Məhkəmə qərarları › İş №2-1(106)-911/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-911/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-911/2025 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv olunması və əlilliyin təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1921/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 6RHJ40J0004 nömrəli qərarının ləğv olunması və həmin tarixdən övladı X9 ümumi xəstəlik səbəbi ilə sağlamlıq imkanları məhdud uşaq kimi əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Beyləqan rayon Mərkəzi Xəstəxanası PHŞ iş üzrə adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, övladı X12 anadangəlmə xəstədir. Diaqnoz: Th-L X21 R-Qramma. Th8-L3 X5 Skolioz, Bucaq 15 ikinci Dərəcə C-X18 Edilir. Thorax Yan P R-Q: Kifoz Bucağı -33 l X19 Edilir. X23 X22 R-X16 X4 Ekzostozu İzlənilir. Qeyd edir ki, övladını Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə X10 Şəxs tərəfindən də müayinə edilən zaman övladında Sagital proyeksiyada seTl.tse T2,aksial proyeksiyada tseT2 rejimlərində: Boyun nahiyəsi: Servikal lordoz dəyişməmişdir. Boyun fəqərə cisimlərinin yüksəkliyi normaldır. C2-C7-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir. C2-C7-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2 rejimində zəifləmişdir. C4-C5fəqərəarası diskin sağ paramedian, sağ lateral-foramial protruziyası (2,0mm), dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması, C5-C6-fəqərəarası diskin arxa median, bilateral-foraminal protruziyası (2,0mm), dural kisənin və sinir kökcüklərinin minimal sıxılması diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi və intenivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib, döş nahiyəsi: Fəqərə sütununda mülayim “S” vari skolioz qeyd olunur. Döş kifozu dəyişməmişdir. Döş fəqərə cisimlərinin yüksəkliyi normaldır. Thl-Thl2-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir. ThlThl2-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2 rejimində zəifləmişdir. Spinal kanalda həcmli patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi və intenivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Bel oma nahiyyəsi: Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yüksəklikləri normal dəyərləndirilmişdir. Ll-Sİ-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri mövcuddur. Fəqərəarası disklərin yüksəklikləri və intensivlikləri dəyişməmişdir. L5-Sİ-fəqərəarası diskin minimal arxa median protruizyası diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Onurğa beyni TN2-Lİ səviyyəsində tamamlanır. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Nəticə: Mətndə qeyd edilən fəqərəarası disklərin, degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları qeyd edilmişdir. Cavabdeh orqana dəfələrlə müraciət etməyinə baxmayaraq əsassız olaraq qanunsuz imtinalar verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ekvino-varus əyripəncəliyi, Pəncənin anadangəlmə defekti.Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiparez qeyd edilir. Əzələ gücü sağda 3 baldır.Gənclik idiopatik skoliozu, İdiopatik skolioz. İİ dərəcə. Hemiplegik spastik serebral iflic, Hemiplegik spastik serebral iflic. (orta ağır forma). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 3 (üç) sm qısalığı. Duruş kifozu, Kifoz İ (bir) dərəcə. Onurğa beyninin digər xəstəlikləri, Onurğa beyninin zədələnməsi. Hərəkətin və yerişin pozulmaları, Yerişi pozulmuşdur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) 09 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1921/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1921/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəlikdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin iki ekspert rəyi arasında ziddiyyətlər mövcudddur. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Şəxsdə olan xəstəliyin XBT kodu belə müəyyənləşdirilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1921/2025 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə kollegiyasının hüquqi yardımını nəzərə alaraq tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tələbinə "cavabdehin xx.xx.2024-cü il tarixli, 6RHJ40J0004 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən X9 əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Kamran Abdulrəhimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1921/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1921/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 6RHJ40J0004 nömrəli qərarının ləğv olunması və həmin tarixdən övladı X9 ümumi xəstəlik səbəbi ilə sağlamlıq imkanları məhdud uşaq kimi əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçının övladına əlillik təyinindən diaqnozun təsdiqini tapmaması səbəbi ilə imtina etsə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan əlilliyin qiymətləndirilməsi barədə elektron altsistemdən çıxarışlardan görünür ki, X6 əlillik vəziyyəti: Beyləqan Rayon Mərkəzi Xəstəxanasının D00165193HQN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının F00179367NRE nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbilə, Tibb müəssisəsinin U00213351PİY nömrəli (forma 88) göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və xx.xx.2024-cü il tarixli, 6RHJ40J0004 nömrəli qərarı qəbul edilərək “Diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2024-cü il tarixli tibbi arayışına əsasən, Sarıyev Cavidə “onurğa beyninin zədələnməsi, sağ tərəfli spastik hemiparez, sağ aşağı ətrafın 3 sm qısalığı, sağ pəncənin ekrimus deformasiyası, sağ azıq-baldır oynağının bükücü kontrakturası (100%), əzələlərin atrofiyası, yerişin pozulması, skalioz İİ, kifoz İ dərəcə, sol tibia sümük ekzostozu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Neyrocərrahiyyə X10 Şəxsin xx.xx.2023-cü il tarixli müayinə protokolunda qeyd edilmişdir ki, Müayinə olunan nahiyə: Tam onurğa beynin MRT müayinəsi: Sagital proyeksiyada seTl,tse T2,aksial proyeksiyada tseT2 rejimlərində: Boyun nahiyəsi: Servikal lordoz dəyişməmişdir. Boyun fəqərə cisimlərinin yüksəkliyi normaldır. C2-C7-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir. C2-C7-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2 rejimində zəifləmişdir. C4-C5-fəqərəarası diskin sağ paramedian, sağ lateral-foramial protruziyası (2,0mm), dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması, C5-C6-fəqərəarası diskin arxa median, bilateral-foraminal protruziyası (2,0 mm),dural kisənin və sinir kökcüklərinin minimal sıxılması diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi və intenivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Döş nahiyəsi: Fəqərə sütununda mülayim “S” vari skolioz qeyd olunur. Döş kifozu dəyişməmişdir. Döş fəqərə Cisimlərinin yüksəkliyi normaldır. Thl-Thl2-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir. Thl-Thl2-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2 rejimində zəifləmişdir. Spinal kanalda həcmli patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi və intenivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Bel oma nahiyəsi: Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yüksəklikləri normal dəyərləndirilmişdir. Ll-Sl-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri mövcuddur. Fəqərəarası disklərin yüksəklikləri və intensivlikləri dəyişməmişdir. L5-Sl-fəqərəarası diskin minimal arxa median protruizyası diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Onurğa beyni Thl2-Ll səviyyəsində tamamlanır. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Nəticə: Mətndə qeyd edilən fəqərəarası disklərin, degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmidşir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildir ki, C.Sarıyevin əlillik vəziyyəti Beyləqan Rayon Mərkəzi Xəstəxanasının D00165193HQN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə vətəndaşa dair Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən F00179367NRE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə C.Sarıyevə dair Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən U00213351PİY nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən vətəndaş xx.xx.2024-cü il tarixində 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X11sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Beyləqan Rayon Mərkəzi Xəstəxanasi” X15 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X12 “Hemiplegik spastik serebral iflic” diaqnozu ilə halhazırda xəstədir. Onun tibbi sənədlərini xx.xx.2024-cü il tarixdə U00213351PİY bildiriş kodu ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxana”sı X20in Həkim Məsləhət Komissiyasının alt sisteminə daxil edilsə də ona TSEK tərəfindən imtina cavabı gəlmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, T 326/2025 nömrəli rəyində qeyd edilmişdir ki, 2009-cu il təvəllüdlü X6 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2,4. Azyaşlı C.Y.Sarıyevin iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilib Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, U00213351PİY saylı Forma 88 göndərişində XBT 10 kodu qeyd edilmiş “Ekvinovarus əyripəncəliyi, pəncənin anadangəlmə defekti, spastik hemiplegiya, sağtərəfli spastik hemiparez” qeyd edilir. Əzələ gücü sağda 3 baldır, gənclik idiopatik skoliozu, idiopatik skolioz İİ dərəcə, hemiplegik spastik serebral iflic (orta ağır forma), ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın 3 (üç) sm qısalığı, duruş kifozu, kifoz İ (bir) dərəcə, onurğa beyinin digər xəstəlikləri, onurğanın zədələnməsi, hərəkətin və yerişin pozulmaları, yerişi pozulmuşdur” diaqnoz ona stasionarda kliniki, laborator və funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. Xəstəlik anadangəlmədir. Bu cür xəstələrə xəstəliyin daha da ağırlaşmaması üçün daimi reabilitasiya tələb olunur. Xəstəliyin sağalma ehtimalı yoxdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının oğlu X6 əlillik vəziyyəti birinci dəfə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının D00165193HQN nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə dəyərləndirilmişdir. Ona “R52.2 Digər daimi ağrı, daimi ağrı sindromu. M21.7 ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın 3 (üç) sm qısalığı. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası qeyd edilir. M21.1 Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, Sağ diz oynağının varus deformasiyası” diaqnozu qoyulmuş, göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İkinci dəfə X6 əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının F001179367NRE nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, “G95 Onurğa beyninin digər xəstəlikləri, Onurğa beyninin zədələnməsi” diaqnozu qoyularaq əlavə müalicəyə ehtiyac olması səbəbilə əlillik təyin edilməsindən imtina edilmişmişdir. Sonuncu dəfə U00213351PİY nömrəli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə dəyərləndirilmiş, “Ekvino-varus əyripəncəliyi, Pəncənin anadangəlmə defekti. Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiparez qeyd edilir. Əzələ gücü sağda 3 baldır. Gənclik idiopatik skoliozu, idiopatik skolioz. İİ dərəcə. Hemiplegik spastik serebral iflis, Hemiplegik spastik serebral iflic. (orta ağır forma) Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 3 (üç) sm qısalığı. Duruş kifozu, kifoz İ (bir) dərəcə. Onurğa beyninin digər xəstəlikləri, Onurğa beyninin zədələnməsi. Hərəkətin və yerişin pozulmaları, Yerişi pozulmuşdur.” diaqnozu qoyulmuş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.4.1-ci (hemiplegik spastik serebral iflic (G80.2)), 6.5.1-ci (serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G81- G83)), 6.6.3-cü (onurğa beyninin digər xəstəlikləri (G95)), 6.1.10-cu (sinir və sümükəzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29), 13.5.1-ci (kifoz və lordoz (M40), skolioz (M41)) bəndlərində göstərilən xəstəliklər mövcud olduqda əlilliyin qiymətləndirilməsi xəstəyə qoyulmuş diaqnozlardan asılı olaraq Əlavənin müvafiq bəndinə əsasən aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edilir ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən "əsas diaqnoz kimi “G80.2 – Hemiplegik spastik serebral iflic (orta ağır forma)”, həmçinin, əsas diaqnoz ilə birlikdə ağırlaşma kimi “Q66.0 - Ekvino-varus əyripəncəliyi, pəncənin anadangəlmə defekti”, “G81.1 - Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiparez, Əzələ gücü sağda üç baldır”, “M62.5 - Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələ atrofiyası”, “M41.1 - Gənclik idiopatik skoliozu, İdiopatik skolioz, İİ dərəcə”, “M21.7- Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 3 (üç) sm qısalığı”, “M40.0 - Duruş kifozu, Kifoz (bir) dərəcə”, “G95 - Onurğa beyinin digər xəstəlikləri, Onurğa beyinin zədələnməsi”, “R26 - Hərəkətin və yerişin pozulmaları, Yerişi pozulmuşdur” və yanaşı xəstəliklər kimi “F98 - Uşaq və yeniyetmə yaşında başlayan digər emosional pozuntular və davranış pozuntusu, Emosional pozuntu” diaqnozları xx.xx.2024-cü il tarixdə əlilliyin təyini ilə bağlı U00213351PİY №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. xx.xx.2024-cü il tarixli qərarda diaqnozun mətni “Ekvino-varus əyripəncəliyi, Pəncənin anadangəlmə defekti. Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiparez qeyd edilir. Əzələ gücü sağda 3 baldır. Gənclik idiopatik skoliozu, idiopatik skolioz. İİ dərəcə. Hemiplegik spastik serebral iflis, Hemiplegik spastik serebral iflic. (orta ağır forma) Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 3 (üm) sm qısalığı. Duruş kifozu, kifoz İ (bir) dərəcə. Onurğa beyninin digər xəstəlikləri, Onurğa beyninin zədələnməsi. Hərəkətin və yerişin pozulmaları, Yerişi pozulmuşdur”, imtina səbəbi kimi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin olunmuş və ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, T 326/2025 nömrəli rəyində qeyd edilmişdir ki, azyaşlı C.Y.Sarıyevin iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilib Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, U00213351 PİY saylı Forma 88 göndərişində XBT 10 kodu qeyd edilmiş “Ekvinovarus əyripəncəliyi, pəncənin anadangəlmə defekti, spastik hemiplegiya, sağtərəfli spastik hemiparez qeyd edilir. Əzələ gücü sağda 3 baldır, gənclik idiopatik skoliozu, idiopatik skolioz İİ dərəcə, hemiplegik spastik serebral iflic (orta ağır forma), ətraflatın müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın 3 (üç) sm qısalığı, duruş kifozu, kifoz İ (bir) dərəcə, onurğa beyinin digər xəstəlikləri, onurğanın zədələnməsi, hərəkətin və yerişin pozulmaları, yerişi pozulmuşdur” diaqnoz ona stasionarda kliniki, laborator və funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. Xəstəlik anadangəlmədir. Bu cür xəstələrə xəstəliyin daha da ağırlaşmaması üçün daimi reabilitasiya tələb olunur. Xəstəliyin sağalma ehtimalı yoxdur. Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli, 2-1(106)-911/2025 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, X9 təyin olunan G80.2 – Hemiplegik spastik serebral iflic (orta ağır forma) diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın - 6.4.1 bəndinə, G81.1 - Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiparez, Əzələ gücü sağda üç baldır – 6.5.1 bəndinə, M41.1 - Gənclik idiopatik skoliozu, İdiopatik skolioz, İİ dərəcə - 13.5.1 bəndinə, M40.0 - Duruş kifozu, Kifoz (bir) dərəcə - 13.5.1 bəndinə uyğundur. Göründüyü kimi əlilliyin müəyyən edilməsində ötrü iddiaçı C.Sarıyev barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu xx.xx.2024-cü il tarixli, U00213351 PİY saylı Forma 088 göndərişdə əks olan diaqnoz ilə ekspert rəyində və digər tibbi sənədlərdə olan əsas diaqnoz və ağırlaşmalar eynilik təşkil edir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçının əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.4.1-ci (hemiplegik spastik serebral iflic (G80.2)) və ağırlaşmaları isə 6.5.1-ci (serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G81-G83)), 6.6.3-cü (onurğa beyninin digər xəstəlikləri (G95)), 6.1.10-cu (sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29), 13.5.1-ci (kifoz və lordoz (M40), skolioz (M41)) bəndlərinə uyğundur. Yəni hərəkəti və yerişi pozulmuşdur və sağ tərəfli spastik hemiparez qeyd edilir. Eyni zamanda işdə olan göndərişin “status localis”ində də qeyd olunur ki, sağ aşağı ətrafın 3 sm qısalığı, əzələlərin atrofiyası mövcuddur, yeriş spatikdir. Məhkəmə kollegiyası qeyd edir ki, “sağ tərəfli spastik hemiparez bədənin sağ tərəfindəki (sağ qol və sağ ayaq) əzələlərin həm zəifləməsi, həm də hədsiz gərginləşməsi (spastika) ilə xarakterizə olunan nevroloji bir vəziyyətdir. Bu isə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.4.1.1-ci bəndində (sağtərəfli meyilliliklə yeriş, mürəkkəb hərəkətlərin çətinləşməsi) əks olunan patofunksional dəyişiklərə uyğundur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sarıyev Cavidin xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.4.1.1-ci (hemiplegik spastik serebral iflic (G80.2)) bəndinə uyğundur və yuxarıda qeyd edilən ağırlaşmalar nəzərə alınaraq iddiaçının övladına həmin bəndə əsasən orqanizm funksiyalarının 40-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlillik təyin edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, 6RHJ40J0004 nömrəli qərarı ləğv edilməli və həmin tarixdən iddiaçının övladı X9 ümumi xəstəlik səbəbindən orqanizm funksiyalarının 40-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1921/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdehin xx.xx.2024-cü il tarixli, 6RHJ40J0004 nömrəli qərarı ləğv edilsin və həmin tarixdən iddiaçının övladı X9 ümumi xəstəlik səbəbindən orqanizm funksiyalarının 40-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar