Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-914/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1800/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 qərarının ləğv olunması və müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 07 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1800/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati aktın qanuniliyinin yoxlanılması üçün, ilk növbədə, iddiaçının qüvvədə olan müddətsiz əlilliyinin yenidən qiymətləndirilməsinə əsas olmuş halı araşdırmaq və müəyyən etmək zəruridir. Belə ki, müddətsiz əlilliyin əsaslılığının müəyyən edilməsi məqsədilə inzibati orqan ilk öncə iddiaçıya bildiriş ünvanlayaraq bildirişində Əsasnamənin 3.7-ci maddəsinə istinad etmiş və iddiaçının əyani müayinəyə cəlb edilməli olduğunu bildirmişdir. Lakin iddiaçı əyani müayinədə iştirak etməmiş və mövcud sənədlər əsasında onun müddətsiz əlilliyi ləğv edilmişdir. Bundan sonra, həmin qərardan narazı olduğuna görə iddiaçı köhnə məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinədə iştirak etmiş, aparılan araşdırma, qiymətləndirmə nəticəsində barəsində qəbul edilmiş əvvəlki əlverişsiz inzibati akt qüvvədən düşmüş və onun nəticəsi olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar əlillik səviyyəsində olmadığından xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Həmçinin Əsasnamənin 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdehin istinad etdiyi sübut isə digər vətəndaşın ərizəsidir ki, həmin ərizədə qeyd edilmiş halların həqiqiliyini araşdırmadan qərar qəbul etmişdir. X2 adlı şəxsin «Masallı rayonu, Həsənli kəndi üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması» ilə bağlı müraciəti cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 2019-cu ildən İ dərəcəli əlillik təyin olunmuş və xəstəliyə görə pensiya almışdır. Ona diensefal sindrom, tez-tez baş verən qıcolma tutmaları və adreno-simpatik krizlərlə, hərəkət koordinasiyasının kəskin pozulması, ataksiya, hipertkinetik sindrom ilə diaqnozu qoyulmuşdur. Buna baxmayaraq inzibati orqan tərəfindən araşdırma aparmadan, xəstəliklərini hərtərəfli müayinə etmədən, sənədlərini araşdırmadan qanunsuz olaraq ona əlillik təyin olunmasından imtina olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Diensefal sindrom tez-tez baş verən qıcolma tutmaları və adreno-simpatik krizlərlə. Hərəkət koordinasiyasının kəskin pozulması. Ataksiya, hiperkinetik sindrom ilə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyini tam olaraq iddiaçının xeyrinə təfsir və tətbiq edərək, işi yetərincə araşdırmadan qanunsuz, əsassız qərar qəbul etmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcuddur. Belə ki, Masallı rayon Həsənli kənd sakini X2 Nazirliyə ərizə ilə müraciət edərək bir qrup şəxsin saxta əlillik təyin etdirdiklərini qeyd etmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir: -Əlillik altsistemindən çıxarışdan və digər sənədlərdən görünür ki, iddiaçıya 2013-cü il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, X2 adlı şəxsin 64 nəfər barədə müraciəti əsasında iddiaçının əlillik təyinatı risk qrupuna aid edilməklə, müayinəyə dəvət edilmiş, müayinə olunmadığı halda “Diaqnozun öz təsdiqini tapmaması” qənaətinə gəlinmiş, bundan sonra iddiaçı müayinədə iştirak etmiş, bu dəfə xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarla “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, T 91/2025 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsinə uyğun komissiya nəticəyə gəlir ki, iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən xx.xx.2024-ci il tarixli, xxxxxxx0003 saylı qiymətləndirmə nəticələrində XBT 10 kodu ilə qeyd edilən “X1: Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G90-G99-sinir sisteminin digər pozğunluqları => G99*-sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8*-digər... Diaqnozun mətni: Diensefal sindrom tez-tez baş verən qıcolma tutmaları və adreno-simpatik krizlərlə, hərəkət koordinasiyasının kəskin pozulması, ataksiya, hiperkinetik sindrom ilə” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, aparılmış bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, onun əmək qabiliyyətinin itirilməsinin tibbi-sosial ekspertləri tərəfindən 0% olması qeyd edilmişdir. Əsas xəstəliyin gedişi xroniki hala keçərək ağırlaşdığından onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. -“Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-5/2-393/2025 nömrəli tibbi rəyində qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli “EEQ” müayinə nəticəsinə əsasən, “Sağ frontotunporalda epileptik aktivlik” qeyd edilmişdir. İddiaçı nevroloji statusu: emosional labildir, refleksin canlı D-S. Diaqnoz: Gərginlik tip baş ağrısı, (48.0) Nevrasteniya. Nəticədə, nevroloq Könül Mansirova P. Cavadovada hazırda neyrocərrahi patologiya olmadığını, sahə üzrə nevroloq və psixiatorun müayinə və müalicəsini tövsiyə etmişdir. İddiaçı cavabdeh inzibati orqanın əlillik təyinatından imtina edilməsi barədə qərarından narazıdır və ilkin əlillik dərəcəsinin bərpa edilməsini tələb edir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: -68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; -68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; -68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; -68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzla işarələnmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanuni əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin iddiaçının müayinəyə cəlb edilməsi əsaslarına dair hər-hansı əsaslı sübut və dəlil təqdim etməmiş, məsələyə aidiyyəti olmayan vətəndaş müraciəti əsasında inzibati icraat aparmışdır. Başqa sözlə, şəxsin risk qrupuna aid olmasını şərtləndirən əsaslar olmadan onun müayinəyə cəlb edilməsi öz-özlüyündə qanunvericiliyin, o cümlədən "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə ziddir. Sözügedən Qaydanın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər təyin edilmiş əlilliyin yenidən araşdırılması imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, yenidən müayinə nəticəsində yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh sonradan yaranmış hüquqi və ya faktiki halın hansısa şəxsin müraciətinə əsasən yarandığına istinad etmiş, lakin nəzərə almamışdır ki, ona iddiaçının əlillik vəziyyətində olmaması barədə müraciət müəyyən sahə üzrə ixtisaslaşmış şəxs və ya müəssisə tərəfindən olmadığından həmin müraciət mötəbər və rəsmi mənbələrdən əldə edilmiş məlumat hesab edilə bilməzdi. Bununla yanaşı, ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçı ilkin əlillik təyinatı aparılan zaman mövcud olan xəstəlikdən hazırda da əziyyət çəkir və cavabdeh diaqnozun əlillik əlaməti təyin etməməsi qənaətinə gəlsə də, bunun hansı tibbi göstəricilərə əsasən müəyyən olunmasını əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1800/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-914/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-914/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver