Məhkəmə qərarları › İş №2-1(106)-915/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-915/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-915/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2962/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 11000 manat birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 16 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-2962/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X4 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və ona “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. İddiaçı mərhum X2 vərəsəsi kimi müəyyən edilmiş və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin rəsmi ödəniş siyahısından çıxarışın surətindən görünür ki, mərhum X2 vərəsəsinə (və ya vərəsələrinə) xx.xx.2001-ci il tarixdə 5.500.000 AZN (1100 AZN) manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı özü də bu halı təsdiq etmişdir. xx.xx.2000-ci il tarixdə aylıq əməkhaqqının minumum məbləği 5.500 manat məbləğində müəyyən edilmişdir. Qanunun müvafiq maddəsinə əsasən isə şəhid statusu almış vətəndaşların ailə üzvlərinə ödəniləcək sığorta ödənişinin miqdarı minumum əməkhaqqının min misli məbləğində müəyyən edildiyindən ödənişin miqdarı həmin dövrə münasibətdə 5.500.000 (5.500x1000=5500000) manat təşkil etmişdir. İddiaçı qeyd olunan ödənişi aldığından müvafiq qanunvericilik aktlarında dəyişiklik və əlavələr Konstitusiya Məhkəməsinin müvafiq Qərarına əsasən iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, övladı X4 xx.xx.2000-ci il tarixdə döyüş zonasında hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş, bununla bağlı ona “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna müvafiq olaraq “şəhid ailəsi üzvü” statusu verilmişdir. Lakin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş sığorta haqqı ona yarı həcmdə az ödənilmişdir. Qalıq məbləğin ödənilməsi ilə bağlı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin tələbinin icrasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, övladı həlak olduğu xx.xx.2000-ci il tarixinə münasibətdə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş şəxslərin əhatə dairəsinə daxil deyildir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan dəlillər əsassızdır və övladı X2 xx.xx.2000-ci il tarixdə döyüş zonasında hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olması ilə əlaqədar birdəfəlik ödənilməli olan sığorta haqqının ödənilməyən 5500 manat hissəsinin ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. İddiaçının oğlu X4 2000-ci ildə həlak olduğuna görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün ona Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun xx.xx.1997-ci il tarixdə qüvvədə olmuş redaksiyasının 4-cü maddəsində “Sığorta məbləğinin və sığorta haqqının” minumum miqdarı tənzimlənmişdir. Qeyd edilən maddənin birinci hissəsinə əsasən qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqının min misli məbləğində sığorta edilir. xx.xx.2000-ci il tarixdə aylıq əməkhaqqının minumum məbləği 5.500 (beş min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Qanunun müvafiq maddəsinə əsasən isə şəhid statusu almış vətəndaşların ailə üzvlərinə ödəniləcək sığorta ödənişinin miqdarı minumum əməkhaqqının min misli məbləğində müəyyən edildiyindən ödənişin miqdarı həmin dövrə münasibətdə 5.500000 (5.500 x1000=5500000) manat təşkil etmişdir. Qeyd edilən məlumatlarla İddiaçı mərhum X2 vərəsəsi kimi müəyyən edildiyi, həmçinin ona sığorta ödənişinin ödənildiyi müəyyən edilir. Belə olan halda iddia təmin edilməməlidir. "xxxx" ASC-nin Nazirliyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 01/01 nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısından məlum olur ki, mərhum X3 vərəsəsinə (və va vərəsələrinə) xx.xx.2001-ci il tarixdə 5.500.000 AZN (1100 AZN) manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran’’ hal kimi qəbul oluna bilməz. Plenum Qərarında sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmaqla, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edildikdən sonra müəyyən olunan yeni normativ maraqlı şəxslərə əlavə pul ödəncinin verilməsini nəzərdə tutduğundan onların hüquqi vəziyyətini yaxşılaşdıran norma kimi geriyə tətbiq edilmiş və qalıq məbləğlər növbəliliklə ödənilməyə başlanmışdır. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddiaya qarşı etirazda qeyd olunan məzmunda izahat vermiş, birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğunu bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -X7 Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il 2 avqust tarixinədək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Bildirir ki, oğlunuz X4 2000-ci ildə həlak olduğuna görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, iddiaçıya Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. -xx.xx.2000-ci il tarixli, V-ЖГ № 309157 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2000-ci il tarixdə döş və qarın boşluqlarını dəlib keçən odlu silah güllə yaralanması nəticəsində vəfat etmişdir. -0021475 nömrəli, 25 yanvar 2001-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında xx.xx.1993-cü il Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə hüququ verilmişdir. -X7 Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nazirliyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 01/01 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş rəsmi ödəniş siyahısından çıxarışın surəti göndərilməklə bildirilir ki, həmin məktuba əlavə olunmuş rəsmi ödəniş siyahısından məlum olur ki, mərhum X2 vərəsəsinə (və ya vərəsələrinə) xx.xx.2001-ci il tarixində 5.500.000 AZN (1100 AZN) manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun: -2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir. -2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; xx.xx.1997-ci il tarixdə qüvvədə olmuş redaksiyasının 4-cü maddəsində “Sığorta məbləğinin və sığorta haqqının” minumum miqdarı tənzimlənmişdir. Qeyd edilən maddənin birinci hissəsinə əsasən qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqının min misli məbləğində sığorta edilir. 2 iyun 2008-ci il tarixli 618-NİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 4-cü maddəsinin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli” sözləri “on bir min manat” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir-etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş "hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Qərardan göründüyü kimi, sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, № 1 Fərmanının: 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra - birdəfəlik ödəmə) verilməsi nəzərdə tutulmuşdur. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının övladının şəhid olması və ailəsinə şəhid statusunun verilməsi işin mübahisəsiz halıdır. Mərhumun şəhid olması ilə əlaqədar olaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə xx.xx.2001-ci il tarixdə iddiaçıya 5.500.000 manat məbləğində birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra xx.xx.2008-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilmiş və birdəfəlik sığorta ödənişinin məbləği 11.000 manat müəyyən edilmişdir. İddiaçı həmin dəyişikliyə istinad edərək, əlavə ödənc tələb edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş mövqeyinə əsasən, qeyd olunan Qanuna edilmiş dəyişikliklə sığorta məbləğinin artırılması hərbi qulluqçuların və onların ailə üzvlərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir və şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddia ərizəsinin məzmunu təkrarlanmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2962/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar