Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-900/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxlaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin koordinatlarının pay torpaqlarının bölgü eskizi əsasında yerində müəyyən edilməklə və uyğunsuzluq aradan qaldırılmaqla həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2- 1(120)-1184/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Seriya JN-0168, Kod 90801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı, X2, X3, X5 və X1 təsərrüfatı məhsullarının istehsalı üçün 1.45 ha torpaq sahəsi verilmişdir. xx.xx.2024-cü il qeydiyyat, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Saatlı şəhəri, Ağarəhimli kəndində yerləşən 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, Qurbanəliyeva Fəridə isə qızı, X9, X7 və X10 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Saatlı rayonu ərazisində yerləşən 0.95 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Sözügedən ünvanda yerləşən torpaq sahəsinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılması zamanı torpaq sahəsi ilə bağlı digər şəxslə aranızda mübahisəli halın olması aşkarlanmışdır. Eyni zamanda, sözügedən torpaq sahəsinin ölçüləri torpaqların elektron kadastrı və uçotu informasiya sistemində hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsinə riayət etməklə həyata keçirilməlidir. Yuxarıda göstərilən səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3608 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki: “...1-ci sual üzrə: Saatlı Rayon AİK-nin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-168 Kod 90801004 nömrəli Dövlət aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən və sahəsi 9500 kv.m və ya 0.95 ha göstərilən torpaq sahəsinin (islahat zamanı verilmiş pay torpaqlarının bölgü esgizinə əsasən tərtib edilmiş Dövlət aktına əsasən TEKUİS-də verilən koordinatlara əsasən və naturada faktiki istifadə vəziyyətinə uyğun) hər üç hal üzrə döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmişdir. 2-ci sual üzrə: Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-168 Kod 90801004 nömrəli Dövlət aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən sahəsi 9500 kv.m və ya 0.95 ha göstərilən torpaq sahəsinin hal-hazırda hüquqi statusu - xüsusi mülkiyyət, hüquqi rejimi (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası isə əkindir. 3-cü sual üzrə: Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-168, Kod 90801004 nömrəli Dövlət aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən sənəd üzrə 9500 kv.m və ya 0.95 ha, faktiki istifadə vəziyyəti 0.83 ha olan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan uyğunsuzluq hər üç hal üzrə mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmişdir. 4-cü sual üzrə: Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-168 Kod 90801004 nömrəli Dövlət aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən sahəsi 9500 kv.m göstərilən torpaq sahəsinin (Dövlət aktına əsasən) koordinatları və iddiaçının naturada faktiki istifadə etdiyi 0.83 ha müəyyən edilən torpaq sahəsinin koordinatları üçüncü şəxs X6 mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. 5-cü sual üzrə: Üst-üstə düşən ərazi İddiaçı faktiki istifadəsində olan 0.83 ha torpaq sahəsidir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş seriya JN-0168 Kod 90801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş sahəsi 9500 kv.m olan torpaq sahəsinin koordinatlarının pay torpaqlarının bölgü eskizi əsasında yerində müəyyən edilməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarı ilə Saatlı rayonu, Ağarəhimli kəndi ərazisində ümumilikdə 1.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Bu barədə onlara 7 oktyabr 2003-cü il tarixli, JN- 0168 saylı, Kod 90801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Qeyd edilən torpaq sahəsi 5000 kv.m ölçüdə 168A və 9500 kv.m ölçüdə 168 nömrələri ilə qeyd olunmaqla bir-birindən müəyyən qədər aralı yerləşən iki hissədən ibarətdir. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda ərizənin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi iki hal qeyd olunmuşdur: Torpaq sahəsi ilə bağlı digər şəxslə arasında mübahisənin olması və torpaq sahəsinin faktiki ölçülərinin hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olması. Məktubda birbaşa göstərilməsə də imtina bütün torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına aid deyil. Belə ki, 5000 kv.m ölçüdə olan 168A saylı hissəyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilərək verilmişdir. İmtina 9000 kv.m ölçüdə olan 168 nömrəli sahə ilə bağlıdır. İmtina açıq-aşkar əsassızdır. Məktubda torpaq sahəsinə yerində baxış keçirildiyi qeyd olunmuşdur. Torpaq sahəsinə yerində baxış keçirildiyi zaman ona da məlumat verilməli idi. Belə məlumat isə verilməmişdir və o, torpaq sahəsinə baxış keçirilməsində iştirak etməmişdir. Torpaq sahəsinə kimin tərəfindən baxış keçirilməsi ona məlum deyil. Torpaq sahəsi ilə bağlı digər şəxslə arasında mübahisə olduğu qeyd edilir. Halbuki, o, həmin torpaq sahəsindən 21 ildir ki, mübahisəsiz istifadə edir. Nə əvvəl, nə də indi heç bir şəxslə arasında mübahisə olmamışdır. Təbii ki, mübahisənin kiminlə və hansı əsasla olmasını cavabdeh göstərsə idi, ən azı üçüncü şəxs kimi o, da onun adını iddia ərizəsində qeyd edərdi və mübahisələrinə aydınlıq gətirərdi. Qeyd olunmalıdır ki, başqa şəxsin daşınmaz əmlakla bağlı mübahisəsinin olması qeydiyyatdan imtinaya yox, qeydiyyatın dayandırılmasına səbəb ola bilər. Bu mübahisənin mövcudluğu isə yalnız müvafiq məhkəmə bildirişinin verilməsi yolu ilə müəyyən olunur. Cavabdeh orqanın torpaq sahəsinə dair digər şəxslə mübahisənin olmasını qeyd etməsi absurddur. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrini aparan orqandır. Onun funksiyası təqdim edilmiş sənəd əsasında mülkiyyətdə olan torpaq sahəsinin koordinatlarını müəyyən edib daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmaqdır. Eyni torpaq sahəsi isə iki nəfərin mülkiyyətində ola bilməz. Deməli, mübahisə olsa belə onun heç bir hüquqi əsası ola bilməz. Cavabdeh öz öhdəliyinin icrasından əsassız olaraq boyun qaçırır. Torpaq sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az olması da absurd bir əsaslandırmadır. Əvvəla qeyd edir ki, heç kəs ondan torpaq sahəsinin faktiki ölçüsünün az olmasına münasibətini, bu ölçülər daxilində mülkiyyət hüququnun qeydə alınmasına razı olub-olmadığını soruşmamışdır. İkincisi isə, torpaq sahəsinin faktiki ölçüsünün az olmasının nəyə əsaslandığını da başa düşmür. Yaxın 21 il ərzində Saatlı rayonu ərazisində torpaq ərazisinin hər hansı təbii səbəblərdən (uçqun, su basma, torpaq sürüşməsi və s.) azalması barədə heç bir məlumat yoxdur. Belə olan halda torpaq sahəsinin niyə və necə azalması sualını cavabdeh cavablandırmalıdır. Cavabdehin etirazları: İddiaya qarşı etirazı imtinanın əsasları ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-1(120)-1184/2025 nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, torpaq sahəsinin sənəd üzrə 9500 kv.m və ya 0.95 ha, faktiki istifadə vəziyyətində 0.83 ha olması nəzərə almamışdır. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisə mövcud deyil və cavabdehin imtinasında göstərilən dəlillər öz təsdini tapmır və beləliklə də, iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı qeydiyyata alınmış mülkiyyət hüququ ilə bağlı məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və həmin hüququn dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni nümunəli çıxarışın verilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəliləri ilə razılaşmayaraq, qeyd edir ki, torpaq sahəsi verilən vaxt qanunvericiliyə uyğun şəkildə ayrılmış, ən əsası həmin torpaq sahəsi üzərində hüquq Dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin koordinatlarının fərqli şəkildə işlənməsi iddiaçıya deyil, cavabdehə aid olan məsələdir və bununla bağlı yaranmış problem cavabdeh orqanın özü tərəfindən aradan qaldırılmalıdır. Cavabdeh tərəfindən qeyd edilən nüanslar iddiaçının Dövlət tərəfindən tanınan (təminat verilən) hüququn məhdudlaşdırılmasına səbəb ola bilməz. Bininci instansiya məhkəməsində üçüncü şəxs X11 (hansı ki, cavabdeh həmin şəxslə mübahisə olduğunu bildirir) koordinatların səhv işləndiyini, ona məxsus torpaq sahəsinin tamamilə başqa yerdə olduğunu, öz torpaq sahəsindən hazırda maneəsiz istifadə etdiyini və onun torpaq sahəsi ilə İddiaçı torpaq sahəsinin üst-üstə düşən hissəsində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyatın aparılmasına etirazının olmadığını bildirərək iddia tələbinin təmin olmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0, 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır ...... Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməlidir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-1(120)-1184/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-900/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-900/2025
26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver