Məhkəmə qərarları › İş №2-1(106)-90/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-90/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-90/2025 08.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(120)-136/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Seriya RX № ******* nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X8 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 oktyabr 2024-cü il tarixli, 2-1(120)- 136/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarına əsasən JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X1 və X3 ümumi birgə mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) İddiaçı adına rəsmiləşdirilmiş 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyinə və rəyə əlavə olunmuş mübahisəli torpaq sahəsinin yerquruluşu planına əsasən Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarı ilə JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X1 və X3 ümumi birgə mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,09 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri müəyyən edilərək mübahisəli ərazi çevrəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan 0,09 ha torpaq sahəsinə ilkin hüquqmüəyyənedici sənəd olan JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında cavabdeh inzibati orqan tərəfindən İddiaçı və X3 adına xüsusi mülkiyyət hüququnu rəsmiləşdirən çıxarışın mövcud olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsindəki coğrafi yerləşmə vəziyyəti ilə yerindəki (iddia olunan vəziyyətə əsasən) coğrafi yerləşmə vəziyyəti arasında uyğunsuzluqların (yerləşmə, konfiqurasiya və qonşu sərhəd fərqlərinin) məsuliyyətinin mülkiyyətçinin üzərinə qoyulması yolverilməzdir və bu hal həmin torpaq sahəsinə plan-ölçü sənədinin tərtib olunmamasına əsas ola bilməz. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması xahiş edilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonu Aqrar islahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarı ilə ünvan 1i ərazisində 0.09 ha torpaq sahəsi anası X1 və oğlu X3 mülkiyyətinə verilmişdir. Onların adına verilmiş şəhadətnamədə həmin torpaq sahəsinin plan və çizgisi öz əksini tapmışdır. Onlar həmin torpaq sahəsini öz növbəsində ona bağışlamışlar. Adına çıxarış verilərkən həmin torpaq sahəsinin texniki pasportu üçün ondan əlavə pul tələb edilmiş, lakin həmin vaxt maddi imkanı olmadığına görə həmin torpaq sahəsinin cizgi və planı tərtib edilib ona verilməmişdir. Sonradan torpaq sahəsinin cizgi planı tərtib edilərək ona təqdim edilməsi barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin guya onunla qonşu torpaq sahəsinin mülkiyyətçiləri arasında mübahisə mövcud olması səbəbi ilə əsassız imtina verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən 0.09 ha pay torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim edilən ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla sözügedən ərazinin yerləşmə mexanizmi (konfiqurasiyası) arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, JN-0051 nömrəli Dövlət Aktı üzrə göstərilən konfiqurasiyada yerləşən 0.09 ha torpaq sahəsinin bir hissəsi digər şəxslərə məxsus fərdi yaşayış evinə gedən yolun üstünə və bir hissəsi həmin şəxslərin həyətyanı torpaq sahəsinin üzərinə, müəyyən hissəsi isə sıldırım (yarğan) kimi göstərilən əraziyə düşür. Qeyd olunan uyğunsuzluqlara əsasən plan və ölçü sənədinin tərtib olunması mümkün olmadığından, həmin ərəfədə müraciət sahibinin icraatda olan ərizəsi qismən təmin olunmuş, daşınmaz əmlakın dövlət reyestrindən iş üzrə iddiaçının adına ümumbirgə mülkiyyət hüququ ilə vərəsəlik üzrə yaranmış hüquqlara dair yalnız 14 aprel 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə faktiki yerində keçirilən müayinə (çöl ölçmə işləri) zamanı iddiaçı aidiyyəti mütəxəssisləri tərəfindən ona göstərilən ərazini qəbul etmədiyini, habelə ona digər yerdə torpaq sahəsi verilməklə əvəzlənməsini bildirmişdir. Eyni zamanda, aidiyyəti mütəxəssisləri tərəfindən həmin hissədə tələb olunan məsələnin həllinin Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində olmadığı ona bildirilmişdir. Belə ki, ümumilikdə ünvan 1i üzrə aidiyyəti hissədə həmin kəndin DWG (xəritə) məlumatları ilə hüquqmüəyyənedici sənədlər üzrə göstərilən situasiya planları arasında uyğunsuzluqlar mövcuddur. Hal-hazırda respublika ərazisində keçirilən elektron uçot layihəsi çərçivəsində həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra hazırki iddia tələbi üzrə barəsində qeyd olunan (həyətyanı və pay torpaq sahələrinə münasibətdə) uyğunsuzluqların aradan qaldırılması məsələsinə baxıla bilər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -JN 0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarına əsasən 0,09 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ünvan 1 sakini X1 və onun ailə üzvü X3 mülkiyyətinə verilmişdir. -31 mart 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş X1 vərəsəsi ünvan 1ində qeydiyyatda olan oğlu İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. -xx.xx.2017-ci il tarixli, **********07 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanda yerləşən, ümumi sahəsi 0,09 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq çıxarışla rəsmiləşdirilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-1-16-16/2-10/9454 nömrəli ekspert rəyində bildirilmişdir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X1 və X3 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,09 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri müəyyən edilərək mübahisəli ərazi çevrəsində yerləşməsi məlum olmuşdur. Araşdırma zamanı sözügedən torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsindəki coğrafi yerləşmə vəziyyəti ilə yerindəki (iddia olunan vəziyyətə əsasən) coğrafi yerləşmə vəziyyəti arasında uyğunsuzluqların (yerləşmə, konfiqurasiya və qonşu sərhəd fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,09 ha torpaq sahəsinin “Torpaq sahəsini ölanı və ölçüsü” sənədi mövcud olmadığından, həmin çıxarışla verilmiş 0,09 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı sözügedən torpaq sahəsinin əvvəl yaranmış (hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) hüquqlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuşdur. 1-ci sualın cavabında qeyd olunduğu kimi torpaq sahəsinin JN- 0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədindəki coğrafi yerləşmə vəziyyəti ilə yerindəki (iddia olunan vəziyyətə əsasən) coğrafi yerləşmə vəziyyəti arasında uyğunsuzluqların (yerləşmə, konfiqurasiya və qonşu sərhəd fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. -xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.09 ha torpaq sahəsinin “Torpaq sahəsinin plan və ölçüsü” sənədi mövcud olmadığından, həmin çıxarışla verilmiş 0,09 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X1 və X3 ümumi birgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin koordinat göstəricilərinin biri-biri ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. -xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.09 ha torpaq sahəsinin faktiki koordinatlarının (iddia olunan vəziyyətə əsasən) üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Lakin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı faktiki vəziyyətdə mübahisələndirilən torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin fakitiki istifadəsində olan həyətyanı sahəsinin (üzərində tövlə mövcuddur) üzərinə düşməsi mövcuddur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin : -2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. -2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin planölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 4-cü bəndinə görə isə plan və ölçü Əmlak Məsələləri Dövlət Komitənin müvafiq rayon (şəhər) ərazi idarəsinin rəisi və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədini tələb etməkdə haqlıdır, cavabdehin imtina dəlilləri isə mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla, onun hərəkətsizliyinə dəlalət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(120)-136/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar