akt qeydindəki adının düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan halkimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon Qeydiyyat Şöbəsinin 26 aprel 2022-ci il tarixli, 85 nömrəli imtina məktubundan görünür ki, İddiaçı Əbulfət oğluna məxsus doğum haqqında akt qeydində iddiaçının adı “Elmar” yox “Emin” qeyd edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus 10 iyul 1996-cı il tarixli, XİX-ЖГ seriyalı, 470849 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının adı “Elmar” kimi qeyd edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin məhkəməyə ünvanladığı 19 aprel 2023-cü il tarixli, 5-40/2-253/2023 nömrəli məktubdan görünür ki, X2 adının “Elmar” kimi qeyd edilməsi ilə əlaqədar Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı 18 aprel 2023-cü il tarixli, 5-15/2-2-455/2023 nömrəli məktubdan görünür ki, iddiaçıya məxsus 10 iyul 1996-cı il tarixli, XİX-ЖГ seriyalı, 470849 nömrəli doğum haqqında şəhadətnamənin arxa hissəsində aparılan qeydiyyatlar ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin cari arxivində hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan iddiaçıya məxsus 10 iyul 1996-cı il tarixli 42 saylı doğum haqqında akt qeydindən görünür ki, iddiaçının adı “Emin” kimi qeyd edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 20 aprel 2023-cü il tarixli, 3-16-5/4-13-2898/2023 nömrəli məktubundan və ona əlavə edilmiş doğum akt qeydindən görünür ki, Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1996-cı ildə tərtib edilmiş 42 saylı akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında adın “Elmar” deyil, “Emin” kimi qeyd edildiyi və XİX-ЖГ seriyalı, 470849 nömrəli şəhadətnamənin verildiyi məlum olmuş, iddiaçının 10 iyul 1996-cı il tarixli 42 saylı doğum haqqında akt qeydinə baxış keçirilərkən ona hazıradək təkrar şəhadətnamənin verilmədiyi, beləliklə XİX-ЖГ seriyalı, 470849 nömrəli şəhadətnamənin qüvvəsini saxladığı müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 5/831 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı adına verilmiş 10 iyul 1996-cı il tarixli, XİX-ЖГ seriyalı, 470849 nömrəli doğum haqqında şəhadətnamədə “ad” qrafasındakı “Elmar” sözünün yerində əvvəl “Emin” sözü olmuş, sonradan əlavə cizgi artırılaraq indiki sözə dəyişdirilmişdir. İddiaçı adına verilmiş 10 iyul 1996-cı il tarixli, XİX-ЖГ seriyalı, 470849 nömrəli doğum haqqında şəhadətnamənin digər qrafalarında hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, onun adına 10 iyul 1996-cı il tarixdə 42 saylı doğum akt qeydi tərtib edilmiş və doğum akt qeydində adı “Emin” kimi göstərilmişdir. Sonradan iddiaçı doğum akt qeydində adının “Emin” olsa da özünün dediyinə görə yeni doğum haqqında şəhadətnamə almış və şəhadətnamədə adı “Elmar” kimi göstərilmişdir. Həmin yeni doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İddiaçı doğumu haqqında akt qeydində adının “Emin”dən “Elmar”a dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Sonuncu isə iddiaçıya məxsus doğum akt qeydində adının “Elmar” yox “Emin” kimi qeyd edildiyindən xx.xx.2022-ci il tarixli, 85nömrəli məktubla onun müraciətindən imtina etmişdir. Eyni zamanda məhkəmə araşdırılması zamanı əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 5/831 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, iddiaçının tələbinin hüquqi əsası olan 10 iyul 1996-cı il tarixli, XİX- ЖГ seriyalı, 470849 nömrəli doğum haqqında şəhadətnamədə “ad” qrafasındakı “Elmar” sözünün yerində əvvəl “Emin” sözü olmuş, sonradan əlavə cizgi artırılaraq indiki sözə dəyişdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi, ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin, o cümlədən faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2022-ci il № 269 qərarı ilə edilmiş dəyişikliyə əsasən) vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3-cü bəndinin 9-cu abzasına əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Həmin Qaydaların 4-cü bəndinin 10-cu abzasına əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. İşin müəyyən edilmiş faktiki hallarına görə iddiaçı tələbinin hüquqi əsası kimi inzibati orqana və daha sonra məhkəməyə 10 iyul 1996-cı il tarixli, XİX-ЖГ seriyalı, 470849 nömrəli şəhadətnaməni təqdim etmiş və həmin sənəddən çıxış edərək 10 iyul 1996-cı il tarixdə 42 saylı doğum akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində yalnız bir dəfə - 10 iyul 1996cı il tarixdə 42 saylı doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində adı “Emin” kimi qeyd olunmuşdur. Həmçinin, müəyyən edimişdir ki, iddiaçı barəsində yalnız bir dəfə yəni, 10 iyul 1996-cı il tarixli, XİX-ЖГ seriyalı, 470849 nömrəli şəhadətnamə tərtib edilmiş və həmin şəhadətnamədə “ad” qrafasındakı “Elmar” sözünün yerində əvvəl “Emin” sözü olmuş, sonradan əlavə cizgi artırılaraq indiki sözə (“Elmar” -a) dəyişdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək belə qənaətə gəlir ki, inzibati orqanlar öz səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı yalnız qanunun tələbinə uyğun həyata keçirməli və sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. İnzibati orqanın üzərinə yalnız səhvə yol verdiyi halda bu səhvin düzəldilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan iddiaçı barəsində ilkin doğum akt qeydini tərtib edərkən hər hansı səhvə yol verməmiş və bunun əksinə dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə akt qeydinə düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin” Formalarında qeyd edilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadının dəyişdirilməsi forması 1 — 8 nömrəli əlavələrdə müəyyən olunan müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında qeyd edilir və forması 9 — 18 nömrəli əlavələrdə müəyyən olunan müvafiq şəhadətnamələr verir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları eyni formalı iki nüsxədən ibarətdir. Qeydiyyat aparıldıqdan sonra vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının birinci nüsxəsi qeydiyyat şöbələrində və konsulluq idarələrində saxlanılır, ikinci nüsxə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə göndərilir. İş materialarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəffindən təqdim edilmiş 20 aprel 2023-cü il tarixli, 3-16-5/4-13-2898/2023 nömrəli məktubdan və ona əlavə edilmiş doğum akt qeydindən görünür ki, İddiaçı Əbulfət oğluna məxsus 10 iyul 1996-cı il tarixli 42 saylı doğum haqqında akt qeydinə baxış keçirilərkən ona hazıradək təkrar şəhadətnamənin verilmədiyi, beləliklə XİX-ЖГ seriyalı, 470849 nömrəli şəhadətnamənin qüvvəsini saxladığı müəyyən edilmişdir. Göründüyü kimi akt qeydlərinin saxlanılmasını təmin edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində iddiaçının adına tərtib edilmiş doğum akt qeydində onun adı “Emin” kimi qeyd edilmiş və onun adına əvvəl və sonradan “Elmar” adı ilə akt qeydinin tərtib edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı (imtinanı) hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında “Emin” adında düzəliş edərək, adında “Elmar” qeydiyyatı aparılması və təkrarən yeni doğum haqqında şəhadətnamənin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(120)-2398/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-9/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-9/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver