Məhkəmə qərarları › İş №2-1(106)-906/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-906/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-906/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2-1(120)-795/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: xx.xx.2022-ci il tarixli 7573 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Hərbi Həkim Komissiyası qərarı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu və postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamı veqetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol qamış sümüyünün orta 1/3-nin kafi bitişmiş sınığı. Akomadasiyanın spazmı. 15, 36-cı dişlərin olmaması.” diaqnozu qoyulmuş; xəstəliyin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması; iddiaçının sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli “Həkim Psixiatr Komissiyası”nın rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28-/3-1-118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçılı Bilal oğlu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz:Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə bəyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik epizodlarla F06.5” Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxilolmalarla; Ağırlaşmalar: F.06.5 Üzvi dissosiativ pоzuntu, üzvi dissosativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxilolmalarla, S06.0 Baş beynin silkələnməsi, partlayış travması (barotravma) baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən postravmatik stress pozuntusu, F43.1 Posttravmatik stress pozuntusu, orta dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu ilə bağlı 02 avqust 2024-cü il tarixli F00210986SPE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 549 saylı ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və özünükəsmələrlə, tez-tez dekompensasiyalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Yoxlanılan şəxsə dair inzibati iş materialında olan tibbi sənədlərdən görünür ki, İddiaçı müxtəlif tarixlərdə müayinədə olduğu zaman onda müəyyən edilən diaqnoz həmin dövrdə aparılmış müayinələrə müvafiq olmuşdur. Hal-hazırda isə yoxlanılan şəxsdə yuxarıda göstərilən diaqnoz müəyyən edilmişdir.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli “Həkim Psixiatr Komissiyası”nın rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28-/3-1-118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçılı Bilal oğlu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxiolmalarla F07.0.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vətən Müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq xəsarət almışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Xəstəxanada, xx.xx.2021-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2022-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olunmuşdur. Barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə 7573 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” verilmişdir. Əlillik təyin edilməsi üçün göndəriş Xəstəxana tərəfindən cavabdehə göndərilmiş (əsas diaqnoz F06.5 üzvi dissosiativ pozuntu), lakin cavabdeh tərəfindən əlilliyin təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psıxotik epizodlarla Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir..” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Biləsuvar rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7573 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu və postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən posttravmatik ensefalopativa şəklində nəticəsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol qamış sümüyünün orta 1/3-in kafi bitişmiş sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Akomadasiyanın spazmı. 15, 36-cı dişlərin olmaması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11043290 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi dissosiativ pozğunluq” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1897 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11397116 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi dissosiativ pozğunluq” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, 10-15 dəqiqə davam edən və hansı yardımın göstərildiyini bilmədiyi qıcolma tutmalarından, yuxu pozulmasından şikayətlənmişdir. Passiv-aqressiv davranış sərgiləmiş, daha çox sosial yönümlü şikayətlərdən danışmış, bu zaman bəzən kəkələmə olmuşdur. Mühakimə və analiz qabiliyyəti saxlanılmış, özünü tənqid yüksək səviyyədə qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2-1(120)-795/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxnasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxilolmalarla. Üzvi dissosativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxilolmalarla. Partlayış travması (Barotravma), baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən postravmatik stress pozuntusu. Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir..səbəbi ilə imtina verilmişdir. Məhkəmə işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. İddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli isterik tip şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-795/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:

7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0

Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlillik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Hərbi Həkim Komissiyasının qərarı (xx.xx.2022-ci il tarixli 7573 saylı xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu və postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamı veqetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol qamış sümüyünün orta 1/3-nin kafi bitişmiş sınığı. Akomadasiyanın spazmı. 15, 36-cı dişlərin olmaması.” diaqnozu qoyulmuş; xəstəliyin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması; iddiaçının sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxilolmalarla; Ağırlaşmalar: F.06.5 Üzvi dissosiativ pоzuntu, üzvi dissosativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxilolmalarla, S06.0 Baş beynin silkələnməsi, partlayış travması (barotravma) baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən postravmatik stress pozuntusu, F43.1 Posttravmatik stress pozuntusu, orta dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu ilə bağlı 02 avqust 2024-cü il tarixli F00210986SPE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 549 saylı ekspert rəyindən görünür ki, iddiaçıda halhazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və özünükəsmələrlə, tez-tez dekompensasiyalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. İddiaçının müxtəlif tarixlərdə müayinədə olduğu zaman onda müəyyən edilən diaqnoz həmin dövrdə aparılmış müayinələrə müvafiq olmuşdur. Onda yuxarıda göstərilən diaqnoz müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli “Həkim Psixiatr Komissiyası”nın rəyindən görünür ki, iddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, özünü kəsmələr, anamnezində psixotik daxiolmalarla F07.0.” diaqnozu qoyulmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarında olan göndəriş (xx.xx.2024), digər tibbi sənədlər, o cümlədən ekspert və mütəxəssis rəyləri ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” bəndinə uyğun 7.6.2.1-ci bəndlə qiymətlənndirilməklə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə göndəriş, o cümlədən ekspert və mütəxəssis rəyləri iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb mərkəzləri tərəfindən verilmişdir. İddiaçı sonuncu qərarı mübahisələndirdiyi üçün əlillik təyinatı həmin qərarın tarixindən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-795/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar