Məhkəmə qərarları › İş №2-1(106)-932/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-932/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-932/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yaşayış yeri üzrə Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində müvəqqəti məskunlaşmış və Komitənin Bakı Şəhəri Sabunçu rayon sektoru tərəfindən qeydiyyata alınmışdır. Komitənin Bakı Şəhəri Sabunçu rayon sektoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 905 nömrəli arayışında qeyd edilmişdir ki, “...İddiaçı Sabunçu rayonu, Pirşağı Qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında müvəqqəti məskunlaşmışdır.” Birinci instansiya məhkəmələrində icraat: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-11779/2024-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bu zaman hesab etmişdir ki, iddiaçı Füzuli rayonu Pirəhmədli ərazi dairəsi Aşağı Güzlək kəndində qeydiyyatda olduğundan və Füzuli rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğu üçün işə İPM-in 8.1.2-ci maddəsinin tələbi baxımından həmin Məhkəmədə baxılmalıdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-5464/2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə 8.1.2-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olsa da, məlum səbəblərdən hələ Füzulidə, yəni qeydiyyatda olduğu yerdə yox, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Bu səbəbsən işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- Məcəllənin) 9.1-ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məcəllənin 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir. İddiaçı Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olsa da, məlum səbəbdən hələ qeydiyyatda olduğu Füzuli rayonunda deyil, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yaşayır və həmin ünvan onun müvəqqəti yaşayış yeri kimi qeydiyyata alınmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, bu qəbildən olan işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, həmin işlərə məcburi köçkün statusu iddiasında olan şəxslərin müvəqqəti yaşayış yeri kimi qeydiyyata alınmış (Komitənin müvafiq qrumu tərəfindən) ünvan üzrə müvafiq inzibati məhkəmələrdə baxılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar