Məhkəmə qərarları › İş №2-1(106)-92/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-92/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-92/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü, iddiaçıya hüquqi yardım göstərilməməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X11 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X3 və üçüncü şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)1014/2022 nömrəli qərarından üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Kürdəmir rayon Torpaq şöbəsi tərəfındən verilmiş 25 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında rayonun ərazisində yerləşən qış otlaq sahəsindən kənd təsərrüfatında istifadə edilməyən 200 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək şərti ilə "xxxx" kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilmişdir. Daha sonra üçüncü şəxs X10 heyvanlarını saxlamaq üçün ona 200 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə 05 iyun 2013-cü il tarixində ərizə ilə Cavabdehnə müraciət etmiş, Cavabdeh başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamına əsasən ona Sığırlı kəndi ərazisində yerləşən “Sığırlı-Selablıq” adlanan qış otlaq sahəsindən 200 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmış və bu barədə 10 iyun 2013-cü il tarixli 38 nömrəli “torpaq icarəsi müqaviləsi” bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi, mübahisələndirilən 200 ha torpaq sahəsinin yenidən rəhbəri və təsisçisi olduğu "xxxx" MMC-nin icarəsinə verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, Cavabdeh başçısının 27 dekabr 1995ci il tarixli sərəncamı əsasında "xxxx" kəndli fermer təsərrüfatının bazasında yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi varisidir. Bu MMC-nin hüquqi ünvanı Kürdəmir rayonunun Sığırlı kəndidir. Fermer təsərrüfatını idarə etmək üçün 25 noyabr 1999-cu ildə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən kənd təsəsrrüfatında istifadə edilməyən 200 ha torpaq sahəsi onun müvəqqəti istifadəsinə verilmişdir. Bu müddət ərzində "xxxx" MMC-nin idarə edilməsi qaynatası olmuş X1 həvalə edilmiş və səhhətilə bağlı o, təsisçinin (iddiaçının) 27 oktyabr 2007-ci il tarixli qərarı əsasında rəhbər vəzifəsindən azad edilmişdir. Təsisçisi və rəhbəri olduğu "xxxx" MMC Ağsu rayonunda yeni kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi üçün 2011-ci ildə girov müqabilində "xxxx" ASC-dən kredit götürmüşdür və hazırda da "xxxx" MMC Bankda yüklü olaraq qalmaqdadır. Bu müddətlər ərzində o icarəyə götürdüyü 200 ha qış otlaq sahəsi üçün tələb olunan vergini ilbəil 9 saylı Ərazi Vergilər İdarəsinə ödəmişdir. 24 aprel 2007-ci il tarixində bağlanmış müqavilə əsasında o, "xxxx" -nin tələblərini və hüquqlarını satın almışdır. 2013-cü ilin iyunun 5-də 2007-ci ilə qədər "xxxx" KFT-nin rəhbəri olmuş mərhum X4 Babayev Cavabdeh başçısının adına yazdığı saxta və əsassız ərizəsi əsasında onun atasına məxsus olmuş ( hansı illər qeyd edilmir) "xxxx" KFT-nin müvəqqəti balansında olan 200 ha qış otlaq sahəsinin onun adına sənədləşdirilməsini istəmişdir. Məsələ Kürdəmir Rayon İH-də araşdırılmadan, yuxarı səlahiyyətli orqanlarla heç bir razılaşma əldə edilmədən 5 gündən sonra, yəni 10 iyun 2013-cü il tarixli, 115 saylı sərəncama əsasən 200 ha torpaq sahəsi daha 15 il müddətinə ərizəçinin icarəsinə verilmişdir. 2007-ci ildən bu günədək "xxxx" MMC-nin rəhbəri və təsisçisi olduğuna baxmayaraq, bu barədə ona heç bir rəsmi məlumat verilməmişdir. O, 2021-ci ilədək hər il torpaq vergisini ödəmişdir. Yalnız bir neçə ay əvvəl ona məlum olmuşdur ki, sözügedən 200 ha torpaq sahəsi qanunsuz və əsassız olaraq "xxxx" KFT-nin adından süi-istifadə edən Baba Babayevə verilmişdir. Halbuki, bu şəxsin ümumiyyətlə, bu MMC-yə heç bir aidiyyəti olmamışdır. Təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin adından süi-istifadə edən Baba Babayevin xx.xx.2013-cü il tarixli saxta ərizəsi əsasında “Kürdəmir Rayon İH başçısının 10 iyun 2013-cü il tarixli əsassız Sərancamının ləğv olunması” barədə 21 noyabr 2021-ci il tarixli rəsmi müraciətinə Cavabdeh başçısının Aparatı tərəfındən 27 dekabr 2021-ci il tarixli, 2\1393-4 saylı cavab məktubunda bildirir: “Kürdəmir Rayon İcra Hakinıyyəti Başçısının 10 iyun 2013-cü il tarixli, 115 saylı sərəncamı və RİH Başçısının 10 iyun 2013cü il tarixli, 38 nömrəli icarə müqaviləsi ilə Kürdəmir rayonu Sığırlı kənd sakini X5 qoyunçuluğun inkişaf etdirilməsi məqsədilə rayonun inzibati ərazisindəki “Sığırlı-Selablıq” adlanan qış otlaq sahəsindən 15 il müddətinə 200 ha torpaq sahəsi verilmişdir. B.B.Babyevə ********** nömrəli vergi şəhadətnaməsi verilmiş və onun əsasında icarəsində olan 200 ha torpaq sahəsinə görə ildə 240 manat olmaqla icarə haqqı ödəyir.” Yəni, cavabdeh bir daha rəsmən illər ərzində "xxxx" MMC-nin icarəsində olan mübahisələndirilən 200 ha torpaq sahəsi üzrə onun razılığı olmadan eyni gündə ərizə, sərəncam və icarə müqaviləsini sifariş əsasında tələskənliklə bağlayan zaman aidiyyəti üzrə yuxarı orqanlardan heç bir razılaşma olmadan əsassız olaraq sərəncam vermişdir. Hesab edir ki, cavabdeh tərəfin rəsmi imtina cavabı tam əsassızdır, formal xarakter daşıyır və onu qane etmir. 31 avqust 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini təqdim edərək, iddia tələbinin dəyişdirilərək, “Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində "xxxx" kəndli fermer təsərrüfatı qeydə alınmış və Nizamnaməsi təsdiq edilmişdir. X2 "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri seçilmişdir. Kürdəmir rayon Torpaq Şöbəsi tərəfındən 27 noyabr 1999-cu ildə verilmiş JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə qeyd edilmişdir ki, 200 hektar qış otlaq sahəsi Cavabdeh başçısınm 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında "xxxx" kəndli fermer təsərrüfatına örüş məqsədi ilə icarəyə verilmişdir. Lakin həmin Şəhadətnamədə torpağın təyinatı qeyd edilsə də, icarə müddəti (istifadə müddəti) göstərilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fıziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Qanunun tələbindən göründüyü kimi, "xxxx" kəndli fermer təsərrüfatına istifadəyə verilmiş torpaq sahəsi örüş torpaq sahəsi olmaqla icarə və ya istifadə müddəti ən çoxu 15 il müddətinə ola bilərdi. Həmin 15 il müddət də 2010-cu il 27 dekabr tarixində başa çatmışdır. Təsərrüfatın mülkiyyətçisi dəyişdikdə Qanunun tələbinə əsasən yenidən onunla müqavilə bağlanması üçün rayon İcra Hakimiyyətinə müraciət etməli idi. Göründüyü kimi, təsərrüfatın yeni mülkiyyətşisi bu barədə İcra Hakimiyyətinə müraciət etməmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində "xxxx" kəndli fermer təsərrüfatı qeydə alınmış və Nizamnaməsi təsdiq edilmişdir. Lakin həmin sərəncamda təsərrüfata torpaq sahəsi ayrılması nəzərdə tutulmamışdır. Kürdəmir rayonu Sığırlı kənd sakini X10 heyvanlarını saxlamaq üçün ona 200 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və onun müraciəti nəzərə alınaraq Sığırlı kəndi ərazisində yerləşən “Sığırlı-Selablıq” adlanan qış otlaq sahəsindən boş torpaq sahəsi olan 200 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Artıq 9 ildir ki, Baba Babayev həmin torpaq sahəsindən istifadə edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1014/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh iddiaçıya münasibətdə 10 iyun 2013-cü il tarixli, 115 nömrəli qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində bildirilmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaya qarşı yazılı təqdim olunmuş etirazda göstərilən hallara, yəni X3 mübahisəli torpaq sahəsindən 9 ilə yaxındır ki, istifadə etməsinə münasibət bildirərkən tam əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı ilə bağlı heç bir mötəbər sübut təqdim etmədiyindən iş üzrə qəbul edilmiş qərar tam əsassızdır. Prosessual hüquq normalaşrı pozulmuş, bu isə maraqlı şəxsin hüquqlarını pozan qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etiraz məktubundan göründüyü kimi Kürdəmir RİH Başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən "xxxx" KFT qeydə alınmış və nizamnaməsi təsdiq edilmişdir. Həmin torpaq sahəsi örüş məqsədi ilə "xxxx" KFT-yə icarəyə verilmişdir. Şəhadətnamədə torpağın təyinatı qeyd edilsə də, icarə müddəti (istifadə müddəti) göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericilikdə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. İş materiallarından göründüyü kimi iddiaçı icarə müqaviləsinin uzadılması üçün müraciət etməmişdir. Maraqlıdır ki, mübahisə predmeti olan 200 ha torpaq sahəsinin icarə müqaviləsinin genişləndirilməsi barədə iddiaçı Kürdəmir RİH müraciət etməsi barədə yazılı şəkildə müraciət etdiyini söyələsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı təkidlə söyləyir ki, ona 2012ci ildə yenidən 15 illik icarə müqaviləsi verilmiş, lakin həmin müqaviləsi qaynı, yəni iş üzrə üçüncü şəxs X7 yoxa çıxarmışdır. Birinci instansiya məhkəməsi iddiaçının söylədiyi bu sözləri mötəbər sübut kimi qəbul etməklə Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh Kürdəmir RİH məhkəməyə təqdim etdiyi yazılı məktubda xüsusilə vurğulayır ki, sözügedən mübahisəli tolrpaq sahəsi təyinatı üzrə qış otlaq sahəsidir, "xxxx"-yə örüş məqsədi ilə icarəyə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehntiyyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə 10 ildən 15 ilədək verilir. İddiaçının istifadə müddəti 2010-cu ildə bitmişdir. Çox maraqlıdır ki, iddiaçıya məxsus olan "xxxx"-nin heç bir baş mal-qarası yoxdur. İddiaçı həmin torpaq sahəsindən uzun illərdir ki, istifadə etmir. Maraqlı şəxs Baba Babayev 2013-cü ildə müraciət etmiş və 9 ildir ki, 200 ha torpaq sahəsindən tam qanuni əsaslarla istifadə edir. 2013-cü ildən torpaqdan istifadəyə görə bütün ödənişləri Baba Babayev edir. Baba Babayevin təsərrüfatında 200 başdan çox xırdabuynuzlu heyvan vardır. Cavabdeh İPM-nin 14.1-ci maddəsinin şərtlərini, yəni mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu öz etiraz məktubunda əsaslandırmışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1014/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı Kürdəmir RİH Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində üçüncü şəxs X7 və üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1014/2022 saylı qərarının ləğv edilməsi və İddiaçı Kürdəmir RİH Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmyərək, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-1014/2022 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti, iddia qaldırmaq səlahiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtinə də cavab verməlidir. Qeyd olunamalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Mübahisləndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddia qaldırmaq səlahiyyəti (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı X8 özünü subyektiv hüququn sahibi kimi qəbul etməsini 25 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ilə əsaslandırır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Torpaq şöbəsi tərəfındən verilmiş 25 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında rayonun ərazisində yerləşən qış otlaq sahəsindən kənd təsərrüfatında istifadə edilməyən 200 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək şərti ilə "xxxx" kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilmişdir. Göründüyü kimi, torpaq sahəsi "xxxx" kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilsə də, hazırkı iddianı "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" kəndli fermer təsərrüfatı bazası əsasında yaradılmışdır) əvəzinə, fiziki şəxs kimi İddiaçı qaldırmışdır. Məhkəmə tərkibinin qənaətinə görə hazırkı iddianı qaldırmaq səlahiyyəti "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Ancaq işə baxan birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan xüsusata diqqət yetirilməmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımından İddiaçı hüquqi yardım göstərməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Bundan başqa, iş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Cəmiyyətin rəhbəri kimi İddiaçı qeyd edilsə də, iş materiallarında olan Məhəmməd KFT” MMC-nin direktorunun (qanuni təmsilçinin) təyin edilməsi barədə xx.xx.2011-ci il tarixli qərardan görünür ki, İddiaçı "xxxx" MMC-nin direktor vəzifəsindən azad edilmiş və "xxxx" MMC-nin cari fəaliyyətinə rəhbərliyi X1 həvalə edilmişdir. (İİ cild, iş vərəqi 64). Halbuki, iddia ərizəsində qeyd olunmuşdur ki,... "xxxx" MMC-nin idarə edilməsi qaynatası olmuş X1 həvalə edilmiş və səhhətilə bağlı o, təsisçinin (iddiaçının) 27 oktyabr 2007-ci il tarixli qərarı əsasında rəhbər vəzifəsindən azad edilmişdir.” Eyni zamanda, iş materiallarındakı ləğv prosesində olan "xxxx" ASC-nin “X16 Təsərrüfatı” MMC-yə ünvanladığı 19 may 2022-ci il tarixli, **********424 nömrəli xəbərdarlıq məktubundan müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mövcud nizamnamə əsasında fəaliyyət göstərən direktor İddiaçı şəxsində “X16 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.L.N.2004.301111.00001 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 6% ödənilmək şərtilə 389600 manat məbləğində kredit verilmişdir. İşə yenidən baxacaq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri baxımından bu ziddiyyətli məqamları da araşdırmalıdır. Digər vacib məsələ mübahisləndirmə haqqında iddianın xüsusi mümkünlük şərti ilə bağlıdır. Belə ki, iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunması mübahisləndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarından müəyyən olunur ki, cavabdehin 2013-cü il tarixli sərəncamı mübahisləndirilir. İddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə göndərilməsi üçün xx.xx.2022ci il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki,...“10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının hazırkı İddiaçı təqdim edilməsi ilə bağlı sübut təqdim edilməməsini nəzərə alaraq, mübahisələndirilən inzibati akt üzrə prosessual müddətin buraxılmasının səbəblərini üzrlü sayır və buraxılmış prosessual müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir”. İlk növbədə qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt (əmr) barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı müxtəlif dövlət orqanlarına elektron poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə müraciətlər ünvanlayaraq Kürdəmir İcra Hakimiyyəti Başçısının 10 iyun 2013-cü il tarixli əsassız sərəncamının ləğv olunmasını xahiş etmişdir (İİ cild, iş vərəqi 4-6). Bundan başqa, iş materiallarında olan Cavabdeh Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 27 mart 2023-cü il tarixli 5-56-28/2-20/2023 nömrəli məktubundan müəyyən edilir ki, Sığırlı-Selablıq adlanan qış otlaq sahəsində yerləşən 200 ha tolrpaq sahəsindən 2013-cü ildən hal-hazırkı vaxta qədər faktiki olaraq X7 istifadə edir. Qeyd etmək lazımdır ki, “iddia müddəti” xüsusi mümkünlük şərti kimi ona görə vacibdir ki, qeyd olunan müddət hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Təsadüfi deyildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddia müddətinin bu cür təyinatı nəzərə alınaraq, birinci instansiya məhkəməsi yalnız müddətin bərpa edilməsinə dair ərizədəki məlumatlara istinad etməklə kifayətlənməməli, müddətin üzrlü səbəbdən buraxılıb-buraxılmaması istiqamətində zəruri araşdırma aparmalıdır. Ancaq birinci instansiya məhkəməsi mübahisəli torpaq sahələrinin 2013-cü ildən hal-hazırdək kimin faktiki istifadəsində olmasını, iddiaçının mübahisləli sərəncamdan nə vaxtdan məlumatlı olmasını araşdırmadan ötürülmüş müddəti bərpa etmişdir. Digər tərətdən, nəzərə almaq lazımdır ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 2013-cü il tarixdən iddia qaldırdığı tarixədək maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verməmiş, iddiaçıya hüquqi yardım göstərməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Belə ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(120)1014/2022 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(120)1014/2022 qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar