Məhkəmə qərarları › İş №2-1(106)-912/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-912/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-912/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2- 1(120)-1480/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1959-cu il təvəllüdlüdür. Seriya ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək İİİ Beynəlmiləl üzümçülük sovxozunda fəhlə (2 il, 2 ay, 25 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Xanəgah kənd sahə ticarət birliyində iqtisadçı ( 1 il, 7 ay, 1 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Cəlilabad RİC-nin quşçuluq fermasında mal daşıyan (9 ay, 27 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək qarışıq yemlər satışı mağazasında müdir (23 gün), xx.xx.1981-ci il tarixdən vəzifəsində saxlanılmaqla ŞİC-nin sərəncamına keçirilmiş və xx.xx.1984-cü il tarixdə müdir vəzifəsindən azad edilmiş (2 il, 7 ay, 23 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək təsərrüfat işləri üzrə baş həkimin müavini (1 il, 1 ay, 5 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək ŞİC-də mal daşıyan (5 ay, 25 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək mağazada müdir (5 il, 4 ay, 26 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək ŞİC-də sədr müavini (2 il, 1 ay, 4 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Yarmarka” TTHSM-də direktor (1 il, 2 ay, 1 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək mağaza müdiri (9 il, 12 gün) vəzifələrində işləmişdir. Cəmi 26 il 8 ay 2 gün. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək əmək fəaliyyəti dövrləri, Cəlilabad Kooperativlər Cəmiyyətinin xx.xx.2009-cu il tarixli 53 №-li arayışına əsasən 1982-1996-cı illər üzrə həmin müəssisədə işlədiyi müddətdə cəmi 11 il 2 ay adına əməkhaqqı hesablanan dövr və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeydə alınmış pensiya kapitalına uyğun olaraq 1 il 2 ay sığorta stajı nəzərə alınmaqla ümumilikdə 17 il 4 ay 24 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 3-17-1/3-1-26833/2025 nömrəli xx.xx.2025-ci il tarixli xidməti məktubuna əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək Cəlilabad Kooperativlər Cəmiyyətində olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X1 xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktlarına əsasən Cəlilabad Kooperativlər Cəmiyyətinin əməkhaqqı cədvəlləri saxlanılmadığından İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətdə adına əmək haqqı hesablanmayan dövrlərin (əməkhaqqı aldığı dövrlər nəzərə alınmışdır) sığorta stajına daxil edilməsi mümkün olmamışdır. MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır.” Cəlilabad Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cəlilabad Rayon Kooperativ Cəmiyyətinin sənədləri arxivə təhvli verilməmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “65 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdən Cəlilabad rayon Xənəgah sovxoz fəhlə cəmiyyətində əmək fəaliyətinə başlamışdır. xx.xx.2003-cü il tarixə kimi Rayon Kooperativlər İttifaqında müxtəlif vəzifələrdə işləmişdir. Bütün əmək fəaliyyəti əmək kitabçasında əksini tapmışdır. Həmin dövrlər üzrə iş fəaliyyətinə dair sənədlərin saxlanılmaması onun təqsiri deyil. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının işlədiyi dövrlər üzrə əmək haqqı almasını təsdiq edən sənədlər tam şəkildə saxlanılmadığı üçün onun əmək haqqı aldığı dövrlər sığorta stajı kimi nəzərə alınmışdır. İddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin dispozisiya şərtləri ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2-1(120)-1480/2025 nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı Mərkəzi Filiala yaşa görə əmək pensiyasının təyin edilməsi iiə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajının mövcud olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən 1 il 2 ay (2020-2021-ci illər üzrə) əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 6 il 2 ay 24 gün sığorta stajı müəyyən edilmişdir. Cəlilabad Kooperativlər Cəmiyyətinin xx.xx.2009-cu il tarixli 53 №-li arayışına əsasən 1982-1996-cı illər üzrə həmin müəssisədə işlədiyi müddətdə 11 il 2 ay adına əməkhaqqı hesablanan dövr də nəzərə alınmaqla ümumilikdə 17 il 4 ay 24 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Fondun 2 saylı X1 xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktlarına əsasən Cəlilabad Kooperativlər Cəmiyyətinin əməkhaqqı cədvəlləri saxlanılmamışdır. Bu səbəbdən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətdə adına əməkhaqqı hesablanmayan dövrlərin (əməkhaqqı aldığı dövrlər nəzərə alınmışdır) sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin, MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2-1(120)-1480/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, əmək fəaliyyəti əmək kitabçasında tam şəkildə qeyd edilmişdir. Əmək haqqı sənədlərinin saxlanılmaması səbəbindən sosial təminat hüququ pozula bilməz. Sonda İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman əmək kitabçasındakı qeydləri mötəbər hesab edərək, işdə olan sübutlarla iddiaçının 65 yaşının və azı 25 il sığorta stajının olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının 65 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçının sığorta stajı kimi - xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən 1 il 2 ay (2020-2021-ci illər üzrə) əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 6 il 2 ay 24 gün sığorta stajı və Cəlilabad Kooperativlər Cəmiyyətinin xx.xx.2009-cu il tarixli 53 №-li arayışına əsasən 1982-1996-cı illər üzrə həmin müəssisədə işlədiyi müddətdə 11 il 2 ay adına əməkhaqqı hesablanan dövrlər nəzərə alınmaqla ümumilikdə 17 il 4 ay 24 günü mübahisələndirilməyən sığorta stajı kimi qəbul edir, 1982-1996-cı illər üzrə əməkhaqqı hesablanmadığı dövrləri; 1996- 2003-cü illər üzrə isə əmək haqqı cədvəlləri saxlanılmadığı üçün həmin dövrləri nəzərə almır. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi müəyyən dövrlər üzrə əmək haqqı sənədlərinin mövcud olmaması və ya onun hər hansı dövr üzrə əmək haqqı alması barədə sənədin olmaması ilə bağlı dəlillər üzrə hər bir iş ayrı-ayrılıqda fərqli yanaşma tələb edir. Hazırki mübahisə üzrə işin araşdırlması ilə müəyyən edilir ki, iddiaçının əmək fəaliyyəti əmək kitabçasında əksini tapmışdır. Əmək kitabçasındakı qeydlərin mötəbərliyinə kölgə salacaq hər hansı bir nüans müəyyən edilmir. Həmçinin, inzibati orqanın əməkdaşları tərəfindən tərtib edilmiş 28 aprel və 29 aprel 2025-ci il tarixli aktlar ilə iddiaçının işə girmə və işdən azad edilmə barədə saxlanılan bütün əmrlər əmək kitabçasındakı qeydlər ilə üst-üstə düşür. Eyni zamanda, iddiaçının əmək faliyyəti dövründə ödənişsiz məzuniyyətdə olması müəyyən edilmir. Hazırki mübahisə üzrə əmək haqqı sənədlərinin arxivə təhvil verilməməsi və ya hər hansı dövr üzrə iddiaçının əmək haqqı alması barədə məlumatın olmaması onun sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. İş üzrə əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan yaşa (65 yaşa) və tələb olunan azı 25 il sığorta stajına malik olmuşdur. Bu səbəbdən iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2-1(120)-1480/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar