Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-94/2025 08.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2562/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 03 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-2562/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək xəsarətinə görə ödənc almaq hüququ xx.xx.1990-cı il tarixdə yaranmış, istehsalatda baş vermiş qəza hadisəsi ilə bağlı aldığı xəsarətə görə ödənclər o zaman işlədiyi Ağcabədi rayonu “Araz” kolxozu tərəfındən ona ödənilmiş, 1997-ci ildən Aqrar İslahatı nəticəsində “Araz” kolxozu ləğv edilmiş və həmin vaxtdan ona ödənclərin ödənilməsi dayandırılmış, 1997-2010-cu illərdə həmin ödəncin ödənişi həyata keçirilməmiş, lakin 1 saylı Bakı İnzibati-İqisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2405/14 saylı qərarı ilə iddiaçıya aldığı xəsarətə görə ödənc məbləğinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən, həm də ödənişin dayandırıldığı 1997-ci ildən etibarən 2010-cu ilədək ödənilməli olduğu müəyyən edilərək bərpa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Göründüyü kimi, iddiaçının əmək xəsarətinə görə Dövlət Sosial Müdafiə Fondundan ödənc almaq hüququ 1997-ci il tarixdən, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndlərinin qüvvədə olduğu dövrdə yaranmışdır və tərəflər arasında mülki-hüquq münasibətləri yarandığı zaman qüvvədə olmuş və iddiaçıya aldığı xəsarətə görə ödənilən ödəncin yenidən hüsablanması hüququ verən qeyd olunan normativ hüquqi akta əsasən İddiaçı aldığı xəsarətə görə ödəncin işləmiş olduğu sahə (traktorçu-maşinist) üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilməsi və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq ona ödənilməsi hüququnu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 saylı qərarı qəbul edilməmişdən əvvəl qanuni əsaslarla əldə etmişdir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixdə traktorçu maşinist vəzifəsində işlədiyi Ağcabədi rayonunun “Araz” kolxozunda istehsalatda baş vermiş qəza nəticəsində istehsalat xəsarəti almış və İİ qrup ömürlük əlil hesab edilmişdir. Aldığı xəsarətə görə ödənclər o zaman “Araz” kolxozu tərəfındən ona ödənilmişdir. Lakin 1997-ci ildən Aqrar İslahat nəticəsində “Araz” kolxozu ləğv edilmiş və həmin vaxtdan ona ödəniş dayandırılmışdır. Sonradan onun müxtəlif orqanlara şikayətləri nəticəsində 2010-cu ildən ödənclərin verilməsi bərpa edilsə də, lakin 1997-ci ildən 2010-cu ilə kimi ona ödənc ödənilməmişdir. Müraciəti əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2405/14 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə “İstehsalat xəsarəti nəticəsində 1990-ci ildə təyin edilmiş və 1997-ci ildən 2010-cı ilə kimi ödənilməsi dayandırılmış ödənclərin yenidən hesablanmaqla ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafıəsi Nazirliyinə həvalə edilməsi” qərara alınmışdır. Qərarı icra edilmiş və bu vaxta kimi icra edilir. Lakin cavabdeh ona ödənilməli ödəncləri hazırkı vaxta düzgün hesablamır və çox aşağı məbləğdə ödənc hesablayıb ödəmişdir. Halbuki, ona ödənilməli ödəncin məbləğ daha çox olmalı idi. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8.ci bəndləri qüvvədən düşdüyündən sözügedən kompensasiya məbləğinin yenidən hesablanması nəzərdə tutulmamışdır. İddiaçıya Fondun Beyləqan rayon filialı tərəfindən xx.xx.2012-ci il tarixli qərarla xx.xx.2010-cu il tarixdən 107 manat məbləğində ödənc təyin edilmişdir. 19 mart 2010-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.8-ci bəndi, yəni ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclərin bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilməsi və dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısının rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməsinə dair bənd 19 mart 2010-cu il tarixdən qüvvədən düşdüyündən iddiaçıya təyin edilmiş xəsarətə görə ödəncin sözügedən maddədə göstərilən qaydada yenidən hesablanması mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş: -3.7-ci bəndinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. 3.8-ci bəndinə əsasən ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Qeyd olunan 3.7-ci bəndin dispozisiya şərtləri yalnız Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərə şamil edilmişdir. 3.8-ci bənddə isə qeyd olunan qaydada ödənişin hesablanması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının xəsarət alması tarixi baxımından hazırki hüquq münasibətlərinə qeyd olunan bəndin tətbiq edilməli olmasına əsaslansa da, həmin norma ümumiyyətlə hazırki mübahisəyə tətbiq edilə bilməz və iddianın qanuni əsasını təşkil etmir. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2562/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-94/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-94/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver