Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-92/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, X9, X6, X7 qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab etməklə, torpaq sahəsinin baza xəritəsinə düzəliş edilməsi, torpaq sahəsinin yerində tanıdılması və cavabdehlərdən müştərək qaydada 15.000 manat pulun tutulub Yaşat Fondunun hesabına köçürülməsi barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1236/2023 saylı qərardadından İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, X9, X6, X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab etməklə, torpaq sahəsinin baza xəritəsinə düzəliş edilməsi, torpaq sahəsinin yerində tanıdılması və cavabdehlərdən müştərək qaydada 15.000 manat pulun tutulub Yaşat Fondunun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi iddia tələbini qəbul etməyərək iddiaçı tərəfindən 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1236/2023 saylı qərаrdadı ilə (hakim Amilya Hüseynova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və onun xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehlər X7 və qeyrilərinə qarşı torpaq sahəsinin yerində tanıtdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin işə baxan hakim iş üzrə tam və hərtərfli araşdırma aparmamış, tez-tələsik qərar qəbul etməklə iddianı mümkün saymamışdır. Həiqətən məhkəmə iclasına gəlib izahat vermək istəmişdir. Məhkəmə onun məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Ona görə də sözügedən qərardad ləğv olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-389/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Z.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1236/2023 saylı qərаrdadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinbə baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən yuxarıda göstərilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1236/2023 saylı qərаrdadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı mümkün saymamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini hazırkı tələbi ilə yuxarıda qeyd olunan cavabdehlərlə yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı yönəltmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi inzibati orqan hesab olunsa da iddianın mümkün olması üçün hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsini, həmin müraciətdən imtina olunmasını və ya hərəkətsizlik göstərilməsini təsdiq edən sübutlar iddia ərizənizə əlavə olunmalıdır. Lakin iddia ərizəsi ilə birgə belə bir sübut təqdim edilməmişdir. Hansı ki, iddiaçı ilkin olaraq iddia tələbi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etməli, cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli idi. Yuxarıda qeyd olunan hüquq normasının tələbindən aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında iddiaya baxılmasının mümkünlük şərtlərində biri iddia tələbinin iddiaya cavab verməli olan orqana qarşı yönəlməsidir. Lakin iddia ərizəsindən görünür ki, iddia tələbi inzibati orqan hesab olunmayan tərəfə fiziki şəxslərə qarşı yönəlmişdir. Göründüyü kimi, cavabdehlər fiziki şəxs olduğundan, onlara qarşı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş inzibati mübahisələr üzrə iddia qaldırıla bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehlər X8, X3, X4 müştərək qaydada mənəvi zərərə görə 15000 manat pul tutulub Yaşat Fondunun hesabına köçürülməsi tələb edilmişdir. Hazırkı iddia tələbi həmin hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növü kimi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının cavabdehlər X8, X3, X4 müştərək qaydada 15000 manat pul tutulub Yaşat Fondunun hesabına köçürülməsi hissəsində iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, mülki hüquq mübahisəsi kimi ümumi məhkəmədə (rayon və şəhər məhkəmələrində) baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılması və öhdəliyin icrası haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və həmin müraciətdən qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Salyan rayonu, Dayıkənd kəndi ərazisində 0,5981 ha torpaq sahəsi vardır. İş materillarında olan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, o, 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək özünə məxsus olan torpaq sahəsinin yerində tanıtdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materillarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı torpaq sahəsinin yerində tanıtdırılması (kordinatalarının yerində müəyyən edilməsi) ilə bağlı müraciətinə baxılmış və ona bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyətinizi təsdiq edən hüquqmüəyyənedici sənəd və şəxsiyyət vəsiqəsi ilə 13 saylı Şirvan Ərazi idarəsinin Salyan rayon şöbəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Göründüyü kimi iddiaçının cavabdeh orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etməsi və ondan imtina barədə cavab almasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məsələlər tam və hərtərəfli araşdırılmamışdır. Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərardadın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1236/2023 saylı qərаrdadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1236/2023 saylı qərаrdadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-92/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-92/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver