Məhkəmə qərarları › İş №2-1(106)-94/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-94/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-94/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2- 1(120)-316/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 15 mart 2022-ci il tarixli, 2- 1(120)-316/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(120)-316/2022 nömrəli qərarının surəti 05 aprel 2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə iş materiallarına əlavə edilmişdir (iş materiallarının 120-ci vərəqi). 28 aprel 2022-ci il tarixdə sözügedən qərardan veriləcək apellyasiya şikayətinin tərtib edilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçı birinci instansiya məhkəməsinə ərizə vermiş, Şirvan İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(120)-316/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş və həmin qərardadın surəti 18 may 2022ci il tarixli məktubla iddiaçıya göndərilmişdir. 30 dekabr 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(120)-316/2022 nömrəli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin 15 fevral 2023-cü il tarixli iclasında iştirak edən iddiaçı məhkəmə kollegiyasının suallarına cavab olaraq iş materiallarının 120ci vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imzanın ona məxsus olduğunu, Şirvan İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(120)- 316/2022 nömrəli qərarının surətini 05 aprel 2022-ci il tarixdə qəbul etdiyini, Şirvan İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(120)-316/2022 nömrəli qərardadının surətini isə 2022-ci ilin iyun ayında qəbul etdiyini, qanunları bilmədiyinə, həmçinin xəstə olduğuna görə Şirvan İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(120)-316/2022 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(120)-316/2022 nömrəli qərarının surətinin 05 aprel 2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, iddiaçının apellyasiya şikayəti 30 dekabr 2022-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 7 ay 25 gün sonra təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(120)- 316/2022 nömrəli qərardadının surətinin 2022-ci ilin iyun ayında iddiaçıya rəsmi qaydada təqdim edildiyi nəzər alınsa belə iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Lakin iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair əsaslı dəlillər gətirilməmiş, həmçinin apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(120)-316/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar