Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-93/2025 08.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3481/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Masallı Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Masallı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 14 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-3481/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh qismində cəlb olunan Masallı bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, üçüncü şəxs (hazırda iddiaçı) İddiaçı və digərlərinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, xx.xx.2011-ci il tarixli, ******* saylı xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarışların, qeyri-yaşayış binasına dair xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın texniki pasportlarının ləğv edilməsi” tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-(86)-809/2013 saylı inzibati işin 1-ci cildinin 114-cü səhifəsində mübahisələndirilən Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarından çıxarışın əsli öz əksini tapmışdır. Həmin inzibati iş üzrə İddiaçı məhkəmə proseslərində iştirak etmişdir. Həmçinin müvafiq inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(106)- 33/2014 saylı qərarından görünür ki, İddiaçı yuxarı instansiya məhkəməsinin məhkəmə prosesində iştirak etmiş, müvafiq qərarın əsaslandırma hissəsində 6-cı səhifədə Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı barədə məlumat verilmişdir. İddiaçı ən geci 2013-2014-cü ildən mübahisələndirilən qərardan məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı bələdiyyəsinin Masallı şəhərininin H.Əliyev prospekti ərazisində yerləşən 2000 kv.metr torpaq sahəsinin ona satılması ilə əlaqədar qəbul etdiyi 14 fevral 2007-ci il tarixli qərarından irəli gələn öhdəliklərini tam olaraq icra etməsi vəzifəsi cavabdeh bələdiyyəyə həvalə edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi məhkəmədə baxılan ərəfədə isə cavabdeh tərəfindən məhkəməyə Masallı bələdiyyəsinin həmin 01 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə xx.xx.2013-cü il tarixli qərarı təqdim edilmişdir. Məhkəmə bu qərarın ona heç vaxt təqdim edilmədiyini müəyyən etdiyi üçün həmin qərarın surətini ona verərək, qərardadla iddia tələbi üzrə sənədlərini iddiaçıya qaytarmış və bələdiyyənin həmin 2013cü il tarixli qərarından qərarın iddiaçıya məhkəmə tərəfindən təqdim edildiyi tarixdən hesablanmaqla, bir ay ərzində şikayət verə bilmək hüququnu ona izah etmişdir. İddiaçı həmin qərarın əsassız olduğunu və dərhal ləğv edilib əvvəliki qərarın icrasının təmin olunması tələbini cavabdehə ünvanlamışdır. Lakin bələdiyyə tərəfindən tələbi ilə əlaqədar ona hər-hansı rəsmi, qeyri rəsmi cavab verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən qərardad qəbul edilərkən ona məlumat verilməmiş, bununla da “İnzibati İcraat” haqqında Qanunun müvafiq tələbləri pozulmuş, həmçinin həmin qərar ona rəsmi qaydada təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi işin bu halına qiymət verməmişdir. Odur ki, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunur. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının mübahisələndirilən qərar barədə digər məhkəmə mübahisəsi üzrə araşdırma zamanı məlumatı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, iddiaçı bu fürsətdən yararlanmamış, müddətin üzrlü səbəbdən ötürülməsi əsasları barədə müvafiq vəsatət təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3481/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-93/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-93/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver