Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-936/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(120)-4534/2025 nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Maqro” MMCyə 25 ha torpaq sahəsinin verilməsi barədə Ağcabədi RİHB-nın xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(120)-4534/2025 nömrəli qərardadı ilə (Hakim: Amilya Hüseynova) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcəbədi RİHB-nın xx.xx.2004-cti il tarixli, 103 saylı sərəncamı ilə X1 mərhum əri, X4 15 il müddətinə 50 hektar topraq sahəsi icrarəyə verilmişdir. Ərimin vəfatından sonra RİHB-nın xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamı ilə torpaq sahəsi qalan müddətə ona icarəyə verilmişdir. İcarə müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 37S saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və RİHB-nin xx.xx.2017-ci il tarixli sərəncamı və 08 saylı icarə müqaviləsi əsasında X2 verilmiş torpaq sahəsinin 25 hektarı “Maqro" MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Qalan 25 ha torpaq sahəsinə görə 2500 manat kompensasiya təklif olunsa da, o kompensasiyanı almaqdan imtina etmişdir və müqavilənin eyni müddətə uzadılmasını tələb etmişdir. Ona icarəyə verilmiş 50 hektar torpaq sahəsinin 25 hektarı 2017-ci ilin avqust ayının 31-dən "xxxx" MMC-yə icarəyə verilsə də. bu günə kimi 50 hektar torpaq sahəsi istifadəsindədir və buna görə icarə haqqları ödəyir. Eyni zamanda torpaq sahəsində şəxsi vəsaiti hesabına 11415 rp nömrəli artizan da vurdurmuşdur. Göründüyü kimi, 50 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə Ağcəbədi RİHB-nın xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamı qüvvədə olduğu halda RİHB-nin xx.xx.2017-ci il tarixli sərəncamı və 08 saylı icarə müqaviləsi əsasında həmin torpaq sahəsinin 25 hektarı məlumatı və razılığı olmadan "xxxx" MMC-yə icarəyə verilmişdir. Onu da bildirir ki, Ağcəbədi RİHB-nin xx.xx.2017-ci il tarixli sərəncamının təqdim olunması barədə xx.xx.2025-ci il tarixdə Ağcəbədi RİH-ə sorğu göndərilsə də, bu günə kimi sorğuya cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına təmsil olunmamışdır, bu barədə məhkəməyə heç bir üzrlü səbəb bildirilməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan Cavabdeh xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamından görünür ki, X2 xx.xx.2004-cü il tarixli sərəncam ilə 15 il müddətinə icarəyə verilmiş 50 ha qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək X2 verilməsi və icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamından görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından yemçiliyin inkişafı məqsədilə "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1000 ha torpaq sahəsinə dair icarə hüququna xitam verilməsi, həmin torpaq sahəsində mövcud olan artezian quyularının və ona aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsinin təmin edilməsi və "xxxx" MMC ilə icarə müqaviləsi bağlanması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2543/2023 nömrəli qərardadı ilə, iddiaçı X1 Cavabdehnə qarşı “Ağcabədi RİHB-nın xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş mümkünsüz sayılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)- 118/24 saylı qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən qüvvə saxlanılmışdır. Həmçinin qeyd edilən iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1666/24 saylı işi üzrə eyni məzmunlu iddiaçı X1 Cavabdehnə qarşı “Ağcabədi RİHB-nın xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-118/24 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir Mübahisələndirilən inzibati akt üzrə ayrılmış torpaq sahəsi üzrə Cavabdeh xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamının ləğvi ilə bağlı artıq 2023-cü il tarixdən etibarən üç instansiya məhkəmələrində məhkəmə proseslərinin aparılması, yekun məhkəmə aktlarının qəbul edilməsindən uzun müddət keçdikdən sonra, iddiaçının mübahisəli sərəncamdan 2025-ci il tarixdən məlumatlı olması barədə iddia ərizəsində qeyd etdikləri məhkəməyə inandırıcı gəlməmişdir. Belə olan halda iddiaçı tərəfindən qaldırılan iddia mümkün sayıla bilməz. Bununla əlavə, hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən qərar barədə ən geci 2022-ci il tarixdən məlumatlı olmuş, digər məhkəmə mübahisələrində mübahisələndirilən sərəncam əsasında ayrılmış torpaq sahəsi mübahisələndirilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında eyni predmet barəsində məhkəmə mübahisəsi olmuş, məhkəmə qərardadı qəbul edilmiş, iddiaçının iddiası mümkün sayılmamışdır tərəflər arasında eyni predmet barəsində əvvəllər çox sayda məhkəmə prosesləri və məhkəmə aktları artıq mövcud olduğu üçün məhkəmə, "xxxx" MMC-nin yenidən zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməsini zəruri hesab etməmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.2017-ci il tarixli sərəncamının sərəncamdan məlumatlı olduğu vaxtdan 3 (üç) il vaxt keçdikdən sonra təkrar olaraq eyni tələb və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibatiprosessual məcəlləsində qanunvericiliyi qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(120)-4534/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-936/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-936/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver