Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-934/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3268/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2000-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarının ləğv olunması və komissiyanın xx.xx.2000-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarı əsasında təyin olunmuş əlilliyin dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə mübahisələndirilən qərardan qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək, bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 16 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-3268/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. X1 «Masallı rayonu, Həsənli kəndi üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması» ilə bağlı müraciəti cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci il tarixdən ömürlük əlildir və pensiya alır. Amma heç bir hüquqi əsası olmadan onun pensiya ödənişi dayandırılmış və 11.780 manat artıq ödəmə müəyyən edilmiş və geri qaytarılması tələb edilmişdir. Bildirir ki, inzibati orqan araşdırma aparmadan, xəstəliklərini hərtərəfli müayinə etmədən, sənədlərini araşdırmadan qanunsuz olaraq ona təyin edilmiş əlillik ləğv olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X6 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli, 3-17-4/1-H-16132/2024 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixli, 3-17-4/1-H-16132/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək xx.xx.2000-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Cavabdeh həmçinin idianının müdətlə bağlı mümkünlük şərtlərinə də toxunuraq qeyd etmişdir ki, məhkəmə tərəfindən müddətin bərpası əsaslandırılmamış, cavabdeh tərəfin mövqeyi nəzərə alınmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixli qərar iddiaçının əlillik təyinatına yenidən qiymət verilməsi ilə bağlı protokol xarakterli qərardır, həmin protokolun nəticəsi əlillik altsisteminə xx.xx.2000-ci il kimi daxil edildiyindən məhz bu qərar predmet olmalıdır. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, ilkin əlillik təyinatının ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın iddiaçıya göndərilməsi barədə sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən poçt xəbərnaməsinin surəti təqdim edilsə də, həmin sənəddə iddiaçının adı, soyadı, sənədin kim tərəfindən qəbul edilməsi barədə məlumatlar yer almamışdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərardan şikayət verilməsi ilə bağlı müddət ötürülməmiş hesab edilməlidir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixli qərarla müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. Bundan sonra cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan halların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli bildirişlə (bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sübut yoxdur) iddiaçını əyani müayinəyə dəvət edir, əyani müayinə edilmədən xx.xx.2024-cü il tarixli qərarla özünün xx.xx.2000-ci il tarixli qərarının ləğv edilməsi və “xx.xx.2000-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” nəticəsinə gəlir. -X3 cavabdeh inzibati orqana ünvanladığı ərizədə qeyd edilmişdir ki, yaşadığı Masallı rayonunun Həsənli kəndində çoxsaylı insanlar saxta yollarla özlərinə əlillik təyin etdiriblər. Onlardan iddiaçı da daxil olmaqla 64 nəfərin adlarını Nazirliyə göndərmiş və onların üzərində həkim komissiyası keçirib qanuni tədbir görülməsini xahiş etmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilsin, xx.xx.2000-ci il tarixindən “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Qeyd olunan qərar əlillik altsistemində xx.xx.2000-ci il tarixli qərar kimi işlənmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzla işarələnmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı dəlillər təqdim etməmiş, eyni zamanda əyani müayinə aparılmadan əlillik təyinatı barədə əvvəlki qərarı ləğv etməklə, yuxarıda qeyd olunan Qaydanın 3.7-ci bəndinin tələblərinə zidd icraat aparmışdır. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qeyd edilir ki, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul edilsə ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, iddiaçı əyani şəkildə müayinə olunduğu və əvvəlki qərarın qanunsuz olmasını əsaslandıran yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə və ya dəyişdirə bilərdi. Cavabdeh orqan iddiaçını əyani şəkildə müayinə etmədən və onun orqanizmində patofunksional pozuntunun mövcud olub-olmamasını müəyyən etmədən əvvəlki qərarının qanunsuz olması qənaətinə gəlmişdir ki, bu hal yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə və inzibati icraatın prinsiplərinə ziddir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh sonradan yaranmış hüquqi və ya faktiki halın hansısa şəxsin müraciətinə əsasən yarandığına istinad etmiş, lakin nəzərə almamışdır ki, iddiaçının əlillik vəziyyətində olmaması barədə müraciət müəyyən sahə üzrə ixtisaslaşmış şəxs və ya müəssisə tərəfindən olmadığından həmin müraciət mötəbər və rəsmi mənbələrdən əldə edilmiş məlumat hesab edilə bilməzdi. Qeyd edilənlərlə yanaşı, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, məhkəmə tərəfindən mövcud olmayan və mübahisə predmeti ola bilməyən qərarın ləğvi istiqamətində araşdırma aparılmış və nəticə etibarilə həmin qərar ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qüvvədə olan əlillik təyinatı barədə qərarın ləğv edilməsinə dair qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin qərarın əlillik altsisteminə “xx.xx.2000” tarixli qərar kimi yerləşdirilməsi inzibati orqanın 2024-cü ildə gəldiyi qənaətin 2000-ci ildə baş verməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, inzibati orqanın 2024-cü ildə 2000-ci il tarixli qərar qəbul edərək, müvafiq sistemə daxil etməsi özünün yanıldıcı hərəkətlərini pərdələmək məqsədilə etdiyi qanunsuz hərəkət kimi qiymətləndirilməli və bu hal məhkəmə tərəfindən təşviq edilməməlidir. Həmçinin 2000-ci il tarixli qərarın mübahisə predmeti kimi qəbul edilməsi həmin qərarın mövcudluğunun məhkəmə tərəfindən tanınması anlamına gəlir ki, bu hal inzibati orqanı gələcəkdə də oxşar mövqedən çıxış etməklə analoji mübahisələrə yol açmasına sözq edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3268/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 30 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 31 avqust 2000-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyin "Əlillik” altsistemində bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-934/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-934/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver