Məhkəmə qərarları › İş №2-1(106)-905/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-905/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-905/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(120)-546/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulması faizi 35-60 olmaqla əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 08 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-546/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Ekspert rəyindən aydın olur ki, onun psixi vəziyyəti “Üzvi mənşəli yüngül koqnitiv pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X3” X6 müvafiq ekspert rəyi ilə iddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edildiyi təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda psixi və davranış pozuntuları bölməsisıra №-si 7.6.2.üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” bəndi əlillik dərəcəsi təyininə hüquq verən meyarlar kimi təsbit olunmuşdur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanaraq “Barotravma, sol alın nahiyyəsinin qəlpə yarası” xəsarətləri almış və xx.xx.2020-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibə veteranıdır, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 7434 nömrəli qərarı ilə şəhadətləndirilərək “Baş beyinin travması nəticəsində mülayim dərəcədə ifadə olunmuş yaddaş-intellektin enməsi, davranış pozuntuları ilə. Vegetativ damar davamsızlıgı. Partlayış travması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor agıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4.5 metr məsafədən eşitməsi ilə” diaqnoz verilmiş və həmin travmanın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. Həmçinin qərarda bu xəsarətlər üzrə şəxsin sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qeyd edilmiş, bir nəfər müşayiətçiyə zərurət olduğu qeyd edilmişdir. “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə F07.0” diaqnozu ilə müxtəlif səhiyyə müəssisələrində müalicə və müayinələrdə olmuşdur. Tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş lakin heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, və davranış pozuntuları ilə. Baş-beynin travması nəticəsində yaddaşı intellektin enməsi, davranış pozuntuları ilə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, zəif eşitmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı suallara həvəssiz cavab vermiş, əhvalı dəyişkən, emosional labillik, zahirən narahat olması izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül koqnitiv pozuntu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin iki ekspert rəyi arasında ziddiyyətlər mövcuddur. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Agentliyin Tibbi- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 7434 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı baş beynin travması nəticəsində mülayim dərəcədə ifadə olunmuş yaddaş-intellektin enməsi davranış pozuntuları, vegetativ damar davamsızlığı, partlayış travması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4.5 metr məsafədən eşitməsi ilə diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası X7 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 929 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı müayinə edilmiş, onda diaqnoz “Ülvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə F07.0” aşkar edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 verdiyi 06 aprel 2024-cü il tarixli, T256/2024 saylı rəydə göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı xx.xx.2023-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” Phş-də Həkim Məsləhət Komissiyası tərəfindən müayinəsi zamanı komissiya tərəfindən ona “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə (prof. F.İsmayılov)” diaqnozu təyin edilmişdir. Diaqnoz xəstəyə stasionarda müalicədə olarkən anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. DTSERA-da xx.xx.2023-cü il tarixdə onun müayinəsi zamanı mütəxəssislər tərəfindən psixi vəziyyəti “Üzvi mənşəli yüngül koqnitiv pozuntu” kimi müəyyənləşdirilmişdir. Odur ki, şəxsin əyani müayinəsi zamanı diaqnoz öz təsdiqini tapmadığından, aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinin və istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X3” X6 xx.xx.2025-ci il tarixli 1377 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. İş materiallarından görünür ki, iddiaçı dəfələrlə analoji ixtisaslaşdırılmış tibb müəssisələrində müayinələrdə olmuş və ona “üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli ekspert rəyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki iş üzrə cavabdeh orqan qismində çıxış etdiyindən həmin orqanın nümayəndəsinin iştirakı sözügedən ekspert rəyinin obyektivliyini şübhə altına alır. Bu səbəbdən məhkəmə kollegiyası Məhkəmə-X3 PHŞ-in bu sahə üzrə ixtisaslaşmış müəssisə olmasını nəzərə alaraq, həmin qurumun xx.xx.2025-ci il tarixli 1377 saylı rəyini daha mötəbər və inandırıcı hesab edir. Həmin rəydə iddiaçıda “Üzvi (Travma mənşəli) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalarla (F07.0) olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(120)-546/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar