Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-917/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3295/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (hazırda qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 02 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-3295/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. İddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. İddiaçı barəsində sonuncu dəfə verilən 3.12.2024-cü il tarixli, K00239984FKD nömrəli tibbi göndərişdə qeyd olunan ağırlaşma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.7.1.ci bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi rütbəsi ehtiyyatda olan əsgər, hərbi uçot ixtisası snayperçi olmuşdur. xx.xx.2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində bel nahiyyəsinin küt travması diaqnozu ilə xəsarət almışdır.Ona əlillik təyinatının aparılmasından cavabdeh inzibati orqan tərəfindən imtina olunmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalar və kəkləmə ilə, intihar fikirləri ilə.Posttravmatik stress pozuntusu. Funksional tutmalarla. Zəif dərəcəli hipermetropiya Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsiSəbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin iki ekspert rəyi arasında ziddiyyətlər mövcuddur. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Ağırlaşmalar öz təsdiqini apmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin məhkəmə əsassız və qanunsuz olaraq xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddəti bərpa etmişdir. Belə ki, iddiaçının vəkili bildirmişdir ki, guya aidiyyəti üzrə inzibati orqana müraciət etməklə bərabər hazırki iddia tələbi ilə əvvəlcə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Aidiyyət qaydasını pozaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdikləri üçün vaxt itkisi olmaması səbəbindən iddia ərizəsini geri götürərək aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər və iddiaçı tərəfin heç bir sübuta əsaslanmayan sözləri ilə məhkəmə qanunsuz, əsassız və ümumiyyətlə, araşdırma aparmadan buraxılmış prosessual müddəti bərpa etmişdir. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli imtina qərarından iddiaçı xx.xx.2025-ci il tarixində sms vasitəsi ilə tam xəbərdar edilmiş və Qərarla razilasmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşması və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə biləcəyi barədə tam xəbərdar edilmişdir. Şəxs isə müddəti ötürərək 2025-ci ilin aprel ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ümumiyyətlə, Şirvan İnzibati Məhkəməsində ötürülmüş prosessual müddətlə bağlı ərizəçilərin verdiyi əsassız ərizələr hər hansı məhkəmə araşdırması aparılmadan, heç bir sübuta əsaslanmadan təmin edilərək şəxsin xeyrinə qəbul edilir və məhkəmədə cavabdehin nümayəndələrinin müdafiəsi nəzərə alınmır. Apellyasiya instansiya məhkəməsindən qeyd edilən xüsusiyyətlərin nəzərə alınaraq, yuxarı instansiya məhkəməsi kimi ötürülmüş prosessual müddətlə bağlı ətraflı araşdırma aparılmasının zəruriliyi xahiş edilir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq, bildirmişdir ki, **********, **********, ********** mobil telefon nömrələri ona məxsus deyil və bu nömrələrdən istifadə etmir. Eyni zamanda iddia ərizəsi ilə ilk olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, daha sonra ərazi aidiyyəti üzrə müraciət etmək üçün iddianı geri götürmüş, bundan sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyindən hesab edir ki, müddəti ötürməmişdir. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, bildirmişdir ki, əlillik təyinatından imtina barədə məlumat iddiaçının aktiv mobil nömrəsinə göndərilmişdir, ona görə də həmin qərardan məlumatlı olmuşdur. Məhkəmə kollegiyası mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli imtina qərarını mübahisələndirmiş, lakin iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Tibbi göndərişdən və xx.xx.2024-cü il tarixli imtina qərarından görünür ki, iddiaçının mobil telefon nömrəsi ********** olaraq qeyd edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən sms bildirişlər digər nömrələrə (**********, **********, **********) göndərilmişdir ki, iddiaçı həmin nömrələrin onun istifadəsində olmadığını bildirmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemində axtarış zamanı qeyd olunan nömrələrin iddiaçının adına olmaması, həmçinin iddiaçının adına, ümumiyyətlə, telefon nömrəsinin olmaması müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh əlillik təyinatından imtina ilə bağlı iddiaçıya məxsus olmayan nömrələrə sms bildiriş göndərmiş, beləliklə,, mübahisələndirilən qərar iddiaçıya təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin sözügedən qərarından şikayət verilməsi ilə bağlı müddət ötürülməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyinin N hərbi hissəsi tərəfindən verilmiş Travma haqqında arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Talış kənd istiqamətində gedən döyşülər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Bel nahiyəsinin küt travması” diaqnozu ilə xəsarət almışdır. -2687 №-li, xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamənin məzmunundan müəyyən olunur ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təyin olunmuş Diaqnoz: “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, funksional tutmalarla, kəkələmə ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfəli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Sol kürək nahiyyəsinin kiçik ölçülü bərkimiş dəri çapığı. Gərginlik tip baş ağrısı”. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Diaqnoz: Hər iki gözün sadə miopik astiqmatizmi 0,75 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə qeyd olunmuşdur. -Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” tərəfindən verilmiş 1034 №li, xx.xx.2023-cü il tarixli 3285 №-li, xx.xx.2024-cü il tarixli və Həkim Psixiatr Komissiyasının rəyində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində aparılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduğu qeyd olunmuş, eyni zamanda Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, intihar fikirləri ilə F62.0 qeyd olunmuşdur. -Sumqayıt Psixatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş K00239984FKD №-li forma 88-də İddiaçı təyin olunmuş əsas Diaqnoz: F43-1 Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu, funksional tutmalarla; Ağırlaşma: 62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, dissosiativ daxilolmalar, intihar fikirləri ilə; Yanaşı xəstəliklər: G44.2 Gərginlik tipli baş ağrısı Gərginliklə bağlı xroniki baş ağrısı Gərginliklə bağlı epizodik baş ağrısı Gərginliklə bağlı ƏGO baş ağrısı, Gərginlik tip baş ağrısı; H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə; F98.5 Kəkləmə (hıqqınahıqqına danışmaq) Kəkələmə; H52 Hipermetropiya, Zəif dərəcəli hipermetropiya. -Əlillik altsistemindən çıxarışdan görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının xxxxxxx004 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2088 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertiza rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı halhazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosisativ daxilolmalarla” (F62.0) aşkar edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci bəndi (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) ilə eyniləşdirməklə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndində “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3295/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-917/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-917/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver