Məhkəmə qərarları › İş №2-1(106)-922/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-922/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-922/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı 9 Saylı X3 Mərkəzinin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iki inzibati orqan arasında olan mübahisə) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 9 Saylı X3 Mərkəzinin Cavabdehnə qarşı “xx.xx.2006-cı il tarixli 206 saylı və xx.xx.2008-ci il tarixli 06 sayı sərəncamların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2-1(120)-3252/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli 206 saylı sərəncamından görünür ki, Ağcabədi rayonu İctimai İaşə müəssisəsinin mövcud yeməkxananın ümumi sahəsi 0.30 ha və tikinti altında 18x20=360 kv.m olmaqla yenidən müasir üslubda təmir bərpa işlərinin aparılmasına icazə verilmişdir. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 06 saylı sərəncamından görünür ki, Ağcabədi şəhər sakini X2 mövcud yeməkxananın həyətində 795 kv.m ölçüdə torpaq sahəsində şadlıq sarayının tikintisinə icazə verilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 9 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən 1 saylı meşəbəyliyin xidməti ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə hallarının müəyyənləşdirilməsi və istifadə imkanlarının təkrar araşdırması məqsədi ilə əraziyə baxış keçirilən zaman meşəbəyliyin 10-cu kvartalının 25-26-cı bölmələrində Ağcabədi şəhəri İctimai İaşə müəssisəsi tərəfindən mişar daşlarından inşa edilmiş 1 ədəd 38x29 metr ölçüdə şadlıq sarayı, 1ədəd 21x18 metr ölçüdə digər şadlıq sarayı və 1 ədəd 18x8 metr ölçüdə tikili tikilməklə, ümumilikdə 0.50 ha sahədən qeyriqanuni olaraq istifadə edildiyi müəyyən edilmişdir. Ağcabədi şəhəri İctimai İaşə müəssisəsinə qanunsuz olaraq istifadə etdiyi dövlət meşə fondu torpağından könüllü olaraq çıxması barədə xx.xx.2024-cü il tarixdə 3-14-27- 1/2- 139/2024 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, Ağcabədi şəhəri İctimai İaşə müəssisəsi könüllü olaraq ərazidən çıxmaqdan imtina etmişdir. Ağcabədi şəhəri İctimai İaşə müəssisəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən (VÖEN **********) toplanmış material xx.xx.2024-cü il tarixdə 3-14- 27-1/2- 201/2024 saylı iddia ərizəsi ilə birgə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən mülki iddia üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı Ağcabədi şəhəri İctimai İaşə müəssisəsi tərəfindən qeyd olunan ərazinin Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli 206 saylı və xx.xx.2008-ci il tarixli 06 saylı sərəncamları əsasında onlara verilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən e-2-2(121)-660/2025 saylı mülki iddia üzrə xx.xx.2025-ci il tarixdə qərardad qəbul edilmişdir. Qərardadla iddiaya dair iş üzrə icraata xitam verilmiş, ihazırki tələb ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən Xidmətin meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Cavabdehin etirazları: Cavabdehin iddiaya dair münasibəti məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2-1(120)-3252/2025 saylı qərardadı (Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2-1(120)-3252/2025 saylı qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən sərəncamlardan məlumatsız olmuşlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər (iddiaçıdan başqa) və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə inzibati məhkəmə icraatının iştirakçılarının iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 4. Aidiyyət ... 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı: “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə iki inzibati orqan arasında baş vermiş mübahisədir, həmçinin iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktlar üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki iş üzrə iddiaçının Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli 206 saylı və xx.xx.2008-ci il tarixli 06 sayı sərəncamlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə cavabdeh olan inzibati orqan Cavabdehdir. Göründüyü kimi, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onların hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməzlər. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin, başqa sözlə dövlətin adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqları” onların bilavasitə özlərinə deyil, dövlətə məxsus hüquqlardır. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı mübahisə icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun və İnzibati Prosessual Məcəllənin məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilmədiyindən, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. Hətta, hazırkı iddia iki inzibati orqan arasında baş vermiş mübahisə olmasa idi, yenə də iddia mümkün hesab edilməyəcəkdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materiallarında olan 16 iyun 2006 və 30 iyun 2007-ci il tarixli aktlar sübut edir ki, münabisələndirilən sərəncamlardan iddiaçı orqanın (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qrumunun) qeyd edilən tarixlərdən məlumatı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2-1(120)-3252/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar