Məhkəmə qərarları › İş №2-1(106)-933/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-933/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-933/2025 09.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş üçüncü dərəcə əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim: Fehruz Abbasov) 23 iyun 2023-cü il tarixli, 2- 1(120)-434/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov (sədrlik edən və məruzəçi), Qasım Əliyev və Pərviz Hacıyev) 18 fevral 2025-ci il tarixli, 2- 1(106)-18/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, əlilliyin təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və xx.xx.2021-ci il tarixli, 0311003AAWAR nömrəli göndəriş əsasında iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1867/2025 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(106)-18/2025 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məzmunda qərarın qəbul edilməsi iddiaçının tələbinin təmin olunmaması anlamında, onun əleyhinə və ya ziyanına qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qərarı iddiaçı üçün əlverişsiz vəziyyət və ya şərait deyil, müvafiq göndəriş əsasında onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı yenidən lazımi icraatın aparılması imkanını yaratmışdır. Bu zaman cavabdehin üzərinə qanunauyğun qərarın qəbulu üçün zəruri olan, eləcə də iddiaçının xeyrinə olan halların da araşdırılması ilə bağlı məhkəmənin hüquqi mövqeyinin nəzərə alınması öhdəliyinin qoyulduğu da diqqətə alınmalıdır. Başqa sözlə, sözügedən məhkəmə qərarı hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbinin təmin olunmaması anlamında qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin müəyyən etdiyi qaydaya görə birinci instansiya məhkəməsinin qərarından inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə qərarı ilə şəxsin tələbi təmin edilməmiş və bunun nəticəsində onun hüququ pozulmuş olmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu, onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur. Beləliklə, işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılmış və apellyasiya şikayəti mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar