Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-918/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-2713/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1955-ci il təvəllüdlüdür. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək SSR ordu sıralarında hərbi xidmətdə olmuşdur (2 il 16 gün). Seriya MT ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1976-cı ildə Azərbaycan SSR doluya qarşı mübarizə üzrə hərbiləşdirilmiş xidmət-Füzuli hərbiləşdirilmiş dəstəsində xidmətçi personal işçisi vəzifəsinə qəbul edilmişdir (əmr № 54k, xx.xx.1976); xx.xx.1977-ci ildə eyni dəstədə çilingər vəzifəsinə keçirilmişdir (əmr № 52/12. xx.xx.1977); xx.xx.1978-ci ildə eyni dəstədə radiolokasiya qrupunun mexaniki vəzifəsinə keçirilmişdir (əmr № 33/12, xx.xx.1978); xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (əmr 21/12, xx.xx.1982) (5 il 6 ay 20 gün); xx.xx.1982-ci ildə Azərbaycan SSR Füzuli DSU-14 DSPİ-3 mintransavto-ikinci dərəcəli taksi sürücüsü vəzifəsinə qəbul edilmişdir; xx.xx.1982-ci ildə katokdan buldozerə keçirilmişdir (əmr № 52, xx.xx.1982); xx.xx.1982-ci ildə ixtisaslaşmış komissiyanın 5 saylı, xx.xx.1982-ci il tarixli protokolunun qərarına əsasən ixtisası 3-cü dərəcədən 5-ci dərəcəyə keçirilmişdir (əmr №119, xx.xx.1982); xx.xx.1988-ci ildə 25 iyul 1988-ci il 1 nömrəli protokolun qərarına əsasən ixtisası 5-ci dərəcəyə keçirilmişdir (əmr № 28, xx.xx.1988); xx.xx.1993-cü ildə 15 yanvar 1993-cü il nömrəli protokolun qərarına əsasən ixtisası V (beşinci) dərəcədən 6-cı dərəcəyə keçirilmişdir (əmr №10, xx.xx.1993); xx.xx.1998-ci ildə işdən azad edilmişdir (əmr № 16, xx.xx.1998). (16 il 2 ay gün). (İşdən çıxma tarixi xx.xx.1998-ci il tarixdən nəzərə alındıqda 16 il 1 ay 10 gün). Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 137 №-li, xx.xx.2022-ci il tarixli arxiv arayışı ilə təqdim olunmuş 23 saylı X1 əmrlərindən - xx.xx.1998-ci il tarixli 06 №-li əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci il tarixdən DZ-143-1 markalı avtoqreyderə 5-ci dərəcəli sürücü təyin edilmiş, xx.xx.2000-ci il tarixli 21 №-li əmrlə 23 saylı X2 tikinti quraşdırma işlərinin dayandırılması ilə əlaqədar xx.xx.2000-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılmışdır (2 il, 6 ay, 2 gün). Əmrlər hüquqi şəxsin rəisi və kadrlar şöbəsinin müavini tərəfindən imzalanmışdır. 48-**-BA-*** №-li, xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 23 saylı X2 əmək haqqı cədvəlində 1998-ci ilin 4-cü, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 12-ci ayları, 1999-cu il üzrə 1-12-ci aylar, 2000-ci il üzrə 1-9-cu aylar üzrə əmək haqqı ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 saylı məktubda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz əmək kitabçasının və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət müddəti nəzərə alınmaqla) 23 il 8 ay 18 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyiniz arxiv arayışında qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Sabirabad ayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 137 nömrəli arxiv arayışında qeyd edilmiş 23 saylı Mexanikləşdirilmiş Dəstənin işdən azad olma əmrləri və əməkhaqqı cədvəlləri möhürlə təsdiq olunmadığı üçün xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2021-ci il tarixindən 30 manat məbləğində yaşa görə müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır.” 37 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür li, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17- 1/2-214857/2025 saylı məktubunda qeyd edilmişdir ki, “...İddiaçı məxsus pensiya işinə dair sənədlərə əsasən ona xx.xx.1976-cı il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin xx.xx.2022-ci il tarixli **********9 nömrəli əmrinə əsasən İddiaçı əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixində ödənişi dayandırılmışdır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 65 yaşı və 25 ildən çox sığorta stajı var. xx.xx.1998-xx.xx.2000-ci illərdə 23 saylı X3 5-ci dərəcəli sürücü vəzifəsində işləmişdir. Həmin dövrün əmək kitabçasında qeyd edilməməsinə səbəb vaxtı ilə əmək kitabçasını itirməsi, illər sonra tapması olmuşdur. Lakin qeyd edilən dövrlərdə işləməsini təsdiq edən arxiv sənədləri var. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-2713/2025 nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəyişdirilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının 23 il 8 ay 18 gün sığorta stajı var. Onun xx.xx.1998-xx.xx.2000-ci illər üzrə iş stajı şəxsi hesab cədvəli əsasında yazıldığından və 23 saylı X2 işdən azad olma əmrləri və əməkhaqqı cədvəlləri möhürlə təsdiq olunmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-2713/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1 -ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-2713/2025 nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli dövrlərdə işləməsi arxiv çıxarışı (arayışı) ilə təsdiq edilir. İddiaçının 65 yaşı və 25 il sığorta stajı olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları bildirir: İşin halları ilə müəyyən edilir ki, inzibati orqan hərbi xidmət müddəti nəzərə alınmaqla iddiaçının mübahisələndirilməyən 23 il 8 ay 18 gün sığorta stajını qəbul edir. İddiaçı xx.xx.2021-ci il tarixədək əlillik vəziyyətində olmuşdur. Mübahisələndirilən dövr iddiaçının - xx.xx.1998-xx.xx.2000-ci illər üzrə işlədiyi dövrlərdir. Cavabdeh orqan iş stajı şəxsi hesab cədvəli əsasında yazıldığından və 23 saylı X2 işdən azad olma əmrləri və əməkhaqqı cədvəlləri möhürlə təsdiq olunmadığından qeyd edilən dövrləri sığorta stajı kimi nəzərə almır. Mübahisələndirilən iş stajı (1998- 2000-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.1998-xx.xx.2000-ci illər üzrə işləməsi və həmin dövrlər üzrə 27 ay (2 il 3 ay) əmək haqqı alması işdə olan arxiv arayışları, o cümlədən onun işlədiyi 23 saylı X2 2000-ci il üzrə əmrlər kitabındakı qeydlər ilə təsdiqini tapır. İşdən azad olma əmrlərinin və əməkhaqqı cədvəllərinin möhürlə təsdiqlənməməsi iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu hal onun sosial təminat hüququnun pozulmasının əsası kimi çıxış edə bilməz. İş üzrə arxiv arayışlarının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün onlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan yaşa (65 yaşa) və azı 25 il (mübahisələndirilməyən 23 il 8 ay 18 gün + 2 il 3 ay = 25 il 11 ay 18 gün) sığorta stagına malik olmuşdur. Bu səbəbdən tələbində haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-2713/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-918/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-918/2025
25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver